Ləyaqət
Şamil
Seyidlini düşünəndə ağla gələn bu deyim
olur
Vəzifə
sahibi - məmur haqqında yazmaq çox məsuliyyətlidir.
Bəzən yeni işə başlayan məmur ilk aylarda
yaxşı mənada özünü göstərir, lakin
sonralar bu yaxşı əməllərin davamı gəlmir,
ona inananları da məyus edir. Digər tərəfdən məmur
haqqında yazılan yazılar da birmənalı
qarşılanmır, xüsusən, həmin məmuru
tanımayanlar tərəfindən. Buna da təbii baxmaq
lazımdır. Adamlar məmur
özbaşınalığından, ədalətsizlikdən,
laqeydlikdən, süründürməçilikdən,
etinasızlıqdan, daha nələrdən, o qədər əziyyət
çəkiblər ki, məmurlara inam ya azalıb, ya da tamam
itib. Buna görə bir məmur haqqında yaxşı nəsə
yazılanda da müəllifinə də şübhə ilə
baxırlar. Nə etmək olar, günümüzün
reallığı budur. Bu reallıqlar olmasaydı, dövlət
səviyyəsində "Korrupsiyaya qarşı Mübarizə
Komissiyası" da yaranmazdı...
İkinci bir məqam da var ki, onu da
inkar etmək olmaz: Respublika mətbuatında məmurları təqdir
edən yazıları barmaqla saymaq olar. Məmur deyəndə
o dəqiqə mənfi obraz düşünülür... Ancaq
bütün bunlarla yanaşı, vəzifəsinə layiq məmurlar
hər zaman olub, var və olacaq. Hətta SSRİ tarixinin qara və
faciəli səhifəsi olan repressiya illərində də
yaxşılıq edən, insaflı məmurlar olub. Əgər
belə olmasaydı, adamların inamı tamamilə
sarsılmış olardı...
Hər bir vəzifə sahibi ilk
növbədə ləyaqətli vətəndaş
olmalıdır. Mən ləyaqət və vətəndaş
sözlərini təsadüfən işlətmədim. Fəlsəfi-etik
kateqoriyalar, anlayışlar, əxlaqi sərvətlərin
çoxu bir-biri ilə bağlıdır. Vicdan, namus, şərəf,
ləyaqət... də belə fəlsəfi-etik
anlayışlardır. Bu kateqoriya və anlayışlar həmişə
sosial xarakter daşıyıb - insanın başqa insanlarla,
bütövlükdə cəmiyyətlə əlaqə və
münasibətlərini nəzərdə tutub. Şərəf
və ləyaqət həm insanın özünə verdiyi, həm
də cəmiyyətin fərdə verdiyi qiymətdir. Hətta
etika tarixində prometeizm cərəyanının banisi
P.Boranetski ləyaqəti etikanın əsas kateqoriyası, əxlaqın
yeganə meyarı adlandırırdı. Ləyaqət -
insanın şəxsiyyət kimi özünü dərk etməsi
və qiymətləndirməsidir. Neçə illərdir ki,
mənəvi-əxlaqi dəyərlər o qədər
aşağılanıb, o qədər ucuzlaşıb ki, hər
bir vətəndaşın etməli olduğu ən adi hərəkət
də bizə cəsarət kimi görünür...
Azərbaycan polisinin tarixində
qürur duyulası, qəhrəmanlıq səhifəsi də
az deyildir - yaxın tariximizi, Qarabağ müharibəsində
şəhid olanları, döyüşənləri
xatırlayaq. Cinayətkarlığa qarşı mübarizə
aparan, bəzən ölüm təhlükəsi
qarşısında qalan da polislərdir...
