Qlobal maliyyə
böhranı və Azərbaycan Mərkəzi Bankın
uğurlu siyasəti
2008-ci
ildən başlayan qlobal maliyyə böhranı
dünyanın bir çox inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələrinə böyük ziyanlar
vurdu. Dövlətlərin böhranın ziyanlarını
önləmək üçün həyata keçirdikləri
bir sıra iqtisadi tədbirlər belə, baş verə biləcək
zərərlərin qarşısını ala bilmədi. Nəticədə
böyük istehsalı olan zavod və fabriklər fəaliyyətlərini
dayandırdılar, banklar müflisləşdilər, əhalinin
yaşam səviyyəsi aşağı düşdü.
Qlobal maliyyə böhranı
post-sovet ölkələrinə daha çox təsir etdi. Bölgənin
bəzi ölkələri hətta milli valyutalarında
devalvasiya etməli oldular. Lakin dünyanı sarsıdan bu
böhrandan Azərbaycan zərərsiz və ya qismən zərərlə
ötüşə bildi. Bunun da başlıca səbəbi
ölkənin Mərkəzi Bankının həyata
keçirdiyi tədbirlər və
düşünülmüş, məntiqli siyasəti oldu. Ona görə də Mərkəzi Bankın pul siyasətini,
bank sisteminin nəzarətini, ödəniş sistemlərinin
təşkili və inkişafını, nağd pul dövriyyəsinin
idarə olunmasındakı səmərəli fəaliyyətini
məhz qlobal maliyyə böhranı və ondan sonrakı
dövr üzrə təhlil edəcəyik.
Böhran zamanı Azərbaycanın
istehsalında 9,3 faiz artım olub
İqtisadçı-alim,
millət vəkili Əli Məsimli Mərkəzi Bankın həyata
keçirdiyi tədbirlərdən danışarkən əvvəlcə
bildirib ki, qlobal maliyyə böhranı nəticəsində
MDB ölkələrində istehsal orta hesabla 2009-cu ildə 7
faizə qədər aşağı düşüb. O
cümlədən Ukraynada 16 faiz, Ermənistanda 14 faizdən
çox, Rusiyada 8 faiz, Baltikyanı ölkələrdə isə
13-16 faiz enmə olub. Azərbaycanda isə 9,3
faiz artım olduğunu önə çəkən
iqtisadçı-alim adlarını sadaladığı, eyni
zamanda sadalamadığı bir çox ölkələrdə
bankların müflis olmasını xüsusi qeyd edib. Ölkəmizdə
bir bankın belə, müflis olmamasını dilə gətirən
Ə.Məsimli qlobal maliyyə böhranı zamanı Azərbaycanın
iqtisadi vəziyyətinə diqqət çəkib:
"Həmin dövrdə ölkədə neft "bum"u
ilə yanaşı, tikinti "bum"u gedirdi. Neft
"bum"unda qiymət kəskin surətdə
aşağı düşəndə, əlbəttə, vəsait
azalması və yaxud da kreditlərin verilməsində bir
sıra problemlər yaratdı, o cümlədən tikinti sahəsində
problemlər meydana gəldi. Bir sıra şirkətlər
sıradan çıxdı. Amma ümumi götürəndə,
Azərbaycan böhrandan az itki ilə sovuşa bildi. Ölkəmizin
böhrandan az itki ilə çıxmasında da daha çox
rol oynayan Mərkəzi Bank oldu. Mərkəzi Bank manatın
sabitliyini qoruyub saxlaya bildi. Rusiyada, Qazaxıstanda, Ermənistanda,
Ukraynada devalvasiya oldu. Azərbaycanda isə manat qorundu.
Devalvasiya olanda xüsusilə də aşağı təbəqəyə
böyük zərbə dəyir. Mərkəzi Bank manatı
sabit saxlamaqla aşağı təbəqəyə dəyəcək
zərbənin qarşısını ala bildi. Ona görə
də, təbii ki, mən Mərkəzi Bankın bu fəaliyyətini
qənaətbəxş hesab edirəm".
