"Dədə Qorqud"
eposunda qəhrəmanlıq və vətənpərvərlik
Azərbaycan
xalqının dünya ədəbiyyatına bəxş etdiyi
ən nadir incilərdən biri "Kitabi-Dədə
Qorqud" dastanıdır. Hələ uşaq vaxtından
tanış olduğumuz və barələrində həvəslə
oxuduğumuz dastan qəhrəmanları - Dirsə xanın
oğlu Buğac, Dəli Domrul, Qanturalı, Qazan xanın
oğlu Uruz hər bir Azərbaycan gəncinin sevdiyi, pərəstiş
etdiyi və bənzəməyə
çalışdığı obrazlardır.
Azərbaycan gəncliyi
Vətəni, yurdu, atanı, ananı sevməyi, Vətən
uğrunda döyüşməyi və gərəkən zamanda
şəhid olmağı "Dədə Qorqud"
obrazlarından öyrənib.
"Dədə
Qorqud" beşikdən məktəb partasına, ali məktəb
auditoriyasından ailə həyatınadək daim bizi "izləyib".
"Dədə
Qorqud" eposu bizə bəlli olan bütün qəhrəmanlıq
və vətənpərvərlik məzmunu ilə birgə
Qalın Oğuz elinin düşüncə sistemini də kifayət
qədər nümayiş etdirir. Amma məsələ onda
deyil ki, hər bir folklor nümunəsi, yaxud folklor abidəsi
xalq təfəkkürünün canlı inikas
formasıdır, həm də məna və mətləb
ondadır ki, xalq təfəkkürünün qoruyucusu olan
epos mətni xalqın həmin mətndə açıq şəkildə
ifadə edə bilmədiyi bir sıra fikirlərin də
mühafizə məkanıdır.
"Kitabi-Dədə
Qorqud" Azərbaycan ədəbiyyatının çox qədim
nümunələrindən biridir. "Kitabi-Dədə
Qorqud" dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığımızın,
ümumiyyətlə mədəniyyətimizin tarixini öyrənməkdə
böyük əhəmiyyətə malikdir. Oğuz türklərinin
tarixini əks etdirən "Kitabi-Dədə Qorqud"
yüksək bəşəri ideallar tərənnümçüsü
kimi dünya xalqlarının mənəvi sərvətlər
xəzinəsinə daxil olmuşdur və dünya ədəbiyyatı
tarixində xüsusi yer tutur.
Dastanın əsas obrazları
Dastanda təsvir edilən
cəmiyyətin başında xanlar xanı Bayandur xan durur.
Lakin boylarda onun yalnız adı çəkilir. Əsərin əsas
qəhrəmanı isə Qazan xan və onun ətrafında
birləşən bahadırlardır. Heç bir
adı-sanı, mənsəbi olmayan Dəli Domrul isə
mövhumi-dini qüvvələrə, Əzrailə
qarşı çıxır nəticədə dastan məhəbbətin
ölümə qalib gəlməsi ilə bitir.
Salur Qazan
"qırış günü öndən təpən"
qəhrəmandır. "Ulaş oğlu, tulu tuşun yavrusu,
qonur atın ayası, xan Uruzun ağası, Bayandur xanın
göyküsü" - deyə tanıdılan bu qəhrəman
əsərin əsas simalarından biridir. Onun evinin
yağmalanması, oğlunun və özünün əsir
alınması, qəhrəmanlığı təsvir olunur.
O, xalqına sadiq, fədakar, vətənpərvər, yenilməz
və cəsarətli bir qəhrəman kimi göstərilir.
Qazan oğlu Uruz da
atası kimi yenilməz igiddir. O, iki dəfə düşmənə
əsir düşür. Hər ikisində də mərdliklə
hərəkət edir. O (namus uğrunda ətinin
qıyma-qıyma doğranmasına razı olur, anasının
tanınıb düşmən məclisinə
aparılmasına razı olmur). O, on birinci boyda atasını əsirlikdən
xilas edir. Atası onu sınamaq üçün
özünü nişan vermir. Uruz isə meydanda qəhrəmanlara
qalib gələn atasından üstün çıxır.
