Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
Regionların
davamlı inkişafı həm də turizmdən keçir
Son illərin iqtisadi
yüksəlişi regionların sosial-iqtisadi inkişafında
təsdiqini tapır. Azərbaycan Respublikası Prezidentinin
regionların sosial-iqtisadi inkişafına dair
imzaladığı iki Dövlət Proqramının
(2004-2008-ci illər və 2009-2012-ci illər) ümumən
ölkə üzrə icrası regionların simasını
tanınmaz dərəcədə dəyişib. Bu gün elə
bir bölgə, elə bir şəhər tapmaq olmaz ki, orada
yenidənqurma, tikinti-abadlıq işləri aparılmasın,
iqtisadiyyatın mühüm sahələri inkişaf etməmiş
qalsın.
Hər il dövlət
büdcəsindən regionların inkişafı
üçün lazımi miqdarda vəsait ayrılır. Sənaye,
kənd təsərrüfatı, təhsil, səhiyyə və
s. sahələrdə tərəqqi göz önündə olduğu
halda, təəssüf ki, turizm sektoru haqqında bunu demək
hələ ki, mümkün deyil. Elə buradaca bir zəruri
xatırlatma edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə 2011-ci il "Turizm ili" elan edilib. Belə bir sərəncamın
imzalanmasında məqsəd turizmi inkişaf etdirməklə
zəngin coğrafi landşafta malik ölkəmizin təbiət
abidələri və eləcə də xalqımızın qədim
mədəni-tarixi irsinin geniş miqyasda
tanıdılmasını təmin etməkdir.
Üstəlik
"Eurovision-2011"də Azərbaycanın möhtəşəm
qələbəsi bizə növbəti il bu mötəbər
yarışmaya ev sahibliyi hüququ qazandırıb. Deməli,
qarşıdakı il xeyli qonaqlarımız olacaq.
Belə bir vaxtda turizm
sektorundakı gerilik, sözün həqiqi mənasında
insanın qəlbini sıxır. Biz böyük bir
qarşılanma törəni ərəfəsindəyik.
Qonaqlara elə xidmət göstərməliyik ki, Şəhrəbanu
xanım demiş, öz obalarına qayıdanda deməsinlər
ki, Azərbaycan xalqı qonaq qəbul etməyi bacarmır. Hərçənd,
Azərbaycan qonaqpərvərliyi dillərdə dastandır,
bununla belə müasir dünyanın tələbləri
başqadır. Avropaya inteqrasiya yolunu tutmuş Azərbaycan
qonaqlarını da əsl Avropa keyfiyyəti ilə
qarşılayıb, yola salmalıdır.
Bunun ən optimal yolu
isə regionların sosial-iqtisadi inkişafı çərçivəsində
turizm sektorunu maksimum inkişaf etdirməyə nail olmaqdır. Əslində,
reigonların inkişafı turizmin inkişafı ilə
sıx əlaqəlidir. Çünki turizm dünyada gəlir
gətirən 5 mühüm sahədən biri, bəzən hətta
birincisi hesab olunur. Bizim əlimizə isə "Eurovision"
yarışmasına ev sahibliyi etmək kimi unikal bir şans
düşüb. Bundan istifadə edib ölkəmizi
tanıtmalıyıq. Bunun üçünsə ilk növbədə
turizm sektorunu inkişaf etdirməli və nəticə etibarilə
regionların inkişafını daha da sürətləndirərək
dövlət büdcəsinə vəsait axınına nail
olmalıyıq.
Qonaqlara
haraları, nələri
göstərək?
Azərbaycanın istənilən
bölgəsində əcnəbilərin diqqətini cəlb
edəcək və xalqımızı, qədim tariximizi,
dövlətçilik ənənələrimizi tanıdacaq
xeyli sayda maddi-mədəniyyət nümunələri var.
