Vətənini
yaxşı tanı!
Yurda sevginin əsası ailədə, məktəbdə
qoyulur
"Mən istəyirəm ki, gənclərimiz vətənpərvər,
peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə
böyüsünlər. Bunu etmək üçün
bütün tədbirlər görülür".
İlham
Əliyev
Vətən. Nədir
vətən? Niyə sevməliyik vətəni? Nədir bu məfhum?
Bu qədərmi mühümdür bunu bilmək, yoxsa elə-belə
sözdür də danışırlar gözdən pərdə
asmaq üçün, həqiqətlərin arxasında gizlənmək
üçün. Doğrumu söylədik?
Vətən - doğma
diyar, ana yurd...
Vətən -
babaların, dədələrin əmanəti...
Vətən - tariximiz,
ənənəmiz, azadlığımızdır...
Vətən - bir millətin
illər uzunu yaşadığı, adətinin, ənənəsinin,
varlığının, şüurunun, birliyinin
torpağı ilə birləşdiyi məkandır. Elə
bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və
etibarlıdır.
Vətən sadəcə
müəyyən sərhədləri olan coğrafi bir məkan
deyildir. Vətən xüsusi sevgi və hörmətə
layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu
içir, çörəyini yeyir, havasını uduruq.
Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz
bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.
Vətən müqəddəsdir.
Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş,
qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar
uğrunda canlarından keçib, şəhidlik rütbəsinə
yüksəlmişlər.
Vətənimizin
atributları bizim üçün müqəddəsdir.
Bayrağımız
qanımızı rənginə qatdığımız,
xalqımzın parlayan ulduzu, göylərdə dalğalanan
nazlı, şanlı hilallı bəzəyidir. O, altında
doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir.
O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə
də dövlət və millət kimi
varlığımızdan söz etmək mümkundür.
Vətən gerbi
dövlətimizin, xalqımızın
azadlığının, müstəqilliyimizin şanlı
simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə
qürur oyadır. Dövlət gerbimiz xalqımızın
igidlik dastanı, şanlı əcdadlarımızın
köksünü qabardan iman gücü və qüdrət əsəridir.
Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvol
dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə
çatdırır. Bizim heç kimin torpağında
gözümüz yoxdur, başqaları da bizim torpaqlara göz
dikməməlidir. Əgər belə olarsa xalqımız bir
qalxan kimi vətənimizin müdafiəsinə
qalxacaqdır.
Vətən himni
gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən
analarımızın laylası, nənələrimizin
ninnisidir. Himnimiz xalqımızın güc və qüdrət
nərəsidir. Buna görə də himn oxunurkən hörmət
əlaməti olaraq ayağa qalxılır, hamı bərabər
oxuyur. Onun verdiyi güc ilə başımız dikəlir.
Himnimizin hər bir misrası və hər bir kəlməsi qəhrəman
ata - babalarımızın bizə misli bərabəri olmayan əmanətidir.
Ona hörmət bəsləmək, onun ruhunu və
idealını qəlbimizdə yaşatmaq ən müqəddəs
vəzifəmizdir.
Vətən
anlayışı insanın yaranmasıyla meydana
çıxmışdır. İnsan yaradıldıqdan sonra
çoxalaraq yer kürəsinin müxtəlif yerlərində
yayılmağa başladı. Bu minvalla tayfalar, qəbilələr,
millətlər, xalqlar meydana gəldi. Daha sonra ortaya
çıxan bu xalqların özünəməxsus daimi
yaşayış yeri, danışıq dilləri, adət-ənənələri
və s. ortaya çıxdı. Beləliklə vaxt, zaman
keçdikcə bu xalqlar böyüməyə başladı,
hərəsi bir-birindən müəyyən məsələlərdə
fərqlənməyə başladılar. Nəticədə
bu toplumlar öz məskunlaşdıqları,
böyüyüb boya-başa çatdıqları yerləri
Vətən adlandırmağa başladı. Əlbəttə
ki, bu çox məsuliyyətli bir addım idi. Çünki əgər
bir xalqın, millətin vətəni müəyyən
olundusa, bundan sonra bu torpaqda yaşamağın məsuliyyəti
birəbeş artacaqdı. Belə ki, bu torpağı yadellilərdən,
xain gözlərdən, düşmənlərdən qorumaq bu
cəmiyyətin vətəndaşlarının boynuna
düşəcəkdi. Əks halda onlar düşmən tərəfindən
daim təzyiqə və işkəncələrə məruz
qalacaqlardı. Bir sözlə, hər bir toplum öz
qayda-qanunları çərçivəsində
yaşamalı, digər toplumlarla xoş münasibət
qurmalı, başqasının haqqını qəsb etməməli,
onların nailiyyətlərinə paxıllıq etməməli,
bir-birlərilə dost-qardaş münasibətləri şəraitində
həyatlarını davam etdirməliydi.