Banklar müflis
olmadan böhrandan necə çıxdı?
İqtisadçı-ekspert
Vüqar Bayramov bildirib ki, qlobal maliyyə böhranı birinci
mərhələsində Azərbaycan iqtisadiyyatının
daha çox bank və maliyyə sektoruna təsir etməyə
başlayıb. Bunun əvvəlcədən də
proqnozlaşdırıldığını vurğulayan
V.Bayramovun sözlərinə görə, onun da başlıca
səbəbi ölkənin qeyri-neft sahəsində ən
çox bank sektorunun inkişaf etməsidir: "Dövlət
Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda
qeyri-neft iqtisadiyyatının 70 faizi məhz maliyyə
sektorunun, əsasən də bank sektorunun payına
düşür. Bu baxımdan təbii olaraq
qlobal maliyyə böhranının bank sektoruna təsirləri
qaçılmazdır. Eyni zamanda nəzərə
almalıyıq ki, bu gün dünyanın maliyyə sistemi
qloballaşıb. Bəzi hallarda qeyd olunur
ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına tam
olaraq inteqrasiya olunmayıb. Amma mən
bununla razı deyiləm. Çünki
bütün hallarda Azərbaycan maliyyə sektoru dünya maliyyə
sektoruna bu və ya digər dərəcədə inteqrasiya
olunub. Nəzərə almalıyıq ki,
Azərbaycan kommersiya bankları məhz qlobal fəaliyyət həyata
keçirir. Onlar birmənalı şəkildə
öz maliyyə resurslarının bir qismini xaricdən cəlb
ediblər və bu da digər maliyyə qurumlarından daha
aşağı faizlə vəsaitlər cəlb etmələri
baxımından tamamilə normaldır. Ona görə də
qlobal maliyyə böhranının bank sektoruna təsirləri
hiss edilən idi və hiss edilməyə də başladı.
Lakin Azərbaycan Mərkəzi Bankı
böhranın təsirlərinin aradan qaldırılması ilə
bağlı bir sıra uğurlu addımlar atdı. Əvvəla qeyd edək ki, qlobal maliyyə
böhranından əvvəl Azərbaycanın kommersiya
bankları xarici borclarını üç dəfə
artıraraq 2 milyard dollara çatdırmışdılar.
Qlobal maliyyə böhranı başladıqdan
sonra xarici banklar həmin borcların geri
qaytarılmasını tələb etdilər ki, bu da ölkənin
kommersiya bankları üçün müəyyən çətinliklər
yaratdı. Mərkəzi Bankın kommersiya
bank sektorunda böhranın təsirinin azaldılması və
ya kommersiya banklarının qlobal maliyyə
böhranının təsirlərinə məruz qalmaması
üçün atdığı addımlardan biri məhz
uçot dərəcəsinin aşağı salınması
oldu. Qlobal maliyyə böhranı
başlayanda Mərkəzi Bankın uçot dərəcəsi
15 faiz idi. 2008-ci ilin oktyabrında bu rəqəm 12 faizə,
oktyabrın sonunda 10 faizə, dekabrda 8 faizə, 2009-cu ilin
fevralında 5 faizə, 2009-cu ilin martında 3 faizə qədər
azaldıldı. Yəni faktiki olaraq Mərkəzi
Bank uçot dərəcəsinin azaldılması ilə
bağlı addımlar ataraq kommersiya banklarının
linkvitliyinin qorunub saxlanmasına çalışdı.
Bu da təbii ki, kommersiya banklarına imkan verdi
ki, daha ucuz mərkəzləşdirilmiş kreditlər əldə
edə bilsin. Çünki həmin mərkəzləşdirilmiş
kreditlər məhz Mərkəzi Bankın vəsaiti
hesabına yönəldilən kreditlərdir. Bu da birmənalı şəkildə kommersiya
banklarına imkan verir ki, linkvitliyini qoruyub saxlaya bilsin".
