Azərbaycan dövlətçilik tarixində Rəsulzadə fenomeni

 

  Bu böyük şəxsiyyət təkcə siyasi lider yox, peşəkar jurnalist idi

 

  Məmməd Əmin Rəsulzadə şəxsiyyəti Azərbaycan istiqlal tarixinin şanlı səhifələrində nə qədər parlaq görünürsə, bu böyük insanın milli-demokratik mətbuatımızın inkişafında göstərdiyi xidmətlər də o qədər önəmli yer tutur.

  M.Ə.Rəsulzadə təkcə siyasi xadim, ölkəsinin, millətinin tərəqqi yolunu göstərən, bu yolda yorulmadan addımlayan mücahid deyildi. O həm də ictimai-siyasi məqalələri ilə Azərbaycan cəmiyyətini doğru istiqamətə yönəldən bir ziyalı, ədib, sözün ən yaxşı mənasında - jurnalist - müxbir idi.

  1915-ci il oktyabrın 2-də M.Ə.Rəsulzadənin baş redaktoru olduğu "Açıq söz" qəzeti nəşr edilməyə başladı. Bu qəzet yalnız mətbuat tariximizdə deyil, eyni zamanda xalqımızın azadlıq mübarizəsi tarixində əhəmiyyətli rol oynayıb. M.Ə.Rəsulzadə bir lider olaraq xalqın düşdüyü ağır vəziyyətdən çıxmaq bacarığını məhz bu qəzetdə nəşr olunan yazılarında ortaya qoyurdu. Uzaqgörənlik, siyasi fəhm və bacarıq, yüksək təşkilatçılıq, inqilabi mübarizlik keyfiyyətlərini məhz bu yaxınlarda açıqlayırdı. 

   M.Ə.Rəsulzadənin ilk mətbu yazısı 1903-cü ildə Tiflisdə çıxan "Şərqi Rus"qəzetində çap olundu. "Bakıdan məktub" başlığı altında nəşr edilən bu məqalədə o, elmin, təhsilin, məktəbin vacibliyinə toxunurdu.

   M.Ə.Rəsulzadənin 1905-08-ci illər arasında Bakıda çıxan qəzet və jurnallardan "Şərqi-Rus", "Hümmət", "Dəvəti-qoç", "İrşad", "Təkamül", "Yoldaş", "Tərəqqi", "Füyuzat" və b. mətbuat orqanlarında mövcud rejim əleyhinə onlarla yazısı çap olunub. Müəyyən müddət o, "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdu.  

   1908-ci il dekabrın 5-də M.Ə.Rəsulzadənin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyulub.  

   1907-1908-ci illərdə Rusiyada başlanan Stolıpin irticası Bakıya da öz təsirini göstərdi və tezliklə burada inqilabi fikirli adamlara qarşı təqiblər başladı. Bununla əlaqədar olaraq M.Ə.Rəsulzadə İrana mühacirət etmək məcburiyyətində qaldı.

  

   "Tərəqqi"dən "Açıq söz"ə

  

   M.Ə.Rəsulzadə ilkin vaxtlar İranda "Tərəqqi" qəzetinin xüsusi müxbiri kimi fəaliyyətə başladı. Onun "Tərəqqi" qəzetində "İran məktubları" başlığı ilə çap edilən yazıları böyük diqqətə səbəb oldu. Cəmi 43 publisistik məqalədən ibarət olan bu yazılar "İran məktubları" rubrikası ilə verilmişdi. Bu məktublar əsrin əvvəllərindəki İran siyasi mühitini və M.Ə.Rəsulzadənin İrandakı fəaliyyətini öyrənmək üçün son dərəcə qiymətli mənbələrdir. Qeyd edək ki, 1910-cu ildən Tehranda M.Ə.Rəsulzadənin redaktorluğu ilə çıxan "İrani-nov" "Yeni İran" qəzeti İranda müasir Avropa üsulu ilə çap edilən ilk mətbuat orqanı idi.

   M.Ə.Rəsulzadə Tehranda İran məşrutə hərəkatı xadimləri ilə görüşmüş, Səttarxan və Bağırxanla təmasda olmuş, İranda ilk demokratik islahatların təbliğatçısı kimi fəaliyyət göstərmişdi. Bundan qorxuya düşən çar Rusiyasının şahlıq üsul-idarəsindən tələbi nəticəsində İstanbula mühacirət edib.

   1911-ci ilin yayında İstanbula gələn M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləyən "Türk ocağı" cəmiyyətində fəaliyyət göstərir, cəmiyyətin "Türk yurdu" jurnalının aparıcı yazarlarından biri olur.  

