İdman fiziki və mənəvi sağlamlığın əsasıdır

 

- Azərbaycanın himnini bilirsən?  

   - Bəli.

   - Oxu görək...

   - A-zər-baycan... "Uje" yadımdan çıxdı e...

   - Sən gəl, oxu...

   - Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı vətəni! (sonadək oxuyur - E.M.)

   Himnin sözlərini bilənin də, bilməyənin də 10 yaşı var. Hər ikisi futbolla məşğul olur. Hər ikisi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbi (İUGOEM) nəzdində uşaq komandalarından birində məşq edir. Himni bilən bilməyəndən zəif oynayır. Onlar Tofiq Bəhramov adına Respublika stadionunun süni örtüklü meydançasında hazırlıq keçirlər. Məşqçiləri Canbaxış Hüseynovdur. Onun rəhbərliyi altında 30-dək uşaq futbolun sirlərinə yiyələnir. Uşaqların qayğıları da var, problemləri də... Bunu özləri ilə söhbət edərkən aydınlaşdırdıq.

  

   Məktəb haradadır?

  

   Biz onların məşqinə İUGOEM-in direktoru, veteran futbolçu Kazbek Tuayevlə söhbətdən sonra yollanmışdıq. Məktəb də, məşq meydançası da "Gənclik" metrosunun yaxınlığındadır. Tuayev İUGOEM-in fəaliyyətə başladığı 24 iyun 1984-cü ildən m?kt?b? rəhbərlik edir. Məktəbdə Bakının hər yerindən 7 yaşdan 15 yaşadək 1000-dək uşaq məşğul olur. Bütün rayonlarda bölmələri var. Tuayev deyir ki, İUGOEM-in yetirmələri bütün peşəkar klublarımızda və ayrı-ayrı yaş qrupları üzrə milli komandalarımızda çıxış edirlər. Direktorun sözlərinə görə, uşaq komandalarının hamısı formalarla təchiz olunub. Məşqlər Tofiq Bəhramov adına Respublika stadionunda, Bayılda, bütün mikrorayonlarda, Xırdalanda, 8-ci kilometr və Biləcəri qəsəbələrində və digər yerlərdə keçirilir. Əvvəllər uşaqlar asfalt meydançalar üzərində məşq edirdilərsə, indi süni və təbii örtüklü meydançalarda hazırlıq keçirlər. Tuayev hazırda futbolumuzun o qədər də yaxşı vəziyyətdə olmadığını etiraf edir. Amma o, əmindir ki, gələcəkdə futbolumuz yüksək səviyyəyə çatacaq: "Tam zəmanət verə bilərəm ki, 3-4 ildən sonra bizim uşaqlar həm Avropa, həm də dünya birinciliklərində çox uğurla çıxış edəcəklər. Oradan da ən yaxşı futbolçular milli komandamıza cəlb olunacaqlar".

  

   Məktəbin məktəbi yoxdur

  

   Amma məktəbin problemləri də var. Tuayevin sözlərinə görə, bunlardan ən başlıcası İUGOEM-in yarandığı gündən indiyədək şəxsi futbol məktəbinin olmamasıdır: "Məşq etdiyimiz hər bir meydançanı icarəyə götürürük. Halbuki bizim öz stadionumuz olsaydı, daha çox irəliləyiş əldə edə bilərdik. Ona görə də Gənclər və İdman Nazirliyindən xahiş edirik ki, bu məsələni yoluna qoysunlar. Nazirlikdən vəd veriblər ki, problemimizi həll edəcəklər. Gözləyirik". Digər tərəfdən, uşaqların məşq etməsi üçün təbii ot örtüklü meydançalar yox dərəcəsindədir. Onlar bir qayda olaraq, məşqlərini süni örtüklü meydançalarda keçirlər. Tuayev bu problemi təbii sayır: "Bizdə çox istidir, belə şəraitdə süni örtüklü meydançalarda məşq etmək daha münasibdir. Dərslər qaydasında aparılır. Əvvəlcə cəldlik, güc, texnika, taktika öyrədilir. Sonra isə bu biliklər yüksək səviyyəli taktiki hazırlıq formasında təkmilləşdirilir. Belə biliklərə süni örtüklü meydançalarda məşqlə yiyələnmək əlverişlidir".

