Ey Vətən! Ey pəriyi-vicdanım!

...Səni sevmək deyilmi imanım?

Hadi şeiri təpədən dırnağa milli ruh, vətənpərvərlik rəmzidir

 

Vətəni bir nazənin gözələ bənzədərək sevmək və onu bu cür vəsf etmək ancaq Hadi şeirinin qüdrəti ola bilər. Nə bilirik "Yox millətimin imzası imzalar içində" deyibən istiqlal, hürriyyət, özgür bir dövlət arzusu ilə alışıb-yanan Məhəmməd Hadi haqqında? Çox az bir şey. Amma onu öyrənmək boynumuzun borcudur. Çünki Hadi şeirini bilməsək, bilməyəcəyik Vətən necə sevilməlidir?

   Azərbaycan romantizminin görkəmli simalarından biri olan Məhəmməd Hacı Əbdülsəlimzadə Hadi (Şirvani) 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonra Hacı Molla Abbasın məktəbində oxumuşdur. 9 yaşında Hadinin atası vəfat etmiş, anası başqasına ərə getmişdir. Atasının ölümü və qohumlar ümidinə qalması Hadiyə ağır təsir etmişdir. Məhəmməd Hadi bacıları ilə bərabər nənəsi Teyyibə xanımın himayəsində qalmışdır. Teyyibə xanım öz nəvələrini, xüsusilə gələcəyinə çox ümid bəslədiyi Məhəmmədi böyük qayğı ilə böyüdürdü. O, uşağı ərəbcə, farsca oxutmaq, mollalığa hazırlamaq niyyətində idi. Teyyibə xanımın vəfatından sonra M.Hadi başqa qohumlarından Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir.

   Məhəmməd Hadi fitrətən sərbəst təbiətli, izzəti-nəfsini sevən, minnət götürməyən, məhdud yaşamağı bacarmayan istedadlı bir uşaq idi. Ona görə də başına gələn fəlakətləri dərindən duyur, kiçik yaşlarında belə mənəvi iztirablar çəkirdi. O, mühitinə sığa bilmir, köhnə həyatda heç bir təsəlli əlaməti görmürdü. Bu mühitdən qurtulmağa can atırdı. O, uzaq və böyük şəhərlərdə yeni üsul ilə oxumaq, yeni elmləri öyrənmək istəyirdi. Lakin o zaman bu, yetim uşaq üçün müyəssər olmayan bir arzu idi. Hadi varlı qohumlarından bu barədə kömək istəyirsə də, heç kəs onun arzusuna əhəmiyyət vermir. Şair bunu şeirlərinin birində belə xülasə edir:

  

   Oxumaqçın nə qədər dadu fəqan etdimsə,

  

   Olmadı zərrə əsərbəxş şu istimdadım.

  

   Dağa dersən eşidir, sonra verir əksi-səda,

  

   Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

  

   Hadi istədiyi məktəblərdə istədiyi elmləri oxumağa nail ola bilmədiyindən əmisi oğlunun köməyi ilə ticarət işinə əl atır, ancaq bu iş onun ürəyinə yatmadığından tezliklə tərk etdi.

   Professor Yaşar Qarayev yazır ki, Hadinin könül verdiyi və ömrünün sonuna qədər "məyus olmadığı" bir "vüsali yar" həsrəti, əbədi nakam qaldığı, fəqət yolundan heç vaxt dönmədiyi bir vüsal intizarı da var idi. Bəs o, nə idi?

  

   Bilirsinizmi nədir, məncə, nüxbeyi-amal?

  

   Könüldəki əməlim millətin səadətidir...

  

   Ey Vətən! Ey pəriyi-vicdanım!

  

   ...Səni sevmək deyilmi imanım?

  

   Hələ gəncliyindən ("Bir əməlim" şeiri) etiraf etdiyi bu nisgilin ünvanı və imzası şairin kamal və müdriklik dövründə daha dəqiq, daha əyani (relyefli) milli müəyyənlik kəsb edir:

  

   İmzasını qoymuş miləl övraqi-həyatə,

  

   Yox millətimin xətti bu imzalar içində...

