Milli səhiyyə sisteminə güvən
lazımdır
Azərbaycan
gəncləri niyə xaricdəki tibbi təhsilə
üstünlük verirlər?
Təhsil
hər bir millətin parlaq
gələcəyi üçün ən
vacib amildir. Təhsil sistemi mükəmməl olan
dövlət hər zaman ön
cərgələrdə dayanır. Təhsilin bütün
sahələrinə diqqət və qayğı ən
başlıca prinsiplərindən biri
olmalıdır. Azərbaycan reallığında təhsilimizin
bəlkə də ən çox büdrəyən
və sanki yarımçıq olan sahəsi tibb təhsilidir
desək, yəqin ki, yanılmarıq. Bu gün bizim
vətəndaşlarımız ən adi bir sağlamlıq probleminin
həlli üçün xaricə
qaçmalı olur. Bunun
fonunda isə təbii ki,
obyektiv səbəblər dayanır. Əvvəlla,
etiraf etməliyik ki,
demək olar bir
çoxlarımız yerli həkimlərimizə
bəzən haqlı, bəzən isə haqsız yerə
etimadımızı itirmişik. Sağlamlığında problemi
olan azərbaycanlılar ya
Azərbaycanı tərk edib ölkə
xaricindəki həkimlərin qəbuluna getmək üçün xərc tökür,
ya da Azərbaycana gəlmiş
əcnəbi həkimlərin qəbuluna girmək üçün növbələrdə
gözləməli olur.
Bütün bunların dərinliklərinə
gedərkən bəlli olur ki, Azərbaycanda tibb sahəsində
keyfiyyətli təhsil olmadığı üçün gənclərimiz
xaricdə təhsil almağa üstünlük verirlər
Ali məktəbi bitirən gənclərimiz
bir həkim kimi xaricdə təmin olunacaqları həyatla Azərbaycanda
təmin olunmayacaqlarını bildikləri üçün
xarici ölkələr üçün peşəkar kadr
olmağı üstün tuturlar. Doğrudur, səhiyyədən
danışarkən hazırda Azərbaycanda olan
peşəkar həkimlərimizi yox saya bilmərik. Amma yəqin
ki, bu gün
Azərbaycanda peşəkar, təcrübəli həkimlərimizin
azlığıdır ki, vətəndaşlarımız
ən adi bir xəstəliyin
müalicəsini xaricdə görürlər. Təbii ki, bəzən xarici
ölkəyə getməyib sağlamlığını öz həkimlərimizə etibar
edən şəxslər də tapılır. Məsələn,
bir neçə ay bundan əvvəl Azərbaycanın Xalq artisti, sevilən aktyorumuz Rasim Balayev ayağından kiçik
bir əməliyyat keçirmişdi.
Onunla
söhbətimiz zamanı məlum oldu ki, Rasim bəyə də əslində
ölkə xaricinə - İrana getməyi
və orada əməliyyat olunmağı
məsləhət biliblər, amma sonradan Xalq artistimiz
Azərbaycanda, daha dəqiq desək, 1
saylı klinik xəstəxanada əməliyyat
olunmağa üstünlük
verib. Şükürlər olsun, hamımızın bildiyi
kimi, bu gün Xalq artistimizin
vəziyyəti yaxşıdır. Əməliyyatı da çox uğurla
keçib. Bu
misalı çəkməklə hərdən özümüzün
də bütün xəstəliklərin
həllini xaricdə görməyimizdə çox
irəli getdiyimizi vurğulamaq
istəyirik. Həqiqətən də bəzən
ən xırda bir sağlamlıq problemimiz olduqda xaricə
getməyi özümüzə borc bilirik, amma öz
ölkəmizdəki savadlı, işini
bilən həkimləri tapmağa tənbəllik
edirik. Əlbəttə, Azərbaycanda səhiyyədə,
xüsusilə də tibb təhsilində
problemlərin yetərincə olduğunu
heç kim danmır.