   1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən əfvi-ümumidən (ümumi bağışlamadan) sonra M.Ə.Rəsulzadə Bakıya qayıtdı.  

   Qeyd edək ki, bu dövrdə artıq Bakıda Müsavat Partiyası qurulmuşdu (1911-ci ilin oktyabrında) və çar hökuməti əleyhinə ciddi mübarizə aparılırdı. M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra partiyanın rəhbərliyinə keçərək, onun proqramını yeni siyasi şəraitə uyğun şəkildə işləyib hazırladı, partiyanı türk-islam sintezini əsas tutan türkçü bir quruluş halına gətirdi.

   Bu illərdə M.Ə.Rəsulzadənin "Dirilik" jurnalında çap edilmiş məqalələri də ictimai əhəmiyyəti baxımından diqqəti daha çox cəlb edirdi. Məqalələrdə milli dirçəlişin yolları ətraflı şəkildə araşdırılmış, mövcud siyasi quruluşun imkanları çərçivəsində izah edilmişdi. "Dirilik nədir?" adlı baş məqalədə o vaxtlar "müsəlman türkü" və ya "tatar" kimi müxtəlif ifadələr altında tanınan xalqımızı "Azərbaycan türkü" kimi qeyd edib.  

   M.Ə.Rəsulzadənin sonrakı ictimai-siyasi, publisistik fəaliyyətində "Açıq söz" qəzetinin böyük əhəmiyyəti olmuşdu.

   "Açıq söz" qəzeti 1915-ci ilin oktyabr ayının 2-də Bakıda nəşrə başladı. Qəzetin adının altında yazılmışdı: "Siyasi-ictimai və ədəbi Türk qəzetəsi".

   Qəzetin baş məqaləsi "Tutacağımız yol" adlanırdı. Müəllifi M.Ə.Rəsulzadə olan bu yazıda mühüm bir problem açıqlanırdı: "Dəhşətlərinə şahid olduğumuz bu yol bir həqiqəti-əsrimizin milliyyət əsri olduğunu isbat etdi. "Dünyanın xəritəsi hərbdə dəyişəcək" - deyə heyrətlə qarışıq bir cümlə indi bir çox ağızlardan eşidilməkdədir".

   "Açıq söz" türkçülük və müsavatçılıq fikirlərini təbliğ edrdi. M.Ə.Rəsulzadənin baş redaktor olduğu qəzetin ətrafına milli ruhlu ziyalı və gənclər toplaşmışdı. Mirzə Bala Məmmədzadə, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı kimi ziyalılar bu qəzetin fəal əməkdaşları idi. Qəzet 1917-ci ilədək nəşr olundu. 1917-ci il Rusiyadakı fevral Burjua inqilabının baş verməsi ilə Azərbaycanda da milli dirçəliş hərəkatının yeni dalğası başlayır. 1917-ci il aprelin 15-dən 20-dək Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında M.Ə.Rəsulzadə tərəfindən irəli sürülən ərazi muxtariyyəti və millətlərin istiqlalı ideyasının məntiqi sonluğu 1918-ci ilin mayın 27-də isə Azərbaycan Milli Şurasının yaradılması, mayın 28-də isə Azərbaycan istiqlalının bütün dünyaya elan edilməsi olur. M.Ə.Rəsulzadə 28 may istiqlalını mühüm hadisə adlandıraraq yazırdı: "O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən milli olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır".

  

   Yenidən qəzetçilik...

  

   Təəssüflər ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdi. Bu hadisələrdən sonra M.Ə.Rəsulzadə yaxın əqidə dostları ilə gizli fəaliyyətə başladı.

   1920-ci il avqustun 17-də onu Lahıc yaxınlığındakı Qaraməryəmdə həbs edib Bakıya gətirdilər.

   M.Ə.Rəsulzadə həbsxanada olarkən keçmiş mübarizə dostu Stalin Bakıda onunla görüşdü və həbsxanadan azad etdirib, özü ilə birgə Moskvaya apardı. Moskvada o, bir müddət RSFSR Millətlər Komissarlığında çalışdı, sonra oradan Sankt-Peterburqa, Sankt-Peterburqdan Finlandiyaya, Finlandiyadan Türkiyəyə getdi.

   1922-ci ildə İstanbulda Milli Mərkəz təşkil edib, bütün siyasətçiləri bir təşkilat halında birləşdirdi. Tezliklə bütün Sovetlər Birliyini həyəcana gətirən "Yeni Qafqaziya" jurnalını (1923-cü ildə) İstanbulda nəşr etdi. 1928-ci ildə onun "Azərbaycan Cümhuriyyəti, keyfiyyət - təşəkkülü, şimdiki vəziyyəti", "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi və gənclik", "İnqilabçı sosializmin iflası və demokratiyanın gələcəyi" və başqa əsərləri çap olunub. Onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), "Odlu yurd" (1929-1930) jurnalı və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilib.