Paytaxtımız da
daxil olmaqla Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ,
Oğuz, İsmayıllı, Qax, Masallı, Lənkəran,
Lerik, Qazax, Gədəbəy, Mil, Muğan, Nuhun
çıxdığı yer - qədim Naxçıvan...
Yurdumuzun sadalamaqla bitməyəcək dilbər guşələrində
hansı tərəfə baxsaq, qədim tarixin izləri,
maddi-mədəniyyət nümunələri aydın
görünür. Azərbaycanın elə bölgələri
var ki, dünyanın heç bir yerində rast gəlinməyəcək
özünəməxsus xüsusiyyətləri bu gün də
qoruyub saxlayır. Bu sırada Qaxın İlisu kəndi,
İsmayıllının Basqalı, Lahıcı spesifik
xüsusiyyətləri ilə hər bir əcnəbini valeh edəcək
səviyyədədir. Azərbaycan bütövlükdə
başdan-ayağa canlı muzeydir.
Yəni, Azərbaycan
turizm üçün hədsiz yararlı ölkədir. Həm
özümüzün istifadəsi, həm də
başqasına göstərmək üçün nə desən
varımızdı. Gözəl təbiətimiz, qədim abidələr,
tarixiliklə müasirliyin vəhdəti, zəngin mətbəx,
qonaqpərvər camaat, bir sözlə, gəzməli-görməli
bir ölkə. Amma hələ ki, Azərbaycan bu təbii sərvətlərini
nə lazımınca təqdim edə, nə də ondan qazanc əldə
edə bilir. Biz hələ də qabaqcıl turizm ölkəsinə
çevrilməmişik. Niyə?
Turizm üzrə
mütəxəssislər bunun bir çox səbəblərini
açıqlayırlar.
İsmayıllı - gizli qalan İsveçrə
Əsrarəngiz təbiətə
malik İsmayıllını Azərbaycanın İsveçrəsi
adlandırırlar. Bunu bizə hazırda İsmayıllıda
5 "ulduzlu" mehmanxana tikintisi ilə məşğul olan
"İRE" müəssisəsinin rəhbəri Vüqar Ələkbərov
dedi. Özünün təbii gözəllikləri, iqlimi,
Qafqaz sıra dağları və meşələr
zolağı ilə İsmayıllının İsveçrədən
heç də geri qalmadığını söyləyən
V.Ələkbərov əlavə etdi ki, bizim bu gözəllikləri
dünyaya təqdim edə bilməməyimizin bir səbəbi
də regionlarda mehmanxana şəbəkəsinin
olmamasıdır. Bu istiqamətdə genişmiqyaslı tədbirlərin
həyata keçirilməsinə ehtiyac var:
- İsmayıllı
bu gün iqtisadi cəhətdən çox inkişaf edib. Yeni
tikililərin sayı artıb. Məktəblər, səhiyyə
obyektləri təmir olunur, yeniləri tikilir. İş yerləri
açılır. Abadlıq, quruculuq işləri sürətlə
aparılır. Tanrı İsmayıllıdan heç nəyi
əsirgəməyib. İsmayıllının havası can dərmanıdır.
Maddi-mədəniyyət abidələri haqqında isə əlavə
şərhə ehtiyac yoxdur. Basqal, Lahıc nəyə desən
dəyər. İsmayıllı turizm mərkəzinə
çevrilmək üçün möhkəm zəminə
malikdir. Qalır, bütün bunları dünyaya tanıtmaq və
bölgəyə turizm axınını təmin etmək. Məncə,
"Eurovision" musiqi yarışmasına ev sahibliyi etməyimiz
bunun üçün ən gözəl fürsətdir. Bir sual
qalır ki, qonaqları harada yerləşdirmək, onların
mədəni istirahətini necə təşkil etmək. Bu da
artıq konkret idarə və təşkilatların vəzifəsidir.
Mehmanxanalar çox, xidmət isə...
Azərbaycan Mehmanxana
Kompleksləri Assosiasiyasının vitse-prezidenti İsa Şərifov
isə bu fikirdədir ki, regionlarda turizm sektorunun
inkişafı üçün servis - xidmət lazımi səviyyədə
deyil, üstəlik kadr çatışmazlığı da
var.