Bəli, bizim tibb təhsili
və peşəkar həkim kadrların yetişdirilməsi ilə
bağlı problemlərimizin olduğu
gerçəklikdir. Bəs görəsən, bu
reallığın dəyişilməsi istiqamətində
görə biləcəyimiz tədbirlər nədir? Görəsən,
yetərincə savadlı, gələcəkdə perspektivi olan gənc həkimlərimizin
öz vətənimizə dönüb
burada işləyə bilmələrini təmin
etmək üçün bizə hansı
amillər mane olur?
Görəsən, niyə gənclərimiz xarici
tibb ocaqlarında təhsil almağı Azərbaycan
Dövlət Tibb Universitetində (ADTU) təhsil
almaqdan üstün tuturlar?
ADTU-nun professoru Adil Qeybulla hesab edir
ki, Azərbaycanda tibb təhsili rezidentura sisteminə
keçdikdən sonra bütün bu problemlər istiqamətində
müsbət irəliləyişlər olacaq: "Bildiyiniz kimi,
Azərbaycanda tibb təhsili yeni bir dövrə, yeni bir sistemə
keçib. Keçmiş sovet səhiyyəsi ilə müasir
dünya səhiyyəsi arasında xeyli uyğunsuzluqlar var. Xüsusən də tibb
təhsilində bu uyğunsuzluqlar
nəzərə çarpır. Ona
görə də biz tibb
təhsilində Avropaya, Amerikaya
inteqrasiya etməliyik. Bu
baxımdan hazırda Azərbaycan tibb təhsilində
yeni bir mərhələyə
- rezidenturaya keçid
başlanır. Rezidentura tibb
təhsilinin ən yüksək pilləsi sayılır.
Rezidenturanı bitirən şəxs bir
sahənin peşəkar həkimi sayılır. Rezidentura dünyanın hər bir
yerində tətbiq edilmiş bir sistemdir. Türklər buna uzmanlıq deyirlər. Bu
2 ildən 8 ilədək davam edən bir təhsil prosesidir. Rezidenturada əsasən təcrübəyə
üstünlük verilir
və ixtisasa uyğun
olaraq təhsilin müddəti dəyişir.
Məsələn, ümumi cərrahlıq
4 ildirsə, ürək cərrahlığı 8 ilədək
davam edir. Təhsili
bitdikdən sonra həkim sertifikat
alır və işləmək üçün
müəyyən bir periodluq,
məsələn, 5 və ya 10 illik lisenziya alır. Lisenziya müddəti bitdikdən sonra isə həkim yenidən sertifikat
almalıdır. Bunu isə komissiya araşdırır və layiqli olan həkimə təkrar
sertifikat verir. Yəni
tibb təhsili və həkimin fəaliyyətinə
icazə bütün dünyada
bu yolla
aparılır. Bizim tibb
təhsilimiz bu sistemə hələ yenicə
qoşulur. Bu
baxımdan Azərbaycan səhiyyəsini dünya
səhiyyəsi ilə müqayisə etmək doğru
olmazdı. Çünki bizdə tibb təhsilinin sistemi, strukturu başqadır. Ancaq
düşünürəm ki, Azərbaycanda
tibb təhsilində tamamilə rezidentura prosesinə keçildikdən sonra bu istiqamətdə dəyişikliklər
nəzərə çarpacaq. Hələ
bu proses yenicə
başlandığı üçün xeyli problemlər mövcuddur.
Bazalar hələ tam
hazır deyil və digər bu kimi problemlər rezidentlərin
hazırlanmasında ciddi, obyektiv
səbəblər yaradır. O ki
qaldı xaricdə tibb təhsilinə üstünlük verilməsinə, əlbəttə,
hələlik xaricdə təhsil birbaşa
dünya səhiyyə sisteminə uyğun olduğu üçün oranı bitirən həkimlər,
yəni xaricdə təhsil alan həkimlər
və orada təhsili tam
başa vuran həkimlər
əziyyət çəkmirlər. Onlar
dünyanın istənilən ölkələrində fəaliyyət
göstərə bilirlər. Azərbaycanda tibb təhsilini bitirən tələbələr
də rezidenturanı dövlət proqramı çərçivəsində
və ya dövlətlərarsı
müqavilə əsasında Almaniya və
Türkiyədə davam etdirə bilərlər.
