Ənvər Paşa "Şərq eli"ndə
Sentyabrın
15-i 1918-ci ildə Bakı Azərbaycan-türk qoşun
birliyinin hərbi şücaəti ilə
azad olunanda İstanbula, Türkiyə Hərbiyyə
Nazirliyinə belə bir teleqram
çəkildi: "Türk
dünyasının ikinci İstanbulu
alındı". Türkiyənin başı üstündə
cövlan edən qatı dumandan
ümidsizliyə qapılan Ənvər Paşanın eyni bu xoş
xəbərdən açıldı, ovqatı xeyli dəyişdi. Bu sevinci paylaşmağa adam axtardı.
Bir müddət öncə Azərbaycan
Xalq Cümhuriyyətinin İstanbula göndərdiyi nümayəndə
heyətinin rəhbəri Məhəmməd Əmin Rəsulzadəni
aradı. Rəsulzadə beynəlxalq konfransda Brest-Litovski
sazişi ilə Bakısı təhlükə altına
salınan Azərbaycanın bütövlüyü uğrunda
mücadilə aparırdı. Azərbaycanın ilk
cümhurbaşqanı mübarizədən
usanmamışdı, İstanbuldakı xarici ölkə səfirlərinə
əzmlə müqavimət göstərirdi. Konfransın təşkilatçılarından
biri ona yaxınlaşdı, telefona
çağırıldığını söylədi. Əcəba,
bu kim idi? Xəttin o biri başında Ənvər
Paşanın sevincdən titrəyən səsi gəlirdi:
"Əmin bəy, Bakı alındı".
Ənvər Paşaya, Rəsulzadəyə
çatan bu xəbər İstanbula müqəddəs Qurban
bayramında yetişdi. Qoca İstanbulun küçələrində
cüt qurbanlar kəsildi. Turana gedən yolun əvvəlinə
çatdıqları üçün qan
qardaşlarımız əllərini açıb Tanrıya
dualar oxuyurdu.
Ənvər Paşa
Azərbaycan istiqlalına qovuşduqdan sonra Bakıya gəlmək istəyirdi. Amma Birinci Dünya
savaşının Türkiyəyə gətirdiyi uğursuzluq onu çox üzürdü,
bütün günü
bu fəlakətdən xilas
yolu axtarırdı. Ümidsizliyə
qapılmışdı. Görmək istədiyi Turanın bir parçasını isə bir
müddət sonra görə bildi.
Ənvər Paşanın
Bakıya ilk gəlişi Azərbaycanın sovetləşmə
dönəminə düşdü. Tarixi paradoksallıq - onu
düşündürən, ağrıdan da bu idi.
İstiqlalının qazanılmasında qətiyyət
göstərdiyi Azərbaycan Çar Rusiyasının astar
üzü Sovet Rusiyasına qatılmışdı. Daha
dəqiqi, Azərbaycana müstəqillik vəd edənlər onun müstəqilliyini yavaş-yavaş
öz imperiya marağına uyğunlaşdırırdı. Ənvər
Paşa anlayırdı bunları. Acı Sevr müqaviləsinə sürüklənən
Türkiyəni yenidən dirçəltmək, ayağa qaldırmaq istəyi onu
rahat buraxmırdı, bu
arzunu reallaşdırmaq isə mümkünsüz görünürdü.
Romantik, idealist Ənvər
Paşa indi real addımlar atıb, taktiki
planla yenidən hakimiyyət başına
keçmək istəyirdi. Bu işdə ən
yaxın tərəfdaş inqilabi Sovet Rusiyası, onun ideoloqu Lenin idi. Türkiyəni ağır
şərtlər altında öz taleyinə
buraxması Ənvər Paşanın yüksəklikdən
enməsidir ki, bu eniş onun taleyini müvəqqəti olaraq
bolşeviklərə bağladı. Ağır məğlubiyyətdən
sonra alman sualtı
qayığında Odessaya, oradan Berlinə gələn Ənvər Paşa bir müddətdən
sonra Moskvaya gəldi. Uçduğu təyyarə yolda
qəzaya uğrasa belə, Paşa salamat
qalmış, gənc rus dövləti üçün təhlükəli olsa belə, bütün
qadağaları aradan qaldırıb,
Kremldə Leninlə görüşdü,
aralarında anlaşma oldu.
Atatürkə də eyni "səmimiyyət"
göstərən Lenin bu
iki türk sərkərdəsini
üz-üzə qoymaq, maraqlarının
ödənilməsində yararlanmaq istəyirdi.
Ənvər Paşa 1920-ci ilin
sentyabrında Bakıya, Şərq xalqlarının 1-ci
qurultayında iştirak etməyə gəldi. Orta Asiya, Əfqanıstan,
Misir, Hindistan, Koreya, Suriya, Türkiyə, Yaponiya kimi ölkələrdən
1891 nəfərin qatıldığı qurultayda diqqət Ənvər
Paşaya yönəlmişdi. Azərbaycan xalqının ona
olan sevgisinin tarixi köklərinin nə qədər dərin
olduğunu qurultay təşkilatçıları Zinovyev,
Kirov, Orconikidze çox gözəl anlayırdılar. Sadəcə,
bu "təhlükəli" türk sərkərdəsini qəbul
etməyə məcbur idilər. Çünki türk
xalqlarını bolşevikləşməyə aparan ən
sadə yollardan biri Ənvər Paşa ilə sovet liderlərinin
anlaşmasından keçirdi.
Ənvər Paşa da cildini dəyişən
Çar Rusiyasının varisi Sovet Rusiyasının imkanlarından
yararlanmaq, Antantaya qarşı mübarizə aparmaq fikrindəydi.