- Bu gün həm
Bakıda, həm də regionlarda xeyli sayda otellər tikilir. Səfalı
bölgələrin demək olar ki, hamısında turizm mərkəzləri
fəaliyyət göstərir. Zahirən hər şey
yaxşıdır. Xaricdən gələn qonaq mehmanxananın
görünüşünə heyran qalıb içəri
daxil olur. Amma o, oradan hansı təəssüratla
çıxır, bunu demək çətindir. Turizmdə,
otelçilik biznesində əsas şərt xidmətin
yüksək səviyyəli təşkilidir. Nahar sifariş
edəni bir saat gözlətmək olmaz. Gözləyəcək,
amma sabah daha ora qayıtmayacaq. Gərək elə edəsən
ki, gələn, bir də gəlsin. Azərbaycanın turizm
sektorunu inkişaf etdirməsi üçün hər cür
imkanı var. Bizim gəzməli-görməli yerlərimiz,
milli mətbəximiz hamını heyran edir. Amma müasir
dünyada bunlar kifayət deyil. Gəzməli yerlər də
çoxdur, dadlı yeməkləri olan ölkələr də.
Biz yalnız qədim tarixi abidələrimizə, təmiz
havalı bölgələrə və mətbəxə umud
ola bilmərik. İnsanları cəlb etmək
üçün onlara diqqət göstərilməlidir. Bura gələn
qonaq hiss etməlidir ki, ona diqqət var, ona burada bir insan olaraq
dəyər verirlər.
İ.Şərifov kadr hazırlığının da
vacib olduğunu deyir:
- Bu gün
paytaxtdakı mehmanxanaların əksəriyyətinin rəhbərliyi
xarici ölkə vətəndaşlarıdır. Aralarında
Türkiyədən gələnlər də var, Çindən,
Koreyadan da. Deyək ki, Türkiyə bizə yaxındır,
qardaş ölkəyik. Çinli, koreyalı Azərbaycan mədəniyyətinin
nə demək olduğunu hardan biləcək? Onları Azərbaycanın
imici heç maraqlandırmır da. Azərbaycanda turizm inkişaf
edir, ya etmir, bunun onlara
nə dəxli?! Onlar öz bizneslərini düşünürlər. Ən əvvəl, turizm sektorunda milli kadrların hazırlığı
aparılmalıdır. Sabah turistləri hansısa
bölgəyə müşayiət
edən "gid" o
bölgə haqqında
ətraflı məlumata,
tarixi bilgilərə malik olmalıdır.
Mehmanxana
sektorunda çalışanlar
da çox zəif hazırlıq keçirlər. Onlar qonaqlarla
adi davranış qaydalarını da bilmir.
Hansısa bir
sahəni inkişaf etdirmək istəyiriksə,
ona kompleks yanaşmalıyıq. Otel
tikməklə iş bitmir, onu düzgün
işlətmək lazımdır.
Regionlara turist axını
İqtisadçılar isə belə hesab edir ki,
regionların inkişafı
istiqamətində turizm
sektoruna önəm verilirsə, ilk növbədə
qiymətlərdə endirim
edilməlidir. İqtisadçı-professor
Zahid Məmmədov:
- Hazırda
truzim obyektlərində
xidmət son dərəcə
bahalıdır. Onlar özlərinin
qiymət siyasətinə
yenidən baxmalıdırlar.
Üstəlik, müasir dövrün
tələblərini də
yaxşıca öyrənməlidirlər.
Əgər bu cür yüksək qiymətlərlə
fəaliyyətlərini davam
etdirsələr, gələcəkdə
turizm sektoru çox ağır duruma düşə bilər. Bu gün
bizim turizm obyektlərinin bir günlük qiyməti ilə qonşu ölkələrdə, o cümlədən
Gürcüstanda bir həftə dincəlmək
mümkündür. Onlar vergidən
yayınmaq haqqında
deyil, qiymətləri
aşağı salaraq
müştərilərinin sayını artırmaq haqqında düşünməlidirlər.
