Azərbaycan
Silahlı Qüvvələri müasir mərhələdə
Azərbaycan
xalqı şanlı, mürəkkəb hadisələr, mədəni
irs baxımından zəngin, eyni zamanda qanlı faciələrin
çox olduğu qədim tarixə malikdir. Xalqımızın
dövlətçilik və hərb tarixi də qədim
dövrlərə gedib çıxır. Bugünkü
müstəqil dövlətimiz əcdadlarımızın
öz qanları və qılıncları bahasına
qoruduğu milli mövcudiyyətimizin, milli qürurumuzun, ən
əsası, milli özünüdərkimizin və milli
mübarizlik ruhumuzun tarixi nəticəsidir. İndiki və gələcək
nəsillərin qarşısında bu şanlı irsi
yaşatmaq vəzifəsi durur. O yaşadıqca, milli dövlətçiliyimiz və müstəqilliyimiz
də yaşayacaq.
Azərbaycan hərb məktəbi
zəngin tarixə malikdir. O, şanlı
qələbələr, qəhrəmanlıqlar,
döyüşün taleyinə
təsir göstərən
ağıllı strateji
və taktiki gedişlər, eləcə
də, uğursuzluqlar,
məğlubiyyətlər və xəyanətlərlə
zəngindir. Lakin onun ən məsuliyyətli dövrü
müstəqillik illərimizə
təsadüf edir.
Müstəqillik illərində
Azərbaycanda ordu quruculuğunu üç mərhələyə bölmək
olar: 1993-cü ilə
qədər olan birinci mərhələ, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu
illəri əhatə
edən ikinci mərhələ və İlham Əliyevin hakimiyyətdə olduğu
üçüncü - müasir
mərhələ.
Politoloq, "Silahlı Qüvvələrə
İctimai Nəzarət
Mərkəzi" İctimai
Birliyinin sədri Emin Həsənli hesab edir ki,
birinci mərhələ
yaxın tariximizdən
də bildiyimiz kimi Azərbaycan ordusunun vuruşaraq
öz mövcudiyyətini
sadəcə olaraq təsdiq etməyə çalışdığı mərhələdir. Müstəqil ordu quruculuğunun ikinci mərhələsi birinci mərhələdə
bu sahədə yol verilmiş kobud səhvlərin, intizamsızlığın, məsuliyyətsizliyin,
sistemsizliyin, özbaşınalığın
aradan qaldırılması,
hərbi institutlaşmanın
sürətləndirilməsi, hərbi infrastrukturun formalaşması və bu sahədə ciddi islahatların aparılması ilə səciyyələnir. 1993-cü
ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra
o, yerli özünümüdafiə
və könüllü
batalyonlar adı altında fəaliyyət göstərən silahlı
birləşmələri ləğv
etdi, vahid komandanlığa tabe olan nizami ordu
yaratdı. Ali Baş
Komandanın dəfələrlə
ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi
və onları döyüşə ruhlandırması
öz real bəhrəsini
verdi. E.Həsənlinin sözlərinə görə,
1994-cü ilin mayında
elan olunan atəşkəsdən sonra
isə Azərbaycanda nizami, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Həmin illərdə aparılan
islahatlar nəticəsində
bu gün, Cənubi Qafqazın ən qüdrətli ordusunun sarsılmaz sütunları yaradıldı.
"Ordu
quruculuğunun hazırkı
mərhələsini təkmilləşmə
mərhələsi də
adlandırmaq olar.
Belə ki, Azərbaycan Ordusu institut olaraq, güc strukturu olaraq demək olar ki, öz formalaşma
dövrünü başa
vurub. Hərbi infrastruktur da
digər Cənubi Qafqaz respublikaları ilə müqayisədə
xeyli yüksək səviyyədədir. Bununla belə, bu gün hərbi sahədə
islahatlar davam edir".
Politoloq hesab edir ki, hərbi
islahatlar əsasən idarəetmənin səmərəliliyinin
artırılmasına, nizam-intizamın, döyüş
hazırlığının və hərbi peşəkarlığın
yüksəldilməsinə, ordunun müasir standartlara
uyğunlaşdırılmasına, hərbi və mülki təchizat
sisteminin, bir sözlə, hərbi infrastrukturun təkmilləşdirilməsinə
xidmət edir. Bu gün
Azərbaycan Ordusu ölkənin sürətli
sosial-iqtisadi və mədəni-siyasi
inkişafına düz mütənasib olaraq inkişaf edir. Bu inkişafa
isə Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyev
başçılıq edir.