Bununla da Paşa keçici bir hissə, bolşevizmə
mübtəla oldu. Dünyanı dəyişmək istəyən
bu böyük türk sərkərdəsini artıq
dünyanı bürüyən proletar həmrəyliyi,
bolşevizm ideyası fikrən dəyişdirdi.
1920-ci il
sentyabrın 1-dən 7-dək Nərimanovun sədarətliyində
keçirilən Şərq xalqlarının birinci
qurultayında Zinovyev, Radek,
Pavloviç, M.D.Bünyadzadə məruzə
ilə çıxış etsə də, Ənvər Paşa qurultayda bəyanat
verdi. Bəyanatında Türkiyənin I Dünya savaşına qatılmasının səbəblərini
sadaladı, əzilən türk
xalqlarının Sovet Rusiyası ilə əlaqələrinin
vacibliyini önə çəkdi: "Türkiyə savaşa girdiyi zaman cahan
iki ordu qərargahına
bölünmüşdü. Birində bulunanlar sərmayə tərəfdarlığı
və istilaçı əski Çar
Rusiyası ilə onun müttəfiqləri
idi. İkincisində bulunanlar
Almaniya ilə müttəfiqləri idi ki, həm
istilaçı, həm də sərmayəçi idilər.
Biz bu iki zümrədən Çar Rusiyası ilə İngiltərədən
və bunların dostlarından ibarət olanlara
qarşı hərb etdik. Çünki
bunların məramnamələri bizi
tamamilə boğub vücudumuzu
yer üzündən qaldırmaqdı. Biz Almaniya tərəfinə
keçdik. Çünki
Almaniya heç olmazsa, varlığımızı bizə
bağışlamaya razı olmuşdu... Bizim qeyrət və səbatımızın ən
birinci hədəfi istiqlalımızı
saxlamaqdır".
Ənvər Paşanın
Tağıyev teatrında səsləndirdiyi bu
bəyanat Türkiyə tarixçiləri tərəfindən
bir neçə kitaba
daxil edilsə də, 1920-ci ilin oktyabrında Bakıda çap
olunan "Şərq eli"
jurnalının 23-cü səhifəsində ilk
dəfə işıq üzü görüb. Bu məqalə
formatına salınan bəyanat Türkiyə tarixçilərinin
çap etdirdiyi sənədin
mahiyyətinə uyğun olsa
da, deyim tərzində,
ifadələrdə fərqliliklər var.
Azərbaycan sevdalısının
Bakıda çıxışını özündə
qoruyub saxlayan "Şərq eli" jurnalının 19 təşrini-sanidə
(yəni oktyabrda) "Bütün dünya işçiləri
və əzilmiş Şərq elləri birləşiniz"
şüarı ilə yalnız bir sayı işıq
üzü görüb. Türk, ərəb, rus dillərində
çapı nəzərdə tutulan "Şərq eli"
İdarə Heyəti tərəfindən çapa
imzalanıb. Æurnalın ilk sayından sonra
buraxılışı dayandırılıb. "Azərbaycan
tarixi" kitabının V cildində Şərq
xalqlarının Bakı qurultayından bəhs olunan məqalədə
jurnalın adı səhv olaraq "Şərq
xalqları" kimi gedib. Ümidvarıq ki, buraxılan bu səhv
gələcəkdə tarixçilərimiz tərəfindən
qaydasına qoyulacaq.
Tağıyev teatrından
çıxıb qaldığı otelə gedən zaman rus
"CK"sının killeri Reissic tapançadan Ənvər
Paşaya atəş açdı. Tanrının izni ilə qətl
baş tutmadı. Reissic yaxalandı. Sonradan həbsdən azad
edilərək, növbəti terraktlarını həyata
keçirmək üçün bolşeviklər tərəfindən
fövqəladə komissar kimi Daşkəndə göndərildi.
Bu hay-küylü Bakı qurultayından sonra Ənvər
Paşa Sovet Rusiyası ilə Şərq ölkələri
arasında ziddiyyətləri görüb Türküstana yola
düşdü. Bəzi araşdırmaçılar Ənvər
Paşanın Türküstana gedişinin Leninin xahişi ilə
gerçəkləşdiyini bildirir, bunu basmaçılarla
Qırmızı Ordu arasında vasitəçilik
missiyası ilə bağlayırlar. Bu məsələnin nə
qədər doğru olduğunu bilmək üçün dəlillərə
əsaslanan obyektiv tədqiqata ehtiyac var. Ancaq Ənvər
Paşa Bakıdan Orta Asiyaya dönəndən sonra qeydlərində
bunları anladır: "İndi daha anlayıram ki,
idealımı gerçəkləşdirmək
üçün, imperializmin boyunduruğu altında əzilən
xalqların qurtuluşu üçün öncə bu xalqlar
üzərində rus imperializminə son verməliyik".
Bu məqsədlə
Türküstanda mübarizə aparan və ətrafına bu
amala xidmət edən 3 minə yaxın mücahid yığan
Ənvər Paşa bolşeviklər tərəfindən
1923-cü ildə qətlə yetirildi.
Ənvər Paşanın bu yolda
arxalandığı ideoloq və sərkərdələrdən
biri də onun ən böyük dostu Abdulla Şaiqin
qardaşı Axund Yusif Ziya idi.
P.S. Gələcək
yazılarımın birini Ənvər Paşanın ən
sadiq dostu olan Axund Yusif Ziyaya həsr etməyi
düşünürəm.
Akif Aşırlı
Şərq- 2011.- 20 dekabr.- S. 4.