Mədəniyyət qanununa əlavələr müzakirə olunub

 

Millət vəkilləri sənədlə bağlı təkliflərini səsləndiriblər

 

Dünən Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. Komitənin gündəliyində 2 məsələ müzakirəyə çıxarılıb. Komitə "Mədəniyyət haqqında" qanuna əlavə dəyişikliklər, eləcə də 2011-ci ildə qanunvericilik sahəsi üzrə işlər planını müzakirə edib.  

Müzakirələr zamanı məlum olub ki, "Mədəniyyət haqqında" qanun layihəsi ilə bağlı sənəd ilkin olaraq Mədəniyyət Turizm Nazirliyi tərəfindən hazırlanıb. Komitə üzvləri belə qərara gəliblər ki, 8 fəsil, 44 maddədən ibarət olan sənəd tam hazırlandıqdan sonra yenidən müzakirəyə çıxarılsın.  

İclasda çıxış edən komitə üzvləri qaldırılan məsələlərlə bağlı müxtəlif təkliflər irəli sürüblər. Millət vəkili Rəfael Hüseynov bildirib ki, Azərbaycanın xaricində daxilində tarixi sənəd nümunələrinin qorunması ilə bağlı məsələlər komitənin müzakirələrində xüsusi yer almalıdır, bununla Azərbaycan xalqının tarix boyu yaratdığı sənət nümunələrinə sahib çıxa bilək.   

Millət vəkili Jalə Əliyeva da maraqlı təklif irəli sürüb. O, reklam mədəniyyəti ilə bağlı məsələnin komitədə əks olunmasının tərəfdarı olduğunu bildirib.   

J.Əliyeva onu da qeyd edib ki, bununla bağlı ayrıca qanun mövcuddur. "Mən hesab edirəm ki, bu məsələnin ayrıca olaraq Milli Məclisin Mədəniyyət komitəsində xüsusi qeyd olunması çox vacibdir"  

İclasda daha sonra "Yaradıcı şəxslər haqqında" qanun layihəsi müzakirə olunub.   

   Qeyd edək ki, "Yaradıcı şəxslər haqqında" qanun birinci oxunuşda parlamentin plenar iclasına çıxarılıb, "Mədəniyyət haqqında" qanuna əlavə dəyişikliklərlə bağlı isə ayrıca bir fəsil ayrılıb.  

Millət vəkili Jalə Əliyeva ad soyadlarla bağlı ayrıca bir qanun layihəsi hazırlanması ilə bağlı təkliflə çıxış edib. 

Komitənin iclasında iştirak edən millət vəkili Leyla Abdullayeva maraqlı təklif irəli sürüb. O bildirib ki, Milli Məclisin Mədəniyyət komitəsi ilə mədəniyyət sahəsinin ayrı-ayrı şəxsləri arasında vaxtaşırı görüşlərin keçirilməsi, dövlət qurumları ilə fikir mübadiləsinin aparılması vacib məsələlərdəndir. L.Abdullayeva hesab edir ki, bütün görülən işlər Azərbaycan mədəniyyətinin inkişafı üçün öz töhfəsini verəcək.

  

   

Rəşad

 

Şərq.- 2011.- 16 fevral.- S.3.