Azərbaycan
gəncliyi milli ruhla
silahlanmalıdır
Vətənsevərlik
və azərbaycançılıq ideyası ailədən
başlayır
"Gənclər Azərbaycanın bu günü və
gələcəyidir. Gənclərin üzərinə
böyük vəzifə düşür, bu vəzifələr
gələcəkdə daha da böyük olacaqdır..."
Heydər Əliyev
Gənclik millətin yaşaması, inkişafı
üçün təməl daşıdır. Bir millətin
mövcudluğu üçün sağlam gəncliyinin
olması vacib şərtdir. Çünki hər bir ölkədə
dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi,
gələcəyin etibarlı təminatı, intellektual səviyyəli
potensial kadrların yetişdirilməsindən, onların
aparıcı qüvvəyə çevrilməsindən
asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə
iş sahəsində görülən tədbirlər Azərbaycan
gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə
özlərini təsdiq etməsində böyük rol
oynayır.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi
ölkə siyasətində önəmli yer tutur. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş gənclər siyasətinin prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir
ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə
özlərini doğruldurlar.
"Gənclərimiz milli ruhda tərbiyə
olunmalıdır"
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində
daim gənclərə qayğı göstərib, onların
bir fərd kimi yetişməsinə xüsusi önəm verib.
Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk
dövrlərdən gənclərin himayədarı kimi
çıxış edərək, sağlam düşüncəli
yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər
görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən
başlayaraq gənclər siyasəti ilə bağlı bir
çox fərman və sərəncamlar imzalayan ulu öndər,
gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə
həmişə önəm verib. Heydər Əliyev nitqlərinin
birində bu barədə deyib: "Gənclərimiz milli ruhda
tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimiz
əsasında tərbiyələnməlidir. Gənclərimiz
bizim tariximizə yaxşı bələd olmalı, dilimizi
yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər
olmalıdır, vətənpərvərlik böyük məfhumdur.
Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə
sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq -
budur vətənpərvərlik".
Gənclərin üzərinə
böyük və məsuliyyətli vəzifələr
düşür
1999-cu ildə Nazirlər Kabineti Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən
təqdim edilmiş və aidiyyatı nazirlik, komitə və təşkilatlarla
razılaşdırılmış "Gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin yüksəldilməsi"
Proqramını təsdiq edib.
Müstəqil dövlət quruculuğu yolunda gənclərin
üzərinə böyük və məsuliyyətli vəzifələr
düşür. Bu vəzifələri isə yalnız öz
vətənini sevən, onun tərəqqisinə çalışan
və azadlığı uğrunda canını qurban verməyə
hazır olan gənclər yerinə yetirə bilər.
Respublikanın əksər gəncləri vətən
qarşısında öz vətəndaşlıq
borclarını layiqincə başa düşür, onun
qorunmasında və milli dövlətçilik quruculuğunda
fəal iştirak edirlər. Bununla belə, son dövrlərdə
bəzi gənclərdə vətənpərvərlik və
milli ləyaqət hisslərinin zəif olması hallarına təsadüf
edilir. Vətənin taleyinin təhlükə altında
olduğu, onun bütövlüyü uğrunda
ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda xalqın vətəni
qorumağa qadir, mərd, sadiq gənclərə böyük
ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi
sahəsində məqsədəuyğun və sistemli iş
aparılmalıdır.
Vətən sevgisi...
Vətənə məhəbbət hissi gənclərin
dövlət dilinə, milli musiqiyə, folklora, mənsub
olduğu dini dəyərlərə, tarixi ənənələrə
bağlılığında, ölkə ərazisinin
bütövlüyünün qorunmasına hazır olduğunu
əməli işlə sübut etməyində öz təzahürünü
tapmalıdır. Vətənin tərəqqisi naminə
çalışmaq üçün gənclərin müəyyən
sənətə, peşəyə sahib olması, dövlət
quruculuğunda fəal iştirak etməsi, yüksək
peşəkarlığa, təhsilə və elmə yiyələnməsi,
geniş dünyagörüşə malik olması, əməyi
sevməsi və onunla məşğul olması və təşəbbüskarlığı
vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini
qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail
olmaq, baş verə biləcək iğtişaşlara, təxribatlara
və təbii fəlakətlərə qarşı həmişə
mübarizə iqtidarında olmaq lazımdır.
