Azərbaycana
sadiq qəhrəman...
Onun
yaşadığı ömür gələcək nəsillərə
ən qiymətli hədiyyədir
Qarabağ haqqında
düşünmək də, yazmaq da üzünü Allaha
tutub ağlamaq kimidir. Necə ki, Asif (Fred) Məhərrəmov
əsgərləri, döyüşçü dostları
şəhid olanda ağlayardı. Onun ağlayışı
adi deyildi. Sanki dünyadan, erməni vəşhiliklərindən
kainat sahibinə şikayət idi. (Fred) Asif
düşünürdü ki, torpaqların və mənliyin
azadlığı, müdafiəsi yolunda şəhid, qurban
olmaqdan, ölməkdən qorxanlara ölüm və həqiqət
daha çox yaxınlaşır. O, millətini ağlar,
Qarabağı xar görmək istəmirdi. Bilirdi ki, bu hal
sonralar göz dağına çevrilə bilər.
Yalanın, şərin,
şeytan bağırtılarının erməni təcavüzkarlığı
fonunda qulaqları deşdiyi döyüş durumlarında
(Fred) Asif gələcəyi görürmüş kimi qəhrəmanlıq
ruhu ilə hayqırırdı. O, xalqımızın
arzularının, ümidlərinin şeytanlaşmış
qatillərinə müqavimət göstərməyə
çağırırdı. O, vicdanları, igidliyi, iradələri,
haqq sevərliyi səfərbər edib qorxunun üzərinə
yeriməyə səsləyirdi. O, sözünün müharibəsi
ilə müharibəyə təsir göstərirdi. Onun pak
sözlərinin mahiyyəti ümumxalq diləyinin ortaq fikrini
ifadə edirdi. Onun döyüş səhnəsində
yuxusuzluqdan və düşmənə nifrətdən
qızarmış gözlərində də, yorğunluq
yağan çöhrəsində də, qəzəbli
sözlərində də təzahür edən böyük
vicdanı idi. Hər şey qanunsuz qanunauyğunluğa tabedir.
Asif (Fred) Məhərrəmov sanki öz vicdanında
xalqımızın vicdan səsini ümumiləşdirmişdir.
Bəli, "bir şeyin vacibliyi onun
mümkünlüyünün də sübutudur". Və
(Fred) Asif bu həqiqəti öz şəxsində göstərdi.
Nəinki göstərdi, həm də vətənin qəlbində
məskən saldı. Onun Qarabağsızlıq dərdi onu
şəhidlik zirvəsinə ucaltdı. Asif xəstəlikdən
dünyasını dəyişmədi. (Fred) Asif illərdən
bəri çəkdiyi vətən həsrəti, ədalətsizlik
və doğma yurdunun düşmən tapdağında
qalmasına dözmədi. (Fred) Asif Məhərrəmov
Qarabağ müharibəsində soyuqdan, güllədən
qorxmadı. Onun qorxduğu torpaq itkisi idi. Ona görə də
o əqidəsinə sadiq qaldı, dözmədi vətənsizliyə.
(Fred) Asif Allaha, Azərbaycana sadiq qalan kimi - onun
yaşadığı örnək ömür də, göstərdiyi
qəhrəmanlıq da gələcək nəsillərə ən
bahalı və qiymətli saxlanc kimidir. İnsan nə qədər
səmimi olursa, o qədər də böyük insan olur. Mənə
elə gəlir ki, əvvəl-axır, nə vaxtsa bu gözəl
Azərbaycan övladı haqqında elə bir film çəkiləcək
ki, bu film nəinki Azərbaycanda, eləcə də
bütün dünyada seviləcəkdir. Çiçəyin
qəhrəmanlığı toxumlarını yaradıb
Günəş qarşısında çürüməsidirsə,
insanın qəhrəmanlığı da öz adını -
namını gələcək nəsillərə örnəyə
çevirərək ölməzliyə
qovuşmasındadır. Asif Məhərrəmov Azərbaycan
uğrunda qəhrəman kimi həlak olmaq üçün
doğulmuşdu.
