Müstəqil
Azərbaycanın xarici siyasəti: əsas
hədəflər və nailiyyətlər
Hər
bir müstəqil dövlət
özünəməxsus, milli
maraqlarına uyğun xarici
siyasət yeridir. Və bu
siyasəti yeridərkən mütləq milli
maraqlar ön planda tutulur. Bir dövlətin milli
maraqlarına onun ərazi bütövlüyü,
suverenliyi, xalqın mənafeyi və milli təhlükəsizlik kimi
məsələlər daxildir. Demokratik sistemlərdə dövlət və ya hökumət rəhbərləri qərar
verərkən milli maraqlarla
xalqın tələbi arasında bir balans qurmağa
çalışırlar. Xarici siyasəti
yürüdərkən xalqın mənafeyi mütləq öz əksini tapmalıdır. Çünki Konstitusiya əsasında
onun tam bir varlıq kimi
yaşamasına, fəaliyyətinə, ictimai-siyasi
və mənəvi həyatının azadlığına təminat
verilib.
İkinci bir məsələ isə
bütün dövlətlərin ən çox əhəmiyyət
verdiyi milli təhlükəsizlik məsələsidir. Bu da öz növbəsində
xarici siyasət strategiyasını müəyyənləşdirir.
Bundan əlavə,
digər maddələr də dövlətlərin beynəlxalq
sistemə qoşularkən ön planda tutduğu əsas məsələlərdir.
İstər ikitərəfli, istərsə də çoxtərəfli
əlaqələr qurularkən bu maddələr
xarici siyasətin əsas prioritetləri
halına gəlir və dövlətlər bunları
açıq şəkildə beynəlxalq sistemdə
qarşı tərəflərə bildirirlər.
Həmçinin xarici siyasətdə
dövlətlərin sərhəd qonşuları ilə olan
münasibətləri də öz əksini tapır. Bundan əlavə,
beynəlxalq təşkilatlara, layihələrə qoşulma, regionda baş verən hadisələrə münasibət
bildirmə kimi məsələlər də
var.
Azərbaycan balanslı xarici siyasət yürüdür
Azərbaycanın yerləşdiyi
region hər cəhətdən, istər geosiyasi, istərsə də strateji
baxımdan önəm kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər
region ölkələrlə olan münasibətlərində
balanslaşdırılmış siyasət yürütməkdədir.
Bu da Azərbaycanın
yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir.
Və bütün bunları əldə rəhbər
tutaraq Azərbaycan respublikası xarici siyasətində ölkənin müstəqilliyini,
suverenliyini, ərazi bütövlüyünü,
təhlükəsizliyini qorumaq və
bunları beynəlxalq təhlükəsizlik sistemi
ilə əlaqələndirməkdədir. Bununla yanaşı, Azərbaycan
milli maraqları, dövlətçilik
maraqları ilə uyğun gələn
ölkələrlə sıx əməkdaşlıq qurmaq, müttəfiqlik etmək, bunlardan istifadə edərək beynəlxalq
sistemdə mövqeyini möhkəmləndirmək
siyasəti aparır. Azərbaycanın
çoxşaxəli xarici siyasətində
regionda baş verən
hər hansı bir gərginliyin və ya münaqişələrin aradan
qaldırılmasına səy göstərmək, xalqın mənafeyinə
uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə
iqtisadiyyatını beynəlxalq iqtisadi
sistemdə təmsil etmək, xarici
ölkələrlə elmi, mədəni,
humanitar əlaqələr qurmaq
və bu kimi təşkilatlarda
fəal iştirak etmək amilləri də
üstünlük təşkil edir. Hazırda Azərbaycan
hakimiyyətinin uğurlu xarici
siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən
artdığının şahidiyik.
Ölkəmizin xarici siyasətinin əsas
prioriteti Azərbaycanın müstəqilliyinə
qarşı yönələn bütün
təhlükələrin aradan
qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, Ermənistan
tərəfindən həyata keçirilən separatizm
və işğalçılıq siyasətinin
qarşısının alınması və bu
məqsədlə bölgədə və dünyada
müttəfiqlərin qazanılmasıdır. Eyni zamanda region
dövlətlərlə maraqların üst-üstə
düşməsini təminetmə və
qarşılıqlı əməkdaşlıq çərçivəsində
hərəkət etmək də prioritetlərdəndir. Bütün bunlar regionun həssas olmasından və digər super güc sayılan
ABŞ və Rusiyanın bölgədəki ortaq
maraqları nəzərə alınaraq həyata keçirilir. Məhz bu
baxımdan balanslaşdırılmış siyasətin
yürüdülməsi hazırda məqsədəuyğun hesab edilir.
Tanınmış analitiklər,
ekspertlər, müstəqil politoloqlar da bildirirlər ki, Azərbaycanın
hazırda yürütdüyü xarici siyasət düzgündür
və xalqın mənafeyi ilə üst-üstə düşür. Təbii ki,
bu gün Azərbaycan
ərazilərinin bir hissəsi Ermənistanın
işğalındadır və 20 ildən artıqdır ki, erməni separatçıları
işğalı davam etdirirlər. Azərbaycan
rəhbərliyi xarici siyasətdə prioritet kimi ən
başlıca amil kimi
məhz Dağlıq Qarabağın işğaldan
azad edilməsini götürüb.