Vətənpərvərlik ruhu ilk
növbədə ailədən başlamalıdır
Bəzi mütəxəssislər hesab edirlər ki, bu
gün müasir gənclərin vətənpərvər ruhda
yetişməsi üçün ilk növbədə orta məktəblər
əsas rol oynayır. Orta məktəblərin vəzifəsi
yalnız orduya əsgər hazırlamaq deyil. Orta məktəbdə
oxudu-oxumadı hər kəs vətənə borcunu verməlidir.
Amma digər ekspertlərin fikrincə, məktəb
yalnız ordu üçün əsgər hazırlamır. Hər
şeyi orta məktəbin üstünə atmaq da olmaz. Hərbi
vətənpərvərlik ruhu ilk növbədə ailədən
başlamalıdır. Orta məktəb dövlətin
bütün sahələrinə lazım olan kadrları
hazırlamaq üçün bazadır. Bəzi ölkələr
hərbi vətənpərvərlik dedikdə, bunu militarist
fikir kimi qəbul edirlər. Mütəxəssislər hesab
edirlər ki, hazırda orta məktəblərdə
uşaqların vətənpərvərlik şüurunun
formalaşdırılmasında mühüm rola malik bədii ədəbiyyat
yoxdur. Misilsiz igidliklər göstərmiş qəhrəmanlarımız
barədə bir-iki yazıya rast gəlmək
mümkündür.
Vətəndaşlıq hissi vətənpərvərliyin
yüksək təzahür formasıdır
İnsanın ən ali və əzəli hisslərindən
olan vətənpərvərlik hər kəsin doğulub
boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı
olduğu ölkəyə məhəbbətdən
qaynaqlanır. Lakin vətənpərvərlik
təkcə vətəni sevmək deyil. Vətənpərvərlik
həm də vətənin naminə çalışmaq, vətəni
qorumağa hər an
hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar
göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir.
Bu hiss insanda
anadangəlmə olsa da,
bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə
yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən
ən mühüm keyfiyyətlərdən
olduğundan onun
böyüməkdə olan nəslə
aşılanması, uşaq, yeniyetmə
və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə
işinin ən mühüm
istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.
Müasir dövrdə təhsilin qarşısında
qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi
də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik
tərbiyəsinin nəticəsində
reallaşdırılır.
Məlumdur ki, təlim-tərbiyə işinin
bütün sahələrində, istiqamətlərində
olduğu kimi vətənpərvərlik tərbiyəsinin də
əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim
pillələrində daha da inkişaf etdirilir. Bu mənada
böyüməkdə olan nəslin vətənpərvərlik
tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür.
Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə
ilk günlərdən vətənə məhəbbət
aşılamağa, onu güclü
vətənpərvərlik hissinə çevirməyə
çalışmalıdırlar.
Televiziyalarda hərbi vətənpərvərlik
proqramları
Müstəqilliyini bərpa etmiş dövlətimizin
ideologiyasının, həmçinin Azərbaycançılıq
və yurdsevərlik ideyalarının gənclər
arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız
üçün əsl vətəndaş
yetişdirmək, böyük gələcəyimiz
naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin
qarşısında durur. Dövlətçilik,
vətəndaşlıq təkcə orta
məktəb dərsliklərində və ya
hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə
təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan təbliğatın uğurlu və təsirli olmasında
televiziyanın yeri və xidməti əvəzolunmazdır.