Çünki sözügedən bu iki ölkə diplomdan sonrakı hazırlıq prosesini çox yüksək
səviyyədə həyata keçirir.
Doğrudur, sovet dövrünün diplomları üçün
də diplomdan sonrakı hazırlıq
kursları var, amma bunlar rezidentura üçün əlverişli deyil. Çünki
rezidenturanın tələbləri tamam
başqadır və burada öyrətməyin
effektliliyi, kadr
hazırlamağın effektliliyi daha yüksəkdir. O baxımdan biz tibb təhsilində dərhal
rezidenturaya keçməliyik".
Azərbaycan vətəndaşlarının
sağlamlıqlarını vətənimizdəki həkimlərimizə
deyil, ölkə xaricindəki həkimlərə etibar etmələrinin
səbəbinə gəldikdə A.Qeybulla hesab edir ki, bu neqativ
haldır: "Vətəndaşlarımızın xarici həkimlərə
üstünlük verməsi və xaricdə müalicəyə
meyil etmələri bir az neqativ haldır. Çünki
bizim milli səhiyyə
sisteminə güvən lazımdır. Çünki
nə qədər Azərbaycan vətəndaşları Azərbaycan
səhiyyəsinə inam göstərməsələr,
istənilən bir xəstəliyin
müalicəsi üçün xaricə
getsələr, o qədər də bizim səhiyyəmiz geri
gedəcək. Ona görə də
düşünürəm ki, bu məsələdə vətəndaşlarımız
həssas olmalıdırlar və Azərbaycan səhiyyəsinin
dünyaya inteqrasiya
etməsi üçün öz
səhiyyəmizə etimad göstərməlidirlər".
Hərbi ekspert, psixoloq Azad
İsazadə isə hesab edir ki, azərbaycanlı gənclərin
həkim kimi xaricdə qalıb işləmələrinin əsas
səbəblərindən biri Azərbaycanda həkimlərə
verilən əməkhaqqının həddindən artıq
aşağı olmasıdır: " İlk növbədə
yaddan çıxarmayaq ki, ADTU-nun diplomu praktiki olaraq Türkiyədən
və bir-iki MDB ölkələrindən başqa heç yerdə
tanınmır. ADTU-nu bitirən
şəxs gedib hansısa Avropa
ölkəsində işləyə bilmir.
Xarici ölkədə tibb
təhsili alan şəxs isə həmin diplomla istər Avropada, istər
Amerikada və ya
dünyanın digər bir tərəfində
həkim kimi fəaliyyət göstərə
bilər. Deməli, ADTU-nu deyil, xarici dövlətlərin
tibb ocaqlarını seçməkdə əsas
səbəb diplomun gücü
məsələsidir. Əgər hər hansısa bir şəxs xarici
dövlətlərin tibb müəssisələrinin
diplomu ilə ürəyi istəyən hər
bir yerdə sərbəst şəkildə,
heç bir problemsiz çalışa biləcəksə,
onda təbii ki, xaricdəki
təhsilə üstünlük verəcək.
İkinci bir məsələ
isə təbii ki, odur
ki, əgər azərbaycanlı bir həkim xaricdə qalıb fəaliyyətini
davam etdirirsə, sözsüz
ki, burada ən böyük səbəb onun
həmin ölkədə aldığı məvacibdir. Heç kimə sirr deyil ki, dünyanın bir çox ölkələrində
həkimlər dövlətin ən varlı təbəqəsi
hesab olunur. Hətta bəzi
ölkələrdə həkimlər millət vəkillərindən,
dövlət məmurlarından qat-qat
artıq maaş alırlar. Halbuki Azərbaycanda həkimlərin orta əməkhaqqı 130 manatdır. Və bu orta əməkhaqqı
təkcə Azərbaycan Dövlət Tibb
Universitetini yenicə bitirən tələbələr
üçün deyil,
20-30 illik stajı olan
bütün həkimlər üçün nəzərdə tutulan əməkhaqqıdır. Belə problemlər olduqdan sonra sözsüz ki, xaricdə təhsil almış və
üstəlik orada iş
tapa bilmiş azərbaycanlı
həkim təbii ki, orada
qalacaq və həkimlik karyerasını orada davam etdirəcək. Çünki ona xarici ölkədə illərdir oxuduğu tibb təhsilinin
qarşılığı olaraq Azərbaycanda
verilən maaşdan dəfələrlə
artıq maaş ödəyirlər.