  

   Lakin əvvəl-axır ruhundakı fırtına və üstəlik, ayağının altındakı - Şamaxıdakı zəlzələ ona səbəb olur ki, şair Şirvanı tərk etsin. O, 1902-ci ildə evi-eşiyi dağılmış, əzizlərini itirmiş halda qohum-qonşu və qohum-qardaşla birlikdə Kürdəmirə gəlir. Şamaxı zəlzələsindən sonra Kürdəmirə köçən M.Hadi orada müəllimlik edir.

   İlk yazısı 1905-ci ildə "Həyat" (24 iyun, sayı 35) qəzetində çıxır: "Bəyanihəqiqət". Erkən qələm təcrübələrində ("Həyat"da çıxan "Lövhi-məkatib"də, Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi"dəki mənzumələrdə) əsas mövzu - məktəb, maarifdir. Xüsusən, məşhur birinci rus inqilabı (1905-1907-ci illər) və onunla başlayan daha sonrakı hadisələr ərəfəsində o, dalbadal silsilə şeirlər yazaraq, milli, mədəni, inqilabi oyanışı "əhraranə nəğmələrlə" tərənnüm edir: "Təraneyi-qəmpərvəranə", "Nəğməyi-əhraranə", "Düşizeyi-Hürriyyətə", "Təraneyi-əhraranə", "Amali-vicdan", "Təraneyi-vətənpərəstanə". Ruhundakı fırtına əhrarlı misralara dönmək və təşnə könüllərə səpələnmək üçün ən yaxşı meydanı o vaxtkı mətbuatda - "Həyat"ın, "İrşad"ın və xüsusilə "Füyuzat"ın (1905-1907) səhifələrində tapır. Əli bəy Hüseynzadə onu dərgidə işləmək üçün Həştərxandan Bakıya dəvət edir (1906). Növbəti illərdə Hadi digər mütərəqqi milli ruhlu qəzetlərin əksərində ("Təzə həyat", "Həqiqət", "İttifaq", "Tərəqqi", "Səda"...) və dövrün vətənsevər ziyalısını ürəkdən narahat edən əksər mövzularda (milli keçmiş, əxlaq, etika, mədəniyyət, din, dil, etiqad, fəlsəfə, tarix, ictimai fikir, klassik Şərq və Qərb elmi və ədəbi-bədii irsi kimi problemlər, özü də ən çeşidli, fərqli üsul, forma və janrlarda icmal, oçerk, rəy...) əsərlər çap etdirir. Orijinal yaradıcılıqla yanaşı, Şərqdə klassik irsdən - Xəyyamdan, Nizamidən, Sədidən, Hafiz Şirazidən, Cəlaləddin Rumidən zamanı üçün xüsusilə aktual və faydalı saydığı əsərləri (yaxud, əsərlərdən parçaları) ana dilinə çevirir. 1908-ci ilin Türkiyə inqilabına böyük marağı və onun ideallarına inamı Hadinin İstanbul səfəri ilə nəticələnir (1910). Burada "Tənin" qəzetində tərcüməçi işləyir, həmçinin, "Rübab", "Şahbal", "Məhtab", "Hilal" kimi qəzet və dərgilərlə də əməkdaşlıq edir. "İttihad və tərəqqi" firqəsinə, "Gənc türklər" hərəkatına inamın sarsılması, real türk gerçəkliyinə dəyib parçalanan romantik xəyallar ona səbəb olur ki, şairin Türkiyədən yazdığı şeirlər də qatı müxalifət mövqeyindən səslənir. Hadini açıq siyasi çıxışlar şəkli alan etirazlarına görə Salonikə sürgün edirlər (1913). Şair böyük ümidlə can atdığı İstanbul səfərindən xəstə və pərişan bir halda Bakıya qayıdır (1914), "İqbal" redaksiyasında işə düzəlir. Lakin dinc həyat çox sürmür. Dünya müharibəsi başlayan kimi Bakı müsəlman diviziyasının tərkibində Hadi də Avropaya yola düşür, qaynar nöqtələrdə (Karpatlarda, Polşada, Qalisə, Lemberq və Stanislavada) olur. Bir sıra şeirləri, "İnsanların tarixi faciələri", yaxud "Əlvahi-intibah" poeması (1918-1919) məhz cəbhə və səngər günlərinin məhsuludur. Türkiyə inqilabından sonra Rusiyada Fevral (1917) burjua inqilabının qələbəsi haqda xəbər Hadi romantikasında yeni bədii yüksəlişə qida verir. O, bu inqilabı çarizmin devrildiyi və imperiya xalqlarının azadlığa çıxdığı "Hürriyyət inqilabı" kimi doğru dərk edir və alqışlayır ("Hürriyyət şənliyi və ülvi mənzərələr" məqaləsi, "Sovqat" qəzeti, 1917). 1918-ci ildə Bakıda qanlı mart hadisələri, erməni-rus tərkibli və rəhbərli bədnam "Bakı kommunası", şəhərdə kütləvi müsəlman qırğınına gətirib çıxaran bolşevik-daşnak qəsdi növbəti dəfə Hadini "dünya kədəri"nə bürüyür.  