Dastanların başqa qəhrəmanları da Oğuz bəylərindən
ibarətdir. Bozatlı Beyrək, Qanturalı, Buğac kimi bəy
oğulları öz qəhrəmanlıqları ilə
nüfuz və ad qazanmış igidlərdir.
Bu qəhrəmanlıqlarla
bərabər boylarda qarətçilik və qəbilə
çəkişmələri də özünə yer
tapmışdır. Buna baxmayaraq, əsasən xalq qəhrəmanlığı
ruhunda qurulmuş olan bu dastanlarda Qaraca Çoban surəti
xüsusən diqqəti cəlb edir. Bu sədaqətli qəhrəman
altı yüz nəfərlik bir düşmən dəstəsi
ilə təkbaşına vuruşmalı olur. Onu satın
almaq istəyirlər. Ona hədə gəlirlər. Onun iki
qardaşı öldürülürsə də ruhdan
düşmür, qalib gəlincəyə qədər mərdliklə
vuruşur. Daşı tükənir, sapanına qoyun-keçi
qoyub atır. Bir atanda ikisini - üçünü
öldürür. Düşmənin gözünü qorxudur.
Onun sapanının içi üçyaşar dana dərisindən,
qolları üç keçi qılından toxunmuşdur. Hər
atanda on iki batman daş atır. Atdığı daş yerə
düşmür, düşəndə də toz kimi sovrulur,
ocaq kimi ovrulur, daş düşən yerdə üç il
ot bitmir.
Dastanda qəhrəman
qadın obrazları
"Dədə
Qorqud" eposunda vətənpərvərlik hisslərinin tərbiyəsindən
danışarkən qəhrəman Oğuz igidləri - ərlərlə
yanaşı qəhrəman qadın obrazlarına xüsusi
toxunmaq lazım gəlir. Nahaq yerə deyilməyib: aslanın
erkəyi-dişisi olmaz!.. Bu dəfə "Dədə
Qorqud" eposunda vətənpərvərlik hisslərinin tərənnümünü
qadın obrazlarının üzərində açmağa
çalışacağıq. Dastanda qabarıq formada
görünən və bəzi mətləblərin ideya
daşıyıcısı olan qadın obrazları vardır.
Onlardan üçünün adı açıqca bəllidir:
Burla xatun, Banuçiçək, Selcan xatun. Bir neçəsinin
isə adı deyilməsə belə həmin qadınların
da eposun strukturundakı yeri və mövqeyi aydınca sezilir.
Bu sıraya Dirsə xanın, Dəli Domrulun və Səyrəyin
xanımları daxildir. Müxtəlif boylarda nəql edilən
hadisə və əhvalatlarla bağlı olan bu xanımlar
eposda qəhrəman qadınlar kimi təsvir olunur.
Məsələn,
Qanturalı özünə nişanlı axtaranda deyir ki, elə
bir qız istəyirəm ki, mən ayağa qalxmamış o
qalxmış olsun, mən evdən çıxmamış o
çıxmış olsun, mən ov ovlamamış o
ovlamış olsun. Atası Qanlıqoca isə deyir: sən
özünə arvad yox, qardaş axtarırsan.
Oğuz igidləri
özlərinə tay ola biləcək, onlarla
çiyin-çiyinə vuruşacaq, ocağı, evi qoruya biləcək
xanımlar axtarır. Dastandakı qadın obrazlarının əksəriyyəti
qurşaq tutur, ox atır, ov ovlayır, Oğuz elinin dar
günündə ərləri ilə yanaşı
döyüşlərdə iştirak edirlər.
