Cəfər Cabbarlının yaradıcılığı örnəkdi

 

  Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi

 

  Azərbaycan milli şüurunun inkişafında, ədəbiyyatımızda vətənpərvərlik mövzusunun möhkəmlənməsində görkəmli dramaturq Cəfər Cabbarlının rolu əvəzsizdir. XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub.

   Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamağa başlayır. Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. Balaca Cəfər ara-sıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü.

   Yazıçının anası Şahbikə xanım namuslu və çalışqan bir qadın idi. Onun dörd oğlu vardı. Kiçiyi Cəfər idi. Əri Qafar kişi 1902-ci ildə vəfat etdikdən sonra ailənin bütün ağırlığı onun üzərinə düşdü.

   Cəfər Cabbarlı kiçik yaşlarında Quran oxumağı məhəllə mollasından öyrənmişdi. Sonrakı təhsili rus dilində olur.

 

   "Məktəb"dən "Həqiqəti-Əfkar"a

  

   Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Cəfər Cabbarlının adı görkəmli klassiklərimizlə bir sırada çəkilir. 

   XX əsrin ikinci onilliyində yaradıcılığa başlayan Cəfər Cabbarlı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr növlərindən bacarıqla istifadə edir, istedadını sınayır. Cəsarətlə demək olar ki, müasir Azərbaycan ədəbi dilinin formalaşmasında onun müstəsna xidməti var.

   Hələ ibtidai məktəbdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cabbarlıda ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də yazmağa başlayır.

   Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da var. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunan "Bahar" şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C.Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.  

   1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alıb.

   Cəfər Cabbarlı 1920-ci ildə Bakı Politexnik Məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. O, burada oxuyur, lakin bu sənət onu maraqlandırmadığından ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.

   Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O hətta ilk əsərlərində də böyük maarifçi-yazıçılarımızın, realistlərimizin yolu ilə getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər əsəri müəyyən daxili həyəcanın, düşüncənin nəticəsi kimi meydana çıxırdı.

  

   Yaradıcılığının ilk dövrü

  

   Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçib. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən yüksəliş və tərəqqi yolu olub.  

   Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq yaradıcılığına əsaslanan Cabbarlı başlıca olaraq Mirzə Fətəli Axundov realizmindən qidalanırdı. Mirzə Fətəli Axundovun maarifçi-demokratik fikirlərini, həyatla dərindən bağlı olan realizmini Cabbarlı Azərbaycan ədəbiyyatı üçün, xüsusən özü üçün ən düzgün bir yaradıcılıq yolu hesab edirdi.

   1915-ci ildə "Qurtuluş" jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının "Qürub çağı bir yetim" şeiri bəyənilir və o, birincilik qazanaraq Sabirin "Hophopnamə"si və "Qurtuluş" jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı.

   Gənc Cabbarlı hələ uşaq yaşlarından cəmiyyət hadisələrini müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışırdı. O, düşündüklərini "Boranlı qış gecəsi" ("Qurtuluş" jurnalı, 1915), "Bayram saxlayanlara", "Dilənçi" ("Bəsirət" qəzeti, 8 iyul 1917) və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" ("Bəsirət" qəzeti, 25 fevral 1917) kimi şeirlərində əks etdirib.

   Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satira ədibin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynayıb. Onun ilk satirik şeirlərində həm mövzu, həm də forma cəhətdən Sabir ruhu duyulmaqdadır. XX əsrin əvvəllərində Azərbaycanda yetişən realist satirik şairlərin hamısı bu və ya başqa şəkildə Sabir satirasının qüvvətli təsirini hiss ediblər. Gənc Cabbarlı da ilk satirik şeirlərini bu böyük satirikin təsiri altında yazıb. 

   Sabirdən öyrənmək, onun demokratik fikirlərindən mütəəssir olmaq, satirik üsullarından istifadə etmək Cabbarlının müsbət cəhətidir. Sabir yaradıcılığı onun üçün ilk realizm məktəbi, vətəndaş poeziyası məktəbi, cəmiyyətə, xalqa xidmət məktəbi idi.

   Cabbarlı öz satirik şeirlərini sadə, aydın yazmağa, fikrini real və canlı ifadə etməyə çalışarkən çox vaxt Sabirə müraciət edir və ondan bacarıqla istifadə etməyə müvəffəq olur. Onun "Qızıma" adlı satirasında ("Babayi-Əmir", 1915, ¹19) qızlarını cəhalətdə saxlayan köhnə fikirli atalar tənqid ediliblər. Maraqlıdır ki, Cəfər Cabbarlının "Qızıma" satirası Oksford Universiteti tərəfindən çap olunmuş dərsliyə daxil edilib.