Buna görə də dövlət rəsmilərinin
bütün xarici səfərlərində,
beynəlxalq təşkilatların tribunalarından məhz Azərbaycanın
ərazi bütövlüyünün bərpa
olunmasının vacibliyi vurğulanır.
Analitiklər xarici siyasətdə ən
başlıca amil kimi
Qarabağ probleminin həlli
məsələsinin qabardılmasını da
təqdirəlayiq hal sayırlar. Bununla yanaşı, politoloqların demək olar ki, tam
əksəriyyəti ölkəmizin xarici
siyasət arenasında balans prinsiplərə
əsaslanmasını dəstəkləyirlər.
"Müxtəlif layihələrə
xarici sərmayələrin cəlb edilməsi
Azərbaycanın xarici siyasəti üçün əhəmiyyətlidir"
Politoloq
Aydın Ağayev Azərbaycanın
müstəqillik qazandıqdan bu yana apardığı xarici
siyasətə nəzər salaraq bildirir ki, ölkəmiz
müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət
Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə
möhkəmləndirib inkişaf etdirməyə
və milli mənafeləri qorumağa yönəldilib: "Azərbaycan öz xarici siyasətini
beynəlxalq hüquq norma
və prinsipləri, o cümlədən
dövlətlərin suverenliyi və ərazi
bütövlüyünə hörmət, daxili
işlərə müdaxilə edilməməsi prinsipləri əsasında
qurub. Regional səviyyədə bölgədə əmin-amanlıq
və sabitliyin bərqərar edilməsi,
nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin
gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail
olmaq Azərbaycanın xarici
siyasətinin əsas prioritetlərindən birini
təşkil edir. Qloballaşan müasir dünyada Azərbaycan
xalqının maraqlarının daha səmərəli
müdafiəsi naminə ölkə iqtisadiyyatının
inkişafı üçün müxtəlif
layihələrə xarici sərmayələrin
cəlb edilməsi də Azərbaycanın xarici
siyasəti üçün müstəsna
əhəmiyyət daşıyır. Demokratik tərəqqi yolunu seçən Azərbaycan özünün qonşusu
olan və olmayan digər
dövlətlərlə müxtəlif sahələrdə həm
ikitərəfli, həm də çoxtərəfli əsasda
bərabər və qarşılıqlı faydalı
münasibətlərin qurulub-inkişaf
etdirilməsi üzrə ümumi məqsədi
mümkün qədər tam
şəkildə həyata keçirmək əzmindədir".
Politoloq qeyd edir ki, Azərbaycan regional və qlobal səviyyədə
fəaliyyəti, beynəlxalq arenada əməkdaşlığı
genişləndirərək və dərinləşdirərək
müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara üzv olub: "Azərbaycan
hökumətinin xüsusi diqqət yetirdiyi Avropa məkanında
atdığı addımlar onun həyata keçirdiyi xarici siyasət
sistemi çərçivəsində
göstərdiyi səylərin tərkib hissəsidir. Müasir şərait köhnə nüfuz dairələri modeli
əsasında deyil, həqiqi mənada tərəfdaşlıq
və əməkdaşlığa söykənən Avropa təhlükəsizlik və ümumi rifah strukturunun yaradılmasına unikal
bir fürsət verir".
"Reallığı və vəziyyəti
nəzərə alaraq siyasət aparmaq lazımdır"
Sabiq dövlət
müşaviri, tanınmış politoloq Vəfa Quluzadə də bildirir ki, Azərbaycanın
zamana və situasiyaya uyğun tutduğu xarici siyasət xətti xalqın mənafeyi ilə
səsləşir. Onun sözlərinə
görə, xarici siyasətdə
başlıca amil reallığı nəzərə
alaraq hərəkət etməkdir: "Hesab edirəm ki, Azərbaycanın
xarici siyasət prinsiplərinin prioriteti Dağlıq Qarabağ
münaqişəsi ilə bağlıdır ki,
hakimiyyət bu xətti tutub.
Eyni zamanda balanslaşdırılmış siyasət
yürüdülür ki,
düşünürəm bu da düzgün seçimdir. İndi deyə
bilərsiniz ki, əgər düzgün xarici siyasət
aparılırsa, illərdir Qarabağ
münaqişəsinin həlli ilə bağlı aparılan
danışıqlar niyə müsbət nəticələnmir.