   Nəhayət, Şərqdə ilk Xalq Cümhuriyyətinin bərqərar olması ilə Hadi şeirində üçüncü intibah, üçüncü milli azadlıq romantikası dövrü başlayır. Xalq Cümhuriyyətinin qurulmasını şair bədii alqışlar və "Əhrarlı təranələr"lə qarşılayır ("Azərbaycan hökuməti" novzadinə", "Şühədayi-Hürriyyətimizin ərvahinə ithaf", "Zəfəri-nəhayiyə doğru", "Əsgərlərimizə, könüllülərimizə", "Məfkureyi-aliyəmiz" şeirləri). Ənənəvi hərb, cəngavərlik ruhunda yazılan "Əsgərlərimizə, könüllülərimizə" şeirinin döyüş ahəngi, cəngi və marş ritmi inandırırdı ki, öz hücum və mübarizə rübabını şair cümhuriyyətin qələbəsinə salamat və zədəsiz gətirib çıxartmışdır:

  

   Həmin vaxt "Azərbaycan" qəzetinin 1919-cu il 21 aprel sayında Hadinin şeiri çap olunmuşdu.

  

   Payimali-düşmən olsunmu çəmənzari-vətən?!

  

   Yurdumuz sizdən bu gün çox ali hümmət gözləyir.

  

   Hifz üçün əğyar əlindən dilbəri-hürriyyəti,

  

   Müstəqil olmuş vətən əzmü mətanət gözləyir.

  

   Qoymayın olsun xəzan gülzari-istiqlalımız,

  

   Sizdən istiqlalımız parlaq təravət gözləyir.

  

   Millətin heysiyyətin yüksəldin, ey qeyrətvəran,

  

   Millətim sizdən böyük şanü-şərafət gözləyir.

  

   Şanlı ölmək ölməməkdir, anlayın bu hikməti,

  

   Pürşərəf kim can verərsə, ani rəhmət gözləyir.

  

   Millətim istər yürəkdən çox şərəfli bir həyat,

  

   Anlasın, etsin bunu idrak əhli-kainat!

  

   Cəngi əhvalı, səfərbər edən şəhidlik və qəhrəmanlıq ruhu şairin eyni adda yazdığı "Qardaş sevgisi" şeirində daha ali bədii-fəlsəfi apofeoz təşkil edir:

  

   Qorxutmamalı bizləri yollardakı əngəl,

  

   Məfkurəyə doğru yürü, qoş, durma, çapuq gəl.

  

   Millət tikəcək naminə, ölsən dəxi, heykəl,

  

   Qoyma toxuna yurduna naməhrəm olan əl.

  

   Bizlərdə bu gün olmalı bir məqsədi-əkməl,

  

   Bir məqsədi-əkməl və bir ümmidi-mübəddəl,

  

   Amalınıza doğru şitaban olalım, gəl!