  

   "Yeganə məktəbik ki, bir dənə də "lipa"mız yoxdur"

  

   Uşaq futbolunda ən böyük problem isə yaşı süni şəkildə azaldılan futbolçularla bağlıdır. "Lipa"laşdırılma prosesinə məhz uşaq yaşlarından başlayırlar. Amma Tuayev deyir ki, rəhbərlik etdiyi məktəbdə indi belə halın olması qeyri-mümkündür: "Biz yeganə məktəbik ki, bir dənə də "lipa"mız yoxdur. Çünki məktəbimizdə "lipa" olsa, o da, məşqçisi də dərhal qovulacaq. Bu barədə müqavilədə də göstərilib. Həmişə öz məşqçilərimizə deyirəm: "Mənə "Filan komandada "lipa" oynayır" söyləmə. Mənə nəticə lazımdır. Nəticəni isə "təmiz uşaqlar"la verməlisən. "Lipa"ların mənə dəxli yoxdur".

  

   Uşaq futbolçular icarə haqqı üçün 10 manatdan yığırlar

  

   Bunların hamısı Kazbek Tuayevin dedikləri idi. Məhz real vəziyyəti görmək üçün Tofiq Bəhramov adına Respublika stadionundakı süni örtüklü meydançada idik. Meydançada futbol oynayanların əynində müxtəlif klubların formaları vardı. Kimisi "Barselona", kimisi "İnter", kimisi "Milan", kimisi də "Qalatasaray"ın geyimind? idi. Hava isti olsa da, uşaqlar həvəslə oynayırdılar. Məşqçi isə əks tərəfdə onlardan birinə nəyi isə izah edirdi. Ona yaxınlaşıb, uşaq futbolu ilə bağlı yazı hazırlamaq fikrimizi bildirdik. Məşqdən şəkillər çəkəcəyimizi də bildikdən sonra "Qoy, gedib əyinlərinə çiyinlik geysinlər ki, hamısı eyni formada görünsün" dedi. Bir qədər sonra uşaqlar məşqçi ilə birgə bizə yaxınlaşdılar. Hüseynov dedi ki, məşqləri cürbəcür yerlərdə keçirlər. Bunun üçün 15-dən çox yerdə meydançalar icarəyə götürülüb. Əvvəllər Təhsil Nazirliyinin tabeçiliyində olan məktəb bir müddət öncə Gənclər və İdman Nazirliyinin sərəncamına verilib. Meydançaların icarə haqqı uşaq futbolçuların özləri tərəfindən hər ayın əvvəlində 10 manatdan yığılaraq, verilir. Uşaqlar ailələrində bu qədər vəsaiti ödəməyə imkanın olduğunu bildirir. Futbolçulara yalnız futbolka və şortik verilir. Ayaqqabı, corab və digər geyimləri isə uşaqların özləri alırlar. Bir ara çempionatda çıxış edən futbolçulara belə geyimlər də verilib.

  

   Robinyoya oxşayır,Eto O olmaq istəyir

  

   Məşqçi bir futbolçunu göstərir və deyir: "Bu uşaq 2000-ci ildən olsa da, 1997-ci il təvəllüdlülərdən ibarət komandada çıxış edir. Perspektivli futbolçudur. Ötən həftə onu 1996-cı il təvəllüdlülərə qarşı oynatmışıq. Mərkəz dairəsi yaxınlığından qol vurub. Bir sözlə, perspektivli futbolçularımız var". Onun dediyi 11 yaşlı futbolçu ilə tanış oluruq. Adı Kamran, soyadı isə Məmmədovdur. Bakı şəhərindəki 64 saylı orta məktəbdə oxuyur. Deyir ki, təhsil aldığı məktəbdə onun futbolla məşğul olmasından xəbərdardırlar və dərslərdə buna maneə törətmirlər. "İdmana getmək yaxşıdır. Get" söyləyirlər. O, dərsdən saat 13:00-da çıxır, 14:30-da isə məşqi başlayır. Futbolçulardan digəri uzun saç düzümü ilə seçilir. Deyir ki, özünü "Real"ın braziliyalı yarımmüdafiəçisi Kakaya bənzətmək istəyir. Digəri isə zahiri görkəmindən Robinyoya oxşasa da, kumirinin "İnter"in kamerunlu hücumçusu Samuel Eto O olduğunu söyləyir.