Bu obyektlər Azərbaycan təbiətinin
dilbər guşələrində
tikilib. Bundan ilk növbədə ölkəmizi tanıtmaq,
onun beynəlxalq imicini yüksəltmək
naminə istifadə edilməlidir. Turizm obyektləri
Azərbaycanın təbii
sərvətlərindən külli miqdarda paralar qazanır. Azərbaycanı tanıtmaq
üçünsə çox
az iş
görürlər.
"Regionların davamlı inkişafını təmin
etmək istəyiriksə..."
Azərbaycan
Regional İnkişaf Mərkəzinin
sədri, professor Çingiz
İsmayılov isə
bu fikirdədir ki, marketinq sistemindəki
boşluqlar xarici turistlərin ölkəmizə
cəlb edilməsini əngəlləyən səbəblərdəndir:
- Rəsmi
məlumata əsasən,
2010-cu ildə Azərbaycana
gələn xarici turistlərin sayı 1,85 mln. nəfər olub. Lakin turizm sektorunda əldə olunan gəlirlərin artmasına
gəldikdə isə
yay mövsümündə
respublikanın bəzi
turizm mərkəzlərində
apardığımız müşahidələr
göstərdi ki, onların bir çoxunda yüksək qiymətlərin olması
turist axınına əsas maneədir. Dünyada davam edən maliyyə-iqtisadi böhranı
aydındır ki, turizm sahəsinə də öz təsirini göstərir.
Belə şəraitdə turizm mərkəzləri arasında
rəqabət artır
və nəticədə
xidmət səviyyəsi
və daha əlverişli qiymətlər
təklifi ilə çıxış edən
mərkəzlər qalib
olaraq inkişaf edirlər. Bunun əksinə olaraq
rəqabətə davam
gətirməyən turizm
mərkəzləri tənəzzülə
uğrayırlar. Eyni zamanda
dünyanın bəzi
yerlərində baş
verən siyasi münaqişələr potensial
turistləri yeni istirahət yerləri arasında seçimetmə
məcburiyyətində qoyur.
Əlbəttə ki, belə şəraitdən düşünülmüş
şəkildə istifadə
edilməlidir. Xarici turistlərin
ölkəyə cəlb
edilməsində ən
vacib məsələlərdən
biri müvafiq marketinq sisteminin qurulmasıdır. Əfsuslar ki,
bu sahədə kifayət qədər boşluqlar mövcuddur.
Bir çox müsahibələrimdə
və çıxışlarımda
qeyd etmişəm ki, hələ ki ölkəmizə gələn turistlərə
gözəl təbiətimiz
və tarixi abidələrimizdən başqa
digər maraqlı və cəlbedici təkliflər verə bilmirik. Dolğun "turist paketi
təklifləri" hazırlanmasa,
bu sahənin gələcək inkişafı
ilə bağlı bizim ümidlərimiz doğrulmayacaq. Respublikanın hər bir bölgəsinin
unikal olduğunu nəzərə alaraq onların hər biri üçün fərqli "turist təkliflər paketi" hazırlanmalıdır. Məhz belə
təkliflərin olmaması,
eyni zamanda xidmət sahələrinin
aşağı səviyyəsi
və qiymətlərin
yüksək olması
bu sahədə problemlər yaradır.
Əgər biz regionların inkişafının
davamlılığını təmin etmək istəyiriksə, daimi gəlir sahəsi olan turizmin inkişafına
önəm verməliyik.
Əks halda nəinki xaricilər, elə özümüzünkülər də istirahət üçün qonşu Türkiyəni, Gürcüstanı,
daha uzaqları götürsək, Misiri, Dubayı seçəcəklər.
Məlahət Rzayeva
Şərq.- 2011.- 13 iyul.- S. 7.