Amma məsələ burasındadır ki, münaqişənin sülh
yolu ilə həll edilə bilməməsinin,
ümumiyyətlə, problemin həllində
heç bir irəliləyişə
nail olunmamasının günahı Azərbaycanın
düzgün xarici
siyasətində deyil. Bunun
səbəbi işğalçı Ermənistanı bütün gücü ilə
dəstəkləyən, regionda böyük gücə sahib
olan Rusiyadadır. Ermənistan hər vəchlə
danışıqlar prosesində qeyri-konstruktiv
mövqe sərgiləyir, amma
ona "gözün
üstə qaşın var" deyən yoxdur. Rusiya prezidenti dəfələrlə görüş təşkil edir,
ortaya heç bir nəticə çıxmır, Rusiya nüfuzdan düşür. Buna baxmayaraq Ermənistana təzyiq etmir.
Bunun da səbəbləri
var təbii ki. Çünki Qarabağ
münaqişəsini yaradan Rusiyanın özüdür. Ermənistan Rusiyanın sadəcə
bir dəyənəyidir, Kreml
nə deyir onu yerinə
yetirir. Ona görə
də müsbət nəticənin əldə edilməməsini
Azərbaycanın uğursuz xarici siyasəti kimi
göstərmək doğru deyil. Biz balaca
bir dövlətik. Buna
uyğun da siyasət qurulub. Düşünürəm ki, düzgün xarici siyasət aparılır, düzgün
də prioritetlər götürülüb.
Hesab edirəm ki,
reallığı və vəziyyəti nəzərə alaraq siyasət aparmaq
lazımdır ki, görünən odur ki, Azərbaycan bunu da edir".
"Ölkəmizin xarici siyasətdə götürdüyü
prioritetlər xalqın milli mənafeyinə
xidmət edir"
Millət vəkili, politoloq
Aydın Mirzəzadənin də Azərbaycanın xarici siyasət kursuna
münasibəti müsbətdir. Onun
sözlərinə görə, Azərbaycanın ölçülüb-biçilmiş və milli mənafelərin qorunmasına xidmət edən
xarici siyasət kursu
nümunə kimi göstərilməlidir:
"Bu gün də cənab
prezident İlham Əliyevin
rəhbərliyi altında həyata keçirilən Azərbaycanın
xarici siyasətinin əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulub və uğurla davam etdirilir. Azərbaycanın apardığı diplomatik fəaliyyət bir
neçə əsas istiqamətdən ibarətdir ki, birlikdə onlar müstəqil
Azərbaycanın xarici siyasətini təşkil
edir. Azərbaycanın xarici
siyasi kursu hazırda regionda digər ölkələr üçün nümunədir. Azərbaycan regionda lider dövlətə
çevrilib. Təbii ki,
16-17 il ərzində nail
olduğu uğurlu
siyasət düzgün siyasi
kursun nəticəsidir. Balanslı siyasət
aparan ölkə rəhbərliyimiz hər
sahədə olduğu kimi,
bu sahədəki siyasəti ilə də onu nümayiş etdirir ki, xalqın mənafeyi
hər zaman nəzərə
alınır. Bu gün
Azərbaycanın istər daxili olsun, istərsə də xarici
siyasəti xalqın istəyinə uyğundur.
Ölkəmizin xarici siyasətdə götürdüyü prioritetlər də məhz
xalqımızın milli mənafeyinə
xidmət edir".
Millət vəkili deyib
ki, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsi bir daha ölkəmizin
qüdrətini göstərdi: "Bu onun göstəricisidir ki,
Azərbaycanın yürütdüyü daxili və xarici siyasət
kursu dünya dövlətləri
tərəfindən qəbul və təqdir edilir.
Məhz bunun nəticəsi olaraq Azərbaycan 155 ölkə tərəfindən
dəstəklənərək BMT Təhlükəsizlik
Şurasına üzv seçildi.
Bu, Azərbaycan siyasətinin nə qədər
düzgün olduğunu
göstərir. BMT Təhlükəsizlik Şurasına böyük üstünlüklə
seçilməyimiz bütün dünyaya Azərbaycanı müasir,
qüdrətli, böyük nüfuza malik ölkə kimi təqdim etdi. Bu seçim beynəlxalq birlik tərəfindən Azərbaycana böyük etimad və
inamı aydın şəkildə göstərir. Artıq dünya miqyasında seçilmiş
ölkələrin sırasındayıq. Bu
isə bizə imkan verir
ki, birinci növbədə
dövləti maraqlarımızı ifadə edək. Bu mötəbər qurumdan
Azərbaycanla, bölgə ilə bağlı həqiqətləri
dünya ictimaiyyətinə daha da geniş
şəkildə çatdıracağıq. Təbii ki, bunlar Azərbaycanın
uğurlu xarici siyasətinin
nəticəsidir. Bu danılmaz bir faktdır".
Təbii ki, analitiklərin də baxışları,
yanaşmaları onu göstərir ki, Azərbaycan xarici siyasətini
düzgün istiqamətdə aparır.
İnanırıq və böyük ümid bəsləyirik ki,
ölkəmizin, dövlət rəhbərliyimizin seçdiyi xarici siyasət
kursu Qarabağın erməni
işğalından azad olunmasına
gətirib çıxaracaq.
Anar Bayramoğlu
Şərq.- 2011.- 14 dekabr.- S. 12.