Söhbət burada heç
də az puldan yox, minlərlə avrodan və
dollardan gedir. Bu maddi tərəf və
hər bir insanın özünə daha yaxşı şərait qurmaq
istəyi sözsüz ki,
o şəxsləri xaricdə işləməyə
vadar edir. Mən birmənalı
şəkildə belə düşünürəm ki, bizim məzunlarımızın
xaricdə tibb təhsilinə üstünlük verməsi Azərbaycandakı
tibb təhsili səviyyəsinin
aşağı olmasıdır. Təbii ki, əgər bir tələbə
xaricdə işə qəbul olunarkən bizim
diplomun orada tanınmadığı
üçün təzədən imtahan verməli olarsa, o zaman o
tələbə əvvəlcədən xaricdə təhsil
alır və həmin diplomla da işə qəbul olunur.
Azərbaycanda təhsilin səviyyəsinin aşağı
olmasının nəticəsidir ki, bizim vətəndaşlar imkan
tapan kimi müalicə
almaq üçün
xaricə gedirlər. Müəyyən qədər maddi imkanı olan şəxs
mütləq istənilən bir əməliyyat
üçün ya Avropaya, ya Rusiyaya,
ya da Türkiyəyə
getməli olur. Halbuki
vaxtilə Azərbaycanda təhsil almış həkimlərimiz
indinin özündə də Türkiyədə,
Moskvada, İranda və
digər dünya ölkələrində
işləyir və qəbul olunurlar. Belə
həkimlərin olması isə sübut edir ki, Azərbaycanda vaxtilə
tibb təhsilinin səviyyəsi çox yüksək olub.
Lakin çox təəssüf
ki, bu gün
Azərbaycanda olan tibb
təhsili səviyyəsi yuxarıda qeyd etdiyim həkimlərin tələbə
olduqları zaman mövcud
olan tibb təhsili səviyyəsindən
çox aşağıdır".
A.İsazadə hesab edir ki, Azərbaycan
vətəndaşlarının həkimlərimizə olan
etibarlarını təzədən bərpa etmək
üçün ilk növbədə Azərbaycanda tibb təhsilinin
səviyyəsinin qaldırmaq, daha sonra isə həkimlərimizə
normal əməkhaqqı verilməsi haqqında qanunlar qəbul
edilməlidir: " Mən bir daha qeyd edirəm ki, birmənalı
şəkildə bu məsələnin həlli
üçün Azərbaycandakı tibb təhsilinin səviyyəsi
yüksəldilməlidir. Və mən deməzdim ki, həkimlərin maaşı
qaldırılmalıdır. Bu düzgün ifadə deyil.
Mən demək istəyirəm ki, bizim həkimlərimizə maaş
verilməlidir. Çünki illərlə,
7 il, 10 il tibb sahəsində oxuyan,
illərini bu sahəyə verən həkimlər
üçün 130 manatı heç əməkhaqqı da
adlandırmaq olmaz. Azərbaycan həkimləri
havayı işləyirlər".
Gənclər Təşkilatının
sədri Elnur Məmmədli hesab edir ki, əgər tibb sahəsində
təhsil alan gənclərə Azərbaycanda
çalışıb özlərini təmin edə bilmək
üçün lazım olunan şərait yaradılsa, həmin
gənclər çətin ki, öz vətənlərindən
ayrılıb xaricdə işləməyə razı olarlar:
" Mən hesab edirəm ki, ilk növbədə Azərbaycan
gənclərinin xaricdə deyil, elə Azərbaycanda təhsil
ala bilmələri üçün şərait
yaradılmalıdır. Bildiyiniz kimi, bizdə təhsilin səviyyəsi çox aşağıdır. Və bizim təhsil sistemi təcrübəyə
yox, nəzəriyyəyə əsaslanır.
