Milli qəhrəmanlarımız
Ramiz Qəmbərovun
batalyonunda olan təqribən 120 əsgərdən 80-i
döyüş meydanında həlak oldu
Vətənpərvərlik
əsrlər boyu insanların qəlbində yaşayan və
insanları yaşadan ən dərin duyğulardan biridir. Öz vətənini,
dövlətini, azadlığını sevən bir xalqın
ruhunu heç bir qüvvə məhv edə bilməz. Bu yolda
fəda olanların yerini tarix boyu onların şanlı yolunu
davam etdirəcək yeni-yeni qüvvələr tutur.
Çünki əsl vətənpərvər vətəndaş
vətəninin dərd-sərinə biganə qala bilməz.
Əslində öz vətənini
sevmək - bəşəri ideyaların gerçəkləşməsini
arzu etməklə, bu amal uğrunda əlindən gələni,
bacardığını etməkdir. Eşqi qorxusundan
böyük olana aşiq, qorxusu eşqindən böyük
olana qorxaq deyilir. Bu mənada vətənpərvər, vətəni
canından tərəddüsüz üstün tutandır.
İstər döyüşdə olsun, istər başqa sahələrdə,
təki sabit niyyət və əməl olsun!
Torpağını
sevmək yalnız vətənpərvərliklə və digər
mənəvi duyğularla əlaqəli məsələ deyil.
Hər şeyin əslinə çəkməsi
qanunauyğunluğu mövcuddur. İnsan bədəni-cismi
torpaq əsilli olduğuna görə, torpaq cismi-bədəni
çəkdiyi kimi, bədən də torpağa meyllidir. Bu
torpaqla insan arasında fiziki ömürlük sürən
cazibədir. Torpaq ona görə müqəddəs anadır
ki, insan-xalq məhz onun qucağında, üstündə həyatını
davam və inkişaf etdirir. İnsan üçün ən əzizlərdən
biri həyatdır, çünki ona bircə dəfə
verilir. Amma Vətən necə müqəddəsdirsə,
insanlar həmişə vətən uğrunda onlara bircə dəfə
verilən canlarını, həyatlarını onun naminə
könüllü fəda etməklə fəxr edirlər.
Torpaq insanın-xalqın əbədi rahatlıq, dinclik yeridir.
O, tərlə, göz yaşı ilə və qanla
suvarılır. Torpağı öpürlər və onun bir
çimdiyinə and içmək-Vətənə and
içmək kimi sayılır. Torpaq həm də dövlətin
əsas atributlarının önündə gəlir. Yəni,
Dövlət torpaq üzərində öz
varlığını bəyan edir.
Biz dövlət
müstəqilliyimizi dünyaya tanıtmışıq, amma
torpaq problemimiz məlumdur. Azərbaycanın Ermənistandan hərbi,
iqtisadi və sair silsilə üstünlüklərini sadalamaq
istəmirəm. Sadəcə bir fakt deyim. Təbii ki, gənclik
niyyəti, əməli ilə yaşayır.
Statistika göstərir
ki, Azərbaycan gəncliyi, cavan nəsli Ermənistandakı
uyğun nəsli qat-qat üstələyir. Bu potensial
üstünlüyümüzün nikbin göstəricisidir
ki, özünü gerçəkləşdirəcək.
Çünki Vətənə sevgi Azərbaycan gəncliyinə
qahrəmanlıq ruhu aşılayıb.
Vətən! Ana bətnindəykən
insanın varlığına məkan olan Vətən!
Sən insana Allahdan verilən haqsan! Səni
atmaq- satmaq, itirmək-batırmaq cahillik olar. Səni atanlar, satanlar haqsız qalar.
Bu dünyanın ən
böyük cəzasıdır Vətənsizlik, Yurdsuzluq!
Ona görə
də sənin uğrunda ölmək və öldürmək
şərəf işidir. Təbii ki, Vətən
onun üstündə yaşayan xalqın mənliyi - ləyaqəti
deməkdir. Vətəndaş (əsgərlər)
isə bu mənliyin keşikçisi, sipəridir.
Vətən
işğaldadırsa millət vətən
duyğularını önə çəkməli, Vətən
sevgisini düşmənə nifrətə çevrilməlidir.
Düşmənə
nifrət müqəddəs hissdir. Millət,
xalq uğrunda mübarizə apardığı işə məhəbbət,
əleyhinə mübarizə apardığı işə
nifrət bəsləməlidir. Nifrət
olduqca güclü silahdır. Onu nifrətli
münasibət yaradır. Mübarizə
laqeyd və soyuq olanda nifrət həqiqətliyini itirir. Düşmənə bütün
varlığınla kin bəsləməyi öyrənmədikcə,
ona qalib gəlmək, sadəcə, xəyal olaraq qalır.
Həqiqi
nifrət üçün fədakarlıq, prinsipiallıq zəruri
şərtdir. Bu mənada düşmənə kompleks
şəkildə nifrət bəsləyib, ona ruhi- psixoloji, maddi , iqtisadi, siyasi, fiziki, hərbi zərbələr
vurmaq gərəkdir. Özü də gözlənilməz
istiqamətdə. Çünki müharibədə
döyüş uğrunda əsas şərtlərdən biri
gözlənilməzlik faktorudur.