"2003-cü ildə hakimiyyətə
gələn İlham Əliyevin rəhbərliyilə Azərbaycan
Cənubi Qafqaz regionunda ən praqmatik siyasət aparan bir
dövlətə çevrildi. İşğal
və zorakılıq əsasında özünə nüfuz və legitimlik qazanmağa çalışan, nəticədə
tədricən iflasa uğrayaraq
xarici dövlətlərdən, beynəlxalq
təşkilatlardan və diaspordan
asılı və dilənçi vəziyyətinə düşmüş bədnam qonşumuz
Ermənistandan fərqli olaraq, Azərbaycan
ilk növbədə mülki
quruculuğa, yəni iqtisadi
inkişafa güc verdi. Gənc liderin
siyasi təcrübəsi və fəaliyyəti
dünyanın bir sıra ölkələrində
nümunə götürülür,
müsbət təcrübə olaraq həm
ölkə daxilində, həm də xaricdə misal çəkilir, geniş
tədqiq olunur. Ölkə
başçısının hərbi quruculuq
sahəsinə münasibəti də onun
yüksək peşəkarlığından xəbər verir".
E.Həsənlinin sözlərinə
görə, son illər ordu
quruculuğuna ayrılan vəsait
davamlı olaraq artır, müasir
silahlar, texnika - təyyarələr,
artilleriya, hava hücumuna qarşı ən müasir
qurğular, zirehli
maşınlar alınır. Azərbaycanda istehsal
olunan 500 növə qədər hərbi
məhsul həm ordumuza xidmət edir, həm də xarici bazarlara çıxarılır, beynəlxalq
sərgilərdə ölkəmizi yüksək səviyyədə
təmsil edir.
2011-ci ildə ordu
quruculuğu sahəsində kifayət qədər
işlər görülüb, hərbi
sahəyə 3 milyard dollardan
çox vəsait ayrılıb.
Müqayisə üçün deyək ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın
dövlət büdcəsindən (2 milyard
dollar) 30 faiz çox olub.
Göründüyü kimi, Azərbaycanı
Ermənistanla əsas makroiqtisadi və hərbi-statistik
göstəricilər baxımından müqayisə etdikdə
bu iki ölkə arasındakı kəskin fərq aşkara
çıxır. Belə
ki, Azərbaycan inkişaf
edən, müasir, güclü,
zəngin ölkədir. Ermənistan isə tənəzzülə
uğrayan, kasıb, yoxsul,
xarici yardımlardan asılı vəziyyətdədir.
Ölkənin hərbi-siyasi və iqtisadi
baxımdan əsas strateji sahələri ya xarici ölkələrin
mülkiyyətindədir, ya onların
monopoliyasında və nüfuz dairəsi
daxilindədir, ya da xarici kapitaldan birbaşa
asılı vəziyyətdədir. Yəni qonşu
ölkələrə qarşı böyük
ərazi iddiaları irəli sürən bu
ölkə faktiki olaraq
öz müstəqilliyini və suverenliyini itirmiş vəziyyətdədir.
Regionların sosial-iqtisadi
inkişafı ilə bağlı ölkəmizdə
görülən işlər nəticəsində Azərbaycanın
rayonları və sosial-iqtisadi regionları elə sürətlə
inkişaf edir ki, Ermənistan Respublikası Azərbaycan
Respublikası ilə deyil, Azərbaycanın hər hansı
bir sosial-iqtisadi regionu ilə müqayisə olunsa, paritetlik
prinsipi qorunar.
Respublikanın hərbi
infrastrukturunun mühüm tərkib hissəsi olaraq hərbi-sənaye
kompleksi də sürətlə inkişaf edir və bu strateji
sahənin inkişafına ölkə rəhbərliyi
böyük prioritet verir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə
Sənayesi Nazirliyi qanunvericiliklə müəyyən
edilmiş fəaliyyət istiqamətlərinə
uyğun müdafiə, radioelektronika,
cihazqayırma sənayeləri sahələrində dövlət
siyasətini və tənzimlənməsini həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanı olaraq, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli
Sərəncamı ilə Dövlət Xüsusi
Maşınqayırma və Konversiya Komitəsinin
bazasında yaradılıb.