   Zahirən yüngül və bir qədər də "məzəli" görünən bu satirik şeirlərdə Cabbarlının qəzəbli səsi aydınca eşidilirdi. Onun ilk satirik şeirlərində qadın azadlığı mövzusuna xüsusi yer verilib.

   "Hürriyyəti-nisvançılara protesto", "Arvadlar deyirlər", "Kişilər deyirlər", "Qızlardan kişilərə protesto" və başqa şeirlərində şair vaxtilə dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

   İlk şeir, hekayə və dramlarını Cabbarlı 1915-1916-cı illərdə yazıb. İlk hekayələrindən olan "Aslan və Fərhad"ın üzərində 15 iyul 1916-cı il tarixi var. "Mənsur və Sitarə" hekayəsinin əlyazma nüsxəsi və həmçinin "Sitarə" adlı operanın əlyazma nüsxəsində tarix yoxdur. Lakin əlyazmaların xəttindən, əsərlərin üslubundan asanlıqla təyin etmək olar ki, bunlar da 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılıb.

   Cabbarlının ilk satirik və lirik şeirləri ilə bir zamanda yazılan bu əsərlərin mövzusu da demək olar ki, bir-birinə çox yaxındır. Müəllif bu əsərlərində də cəmiyyətdəki ədalətsizlikdən bəhs edir. Gördüyü zülmə və haqsızlıqlara soyuqqanlı baxa bilməyən gənc yazıçı öz həyəcanını, qəzəb və nifrətini ifadə etməyə çalışır. 

   C.Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazıb və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınıb. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaradıb, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərib.

   Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə zənginləşdirib.

  

   "Ulduz" və "Bakı müharibəsi"

  

   1920-ci illər Cəfər Cabbarlı dramaturgiyası üçün dərin sarsıntılar, iztirablı axtarışlar, varlığa estetik münasibətdəki eniş-yoxuşlar mərhələsi idi. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə (1918-1920) bir çox yazıçılar kimi, gənc Cabbarlının da dərindən çulğalamış milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə yazılmış "Ulduz və ya Trablis müharibəsi" (1917), "Ədirnə fəthi" (1917) pyesləri tənqid tərəfindən "ziyanlı sənət", "zərərli təmayül" kimi qarşılanmışdı. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülüb. Obraz və mövzu yaxınlığını nəzərə alaraq "Ədirnə fəthi" pyesini "Ulduz və ya Trablis müharibəsi" pyesinin davamı hesab etmək olar. Bu əsərlər türk məişətini, türk qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar tənqid tərəfindən "pantürkist", "panislamist" təmayüllü əsərlər kimi qarşılanıb, az sonra tamamilə səhnədən çıxarılıb. "Ulduz və ya Trablis müharibəsi" və "Ədirnə fəthi" əsərlərinin mövzusu qardaş Türkiyə türklərinin mübarizə dolu tarixinin yaxın keçmişindən (1911-1913-cü illər) götürülüb.

   "Ulduz" (1917) və "Ədirnə fəthi" (1917) əsərlərini müəllif ömrünün gənclik çağında (18 yaşında), yaradıcılığının ilkin mərhələsində yazmışdır. C.Cabbarlı Bakı Politexnik məktəbinin tələbəsi olmasına baxmayaraq, Türkiyə tarixinin Balkan müharibəsi (1911-1913) dövrünü mətbuat məlumatları əsasında diqqətlə izləyib, bəhrələndiyi tarixi faktlara yaradıcı münasibət bəsləyərək, problemlərin və xarakterlərin ziddiyyətli məqamlarını üz-üzə qoyaraq oxucuları və tamaşaçıları təsir altına, gərgin həyəcanlı anlara sala biləcək, bu gün də Azərbaycanda mövcud olan ictimai vəziyyətlə bağlı əlahiddə aktuallıq kəsb edən dəyərli səhnə əsərləri yaradıb.

   "Ulduz"da hadisələr İtaliya-Türkiyə müharibəsi fonunda cərəyan edir. "Ədirnə fəthi" faciəsini gənc Cabbarlı 1917-ci il oktyabrın 17-də bitirib, əsər elə həmin il, dekabrın 15-də tamaşaya qoyulub. Pyesin əsas məzmunu Balkan müharibələri dövründə təslimçi, riyakar mövqe tutmuş hakim dairələrə qarşı türk xalqının qəzəbi, itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadəti təşkil edir.

   Yazıçının "Bakı müharibəsi" əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaklarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulub. Lakin çox təəssüf ki, əsər bu günə kimi tapılmayıb.

     

 

  Şərq.- 2011.- 16 iyul.- S. 11.