"Jurnalistikanı heç bir zaman sevməmişəm"
Səfər Alışarlı: "Mən
nəsri publisistikaya qurban verə bilməzdim"
Dövri
mətbuatdan uzaqlaşsa da, media ilə əlaqələrini
tam kəsməyib. Hazırda fəaliyyətinin əhəmiyyətli
bir hissəsini KİV-lə iş təşkil edir. Azərbaycan
Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının mətbuat xidmətinin rəhbəri olan Səfər
Alışarlı ədib olsa da, bəzi müsahiblərimiz
kimi jurnalistikaya gəlişini təsadüf hesab etmir. Moskvada
Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirən
S.Alışarlı deyir ki, o zamanlar müstəqil həyata qədəm
qoyanda cəmiyyətdə yazıçılıq peşəsi
ilə yaşamaq mümkün olmadığı
üçün qələm adamlarının böyük əksəriyyəti
jurnalistika ilə məşğul olmağa məcbur idilər.
Öz
qələmi ilə Azərbaycan istiqlalına töhfə verən,
Milli Azadlıq Hərəkatının genişlənməsində,
təbliğində danılmaz rolu olan S.Alışarlı ilə
söhbətimizə də o zamanlardan körpü saldıq.
-
O zamanlar jurnalistikada özünə yer tapmaq indiki qədər
asan deyildi. Tutaq ki, yüz-iki yüz sözdən ibarət sənin
bir dənə məqalənin hər hansı bir qəzetdə
və yaxud jurnalda çap olunması özlüyündə
çox böyük bir təmtəraqlı hadisə
sayılırdı.
-
Bu şərtlər altında necə gəldiniz mətbuata?
-
Məndə mətbuat aclığı heç zaman
olmayıb. Çünki mən birinci kursda oxuyandan yazılarım
"Azərbaycan" jurnalında dərc olunub. Tələbəlik
illərini bir qədər zənginləşdirmək
üçün başqa qəzetlərlə əməkdaşlıq
etmişəm. Məsələn, Naxçıvanda həm
rusca, həm azərbaycanca çıxan "Sovet
Naxçıvanı", "Gənclər", "Ədəbiyyat
və incəsənət" qəzeti ilə əməkdaşlıq
etmişəm. Bəzilərində publisistik yazılarım
çıxıb, bəzilərində isə bədii
yazılarım. Bu minvalla mənim mətbuatla ünsiyyətim
başlayıb.
1985-ci
ildə institutu qurtarıb gələndən sonra Bakı
şəhərində o zamanlar bir çox qələm
adamları kimi, mənim də lövbər salmağa heç
bir maddi limanım yox idi. Odur ki, mən başqa texniki işlərdə
çalışmalı oldum. O zaman qəzetlərdə
işə düzəlmək həddindən artıq
müşkül məsələ idi. Çünki onların
hamısı Mərkəzi Komitənin orqanları idi. Onlar
"nomenklatura" işçiləri sayılırdı.
Ora işə düzəlmək heç bizim
ağlımıza da gəlmirdi. Çünki küçədən
gəlib hansısa qəzetdə və jurnalda işə
düzəlmək mümkün deyildi. Başqa cür də gəlməyə
bizim imkanımız yox idi. Ona görə də mən və
bir neçə tələbə yoldaşım qanuni
haqlarımızı tələb etməyə başladıq.
Moskvaya şikayət edəndən sonra məni göndərdilər
Azərbaycan Sovet Ensiklopediyasının redaksiyasında texniki
bir işə. Orda kiçik redaktor işləyirdim. Təxminən
iki il işlədim. Qəflətən şair Məmməd
İsmayıl mənə zəng elədi və dedi ki,
Komsomolun Mərkəzi Komitəsinin yeni jurnalı
çıxır və onu ora baş redaktor təyin ediblər.
Məni orda işləməyə dəvət etdi. Təbii
ki, mən çox sevindim. O zaman Azərbaycan ədəbi aləminin
bütün ordusu yönəlmişdi Məmməd
İsmayılın üstünə, hərə öz
yaxınını, dostunu, qohumunu işə düzəltmək
istəyirdi. Məmməd İsmayıl isə bütün
bunlara sinə gərərək yalnız öz zövqünə,
ağlına uyğun gələn insanları, öz ədəbi
dünyagörüşünə uyğun gələn
insanları seçib topladı. Həqiqətən,
xüsusilə də 1988-ci ildə jurnal böyük bir
sıçrayış elədi. O zaman Milli Azadlıq Hərəkatının
dirçəliş rüşeymləri başlayırdı.
Bu jurnal onda çox böyük bir işlər
gördü.