Bu qeyrətli
vətən oğlunun bioqrafiyasının kiçik bir hissəsinə
nəzər salaq.
Məhərrəmov
Asif Yusif oğlu 26 iyul 1952-ci ildə Ağdam şəhərində
anadan olmuşdur. 1969-cu ildə Ağdam şəhər 1 saylı
orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma
Zavodunda fəhlə kimi əmək fəaliyyətinə
başlamışdır. Ağdam könüllü
özünümüdafiə taboru yaradır və
torpaqlarımızın müdafiəsində yaxından
iştirak edir. O, 1992-ci ilin 7
martında 859 saylı hərbi minaaxtaranlar hissəsinin
komandiri təyin edilir. 1992-ci ildə məhz
Asifin rəhbərliyi ilə Aranzəmin, Pircamal, Dəhraz kəndləri
düşməndən azad edilir. Həmin
ilin mart ayının 20-də Füzuli şəhərini
öz batalyonunun köməyi ilə düşməndən
qoruyur. Naxçıvanik uğrunda gedən
döyüşdə ağır yaralanan Asif, müalicə
olunduqdan sonra, yenidən cəbhəyə qayıdır.
1993-cü ildə Şelli uğrunda gedən döyüşdə
iştirak edir, səhhəti
ağırlaşdığından, hərbi hissəni təhvil
verir və müalicə məqsədi ilə Yalta şəhərinə
gedir, 1994-cü il 1 iyulda Yalta şəhərində
vəfat edir.
Ailəli idi. Bir oğlu yadigar
qalıb.
Azərbaycan
Respublikası Prezidentinin 7 dekabr 1992-ci il
tarixli 350 saylı Fərmanı ilə Məhərrəmov
Asif Yusif oğlu "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adına layiq görülüb.
Ulu öndər
Heydər Əliyevin xüsusi tapşırığı ilə
Asif Məhərrəmovun cənazəsi vətənə gətirilərək
Bakı şəhəri 2-ci Şəhidlər Xiyabanında dəfn
edilib. Bakı şəhərində adına
küçə var. Haqqında bir neçə kitab
yazılıb.
Onun
başı düşmənə deyil, vətənə əyildi.
Ona görə
də Vətən torpağı cismini, göylər isə
ruhunu əzizləyir.
Asifə həsr
olunmuş çoxlu sayda maraqlı materiallar var. Amma
tanınmış yazıçı və publisist Mustafa
Çəmənli Azərbaycanın Milli Qəhrəmanı
haqqında "Fred Asif" kitabını yazıb. Mustafa Çəmənlinin böyük məhəbbətlə,
ürəyinin qanı ilə yazdığı bu son dərəcə
əhəmiyyətli kitab bütün ağdamlıların və
müharibədən sonra artıq bütün Azərbaycanın
Fred Asif kimi tanıdığı Milli Qəhrəmanımıza
müəllifin ucaltdığı ən gözəl, əbədi
və ədəbi abidədir.
A.Məhərrəmovun
silahdaşı, polkovnik-leytenant Soltan Bəndəliyev Milli Qəhrəmanla
bağlı xatirələrini belə bölüşüb:
"O, qorxmaz döyüşçü, coşğun vətənpərvər
idi. Asif xəstəxanada yatanda ona təsəlli
verib deyirdilər ki, hər şey sülhlə bitəcək,
Ağdamı da, qalan torpaqlarımızı da geri qaytaracaqlar.
Onda Fred Asif cavab verdi ki, Ağdam
döyüşlə alınmasa, mən heç vaxt ora
qayıtmayacağam! Bu cavab Asifin nə qədər
məğrur, mərd olduğunu bir daha sübut edir".
