Mübarizin 23 yaşı oldu

 

Düşmənə qarşı 5 saat döyüşüb şəhid olan qəhrəmanın ruhu həmişə bizimlədir

 

Dünən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü idi. Mübarizin 23 yaşı tamam oldu. Bu gün Mübariz özü aramızda olmasa da, onun ölməz şəhid ruhu həmişə bizimlədir. Mübariz İbrahimov Ağakərim oğlu - 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub.

1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub və 2005-ci ildə orta məktəbi bitirib. Elə həmin il hərbi xidmətə çağırılıb. Xidmətinə Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayıb. Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir. Bir müddət mülki işlərdə işlədikdən sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də, valideynlərinin razılığı olmayıb. Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb, Gizir kimi çalışıb. 2010-cu ilin aprel ayından Tərtər rayonunun "N" saylı hərbi hissəsində xidmətdə idi. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində əməliyyata başlayıb. 22 yaşlı Mübariz 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçib və düşmənin ağlasığmaz sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarından onlara qarşı istifadə edərək 5 saat tək orduya qarşı döyüşüb. İgid vətən oğlu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olub. Özünün də dediyi kimi, Vətən Sağ Olsun! Qeyd edək ki, Prezident İlham Əliyevin 22 iyul 2010-cu il sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Biləsuvar şəhərindəki mərkəzi küçələrdən birinə, şəhərdəki xüsusi istedada malik uşaqlar üçün lisey-məktəbə onun adı verilib. Haqqında film çəkilib, kitablar yazılıb. Mübariz 7 noyabr 2010-cu ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

  

 

Şəymən

 

Şərq.-2011.-8 fevral.- S.3.