İkinci
nömrədə inqilabi hərəkatın episentrinə
çevrilən Leytenant Şmit adına Zavoddan bir məqalə
yazdım. O məqalədən sonra zavod üsyan elədi,
direktoru çıxartdılar, fəhlə komitəsi
yaratdılar. Çox çəkmədi ki, o zavod Azərbaycan
Milli Hərəkatının bayraqdarı kimi gəldi meydana və
orda öz iradəsini sovet rejiminə diktə etməyə
başladı. Yəni jurnalistikanın bu üzlərini də
görmüşəm.
-
Bəs niyə getdiniz "Gənclik" jurnalından?
-
1988-ci ilin noyabr hadisələrindən sonra senzura gəldi.
Birbaşa Moskvadan bir nəfər gəlib oturdu. Bir rus
yoldaş idi və doğrusu o qədər də
qarışmırdı. Mən gördüm ki, etik cəhətdən
düzgün olmur. O baxımdan ki, sən komsomolun orqanısan,
amma komsomolun rəhbərlərinə, partiyanın rəhbərlərinə
qarşı tam mətnlə çıxış edirsən.
Ona görə o jurnaldan getdim birbaşa qeyri-leqal mətbuata.
Qeyri-leqal
jurnalistikanı Azərbaycanda başlayanlardan biriyəm, hətta
birincisiyəm deyə bilərəm. İstər "Meydan"
qəzetini, istər 20 Yanvardan sonra "Fövqəladə vəziyyət"
qəzetini, istər Azərbaycan Milli Azadlıq Hərəkatının
bölgə strukturlarının qəzetlərinin
hamısı mənim əlmdən gəlib-gedib. Onların
hamısını bir-bir redaktə etmişəm, gizli mətbəədə
basdırmışam.
-
Harda idi o mətbəə?
-
Əliheydər Qarayev adına Neftayırma Zavodunun içində
bir mətbəə vardı. O mətbəəni özümdən
sonra Yunus Oğuza, mənlə bərabər o işləri
görən Ağamalı Sadiq Əfəndiyə, yüzlərlə
adamlara tanıtmışam. Slavyan Universitetinin mətbəəsini,
Maarif Nazirliyinin mətbəəsini ki, orda qeyri-leqal ədəbiyyat
və qəzetlər çap olunub və onlar Milli Azadlıq Hərəkatının
dirçəlməsində xüsusi rol oynayıblar. Mənim
həyatımda jurnalistikanın bütün qatları olub.
Məsələn,
"Azadlıq" qəzetinin bünövrəsini Nəcəf
Nəcəfovla bir qoymuşuq. 20 Yanvar hadisələrindən
sonra "Azadlıq" qəzetinin bir və iki nömrəsi
çıxmışdı, sonra qapadılar. Bundan sonra biz bu
qəzeti demək olar ki, qeyri-leqal
çıxarmışıq. O zaman redaksiyada ikitirəlik
yaranmışdı.
-
Qeyri-leqal jurnalistikaya gəlməyiniz necə oldu? Yəni bu,
konkret dəvət və yaxud təklif əsasında baş
tutdu?
-
O zaman meydan hadisələrindən sonra Xalq Cəbhəsinin təsis
konfransı keçirildi. Orda məni, rəhmətlik
Ağamalı Sadiq Əfəndini, Nəcəf Nəcəfovu
və indi sağ olan bir neçə jurnalisti redaksiya heyətinə
üzv seçdilər. Biz öz borcumuzu hərəkatın təbliğat
işlərinin qurulmasında görürdük. Bu işləri
başladıq, AXC-nin üç nömrə bülletenini hərf-hərf
əllərimizlə yığmışıq. Yəni bunlar
dövrün tələbi idi. Çox qələm
adamlarımız sakitcə oturub nəsrlərini
yazırdılar, heç nəyə
qarışmırdılar, hərəkata qətiyyən
qatılmaq fikrində də deyildilər. Amma mən fikirləşirdim
ki, Azərbaycanın azadlığı və istiqlaliyyəti
olarsa, hər şeyi olacaq, Azərbaycanda heç bir
yazıçının, jurnalistin problemi olmayacaq, heç bir
fəhlənin, ziyalının problemi olmayacaq. Biz bu romantik əhvalın
sahibləri idik və bundan ötrü əlimizdən gələni
edirdik, baxmayaraq ki, özümüzün və ailəmizin həyatı
təhlükə qarşısında qalırdı.
-
"Meydan" qəzeti necə oldu ərsəyə gəldi?