Əmin-amanlıq, sabitlik,
ictimai asayişin qorunması birbaşa polislə
bağlıdır. Ancaq təəssüf
ki, bu ada layiq olmayanlar da az deyil. Məşhur
Kolumbiya yazıçısı, Nobel mükafatı
laureatı Q.Q.Markes deyib ki, ədəbiyyat yerli-dibli
olmasaydı, dünya zərrə qədər də dəyişməzdi,
amma polis olmasaydı, dünya tamam başqa cür olardı.
Dünya şöhrətli yazıçının ədəbiyyatla
bağlı fikri ilə razılaşmasam da, polis haqqında
dediyi sözlər birmənalı həqiqətdir: doğrudan
da polis olmasaydı, dünya başqa cür olardı.
Q.Q.Markes, yəqin ki, ləyaqətli polisləri nəzərdə
tutaraq belə deyib...
Yardımlı RPŞ-nin rəisi,
polkovnik Şamil Seyidlini düşünəndə ağıla
gələn ilk fikir ləyaqət olur. Ləyaqətli vətəndaş
və əsl ziyalı. Rayonun mənəvi ab-havasının
normal olması məhz birbaşa onun fəaliyyəti ilə
bağlıdır. Onun ən böyük işi öz hərəkətləri,
rəftarı, vətəndaşlığı,
insanlığıdır ki, bundan yaxşı örnək ola
bilməz...
Əqidəsiz, ləyaqətsiz,
yaltaq adam üçün dünən də yoxdur, sabah da.
Ancaq bu gün - indi var. Sabah gələcəkdirsə, dünən
insanın keçmişi, tərcümeyi-halıdır.
Keçmişsiz nə indi var, nə də gələcək...
Dünəni unutmayan, dünənlə
qürur duyan, keçmişdən utanmayan, gələcəyin
təməlini bu gün qoya bilən insanlara hər zaman cəmiyyətin
ehtiyacı var. Dünəni-keçmişi çox tez unudub,
gələcək haqqında düşünməyən,
yalnız bu günlə yaşayan məmurlar ürək
bulandırır...
İndi həyatda olmayan görkəmli
filosof, tənqidçi Asif Əfəndiyev müsahibələrinin
birində deyirdi: "...Ağlıma gətirmirdim ki, kommunizm əvəzinə
təzədən kapitalizmə qayıdacağıq. Kapitalizm
pulçuluqdur! Kapitalizm istismardır! İstismar
sözünü Marks icad etməyib. Kapitalizm əxlaqsızlıqdır,
antihumanizmdir. Yumşaq quldarlıqdır, oyundur. Sözün əsil
mənasında yalandır, aldatmaqdır, camaatı alətləşdirməkdir,
pulçuluqlaşdırmaqdır, pul vasitəsilə
oynatmaqdır. Beş nəfər üçündür bu cəmiyyət,
xalq üçün deyil..." ("Sənət qəzeti"
16.02-14.03.2011-ci il. Müsahibə 1995-ci ildə
götürülüb).
Kapitalizm haqqında daha sərt,
daha kəskin fikirlər dünyada tanınmış
böyük şəxsiyyətlər tərəfindən də
deyilib. Onlardan birini xatırlatmaq yerinə düşər.
K.Marks "Kapital" əsərində yazırdı:
"...Yenicə doğulan kapitalın təpədən
dırnağadək bütün məsamələrindən
qan və irin sızır... Mənfəət 20 faiz olsa,
kapitalist cuşa gəlir, 50 faiz olsa hətta başını
da verməyə hazırdır; mənfəət 100 faiz olsa
kapitalist bütün bəşər qanunlarını
tapdalayır, mənfəət 300 faiz olduqda o, hətta
asılacağını göz önündə tutmalı
olsa da, heç bir cinayətdən geri durmur". (K.Marks.
"Kapital". 1-ci cild, Bakı, "Azərnəşr",
1969, səh.758).