Bu, təhsilin bütün
sahələrində belədir, amma tibb sahəsinin təcrübəyə deyil, nəzəriyyəyə əsaslanması
daha acınacaqlı haldır.
Bu səbəbdəndir ki, bu
gün Azərbaycan gəncləri bir çox sahələrdə,
xüsusilə də tibb sahəsində keyfiyyətli təhsil
almaq üçün xaricə üz tuturlar. Məlum məsələdir
ki, onlar xaricdə təhsil
aldıqdan sonra əlverişli, geniş imkanlarla təmin olunmuş işdə çalışmağa
üstünlük verirlər. Bu zaman isə onların Azərbaycana
qayıdaraq öz sahələri üzrə,
xaricdəki əməkhaqqına alternativ əməkhaqqı
ilə təmin olunmalarında problemlər
yarandığından gənclər də xaricdə qalıb orada işləməyə məcbur olurlar. Yəni məsələnin mahiyyəti budur ki, belə vəziyyəti
görən gənclərimiz xaricdə qalıb öz beyinlərinin məhsulundan istifadə edərək
karyeralarını daha yüksək şəkildə
inkişaf etdirmək yolunu
seçirlər. Belə halların qarşısının
alınmasının yeganə yolu ilk növbədə Azərbaycanda təhsil siteminin nəzəriyyəyə deyil, təcrübəyə əsaslanmasından
keçir. Yalnız təcrübəyə
üstünlük vermək və təhsilin
səviyyəsini qaldırmaq yolu ilə gəncləri
Azərbaycanda təhsil almağa cəlb
etmək olar. Bundan əlavə, gənclərin
işlə təmin olunması prosesini
genişləndirmək lazımdır və gəncləri
işlə təmin edərkən onlara
yüksək məvacib verilməli, onların mənzillə və
digər məsələlərlə bağlı problemləri
həll olunmalıdır. Hesab edirəm
ki, gənclərin bu kimi problemləri həll olunduqdan
sonra çətin ki,
onlardan hansısa Azərbaycandan kənarda
işləməyə razı olar".
Müstəqil ekspert, professor Əlövsət
Osmanlı da düşünür ki, azərbaycanlı gənclərin
xüsusən də tibb sahəsində xaricdə təhsil
almağa üstünlük vermələrinin ən
böyük səbəbi birmənalı şəkildə Azərbaycanda
tibb təhsili səviyyəsinin aşağı
olmasıdır: "Sizin toxunduğunuz məsələnin həlli
qətiyyən mürəkkəb deyil. Bu məsələdə
hər şey birmənalı şəkildə
təhsilin səviyyəsinin yükəldilməsində
dayanır. Təbii ki, hamı
çalışır ki, yaxşı nə
varsa, onu əldə etsin. Bizim xaricdə təhsil
almaq istəyən tələbələrimiz
də məhz yaxşı, keyfiyyətli təhsil ala bilmək üçün
xaricə üz tutmalı olurlar.
Bizdə tibb təhsilinin səviyyəsi həqiqətən
də aşağıdır. Yəqin
yadınızdadır ki, təxminən
2-3 il əvvəl İran
rəsmiləri belə bir bəyanat
yaydılar ki, biz ADTU-nun diplomunu
tanımırıq və İrandan Azərbaycana
tibb elmini öyrənməyə
gedən tələbələrin diplomlarını
tanımayacağıq. Bizim təhsil
naziri və tibb universitetinin rektoru o vaxt bu
bəyanata sərt cavab vermişdi.
İran tərəfinin bu
addımının özü də bizdə
təhsilin səviyyəsinin aşağı olmasından xəbər
verirdi. Yəni bu məsələdə hər şey konkret olaraq təhsilin səviyyəsinin
artırılmasından asılıdır. İkinci
bir məsələ isə odur ki, Azərbaycanda
çalışacaq olan gənc həkimlərə
normal maaş verilməlidir
ki, onlar həm öz həyatlarını qura
bilsinlər, həm də ailələrini dolandıra
bilsinlər".
İzolda Heydərqızı
Şərq.- 2011.- 14 dekabr.- S. 11.