"Manatın məzənnəsinin qorunması daha çox orta və
aşağı təbəqəyə lazım idi"
Mərkəzi Bankın bank
sektorunda böhranın təsirlərinin azaldılması
istiqamətində atdığı addımlardan birinin də
manatın məzənnəsinin qorunub saxlanması ilə
bağlı olduğunu söyləyən V.Bayramovun sözlərinə
görə, milli valyutanın məzənnəsinin qorunub
saxlanması yalnız makroiqtisadi əhəmiyyət
daşımır: "Əgər həmin dövrdə
manatın məzənnəsində azalmalar baş verərdisə,
bu, birmənalı şəkildə bir sıra kommersiya
bankının müflisləşməsinə gətirib
çıxara bilərdi. Mərkəzi
Bankın manatın məzənnəsinin qorunub
saxlanılması istiqamətində hətta bu, xərcli olsa
da belə, atdığı addımlar digər MDB ölkələrində
yaşanan devalvasiyanı önlədi. Azərbaycanda
milli valyutanın məzənnəsinin azalması
müşahidə edilmədi. Digər
addım Mərkəzi Bankın təşəbbüsü və
ölkə başçısının sərəncamı
ilə kommersiya banklarının 2008-ci ildən başlayaraq
növbəti üç ildə mənfəətinin məhz
bölüşdürülməyə yönəldilən
hissəsinin vergidən azad edilməsi ilə bağlı oldu.
Bu da kommersiya banklarına imkan verdi ki, vəsaitlərinə
müəyyən qədər qənaət edə bilsinlər.
Bütövlükdə qlobal maliyyə böhranı
dövründə kommersiya banklarına öz borclarını
geri qaytarması, o cümlədən bu dövrdə heç
bir kommersiya bankının müflis elan edilməməsində
təbii ki, Mərkəzi Bankın atdığı
sözügedən addımların birmənalı şəkildə
rolu var. Ona görə də mən böhranın Azərbaycana
olan təsirlərinin azaldılması istiqamətində Mərkəzi
Bankın atdığı addımları müsbət dəyərləndirirəm.
Güman edirəm ki, Mərkəzi Bank qlobal
maliyyə böhranı dövründə kifayət qədər
uğurlu mövqe nümayiş etdirdi. Təkcə
heç bir bankın müflis olmaması ondan xəbər
verir ki, qlobal maliyyə böhranı dövründə Mərkəzi
Bankın bankların qorunması ilə bağlı
atdığı addımlar doğru addımlardır".
Mərkəzi Bankın daha bir
uğurlu addımı
Ümumdünya maliyyə böhranı
zamanı Mərkəzi Bankın bir sıra uğurlu addım
atdığını deyən sabiq millət vəkili,
iqtisadçı-alim Nazim Məmmədov bildirib ki, bu sıraya
Mərkəzi Bank haqqında qanuna edilən dəyişikliklər
də daxildir. O söyləyib ki, 2009-cu ilə qədər
mövcud qanunvericiliyə görə, Mərkəzi Bankın
öz rezervlərini ancaq xarici maliyyə institutlarında
saxlamaq imkanı olub: "Ancaq qanuna edilən dəyişiklikdən
sonra Mərkəzi Bank həm özünün banklara depozit
qoymaq hüququnu qazandı, həm də onun 6 aylıq məhdudiyyəti
götürüldü. Eyni zamanda 2009-cu ilin birinci
rübünə həsr olunmuş müşavirədə cənab
prezident İlham Əliyev qeyd etdi ki, Mərkəzi Bank və
Dövlət Neft Fondu xaricdə saxlanılan vəsaitlərin
bir hissəsini Azərbaycana gətirməlidir və ölkədə
özəl yüksək rentabelli banklara yerləşdirilməlidir
ki, bu da sahibkarlıq mühitini daha da
yaxşılaşdırsın və maliyyə resurslarına
çıxış asanlaşdırılsın. Bunun nəticəsi olaraq gördük ki, iri dövlət
müəssisələri olan bir neçə müəssisələrə
kifayət qədər vəsait verildi. Yeri
gəlmişkən qeyd edim ki, ümumdünya maliyyə
