Uşaq qatilləri...

  Ermənilərin növbəti vandalizm hərəkətləri ölkəni sarsıdıb

 

  Uşaq qatilləri - ermənilər növbəti dəfə öz xislətlərini nümayiş etdirdilər. Oyuncağın içinə partlayıcı qurğu yerləşdirib çayla axıtmaqla nəinki böyüklərin, hətta cocuqların da qanına susadıqlarını bir daha təsdiqlədilər.  

   9 yaşlı Farizin qanı hələ qurumamışdı. Farizdən əvvəl də ermənilər cinayətkar əməllərini eyni ilə təkrarlamışdı və iki azyaşlı uşaq faciəli şəkildə həlak olmuşdu.

   Ermənilərin çirkin niyyətləri, sülhə, barışığa deyil, müharibəyə, qana tərəfdar olduqları artıq heç kəsdə şübhə doğurmur. Sadəcə, ermənipərəst Qərb dövlətləri özünü görməzliyə vurur, bu müdhiş olayları sülh prosesini pozmağa çalışan qüvvələrin adına bağlamağa cəhd edirlər. Həqiqət isə aşkardır. Erməni vəhşiliyinin əlavə sübuta ehtiyacı yoxdur.

   Qeyd edək ki, Azərbaycan - türk uşaqlarına yönəlmiş bu cinayətkar əməl ictimaiyyətdə kəskin qəzəb və nifrət oyadıb. Bu arada Milli Məclisin üzvü, Tovuz rayonundan millət vəkili seçilmiş Qənirə Paşayeva 13 yaşlı şəhid balamızın faciəsini beynəlxalq aləmə duyuracağını bildirib. Millət vəkili KİV-ə açıqlamasında ermənilərin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində çay vasitəsilə partlayıcı oyuncaq axıtması nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızının həlak olması və anası 32 yaşlı Şahmalıyeva Elnarə Məmmədtağı qızının ağır yaralanması ilə nəticələn hadisənin Avropa Şurası Parlament Assambleyası daxil olmaqla, bütün beynəlxalq təşkilatların qarşısında qaldırılacağını deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycanın rəsmi qurumları ilə yanaşı, diaspor və qeyri-hökumət təşkilatları da bu vandalizm aktını beynəlxalq ictimaiyyətin diqqətinə geniş şəkildə çatdırmalıdırlar.

  

   Ermənilərin insanlıq əleyhinə vandalizmi

  

   Millət vəkilinin sözlərinə görə, bu, Ermənistanın azyaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı deyil. Bir neçə il əvvəl də həmin ərazidə baş vermiş analoji hadisə zamanı - Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olub, biri isə yaralanıb: "Bundan əlavə, bu il mart ayının 8-də Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarındakı mövqelərindən Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetirib. Budəfəki hadisə isə Ermənistanın günahsız körpələrin, azyaşlı uşaqların qətlə yetirilməsinə yönələn yeni məqsədyönlü siyasət aparmasının bariz nümunəsidir".

   Q.Paşayeva ATƏT-in Minsk qrupu həmsədrləri başda olmaqla, beynəlxalq təşkilatların Ermənistanın törətdiyi bu cür vandalizm aktlarına laqeyd münasibət göstərməsinin nəticəsi olaraq, Ermənistan bütün dünyanın gözü qarşısında bu cür insanlıq əleyhinə vandalizm aktlarını törətməkdə davam etdiyini bildirib. Millət vəkili vurğulayıb ki, münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrləri, habelə beynəlxalq təşkilatlar bu hadisəni kəskin pisləməli, bu hadisənin törədilməsində təqsirli olanların cəzalandırılmasını tələb etməli, bu kimi vandalizm aktların yenidən təkrarlanmasının qarşısını almaq məqsədilə rəsmi İrəvana qarşı ciddi təsir və təzyiq mexanizmlərini tətbiq etməlidirlər: "Əks halda, bütün bunlar onsuz da gərgin olan vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq. Bu zaman yarana biləcək vəziyyətə görə məsuliyyət ATƏT-in Minsk qrupu həmsədrləri və digər beynəlxalq təşkilatların üzərinə düşəcək".

  

   İstintaq qrupu yaradılıb

  

   Ermənistan xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində həlak olan 13 yaşlı Aygün Şahmalıyevanın ölümü ilə bağlı xüsusi istintaq qrupu yaradılıb. Artıq əməliyyat qrupu hadisə rayonu olan Tovuzun Əlibəyli kəndindədir. Həlak olan qızın anası Elnarə Şahmalıyeva isə ayaq nahiyəsindən xəsarət alaraq bütün gecəni həkim nəzarətində olub.

   ANS-in çəkiliş qrupu da hadisə yerinə yollanıb. Partlayıcı qurğu erməni xüsusi xidmət orqanlarının Tovuz çayı vasitəsilə Azərbaycan ərazisinə buraxdığı itəbənzər oyuncağın içərisinə quraşdırılıb. Aygünlə çay kənarına gedən hadisənin şahidi olan Elsevər Cəfərovun dediklərindən belə qənaətə gəlmək olar. 

   "Çayda çimib evə qayıdanda suyun kənarında itəbənzər oyuncağı ayağımla vurub kənara tulladım. Sonra onu Aygün götürdü, ona oyuncağı atmasını dedim. Lakin yanımızda olan balaca uşaq ağladı oyuncağı istədi. Aygün yenidən o oyuncağı götürdü evə gətirib stolun üstünə qoydu. Elə həmin anda itə bənzər oyuncaq partladı".

   Ev yiyəsi Həsən Cəfərov isə evindən gələn partlayış səsini küçədə olarkən eşidib: "Onlar Sankt-Peterburqda yaşayırlar, bu gün bizə qonaq gəliblər. Hadisə zamanı yemək yeyirdik, mən mağazaya gedib su aldım. Yenicə içirdim ki, birdən partlayış səsi gəldi. Gəlib gördüm uşaq yaralanıb, xəstəxanaya aparıblar. Ondan sonra heç bilmədim".

   Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilən Elnarə Şahmalıyevanın vəziyyətini isə növbətçi həkim Ramiz Məmmədov orta ağır kimi qiymətləndirir: "Vəziyyəti qismən kafidir. Suallara aydın cavab verir, sağ bud hissəsinin odlu silahdan ya hansısa partlayışdan əmələ gələn yarasıdır. Hazırda xəstə yatır, ona sakitləşdirici iynələr vurulub, inşallah yəqin ki, sabah təmas qurmaq mümkün olacaq".

   Xəstəxanada yaralının yaxınlarından verilən məlumata görə, Şahmalıyevlər ailəsi Rusiyada yaşayır Tovuza qonaq gəliblər. Ailənin başçısı Zirəddin Şahmalıyev isə 2 gün əvvəl Tovuz rayonundan Rusiyanın Sankt-Peterburq şəhərinə qayıdıb.

   Faktla bağlı artıq həm Tovuz rayon Prokurorluğunda, həm Respublika Prokurorluğunda cinayət işi açılıb.

   Qeyd edək ki, məlum hadisə ötən gün Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş verib. Partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

   Məlumata görə, partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A.Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.

  

 

  Məlahət Rzayeva

 

  Şərq.- 2011.- 16 iyul.- S. 5.