Milli qəhrəmanın
döyüşçü dostları A.Məhərrəmov
kimi şəxsiyyətlərin xatirəsinin hər zaman
xalqımızın qəlbində yaşayacağına,
yaxın gələcəkdə düşmən
tapdağı altında olan torpaqlarımızın
işğaldan azad olacağına inanırlar.
Hər millətin
ruhu var və millət yaşadıqca o ruh da var olur. Bir vücuddan o birinə keçib yaşayır.
Azərbaycanın vətənpərvər
övladı Fred Asif də bizimkidir və vücuduna
sığmayan ruhunu da, onu daim için-için göynədən,
yeyən, tükədən ağrısını da gedərkən
aramızda kiməsə verib gedib. İndi
bu gün o ruh da, o ağrı da bizimlədir.
Milli qəhrəmanımızı
tanıyan insanlar onun haqqında inanılmaz faktlar da söyləyiblər.
Hətta şəhidlik zirvəzinə
qovuşmadan öncə, gənclik illərində Asif qəribə
hadisələrlə qarşılaşıb.
İstər haqqında
yazılan kitablarda, istərsə də videoçəkilişlərdə
hələ fiziki sağlığında böyük qardaşımız
Asif özü deyirdi ki, ermənilərin
açdığı "qrat-krisstal" atəşlərinin
nəticəsində yayılan qəlpələr
yanımdakılara dəyib, onları yaralayır, bəzilərini
yerindəcə həlak edirdi. Amma
çoxsaylı döyüşlərdə o qəlpələr,
nədənsə, mənə dəymirdi. Sanki
hansısa bir qüvvə ətrafıma gözəgörünməz
və keçilməz zireh çəkmişi.
Bu hadisənin
izahını tam vermək məntiq xaricində olsa da,
aydındır ki, Asifi Gizli Bir Əl qoruyurmuş...
Bir gün
Asifgil dağa çıxıb yüksəkliyi götürməli
idi. Həmişə öndə gedən
komandir Asif təngnəfəs olur və əynindəki
ağır qara paltonu çıxarıb atır. Onun arxasınca gedən cəsur və sadiq dostu Adil
Kəngərli isə dərhal paltonu götürüb geyinir.
Döyüşçülər arasında
yeganə qara paltolu olan Fred Asif erməni snayperinin hədəfində
imiş. Atəş açılır,
Fred Asifin əvəzinə Kəngərli Adil vurulur. Sual
doğur: Asifə təngnəfəslik səbəbi ilə
paltosunu çıxarıb atdıran hansı Qüvvədir? Bunun cavabını istəkli oxucuların
anlayış səviyyəsinə buraxaq.
Fred Asifi 42 yaşında
1994-cü il yayın göydən od
yağan istisində II Şəhidlər Xiyabanında məzara
endirilən anda səmada qəflətən ağ göyərçinlər
peyda olur. Çoxsaylı insanların göyə
zillənmiş baxışlarının hüznlü heyrəti
ilə məzar üzərində həmin göyərçinlər
dəfələrlə dövrə vurub, gözdən itirlər.
Xristian aləmindəki
"Əzizlərin bilgisindən" və islam
dünyasının övliyalarının həyat hadisələrindən
məlumdur ki, belə qeyri-adi olaylar Allah dostlarının məzara
enən anlarında baş verən hadisələr
sırasındadır.
Müharibədən
əvvəl Asif Ağdamda bir yerə gəlib görür ki,
kökü 1, budaqları 2 olan tut ağacının
arasına bir kubik daşını pərçim ediblər.
Həmin kubik daşı illərcə
ağacı elə bölüb ki, hər 2 budaq yöndəmsiz
halda yerə yaxın sallanırmış. Asif qayıdıb lazımi alət və
qayışlar götürərək yenidən ağacın
yanına gəlir. Saatlarla ehtiyatla əlindəki
alətlə kubiki oya-oya xırda hissələrə bölərək
ağacın içindən çıxarıb, yaranan
boşluğa palçıq tökür. Sonra
yerə dirək basdırıb hər iki budağı
qalın qayışla dirəyə bağlayaraq, tut
ağacını yuxarı qaldırır. Aylar, illər keçdikcə Asif ağaca baş
çəkir, böyüməsinə xüsusi qayğı
göstərir. Təbii ki, illər
keçdikcə ağacın əlavə budaqları da
artıb, şaxələnir və tut ağacı öz
çətirində böyük kölgəlik yaradır.