Ölkə
başçısı hərbi qulluqçuların sosial müdafiəsinə də böyük diqqət ayırır. Ölkənin
müxtəlif yerlərində hərbi qulluqçular,
müharibə əlilləri və şəhid ailələri
üçün evlər tikilir,
onların sosial-məişət problemləri dərhal həll
olunur.
Qeyd etmək
lazımdır ki, ordu
sistem təşkil edən bir
anlayışdır. Onun tərkibinə təkcə
Müdafiə Nazirliyinə tabe olan hərbi hissələr daxil
deyil. Azərbaycan Silahlı Qüvvələri
daha geniş bir anlayışdır. Daxili
İşlər, Milli Təhlükəsizlik,
Fövqəladə Hallar, Sərhəd
Qoşunları və digər güc
strukturlarının tabeliyində olan qoşun növləri də Azərbaycan Ordusunun tərkibinə daxildir.
Ordu özü ölkənin
milli təhlükəsizlik sisteminin mühüm tərkib
hissəsidir. Milli təhlükəsizlik -
göründüyü kimi,
özü də, həm struktur
baxımından, həm qanunvericilik
baxımından, həm də nəzəri-ideoloji və siyasi-iqtisadi baxımdan sistem
təşkil edir. Azərbaycan
Republikasının Prezidenti cənab İlham Əliyev bu
mürəkkəb sistemi mükəmməl
idarə edir. Bunun sayəsində
Azərbaycan dünyanın ən dinc, stabil və təhlükəsiz ölkələrindən
biridir.
Azərbaycan Respublikasının milli təhlükəsizlik sistemi
elmi konseptual əsaslara
söykənən mükəmməl qanunvericilik
bazasına söykənir. Bura Azərbaycan
Respublikasının Konstitusiyası, "Milli
təhlükəsizlik haqqında" Azərbaycan
Respublikasının Qanunu, Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik
Konsepsiyası, Hərbi Doktrina və digər
normativ-hüquqi aktlar
daxildir.
Azərbaycan Respublikası Milli Məclisinin
8 iyun 2010-cu il tarixli Qərarı ilə təsdiq olunmuş Azərbaycan
Respublikasının Hərbi Doktrinası Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
bünövrəsi qoyulmuş Azərbaycan Respublikasının
milli təhlükəsizliyinin təminatı
strategiyasının tərkib hissəsi olaraq, insanın, cəmiyyətin
və dövlətin hüquq və mənafelərinin daxili və
xarici hərbi və digər təhdidlərdən
qorunmasına yönəlmiş hərbi təhlükəsizlik
sisteminin konseptual əsasını müəyyənləşdirən
sənəddir. O, hərbi təhlükəsizliyə
təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi,
qiymətləndirilməsi, qarşısının
alınması, onlara yetərli müqavimətin
göstərilməsi, dövlətin, əhalinin və ərazinin
müdafiəyə hazırlanması, səmərəli hərbi
təhlükəsizlik sisteminin
yaradılması, müharibə və silahlı
münaqişələrin qarşısının
alınması, silahlı təcavüzün dəf edilməsi
ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.
E.Həsənli bildirir
ki, bütün bu işlərə ali rəhbərlik
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir.
Məhz onun yüksək rəhbər
peşəkarlığı və uğurlu
siyasəti nəticəsində dünya,
hətta iqtisadi qüdrətini
sarsılmaz hesab etdiyimiz
ABŞ və Avropa Birliyinin
maliyyə böhranı və iqtisadi tənəzzüllə
mübarizə apardığı son illərdə
Azərbaycan Respublikası sabit iqtisadi inkişaf tempini qoruyub saxladı
və bir çox sahələrə
- sosial-mədəni, infrastruktur və təhlükəsizlik
sahələrinə böyük məbləğdə
investisiya qoya bildi. Bunun sayəsində
Azərbaycan gəncliyi, Azərbaycan əsgəri ölkənin
uğurlu gələcəyinə inamla baxır və dövləti ilə, öz prezidenti və Ali Baş Komandanı ilə
qürur duyur.
Şərq.- 2011.- 28 dekabr.- S. 7.