böhranı zamanı qonşu ölkələrdə milli
valyutaların sürətlə ucuzlaşmasının
şahidi olduq. Bu hal Azərbaycanda
yaşanmadı. Obyektiv səbəblərdən
Azərbaycana daxil olan vəsaitlər ölkədən
çıxan vəsaitlərdən çoxdur. Bu baxımdan Azərbaycanda devalvasiya gözləntiləri
şəklində müxtəlif insanların, bankların
xarici valyutaya ehtiyacı artdı. Bu da
bazarda müəyyən ajiotaj yaratdı. Məhz
Mərkəzi Bankın vaxtında müdaxiləsi nəticəsində
bunun qarşısı alındı. Təbii
ki, biz bunu müsbət dəyərləndiririk. Biz də bildiririk ki, Mərkəzi Bank milli
valyutanın ucuzlaşmasına rəvac verən
addımları önləməlidir. Çünki
bunun heç bir iqtisadi əsasları yoxdur. Azərbaycanda ödəniş vasitəsi manat
olduğuna görə və əmək haqları da manatla
verildiyindən xarici iqtisadi əlaqə ilə məşğul
olmayan insanlara dollar və ya avro nəyə lazımdır?
Mərkəzi Bankın vaxtında
atdığı addıma görə biz bu ajiotajı görə
bilmədik. Bəzi ekspertlər bunu səhv
addım hesab edirlər. Lakin mən o
vaxtı da bildirmişəm ki, milli valyutanın dəyərinin
saxlanılması Azərbaycan xalqına xidmət edir".
MB özünün uzaqgörən
siyasəti ilə əhalidə dövlətə olan inamı
daha da artırdı
Mərkəzi Bankdan
verilən məlumata görə, bank sisteminin maliyyə
sabitliyini təmin etmək məqsədi ilə qurum tərəfindən
bir sıra preventiv tədbirlər həyata keçirilib.
"Banklara ehtiyatlı kredit siyasəti
yürütmək tövsiyə olunub, prudensial tənzimləmə
normativləri daha da ciddiləşdirilib, kapitallaşma və
ehtiyatlanma səviyyəsi artırılıb, xarici borclar
üzrə məcburi ehtiyatlar tətbiq edilib. Eyni zamanda,
böhran dövründə həyata keçirilmiş bank
kapitalının artırılmasına yönəlmiş mənfəətə
vergi güzəştlərinin tətbiqi (2010-2012-ci illər
üzrə), Əmanətlərin Sığortalanması Fondu
tərəfindən sığortalanan əmanətlərin məbləğinin
5 dəfə artırılması (30 min manatadək) kimi əlavə
tədbirlər maliyyə sisteminə qlobal maliyyə
böhranını minimal itkilərlə qarşılamağa
şərait yaratmış olub. Nəticədə
Azərbaycan bank sektorunda dayanıqlıq təmin olunub və
ciddi gərginlik yaşanmayıb. Bank
sistemində qlobal maliyyə böhranının təsirlərini
minimallaşdırmaq məqsədi ilə həyata
keçirilmiş zəruri tədbirlər nüfuzlu beynəlxalq
təşkilatlar və qurumlar tərəfindən də
yüksək qiymətləndirilib".
Mərkəzi Bank bildirir ki,
böhrandan öncəki dövrdə də regionun digər
dövlətləri ilə müqayisədə Azərbaycanın
bank sistemində xarici borcun səviyyəsi yüksək
olmayıb (01.01.2009-cu il tarixə cəmi
öhdəliklərin 21 faizi). Bu da Mərkəzi
Bank tərəfindən xarici borcların məhdudlaşdırılması
ilə bağlı preventiv tədbirlərin nəticəsi
kimi formalaşıb. Bundan əlavə,
böhran dövründə bankların xarici borclarının
Mərkəzi Bank tərəfindən davamlı nəzarətə
götürülməsi və banklara zəruri likvidlik dəstəyi
verilməsi nəticəsində yerli banklar xarici maliyyə təşkilatları
qarşısında öhdəliklərin yerinə yetirilməsi
problemləri ilə üzləşməyiblər. Hazırda isə
bank sektorunun öhdəliklərində xarici borc təhlükəsiz
səviyyədədir.