Televiziya ilk növbədə
mənəvi tərbiyə ocağı kimi,
bədii vasitələrlə, sənətkarlıqla, xüsusi incəliklə bu
müqəddəs amalları aşımalı və sevdirməlidir.
Həyat gerçəkliyinin bədii inikası elə bir səviyyədə olmalıdır ki, gənc təkcə təbliğatın deyil, həmçinin estetik
cəhətdən zəngin, yüksək istedadlı sənətkarlıqla
tanış olsun. Bu cəhət
televiziya sənətçilərinin məsuliyyətini
birə-iki artırır, onların qarşısında yeni vəzifələr qoyur.
Hər bir sənətkar, ziyalı özünün cəmiyyətdə
daşıdığı funksiyasını düzgün
qiymətləndirməli və bu məsuliyyəti
şərəflə icra etməlidi.
Vətənpərvərlik
şüurunun saflaşdırılmasına dərin ehtiyac
duyulur
Həqiqətən də, bugünkü Azərbaycanın
ictimai inkişafının durumu elə vəziyyətdədir
ki, hazırkı dünyagörüşümüzü vətən
anlayışı, vətənə sevgi və məhəbbət
hissi olmadan təsəvvür etmək, sadəcə,
mümkün deyildir. Çətinliklərlə üz-üzə
qalan xalqımız milli
dirçəlişə, siyasi həyatının
dönüşlü mərhələsində,
milli yetkinlik
çağında labüd olaraq vətənpərvərlik şüurunun saflaşdırılmasına dərin
ehtiyac duyur. Belə bir sosial
tələbatın bu gün
ön plana çəkilməsini
təsadüfi hesab etmək düzgün olmazdı. Uzun
illər boyu totalitar rejim şəraitində ideoloji
təbliğatın aparıcı istiqaməti SSRİ-ni
bu ərazidə yaşayan
bütün xalqlar və
millətlər üçün yeganə
vətən kimi təbliğ etmək
olmuşdur. Hər bir
millətin özünəməxsus xüsusiyyətləri tam nəzərə alınmır, əsasən
sosializm dəyərlərinə üstünlük verilirdi.
Belə ağır və ziddiyyətli
münasibətin mahiyyəti bunda idi ki, xalqımız əsl
vətənpərvərliyin formalaşması üçün
ümdə şərtlər olan milli qürur hissi və ləyaqətini, tarixi
yaddaşını, milli adət və ənənələrini
qoruyub saxlaya bilmək
naminə güclü müqaviməti dəf
etməli olurdu. Lakin tarixin
sonrakı axarı göstərdi ki, nəsildən-nəslə
keçərək əsrlər boyu
yaranmış, inkişaf etmiş
və ən dərin hiss və duyğuya çevrilmiş
Azərbaycan xalqının bu nəcib vətənpərvərlik
hissi güclü
müqaviməti dəf etməyi bacarır və öz azadlığına, müstəqilliyinə,
mədəniyyətinə, milli-mənəvi dəyərlərinə
sahib çıxmaqda israrlıdır.
İctimai tərbiyə işinin
effektliliyini artırmaq lazımdır
Müasir gənclərimizdə vətənpərvərlik
keyfiyyətlərini formalaşdırmaq üçün siyasi
və ictimai tərbiyə işinin effektliliyini artırmaq,
onların dünyagörüşünü inkişaf etdirmək,
özünütərbiyəsinə diqqəti artırmaq,
sosial əhəmiyyət kəsb edən ideyaların, normaların
və prinsiplərin mənimsənilməsinə yönəldilmiş
fəallığı stimullaşdırmaq vacib milli-psixoloji
problemdir.
Milli-mənəvi dəyərlərə
bağlılıq insanda ilk vaxtlarda vətənpərvərlik
hisslərini gücləndirir və sonrakı mərhələlərdə
insanın əsl vətəndaş olmasında birbaşa rol
oynayır.
Şərq.- 2011.- 5 iyul.- S. 11.