Bu mənada
dastandakı Burla xatun obrazı mükəmməlliyi ilə
seçilir. Burla xatun böyük bir elin namusunu, şərəfini
qoruyan qadın kimi təqdim olunur. O, mübarizliyi, sədaqəti,
igidliyi ilə seçilir. Oğlu Uruz dara düşərkən
mətanətini itirmir, kafər ordusu
başçısının hiyləsinə qarşı
ağlı, mübarizliyi ilə qələbə
çalır. Biz Burla xatunu Qazan xanın ən yaxın
silahdaşı kimi görürük. Qazan xan
döyüşdə yaralandıqda məhz Burla xatun
qılıncı əlinə alıb döyüşü
sonadək - qələbəyədək davam etdirir.
Dirsə xanın
xanımı da mübarizliyi, əyilməzliyi ilə
seçilən obrazlardandır. Ağır yaralanmış
oğlu Buğacı ana südü, dağ çiçəyi
ilə müalicə edən Ana obrazı dastanda Vətənə
sevginin, torpağa bağlılığın simvolu kimi
canlanır.
Dastanda
qadınların vəsfi həm də onların qəhrəmanlığından
xəbər verir. Dastanın "Dirsə xan oğlu
Buğac" boyunda son dərəcə qayğılı
görünən və ciddi narahatlıq keçirən Dirsə
xan öz xanımını belə vəsf edir:
"Bərü gəlgil,
başum bəxti, evüm təxti!
Evdən çıqub
yüriyəndə səlvi boylum!
Topuğından
sarmaşanda qara saçlum!
Qurulu yaya bənzər
çatma qaşlum!
Qoşa badam sığmayan
tar ağızlum!
Güz almasına
bənzər al yanaqlım!"
Bu təsvir bir Oğuz xanımı, yaxud konkret olaraq
bu xanımın gözəlliyi barədə
tam və bitkin təqdimata bərabərdir.
Banuçiçək
və Selcan xatun
Dastandakı
Banuçiçək və Selcan xatun da qəhrəman
qadın obrazlarıdır. Biz Banuçiçəyi ərlərlə
birgə döyüşlərdə iştirak edən
görürük. Təhlillər göstərir ki, Oğuz
elinin xanımlarının təsvirində müşahidə
olunan parlaq təsvirlər eposun poetikasında əsas məqamlarda
meydana çıxır. Həmin təsvirlər xoş əhvali-ruhiyyə
vəziyyətlərini xatırlatsa da, əsl həqiqət
tamamilə bambaşqadır.
İlk boydan bəlli
olur ki, Dirsə xan digər Oğuz bəyləri ilə birlikdə
Bayandur xanın məclisinə gəlibdir. Amma burada gözlənilməz
hadisə baş verir: Dirsə xanı qara çadıra
aparırlar və beləliklə, ağ və
qırmızı çadırda oturan bəylərlə
müqayisədə Dirsə xan bir növ təhqir edilir. Səbəb
isə onun övladının olmamasıdır. Məsələnin
ciddiliyi ondan ibarətdir ki, Dirsə xanın
övladsızlığı indiyə qədər yada
düşmədiyi üçün heç bir vaxtda
narahatçılıq törətməmişdir. Dirsə
xanın övladsızlığının qabarıq şəkildə
üzə vurulması normal görünən vəziyyəti
tamamilə dəyişir və Dirsə xan həyatla
ölüm arasında qalır. Məhz belə bir vaxtda - həyatla
ölümün mübarizəsi son dərəcə kəskinləşdiyi
zaman Dirsə xan xanımı ilə qarşılaşır və
yuxarıda xatırladığımız təsvir onun öz
dilindən söylənir: "Bərü gəlgil, başum
bəxti, evim təxti..."
Qazan xanın
xanımı Burla xatuna gəldikdə isə məlumdur ki, o, kafirlər
tərəfindən əsir götürülür.
Şöklü Məlik əsirlikdə özünü gizlədən
Burla xatunun 40 incə bel qız içərisindən
tapılıb müəyyənləşdirilməsi
üçün tapşırıq verir ki, Uruzun ətindən
qovurma bişirib qızların qarşısına qoysunlar, hər
kim yeməsə, o, Burla xatundur. Deməli, Burla xatun (daha
geniş mənada Qazan xan və Oğuz eli!) həyatla
ölüm arasında qalır. Məhz belə bir vaxtda onun
gözəlliyinin təsviri və təqdimi meydana
çıxır: "Boyı uzun, beli incə Burla xatun boynilə
qulağın aldı, düşdi".