-
Mən "Meydan" qəzetini Tovuz rayonunun mətbəəsində
çap elətdirdim. Onun müdiri çox fədakar və
igid bir insandır, çox üzr istəyirəm, adı
yadımdan çıxıb. 1989-cu ilin payızında,
hakimiyyətin strukturları baxımından hələ hər
şey yerində idi. O adam (Tovuz mətbəəsinin direktorunu
nəzərdə tutur) o qəzeti Elxan Zal, Mirsalam və
başqa tovuzlu dostlarımızın köməkliyi ilə
ora yığdırdı və basdırdı. O qəzetin
tirajının rayondan Bakıya gətirilməsində rəhmətlik
Elçin Səlcuqun çox böyük xidməti oldu. O, həkim
xalatı geyinib, təcili tibbi yardım maşınında
tirajı gətirdi. Biz də onu yaydıq. Bunlar bizim vətəndaşlıq
borcumuz idi və biz onu şərəflə yerinə yetirməyə
çalışırdıq. Güman edirəm ki, nələrsə
edə bildik. Qəzetin iki nömrəsini buraxdım, sonra o qəzet
qaldı Nemət Pənahlıya və qəzeti davamlı
şəkildə buraxdılar.
-
Qeyd etdiniz ki, "Azadlıq" qəzetinin redaksiyasında
ikitirəlik yaranmışdı. Nə idi məsələ?
-1990-cı
ilin avqust ayına qədər Ağamalı Sadiq Əfəndi
ilə mən "Azadlıq" qəzetini buraxdıq, sonra təhvil
verdik Nəcəf Nəcəfova.
Ümumiyyətlə,
bayaq da qeyd etdiyim kimi, Yanvar hadisələrindən sonra
qeyri-leqal qəzetlər və nəşrləri
yayırdıq. Çox riskli işlər idi, əməlli-
başlı partizanlıq edirdik. AXC-nin Redaksiya Heyətinə
seçilmiş adamlar, bu cür işlərdə o qədər
də yaxından iştirak etmirdilər. Rəhmətlik Nəcəf
də bu məsələlərdə yaxından iştirak
etmirdi. Bildirdik ki, "Azadlıq" qəzetini buraxın,
bacarmırsınızsa, verin biz buraxaq. Komendat onu
qapamışdı, bu səbəbdən də onlar bu məsələni
həll edə bilmirdilər. Amma biz götürdük və
buraxdıq onu. Bir-iki nömrəsini qeyri-leqal buraxdıq, sonra
artıq getdik "Azərbaycan" nəşriyyatına. Orda
komendatla bir söhbətim oldu. Təklif etdi ki, nərd oynayaq,
uduzsam qəzet çıxmayacaq, udsam çıxacaq. Bir tas
oynadıq, mən uddum. Biz qəzeti başlamışdıq
on min tirajla, bir ayın ərzində tiraj qalxdı 250 min
tiraja.
-
Deyəsən nərdin oynayanısınız?
-
Yox, elə də oynayan deyiləm. Sadəcə,
görünür, bəxtim gətirdi.
-
"Azadlığ"ı təhvil verdikdən sonra?
-
O zaman seçkilər idi, mən də Naxçıvandan
parlament seçkilərinə qatılmışdım. Lakin
şair Eldar Baxış mənə zəng etdi ki, təcili gəl
Bakıya, seçkiləri hələ bilmək olmaz necə
olacaq, amma qəzet nağd əlimizdədir. Deməli, burda rəhmətlik
Fərəməz Maqsudovun rəhbərliyi altında "Əlincə"
Xeyriyyə Cəmiyyətində "Səs" qəzeti
yaratmışdılar. O qəzetin də adını
yazıçımız Əkrəm Əylisli təklif
etmişdi. Birinci redaktor olaraq ora şair Eldar Baxışı
təyin etmişdilər. Mən gələndən sonra bir il
buraxdıq bu qəzeti. O dönəm üçün
böyük işlər gördü. Rəhmətlik Heydər
Əliyevin parlamentdə çıxışını ilk dəfə
"Səs" qəzetində mən vermişəm.
Bu
yaxınlarda yüngülvari öz arxivimə nəzər
yetirdim. Orda birinci hərfindən sonuncu hərfinə qədər
öz əllərimlə yazdığım "Səs" qəzetinin
nizamnaməsini gördüm. Həmin günlər çox qəribədir
ki, "Səs" qəzetinin 20 illiyi qeyd olunurdu. Çox təəssüf
ki, orda nə Eldar Baxışın adını
xatırladılar, nə də mənim.
Sonra
məni dəvət etdilər Naxçıvana,
Naxçıvan televiziyasının sədri oldum. Bir müddət
də AzTV-də sədr müavini olmuşam.