Mərkəzi Bank bildirir ki, qlobal
maliyyə böhranı dövründə ölkəmizin əsas
ticarət partnyorlarının bir çoxunda devalvasiya tədbirləri
aparılsa da, AMB tərəfindən manatın sabitliyinin
qorunması hədəfi uğurla reallaşdırılıb.
Qurumda
hesab edirlər ki, böhran zamanı manatın məzənnəsinin
sabit saxlanılması AMB-nin ən mühüm anti böhran tədbiri
kimi qiymətləndirilə bilər. Bunun nəticəsində
kəskin dollarlaşmanın qarşısı alınıb, əmanətlərin
bank sistemindən mümkün
"qaçışına" və ən
mühümü, maliyyə sabitliyi pozulmasına imkan verilməyib:
"AMB-nin valyuta bazarına xalis müdaxiləsinə gəldikdə
isə, bunu xərc kimi qiymətləndirmək düzgün deyil.
Çünki tədiyə balansı göstərir ki, bu vəsaitlər
ölkə hüdudlarından kənara çıxmayıb.
Digər tərəfdən, valyuta ehtiyatlarında azalma
çox keçmədən artımla əvəzləndi. Belə
ki, əgər 2009-cu ildə həmin göstərici
satış yönlü 1,2 mlrd. ABŞ dollarına bərabər
olmuşdusa, 2010-cu ildə müdaxilə alış
yönlü 1,4 mlrd. ABŞ dolları təşkil edib. 2011-ci
ilin ötən 10 ayı ərzində AMB valyuta bazarına 528
mln. ABŞ dolları həcmində alış yönlü
müdaxilə edib. Digər tərəfdən, onu qeyd etmək
lazımdır ki, devalvasiya bir çox hallarda ehtiyatların
qorunmasını təmin etmir. Məsələn,
2008-ci ildə Rusiya rublunun 20 faizlik devalvasiyasına baxmayaraq,
il ərzində Rusiya Mərkəzi Bankının xarici valyuta
ehtiyatları 11 faiz azaldı. Təcrübə göstərir
ki, xarici valyutanın bahalaşması ona tələbi yüksəldir,
milli valyutaya olan etimadı isə azaldır. Nəticədə
dollarlaşma səviyyəsinin yüksəlməsi və
kapital axınlarının sürətlənməsi səbəbilə
maliyyə sabitliyi pozulur. Qlobal iqtisadi böhran dövründə
manatın sabitliyinin qorunması haqda verilmiş qərar Mərkəzi
Bankda aparılmış tədqiqatların nəticələrinə
istinadən qəbul edilib. Aparılmış tədqiqatların
nəticələrinə görə, həmin dövrdə məzənnənin
hər 1 faiz ucuzlaşması inflyasiyanın təxminən 0,6
faiz, dollarlaşma səviyyəsinin isə 1 faiz yüksəlməsi
ilə nəticələnə bilərdi. Eyni zamanda
devalvasiya uzun illər ərzində qazanılmış milli
valyutaya olan etimadı da kəskin aşağı sala bilərdi.
Bu da ölkənin valyuta bazarında spekulyativ əməliyyatlara
stimul verməklə iri həcmdə xarici valyuta
ehtiyatlarının itirilməsi ilə nəticələnə
bilərdi".
Bu
yazı Mərkəzi Bankın keçirdiyi yazı müsabiqəsinə
təqdim olunur.
Seymur Qasımbəyli
Şərq.- 2011.- 20 dekabr.- S.12