Təəssüflər
olsun ki, tarixdə bu deyilənlərə lazımi qədər
əməl olunmadı. Zaman - zaman ölkələr
arasında vətən, torpaq uğrunda müharibələr
oldu, qanlar töküldü. Hətta bu məsələ
günümüzə qədər gəlib çıxdı.
Vətən
haqqında müəyyən qədər məlumat əldə
etdikdən sonra vətən sevgisi haqqında da bir az
araşdırma aparaq. Yuxarıda qeyd etdiyimiz kimi vətəni
qorumaq gərəkdir. Vətəni qorumaq, mühafizə etmək
üçün əqidəli, qətiyyətli vətəndaşlara
ehtiyac vardır. Bu əqidəsi möhkəm insanların
sayı tarixdə hər zaman ümumi kütləyə nisbətdə
az olmuşdur. Vətən sevgisi, vətən namusu, vətən
qeyrəti sözügedən həqiqi vətəndaşlara
xas olan qabarıq xüsusiyyətlərdəndir. Bunlar o eqoist
hisslərdən deyil ki, başqalarını əzsin, məhv
etsin özünü üstün bilsin. Əsla! Bu sevginin mənbəyi
ümumiyyətlə torpağa olan bağlılıq və
hörmətdir ki, bu nemət Uca Allah (c.c) tərəfindən
bizə əmanət edilmişdir. Bu vətəni, bu
torpağı bizə ata-babalarımız necə əmanət
qoyublarsa, biz də bizdən sonrakı nəsillərə bu
yurdu, bu eli sağlam bir şəkildə təhvil verməliyik
.Əziz İslam Peyğəmbəri Muhəmməd (s.ə.s)
buyurmuşdur: "Vətəni sevmək imandandır". Belə
ki, öz Yaradanını, niyə
yaradıldığını, özünü, kimliyini anlayan
insanda vətəninə qarşı sevgi mütləq
yüksək səviyyədə olacaqdır. Əks halda bu
torpaqda yaşamağımız, faydalanmağımız bizim
vicdanlı yaşayışımıza zidd hala gətirib
çıxaracaqdır.
Sevdiyi, maraq duyduğu
məsələyə olan ciddi münasibətini insan yeri gəldikdə
gərək öz əməliylə təsdiqləsin. Yoxsa,
onun iddiası boş və mənasızdır. Belə ki, vətənin
həm şad, həm də kədərli günündə
yanında olmaq gərəkdir. Məşhur atalar sözü
vardır: "Dost dar gündə tanınar". Həqiqətən
də dar gündə tanınmaq daha şəffaf baş verir,
nəinki xoş gündə. İnsan həqiqətən
sevdiyi bir işin reallaşması üçün
bütün qüvvələrini səfərbər edir ki, nəticə
müsbət olsun. Çünki bunu kiməsə xatir etmir.
Tam içindən gələn bir istəkdir. Əslində
kamil insanların da həyat tərzi belədir. Belə insanlar
gördükləri hər işi sevə-sevə, əqllə
və mənəvi həzz alaraq edirlər. Vətənin
çətin günündə həll yolu
düşünüb addım atmaq da belədir. Kamil vətənpərvər
insanlar lazımi, düşünülmüş addımlar
atırlar. Hətta bəzən gözlənilmədən
işlər görürlər ki,cəmiyyət bu
addımı ilkin mərhələdə tənqid edir. Fəqət
onun mühümlüyü sonradan anlaşılır. Vətən
üçün çoxlu xeyirxah işlər görmək
olar. O əməllərdən ən mühümü lazım
olduğu təqdirdə vətən uğrunda öz
canından keçməkdir.
Vətən sevgisi, Vətənə
məhəbbət insanın daxilindən, qanından, genindən
gəlir. Vətən sevgisi insana ana südü ilə verilir.
Vətən sevgisi, ana sevgisi qədər müqəddəsdir.
Bu cür sözləri, ibarələri nə qədər desəniz
yazmaq olar, demək olar, şüar formasına salıb hər
yerə yaymaq da olar.
İnsanın
dünyaya göz açdığı yurda qırılmaz
tellərlə bağlılığı, yurdun
azadlığı, inkişafı naminə mübarizələri
daim bəşəri mövzu olaraq ən müxtəlif
xalqlara, dövlətlərə mənsub sənətkarların
diqqətini cəlb edib. Azərbaycan incəsənətinin və
ədəbiyyatının tarixində vətənpərvərlik
mövzusunu tərənnüm edən yüzlərlə
örnəklər yaddaşlarda dərin izlər buraxıb.
Xalqın yurd sevgisini, vətənin
bütövlüyünü, maddi və mənəvi əmanətlərini
qorumaq üçün unudulmaz şəxsiyyətlərin fəaliyyətini
əks etdirən, peşəkarlıqla lentə
alınmış ekran əsərləri milli kinomuzun tarixinin
parlaq səhifələrini təşkil edir. Vətəni
ürəkdən sevən, onun uğrunda hər zaman
şüur və cəsarətlə mübarizə aparan
insanların tərbiyəsi, hər bir ürəkdə vətən
qayəsinin bütün digər düşüncələrin
fövqündə dayanması müstəqillik yolunda inamla irəlilədiyimiz
bu günlərdə daha aktualdır. Vətən sevgisi ən
zəruri məsələləri həll etmək
üçün bütün vətəndaşları birləşdirə
bilən qüdrətli bir stimuldur.