Yaxud Banuçiçəyin
təsvirinin vaxtı və zamanı o ana düşür ki,
Banuçiçəyi başqa birisinə ərə verirlər
və 16 il əsirlikdə qalan Beyrək toy mərasiminə gəlib
çıxır. Əslində toy mərasimi Beyrəklə
Banuçiçəyin həyatla ölüm arasında
qalmağı deməkdir. Bu qarşılaşma geniş mənada
Doğru ilə Yalanın qarşı-qarşıya gəlməsidir
və Oğuz eli üçün həlledici məqamdır.
Məhz elə bu məqamda da Beyrəyin dilindən
Banuçiçəyin təsviri verilir: "Qarğu kibi qara
saçın yoldınmı, qız?!"
Və yaxud Qanturalı
ilə Selcan xatun aid olduqları boyun axırında üz-üzə
gəlirlər. Hətta iki sevgilinin bir-biri ilə vuruşmaq məqamı
da yaranır. Başqa sözlə, onların hər ikisi həyatla
ölüm arasındadır. Məhz elə bu vaxt
Qanturalının dilindən Selcan xatunun tərifi eşidilir:
"Qar üzərinə qan tammış kibi qızıl
yanaqlım!
Xatırladaq ki, həm
Dəli Domrulla xanımı, həm də Səyrəklə
xanımı arasında da həyatla ölümün sərhəddi
görünür. Belə ki, Dəli Domrul
ölümqabağı xanımı ilə halallaşmaq istəyir,
Səyrək isə xanımını gərdəkdə qoyub
qardaşını xilas etməyə, bir növ ölümə
gedir. Yəni hər iki məqam həyatla ölüm
arasında qalmaq məqamıdır. İndi nəticə
çıxarmaq olar ki, Dəli Domrulun da, Səyrəyin də
öz xanımını təsvir etmək, tərifləmək
üçün bədii şərait var imiş, amma onlar bu
şəraitdən istifadə etmirlər.
Dirsə xanın
xanımının igidliyi dastanda belə təsvir olunur.
Dirsə xanın
xanımı Dirsə xana üz tutaraq deyir:
"Azğun dinlü
kafərə bən varayım,
Yaralanub Qazlıq
atımdan enməyincə,
Yenümlə alca
qanım silməyincə,
Qol-bud olup yer üstinə
düşməyincə,
Yalnuz oğul
yollarından dönmiyəyim"
Bəs Selcan xatun barədə
nə demək olar?
Onunla bağlı boyda
nəql olunur ki, Qanturalı evlənmək istəyir. Lakin ona
İç Oğuzdan və Dış Oğuzdan qız
tapılmır. Atası məcbur olub Trabzona gəlir və
Trabzon təkurunun gözəl-göyçək qızı
olduğundan xəbər tutur. Amma o qızı almağın
şərtləri Dış Oğuzdan qız almağın
şərtləri kimi çox ağırdır. Bunun
üçün quduz aslanı, qara buğanı və
buğranı məğlub etmək lazımdır. Bu da Selcan
xatunun sıradan bir ər deyil, igid bir ər axtardığına
işarədir. İstər İç Oğuz olsun, istərsə
də Dış Oğuz qadınlar igid ər
axtardığı kimi, ərlər də igid xatun
axtarışındadır. Çünki elin, obanın, ailənin
müdafiəsi məhz bundan keçir. Oğuz igidləri eldən
aralananda yurd-yuvanı - böyük anlamda Vətəni kimə
etibar edəcəklərini bilirlər. Beləliklə,
"Kitabi-Dədə Qorqud" eposu bütün dövrlər
üçün vətənpərvərliyi, milli mənlik
şüurunu tərənnüm edən xalq dastanı olaraq
qalır.
Şərq.- 2011.- 12 iyul.- S. 11.