Korrupsiyaya qarşı necə effektli mübarizə aparmaq olar?

 

 İqtisadçıların müxtəlif təklifləri var

 

Heç şübhəsiz, korrupsiya halları çoxaldıqca hökumətin dayaq prinsipləri laxlamağa başlayır. Korrupsiya və rüşvətxorluq həm də vətəndaşlarla hakimiyyət arasında dərin uçurum yaradan əsas amillərdən biridir. Eyni zamanda heç bir dövlət korrupsiya hallarından tam sığortalanmayıb. Amma belə halların kəskin artması və cəmiyyətə nüfuz etməsi qarşıda ciddi təhlükələrin mövcudluğundan xəbər verir. Xatırladım ki, Azərbaycan da bu kimi ölkələrin sırasına daxildir. Ona görə də "Şərq" olaraq, "Korrupsiya hallarının qarşısını necə almaq olar" sualı ilə bir neçə iqtisadçı ekspertə müraciət etdik.

 

Elektron hökumət qurmaq lazımdır

 

İqtisadçı ekspert Vüqar Bayramov bizimlə söhbətində bildirdi ki, heç bir ölkə korrupsiyadan tam sığortalanmayıb. Amma korrupsiyanın səviyyəsi müxtəlifdir: "Elə ölkələr var ki, korrupsiya yox səviyyəsində, bəzilərində isə kifayət qədər yüksəkdir. Artıq Azərbaycanda da korrupsiyaya qarşı ciddi mübarizə aparmaq zərurəti yaranıb. Bunun üçün müxtəlif yollarla mübarizə aparmaq mümkündür. Bəzi ölkələr inzibati yolla, digərləri isə texnologiyadan istifadə edərək mübarizəni gücləndirir". V.Bayramov hesab edir ki, elektron hökumətin tam formalaşma vaxtı çatıb: "Mən düşünürəm ki, Azərbaycanda elektron hökumət qurmaq insanlarla məmurların əlaqələrini aradan qaldırmaq çox vacibdir. Bundan əlavə inzibati vasitələri gücləndirməklə korrupsiyaya qarşı mübarizə aparmaq çox effekt verər. İnzibati metodlar inkişafda olan yaxud keçid ölkələr üçün olduqca zəruridir. Vətəndaşların dövlət nümayəndələri ilə münasibətləri elektronlaşdırılmalıdır. Bütün ödənişlər elektron formada qəbul edilərsə bu istiqamətdə kifayət qədər yetərli nailiyyət reallaşacaq. Ödənişlərin elektron variantla aparılması o deməkdir ki, vətəndaş məmurla ünsiyyət qurmur. Vətəndaş məmurla nə qədər birbaşa əlaqədə olmursa, o qədər korrupsiyanın səviyyəsi də aşağı düşür".

 

Rüşvətxorluğun qısa zaman kəsiyində aradan qaldırılması üçün cəzalandırma effektli olar

 

Millət vəkili, iqtisadçı ekspert Əli Məsimli hesab edir ki, korrupsiyaya qarşı sistemli şəkildə mübarizə aparmaq lazımdır: "Hökumət strukturlarında islahatlar aparılmalı ümumi şəffaflığı artırmaq lazımdır. Vətəndaş cəmiyyəti ilə dövlət arasında möhkəm bağlılıq formalaşmalıdır. Bundan əlavə bu istiqamətdə zəruri tədbirlər həyata keçirdib, əhalini maarifləndirməyə böyük ehtiyac var". İnzibati resursları korrupsiyanın azalmasında bir amil kimi qeyd edən Ə.Məsimov vurğuladı ki, korrupsiya hallarının qarşısını almaq üçün bərabər inzibati resurslar öz töhfəsini verə bilər: "Qısa vaxt kəsiyində korrupsiyanın qarşısını almaq üçün cəzalandırma halları effektli ola bilər. Amma köklü şəkildə bu cinayətə son qoymaq üçün sistemli tədbirlər həyata keçirmək lazımdır".

 

Hansısa bir məmurun cəzalandırılması hər şeyi həll etmir

 

"Korrupsiyanın qarşısını almaq üçün siyasi iradə lazımdır. Birmənalı olaraq bu addım hakimiyyət tərəfindən atılmalıdır. Hakimiyyətin birinci şəxsindən tutmuş, üzüaşağı hər bir şəxs korrupsiya uğrunda mübarizə aparmağa çalışmalı və bu istiqamətdə konkret işlər olmalıdır". Bu sözləri isə iqtisadçı ekspert Azər Mehdiyev bildirir. O hesab edir ki, bu istiqamətdə kifayət qədər dövlət layihələri hazırlanıb: "Amma mübarizə dedikdə hamı qanunlardan danışır. Bu, onu göstərir ki, korrupsiyanı aradan qaldırmağın ən önəmli yollarından biri siyasi iradəni konkret əmələ çevirməkdir. Ölkədə siyasi iradə olduqdan sonra, qanunlara əməl edilməli və ədalətli məhkəmə sistemi formalaşmalıdır. Müxtəlif zamanlarda korrupsiyaya uğramış ölkələrin bu bəladan yaxa qurtarma yollarını araşdıraq. Yaxın Gürcüstanda Saakaşvilinin atdığı addımları gördükdə, bəlli olur ki, şüar və sadəcə söz heç bir effekt vermir. Sıradan bir müəllimin adi bir işçinin rüşvət üstə həbs olunması korrupsiyaya qarşı mübarizə deyil. Azərbaycanda inzibati resurslar korrupsiyanın inkişafına xidmət edir. Ona görəhesab edirəm ki, bu mübarizə siyasi iradə əsasında yuxarıdan başlamasa, hansısa bir məmurun cəzalandırılması ilə heç bir nəticə verə bilməz. Biz bunun əvvəllərşahidi olmuşuq. Hətta ayrı-ayrı nazirləri həbs edəndə və işdən çıxaranda onları korrupsiyada günahlandırdılar. Lakin bunun ölkədə korrupsiyanın qarşısının alınmasında heç bir rolu olmadı. Hesab edirəm ki, siyasi iradə diktə edilməli və sonra inzibati resurslardan istifadə olunmalıdır".

  

 

Anar Bayramoğlu

 

Şərq.- 2011.- 12 fevral.- S.5.