Şərəf və ləyaqətin
qazancın və pul hərisliyinin girovuna çevrildiyi
kapitalizmdə mənəviyyatı üstün tutan Şamil
Seyidli kimi insanlar möcüzə təsiri
bağışlayır. Gözütoxluq, nəfsin quluna
çevrilməmək hər zaman fəzilət hesab olunub. Ona
görə də nahaq deməyiblər ki, hər hansı
düşmənə yaxşılıq etsən dost olar, nəfsə
güzəştə getsən düşmənin artar...
Vəzifəli şəxs
üçün vacib keyfiyyətlərdən biri də tələbkarlıq
və ciddilikdir. Şamil Seyidli deyir ki, adama müəyyən
qədər güzəştə getmək olar, əlbəttə
ki, qanun çərçivəsində, səhvini
bağışlamaq, cəzasını yüngülləşdirmək
mümkündür. Üç "kateqoriya" adama isə
heç bir güzəşt yoxdur: Vətəni satana, kiminsə
namusuna toxunana və narkotiklərə.
İnsanın ən gözəl
duyğularından biri vətəndaşı olduğu
dövlətə, onun qanunlarına güvənməsi,
haqqın, ədalətin zəfər çalmasına
inanmasıdır. İnsanın, vətəndaşın bu
duyğusu vəzifə sahiblərindən
asılıdır...
Vəzifəsini ləyaqətlə
icra edən məmur həm də təmsil etdiyi qurum
haqqında yaxşı fikir yaradır. Mən nəyi isə
ideallaşdırmaq fikrində deyiləm, yazdıqlarım
müsbət fikirlər də yalnız Şamil Seyidliyə
aiddir. Bəzən təəssüflə və dəhşətlə
fikirləşirəm ki, hər cür sifəti olan, ən
alçaq adamla (belələrini adam adlandırmaq
mümkünsə) hər cür razılaşmaya gedən
(deməli, özünü alçaldan) işçilərlə
işləmək, onların əməllərinin
qarşısını almaq necə də çətindir...
Heç bir statistika (söhbət əhalinin
sayı, tərkibi və s. haqqında olan statistikadan getmir)
gerçəkliyi olduğu kimi əks etdirə bilməz. Mənim
sosial sorğulara da münasibətim birmənalı deyil.
Şamil Seyidli "Yardımlı Xeyriyyə Cəmiyyəti"nin
2008-ci ildə keçirdiyi sosial sorğuda "İlin ən
nümunəvi dövlət məmuru" seçilmişdi.
2010-cu ilin sorğu nəticələrinə
görə isə "Yardımlıların əsl dostu"
seçilib. Mən
hər iki nəticəni birmənalı şəkildə ədalətli
hesab edirəm.
Yazı boyu məmur sözündən
də istifadə etdim. Ərəb sözü olan məmurun
iki mənada işləndiyi qeyd olunur: dövlət idarələrində
(əsasən, məhkəmə, polis və s.)
çalışan qulluqçu, dövlət xidmətçisi,
çinovnik və müəyyən bir iş, vəzifə
görməyə əmr və ya tapşırıq
almış.
Sözlər çox zaman hərfi
mənalarından daha geniş mənanı ifadə edir.
Haqqında yazdığım Şamil Seyidli sadəcə məmur
deyil. Belə insanlar sözün əsil mənasında
ziyalı və ləyaqətli vətəndaşlardır -
sözübütöv, kübar, haqqı nahaqqa verməyən,
humanist...
Hər bir vətəndaşın,
hər bir vəzifə sahibinin - ən kiçik vəzifədən
tutmuş, ən mötəbər vəzifə sahibinəcən
- gördüyü işə qiymət verilməsinə, dəyərləndirilməsinə
ehtiyacı var. Ancaq
bir şərtlə: düzü-düz, əyrini-əyri!
Ağa qara, qaraya ağ demək eyni dərəcədə təhlükəlidir
- hər ikisinin mayasında yalan var...
Sabir Bəşirov
Fəlsəfə doktoru
Şərq.- 2011.- 13 dekabr.- S.12.