   1931-ci ildən Rəsulzadənin Avropa mühacir dövrü fəaliyyəti başlayır. 1930-cu ildə Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyət", rus dilində isə "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olunub. Redaktorluğu ilə Berlində alman dilində "Azərbaycan problemi", 1933-cü ildə Varşavada polyak dilində "Azərbaycanda milli hərəkat" və 1938-ci ildə "Azərbaycanın hürriyyət savaşı" adlı kitabları işıq üzü görüb.  

   1938-ci ildə Polşa hökumətində məsləhətçi işləyib, 1940-cı ildən Rumıniyada yaşayıb. 1947-ci ildən Ankaraya köçüb.

   İkinci Dünya müharibəsinin sonlarına yaxın M.Ə.Rəsulzadənin başçılığı altında Münhendə "Azərbaycan Demokrat Birliyi" adlı cəmiyyət quruldu. Cəmiyyət azərbaycanlı əsirlərin xilasında böyük rol oynadı. 

   1949-cu ildə Məmməd Əmin Rəsulzadənin Ankarada "Azərbaycanın kültür dərnəkləri", 1950-ci ildə "Çağdaş Azərbaycan ədəbiyyatı", 1951-ci ildə "Çağdaş Azərbaycan tarixi" kitabları işıq üzü görüb. 1951-ci ildə "Azərbaycan şairi Nizami" adlı monoqrafiyası çap olunub.

  

   Azərbaycan mətbuatına əvəzsiz xidmət

  

   M.Ə.Rəsulzadə İrsini Araşdırma Fondunun rəhbəri Nəsiman Yaqublu böyük öndərin anadan olmasının 126 illiyi münasibətilə yazdığı məqalədə qeyd edir:  

   - Onun yaşadığı ömür, göstərdiyi siyasi fəaliyyət ciddi və mürəkkəb situasiyalardan keçib. Diqqət edək, 1902-ci ildən, yəni 18 yaşından başlayaraq o, ilk siyasi təşkilat yaradıb. 1908-ci ilə qədər yaşadığı Bakı mühitində siyasi fəaliyyəti ilə yanaşı, mətbuatda maraqlı yazılarla çıxış edib, "Şərqi-Rus", "İrşad", "Təkamül", "Tərəqqi" qəzetlərində çalışıb.  

   1908-1911-ci illərdə M.Ə.Rəsulzadə İrana gedib, Səttarxanın başladığı Məşrutə hərəkatına böyük rəğbətini bildirib. Səttarxanla görüşüb, onun haqqında sonralar məqalə də yazıb. 1910-cu ildə Tehranda "İrani-Nov" ("Yeni İran") qəzetini nəşr edib. Avropa tipli qəzetçilik sistemini İran mühitinə əslində o gətirib. Eyni zamanda İran Demokrat Partiyasının yaradılmasında böyük rolu olub. O, Güneyi də, Quzeyi də eyni dərəcədə məhəbbətlə sevirdi. Onun Bakıya, Gəncəyə, Naxçıvana, digər bölgələrimizə bağlılığı necədirsə, Təbrizə, Urmiyyəyə sevgisi də elədir. Məhz elə buna görə də hər iki, amma əslində bir və bütöv olan Vətənin - Güneyli, Quzeyli Azərbaycanın tarixini, mədəniyyətini yaxşı bilir və təbliğ edirdi. 1912-ci ildə onun İstanbulda "Səbilür Rəşad" məcmuəsində "İran türkləri" əsəri nəşr edildi. Bu, çox ciddi bir hadisə idi. Bu ərazilərdə yaşayan böyük bir toplumun türk qövmünə mənsub olduğunu o, ilk dəfə olaraq elmi və tarixi əsaslarla sübut edirdi.

   1911-1913-cü illərdə M.Ə.Rəsulzadə Türkiyədə olur və "Türk ocağı"nda nəhəng fikir adamları ilə görüşür. Türkçülüyün tarixi, elmi-nəzəri əsaslarını daha dərindən mənimsəyir, Türkiyə mühiti onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. 

   Bu qısa xronologiya, tarixi faktlar həqiqətən də, Məmməd Əmin Rəsulzadənin Azərbaycan mətbuatının formalaşmasında əvəzsiz xidmətləri olduğunu sübut edir.

 

"Şərq"in araşdırma qrupu Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb

 

 

Şərq.- 2011.- 4 fevral.- S.6.