  

   İstərsən əgər yurduna hürriyyəti-nazan,

  

   Düşmənləri ehraq üçün ol atəşi-suzan,

  

   Tənviri-vətən etməyə ol nuri-füruzan,

  

   Dillərdə bu gün olmalı bir əzmi-xüruşan,

  

   Lərzidəqədəm olmamalı azimi-meydan,

  

   Ehyayi-vətən üçün, əvət, verməli yüz can,

  

   Amalımıza doğru şitaban olalım, gəl,

  

   Millətlə vətən rahinə qurban olalım, gəl!

  

   Hadi təkcə Cümhuriyyətin amalına - "Məfkureyi-aliyəmizə" iki şeir həsr etmişdi. Bakıda mart qırğını da ən ağrılı şəhid ağrısını, növhəsini (özü də hadisədən onca gün sonra) martın 31-də "Azərbaycan" qəzetində, Hadidə tapmışdı. Utopik qardaşlıq çağırışına, birtərəfli "beynəlmiləllik idilliyası"na, ayıq, oyaq əks-səda da o zamankı ədəbi-bədii fikirdə yenə Hadi şeirindən eşidilir. Eyni istiqlal ovqatı Hadinin bu vaxta qədər yasaqda qalan digər iki cümhuriyyət dövrü şerində - "Zəfəri-nəhayiyə doğru" və "Əsgərlərimizə, könüllülərimizə" mənzumələrində də davam edir. "Aydınlıq bir gecədə təfəkkür dəqiqələri", "Kor soqqur", "Baharın ilhamları və ictimai rəmzlər", "Hərarətli şeir və yaxud qızdırmalı halımda saçmalarım" kimi ehtiraslı, klassik fəlsəfi lirika da Hadi şeirində Cümhuriyyət dövrünün ovqatı və məhsuludur. Cümhuriyyətin məhvi Hadinin də şeirinin ovqatında, özünün ruhunda və səhhətində növbəti dəfə əks olunur, bu dəfə artıq son, ölümlə nəticələnən böhran şəklində tragik ifadəsini tapır. Gəncədə vəfat edən şair (1920, may) burada da dəfn edilir.

   Deyilənə görə, Məhəmməd Hadi ömrünün sonunda maddi ehtiyac içində olub. Heç kim şairin taleyi ilə maraqlanmayıb. Mətbuatda şeir çap etdirməklə yaşamaq isə mümkün deyildi. Şair öz əsərlərini vərəqə halında çap etdirərək satırdı. Müharibə dəhşətləri şairdə bədbin bir əhvali-ruhiyyəyə səbəb olmuşdu. Hadi heç kəsə inanmaq, heç kəsə qoşulmaq istəmir, tənhalıqda sinədən dediyi odlu misralarla qəmlərini unutmağa çalışırdı.

   Əli Nəzmi xatirələrində yazdığına görə, həmin ilin baharında şair ağır maddi ehtiyacda idi. Gəncə üsyanından bir neçə gün sonra (1920, may) Hadi xəstəxanada ağır yatırmış, həmin günlərdə vəfat etdiyi güman olunur.  

   Bəzi mənbələrdə isə Məhəmməd Hadinin uzun çəkən xəstəliyinə görə vəfat etdiyi bildirilir. İndiyədək Hadinin az əsərləri bizə çatıb. O öz əsərlərini satdığından, ədəbiyyatçılar güman edirlər ki, Hadinin bəzi əsərləri özü ilə torpağın altına gömüldü.  

   Hadi - iyirminci yüzil Azərbaycan poeziyasında yeni romantizmin böyük nümayəndəsidir. Keçmiş imperiya ərazisində ilk böyük rus inqilabının dalğasında üzə çıxan azadlıq hərəkatı və milli İntibah dalğası öz qoşa qanadlı və qoşa zirvəli təzahürünün realist-bədii qanadını Sabirin şeirində tapırdısa, romantik qanadını Hadidə tapırdı. Bu fikir Hadi yaradıcılığında öz təsdiqini tapır. Bu səbəbdəndir ki, Məhəmməd Hadinin şeirləri bu gün də milli-vətənpərvərlik ruhunun formalaşmasında əvəzedilməz yerini saxlamaqdadır.

 

Məlahət Rzayeva

Şərq.- 2011.- 23 dekabr.- S. 11.