  

   Uşaqlar millimizin geyimlərini tapmırlar

  

   Futbolçuların hamısı Bakıdandır. Yalnız biri Gürcüstanda doğulub. Yay tətilində qohumlarının yanına gəlib. Məşqlərini davam etdirmək üçün onu bu məktəbə qoyublar. Uşaqlar məktəbə özləri gəlirlər. Hətta biri deyir ki, 5 yaşından marşrut avtobusları ilə sərbəst şəkildə məşqlərə gedir. Onların hamısının məqsədi gələcəkdə peşəkar futbolçu olmaqdır. Heç biri digər peşə seçmək fikrində deyil. Məşqlər gündə ən azı bir dəfə bir saat - saatyarım olur. Məşqçi uşaq futbolçuların əyinlərində xarici klubların formalarının olmasına da aydınlıq gətirir. Deyir ki, bu formalar məşq üçün nəzərdə tutulub. Amma onların oyun formaları məktəbin özü tərəfindən verilib. Əcnəbi komandaların geyimində çıxış etmələrini isə uşaqlar bizim futbolçuların formalarının satışda olmaması ilə izah edirlər. Əcnəbi klubların formalarını 10-15 manata aldıqlarını deyən uşaqlar eyni məbləğə azərbaycanlı futbolçunun geyimi olarsa, ona üstünlük verəcəklərini bildirirlər.

  

   "Ozlərini hansı futbolçumuza bənzətsinlər?"

  

   Burada uşaqlarla söhbəti yekunlaşdırıb, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovla söhbətə yollanırıq. Rəhimov həm də Uşaq-Gənclər Futbolu Federasiyasının prezidentidir. Deməli, qaldırılan problemlərin həlli ondan da asılıdır. Rəhimov əvvəlcə uşaqların milli komandamızın yox, əcnəbi klubların formalarını geyinməsinə münasibət bildirir: "Digər idman növlərindəki kimi, futbolda da Anatoli Banişevski, İskəndər Cavadov, Maşallah Əhmədov, Kazbek Tuayev kimi liderlər olmal?dır. Uşaqlar da baxıb özlərini onlara bənzətməlidirlər. Amma indiki dövrdə belə liderlər yetişməyib. Kimə oxşatsınlar özlərini? Futbolçularımız klublarda və yığmada uğurlar qazanmalıdırlar ki, özünü onlara bənzədəsən. Amma hələ o səviyyəli futbolçular yetişməyiblər. Yetişsələr, onların adları formalara da yazılacaq. Uşaqlar da Hakan Şükür, Ronaldinyo, Ronaldonun yox, öz futbolçularımızın adlarını kürəklərinə yazacaq və öz futbolçularımıza oxşamaq istəyəcəklər. Məhz hələ xidmətləri və tələbat olmadığı üçün adları yazılmış formalar satışa çıxarılmır. Gərək futbolçunu tanısınlar, oyunu ilə seçilsin, təbliğatı getsin ki, uşaqlar özlərini ona oxşatsınlar".

  

   "Dövlət proqramına uyğun işləyirik"

  

   Sonra Rəhimov uşaq futbolunda görülən işlər haqda məlumat verir. Deyir ki, 5 il öncə ikinci liqa oyunları, uşaqlar üçün ayrıca yarışlar, seçim yarışları, seleksiya işləri aparılmırdı. Bu gün isə seleksiya üzrə məşqçilər müəyyənləşib, yaş hədlərinə uyğun bölünüblər. Artıq Gənclər və idman Nazirliyi AFFA ilə birgə 13 yaşlılar arasında respublika birinciliyi keçirir. Birincilik təqribən 70 rayonu əhatə edir: "Elə bir kütləvilik yaranıb ki, bu, futbolçuların inkişafına imkan verir. Amma əvvəllər belə şey yox idi. Eyni zamanda, hər bir yaş qrupu üzrə məşqçilər müəyyənləşib. 11-12, 13-14, 15-16, 17, 19 yaşlılardan ibarət komandalarımız var. Bu sistem artıq qurulub. Lakin böyük futbolda o səviyyəyə çatmaq üçün vaxt lazımdır. Onlar yetişməlidirlər ki, dünya səviyyəli futbolçular sırasına çıxa bilsinlər". Uşaq-Gənclər Futbol Federasiyası kimi çox iş gördüklərini iddia edən Rəhimov bunların "2005 - 2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramı" çərçivəsində olduğunu bildirir.

  

   Kazbek Tuayevə müjdə

  

   Söhbətin sonunda Mirkamil Rəhimovdan Kazbek Tuayevin qaldırdığı məsələnin həllinin nə dərəcədə mümkünlüyünü də soruşuruq. O isə "mümkündür" deyir: "Kazbek Tuayevin qaldırdığı məsələdən xəbərdaram. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da bu barədə bizə müraciət edib. Hazırda bunun üzərində iş aparırıq. Bayıl qəsəbəsində baxımsız stadion var. Onu məktəblə müqavilə əsasında yeniləşdirmək və gələcək fəaliyyətinə təsir göstərmək üçün şərait yaratmağı düşünürük".

 

Elşən MƏMMƏDOV

 Şərq.- 2011.-13 dekabr.- S. 13.