İnsan qəlbinin ən
böyük nəğməsi Vətən nəğməsidir.
Sonsuz ənginliklərə, doğma torpağa dikilmiş
bütün məhəbbətli gözlər, hələ
beşikdə çırpınan balaca körpələrimizin
ürkək qəlbləri ancaq bu nəğməni
zümzümə edir. Bu nəğməni hərə bir
cür oxuyur. Onu döyüş harayı, Koroğlu nərəsi,
qılınc zərbəsi ilə də oxuyanlar olub. Bulaq
pıçıltısı, qadın isməti, Nigar vəfası,
Həcər sədaqəti ilə oxuyanlar da.
Vətən
torpağı bizim üçün səcdəgahdır,
toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş
odur ki, öz vətənini qəlbi ilə, canı və
qanı ilə sevir. Onun azadlıq və istiqaliyyəti
uğrunda hər an canını da verməyə
hazırdır. İnsan həyata bir dəfə gəlir.
Müdrik bir kəlamda deyilir: "Vətəndə ölməyən
iki dəfə ölür". Vətən dəyişmir,
satılmır, köhnəlmir, qocalmır. Bu müqəddəs
məkanda keçmişlə gələcəyimiz qovuşur.
O əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın
ruhları dolaşır.
Torpağa, yurda sevginin
əsası isə ailədə və məktəbdə
qoyulur. Buna görə də hər bir məktəb, ilk
növbədə şagirdlərinin yüksək vətənpərvər
kimi böyüməsi üçün bütün imkanlardan
istifadə etməlidirlər. Bunun üçün məktəblilər
yurdun tarixilə yanaşı, onun hər bir bölgəsini
yaxşı öyrənməlidirlər. Çünki Vətəni
yaxşı tanımadan onu sevmək çətindir. Ölkə,
Vətən sevgisi uşaqlara möhkəm
aşılanmalıdır.
Gənclərdə vətənpərvərlik
hissinin aşılanması, formalaşdırılması məhz
məktəblərin üzərinə düşən vəzifələrdəndir.
Vətənpərvərlik hissi uşaqlarda körpə
yaşlarından formalaşdırılmalıdır. Torpaqlarımızın
işğal altında olduğu bir şəraitdə
uşaqlarda vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət
hissini formalaşdırmaq məqsədi ilə müxtəlif
tədbirlər həyata keçirilir.
Torpaqlarımızın işğal günlərində bunu
uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə
nifrət hissi kimi aşılayırlar. Hər bir cəmiyyətin
gələcəyi onun yetişməkdə olan gənc nəslidir.
Gənc nəslə qayğı isə hər bir dövlətin
siyasətinin aparıcı istiqamətlərindən biridir.
Bugünkü məktəbli nə qədər savadlı, nə
qədər vətənpərvər, nə qədər
yüksək dünyagörüşünə malik olarsa,
dövlətin, millətin gələcəyi bir o qədər
işıqlı və ümidverici olar. Bu mənada məktəb
gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə
xidmət edən bir qurumdur, bir ocaqdır. "Təhsil
haqqında" Qanun da, məktəbin daxili qayda-qanunları
da, pedaqoqun öz işinə məsuliyyəti də müasir
məktəblinin tərbiyəsinə kompleks yanaşmanı tələb
edir. Yəni, bu gün formalaşan şagird yalnız
yaxşı oxumaqla kifayətlənməməli, eyni zamanda vətənpərvər,
dövlətçiliyimizə sədaqətli
olmalıdır.
İndiki tarixi mərhələdə
Azərbaycan gənclərində vətənpərvərlik
hisslərinin formalaşması Azərbaycan üçün
milli demokratik dövlət quruculuğu ilə sıx
bağlılıqda olmalıdır. Vətənə məhəbbət
hər şeydən əvvəl dövlət quruculuğunda fəal
iştirakda ifadə olunmalıdır. Doğma yurda sədaqət
hər şeydən əvvəl mövcud çətinliklərdən
qorxmayıb vətəndaşlıq mətanəti göstərmək
deməkdir. Vətənin maraqlarını qorumaq istəyi
müstəqilliyi və ərazi bütövlüyünü,
millətin maddi və mənəvi dəyərlərini qorumaq
kimi başa düşülməlidir. Bütün bunların
mənəvi-əxlaqi stimullaşdırıcısı isə
vətənin keçmişi və indiki tarixi haqqında
obyektiv biliklərə əsaslanan qürur hissi
olmalıdır.
Şərq.-
2011.- 7 iyul.- S. 11.