-
Mediadan getməyinizin səbəbi nə olub?
-
Jurnalistikanı heç bir zaman sevməmişəm. Mən elə
bir məktəbdə oxumuşam ki, orda adamın içindən
hətta sevgilisinə olan sevgini yandırıb
çıxarırlar və o sevgini yönəldirlər ədəbiyyata.
Ona görə də mən heç bir zaman nəsri
publisistikaya qurban verə bilməzdim. İnqilab xatirinə,
milli istiqlal xatirinə mən o addımı atdım.
Açığı deyim ki, ondan sonra geri qayıtmaq çətinlik
yaradırdı. Mən jurnalistikanı sevmirəm o mənada
deyirəm ki, onu nəsr yazmağa nisbətdə sevmirəm.
Onların
içində maddi səbəb də var idi. Qəzeti buraxmaq
üçün maliyyə lazım idi. 80-ci illərin sonunda
90-nın əvvəllərində bütün mətbat
orqanları müstəqil sözünü yazmaqdan
ötrü ölürdü. Hamı dövlətin
"şapka"sı altından qaçırdı, müstəqilliyə
can atırdı. Amma 90-cı illərin ortalarına qədərki
hərəkat göstərdi ki, dövlətin himayəsi və
köməyi olmadan Azərbaycanda mətbuat orqanını
yaşatmaq çox çətindir. Biz o cəmiyyət deyilik
ki, ayrı-ayrı iş adamları, özəl sektor bizim qəzetlərimizə
açıq-aşkar himayədarlıq edə bilsin. Biz hələ
o cəmiyyət olaraq yetişməmişik. Bizdə hər
şey icazəlidir.
-
Nə işlə məşğul oldunuz mətbuatdan gedəndən
sonra?
-
Xeyli vaxt işsiz qaldım, arada bizneslə məşğul
oldum, ailəni, uşağı dolandırmaq lazımdır
axı. 90-cı illərdə müstəqil qəzetlər
dövrü başladı. O vaxtlar idi ki, qəzeti qeydiyyatdan
keçirmək çox çətin idi. Amma Sirus Təbrizli
nazir olanda mən bir "Forum" qəzeti təsis
etmişdim. Qəzet birinci nömrəsindən sonra
bağlandı, çıxara bilmədik. Sonra 2000-ci illərdə
"Ay ulduz" qəzeti buraxmışam. İmkan
olmadığına görə bir ildən sonra
bağladıq. Sonra mən Azərbaycan
ziyalılığını qiymətləndirənlərdən
olan Azay müəllimlə qarşılaşdım.
Gördük ki, bir yerdə işləsək, bir-birimizin
işini tamamlaya bilirik. Tandemimiz çox yaxşı
alınır.
Bizim
qurum ictimai qurumdur. Yəni bilavasitə vətəndaş cəmiyyətinin
institutları ilə işləyən qurumdur. Yəni
özlüyündə cəmiyyətimizdə yenilikdir. Bu mənada
mənə maraqlıdır. Şuranın rəhbəri,
hörmətli millət vəkilimiz Azay Quliyevlə 2000-ci ildən
QHT Forumu dönəmindən işləməyə
başlamışıq. Azay müəllim Azərbaycan
ziyalılığını çox yüksək qiymətləndirən,
söz sahiblərinin qədrini, qiymətini bilən bir
insandır. Çox prinsipial mövqeyi var, millət vəkili
olaraq heç nəyə biganə qala bilmir. Hər şeyi məsləhətləşir,
ölçüb-biçir, son nəticədə
düzgün qərar qəbul edə bilir. Mənə elə
gəlir ki, bu, onun çox qiymətli xüsusiyyətlərindəndir.
-
Nə verib sizə jurnalistika?
-
Mənim jurnalistikadan qazancım Azərbaycan dövlət
müstəqilliyinin bərqərar olmasıdır. Təkcə
mənim yox, minlərlə mənim kimi jurnalistin,
yazıçının, vətəndaşın. Bu işdə
mənim az-çox xidmətim olub və mən buna görə
özümü xoşbəxt sayıram. Mənim jurnalistikada
yeganə qazancım budur. O şeyləri etmişəm ki, o
zaman onları məndən başqa heç kim etmirdi və eləyə
də bilməzdi. Mən bunları etmişəm, buna görə
də özümü xoşbəxt sayıram.
-
Maddi baxımdan necə?
-
Maddi baxımdan heç nə. Yazıçı olaraq 80-ci
illərin sonlarında Yazıçılar Birliyindən bir ev
almışdım.
Firdovsi Fərzəliyev
Şərq.-2011.-9 fevral.-S.7.