Asif də kölgəliyə görə
ağacın altında oturacaq düzəldir.
İsti yay
günlərinin birində Asifin yolu həmin ağacın
yanından düşür. Oturacaqda dincini alan bu həssas qəlbli insan qeyri-adi hadisənin
şahidi olur. Nəinki küləyin, hətta
mehin də olmadığı anda tut ağacının bir
budağı Asifin üzərinə əsintilər gətirir.
Burda zaman və
məkanüstü fövqəladəlik ondadır ki,
ağacın məhz bir budağı meh gətirir, başqa
budaqların isə heç yarpaqları da tərpənmir.
Bu qeyri-adiliyə Asif özü dəfələrlə
şahid olur. Sonralar isə bu hadisəyə
Asifin 100-ə qədər dost-tanışları şahidlik
edib heyrətlənirlər.
İndi Azərbaycanın
Avrokuboklarda keçirdiyi futbol matçlarında qürur hissi
ilə adını çəkdiyi Ağdamın
"Qarabağ" klubu ilə bağlı da Asifin xatirələri
var. Müharibə zamanı "Qarabağ" "ev"
oyunlarının çoxunu güllə-boran altında
keçirməli olub. Hələ SSRİ
çempionatları dövründə buna görə xeyli
oyunu baş tutmamışdı. Təkcə
1991-ci ildə 12 komanda Ağdama gəlməkdən boyun
qaçırmışdı. Əlbəttə,
rəqiblərə texniki məğlubiyyət verilirdi, amma həm
də ağdamlı azarkeş futbolsuz qalırdı. Milli çempionat oyunlarında
"Qarabağ"ın futbolçuları ölüm təhlükəsiylə
üz-üzə qalaraq, meydana çıxırdı. Az qala hər qarşılaşma zamanı
stadionun yaxınlığına "Qrad"
düşürmüş. Dəfələrlə
oyunlar yarımçıq qalmaq təhlükəsiylə
üzləşirmiş, buna baxmayaraq "Qarabağ" rəqibləri
birtəhər yola gətirirmiş ki, görüş başa
çatsın. Komandanın keçmiş futbolçusu
Yaşar Hüseynovun yaddaşında ilişib qalan epizod:
"Səhv eləmirəmsə,
"İnşaatçı" (Bakı) ilə
oynayırdıq. Birinci hissə
qurtarmışdı, 1:0 udurduq. Ağasəlim
müəllim uşaqlara təlimat verirdi. Birdən
onun lap yaxınlığında bomba partladı.
"İnşaatçı"nın
futbolçuları qorxuya düşdü, dedilər ki, daha
oynamırıq, qoy oyun 1:0 da qurtarsın. Ürək-dirək
verdik, başa saldıq ki, hər oyunumuz belə keçir.
Oynadılar, amma oyun qurtaran kimi heç duşa
da girmədən birbaşa avtobusa minib Ağdamdan
çıxdılar". Futbolçular
döyüşməyə hazır idi. Hətta
bir dəfə son vaxtlar batalyonuyla stadionun bazasında məskunlaşan
Milli Qəhrəman Asif Məhərrəmova müraciət eləyiblər
ki, döyüşçülərə qoşulsunlar.
Fred Asif razı olmamışdı: "Bilsəm ki, 18
futbolçuyla müharibəni udacağıq, hamınızı
apararıq. İndi siz bizə səngərdən
çox, meydançada lazımsız" deyə Asif cavab
verib.
Şərq.- 2011.- 20 iyul.- S. 11.