Tarixdən
bəllidir ki, ermənilər Azərbaycana olan düşmən
münasibətlərini zaman-zaman pərdələyiblər.
Erməni elə bir
düşməndir ki, məğlubiyyəini hiss edən kimi
qılığa, yaltaqlığa və özünü dost
kimi qələmə verməyə çalışır. Amma düşmənə inanıb aldananlar məhvə
gedir. İbrət ala bilməməyimiz belə
tarixi acı gerçəkliklərimiz çoxdan da
çoxdur. Millətlər tarixinə nəzər
salanda görürük ki, ağıllı millətlər
düşmənini ayıltmağa çalışır və
lazımi şəraitin çatmasını gözləyir.
Bu gözləmə müddətində isə
öz nifrətini qarşısı alınmaz bir enerjiyə
çevirir. Uğurlu düşmənçilik
üçün əqli təcrübə əsas amildir.
Əqli təcrübə işin necə nəticilənəcəyini
öncə ağılda götür-qoy etmədən ibarətdir.
Bu hərəkət bütün variantları
ağılla yoxlamaq məcburiyyətidir. Düşmənin
əks hərəkət məqsədlərini, niyyətlərini
nəzərə alıb, onları öncədən və ya
məqamında heçə endirmək
bacarığıdır. Əqli təcrübə
düşmənə vurulacaq zərbələrin hətta
mürəkkəbliyini də sadələşdirərək
asanlaşdırır.
Düşmənə
qarşı açıq və gizli çoxtərəfli
şaiyə müharibəsini şiddətləndirmək,
bütün dünyada ona yönələn nifrətin tərkib
hissəsi olan ikrah hissini tutarlı tarixi faktlarla
formalaşdırmaq lazımdır. Bu ikrah
hissi hər hansı psixi çatışmazlıqdan deyil,
torpaqlarımızın işğalından gələn
haqlı intiqam hissindən və düşmənin məhvə
layiq olmasından doğmalıdır. Düşmənə
qarşı müstəsna diqqəti silaha çevirməklə,
onu unutmamaq çox vacibdir. Bu ciddi məsələdə
diqqət xüsusi tərzdə tərbiyə edilib qüvətləndirilməlidir.
Vətən
çöllərində, düzlərində- dərələrində
bitən lalələr şəhidlərimizin qanlarından
yaranır, bitir.
Qəhrəmanlıq ölməzlik nəğməsidir!
Gənclərimizin
nümunə götürəcək Milli qəhrəmanlarımızdan
biri də Ramiz Qəmbərovdur. O, 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub.
1979-cu ildə Şuşa şəhər
orta məktəbini bitirib və Kolxozlararası Tikinti İdarəsində
əmək fəaliyyətinə başlayıb. 1980-ci ildə hərbi xidmətə
çağırılmış, hərbi xidməti başa
vuraraq, Şuşaya qayıdır. 1986-cı
ildə Azərbaycan İnşaat Mühəndisləri
İnstitutuna daxil olur və işləyə-işləyə
təhsilini davam etdirir. 1988-ci ildən Xalq
Hərəkatına qoşulur və erməni təcavüzünə
qarşı mübarizə aparır. Ramiz-Millət!
Azadlıq! Vətən! Torpaq! fədaisi
idi. O, Azərbaycan həqiqətlərini dünya xalqlarına
çatdırmaq üçün fəal iş
aparırdı. Haqsız təzyiqlərə və
təqiblərə baxmayaraq yolundan dönmür, mübarizəni
davam etdirirdi. O, erməni təcavüzünə
qarşı mübarizə aparanların ön sırasında
gedirdi. 1992-ci ildə könüllülərdən
ibarət batalyon yaradır və həmin batalyona
başçılıq edir. Kərkicahan, Kosalar, Nəbilər,
Qaybalı, Quşçular və digər kəndlərin
müdafiəsində mərdliklə vuruşur. 1992-ci il 29 apreldə Kosalar və Kərkicahan kəndləri
yaxınlığında gedən qızğın
döyüşdə qəhrəmanlıq göstərir və
aprelin 30-da həlak olur.
Ramiz Qəmbərov
deyirdi ki, erməni mənim meyitimin üstündən
Şuşaya girə bilər. Rəhmətliyin 7-si
günü Şuşa işğal edilib. Subay idi.
Azərbaycan
Respublikası Prezidentinin 7 iyun 1992-ci il
tarixli 833 saylı Fərmanı ilə Qənbərov Ramiz
Bulud oğluna ölümündən sonra "Azərbaycanın
Milli Qəhrəmanı" fəxri adı verilib.
Bakı
şəhərindəki Şəhidlər Xiyabanında dəfn
edilib.
Ramiz Qəmbərovu döyüş
yoldaşları belə xatırlayır:
Nazim Hüseynov - "Səkinə
anaya (Ramiz Qəmbərovun anası) minnətdaram ki, o cür vətənpərvər,
cəsarətli oğul yetişdirib. Kərkicahanın
və Kosaların müdafiəsində bir yerdə olmuşuq.
Quşçular zonasında mən olmasam da, amma eşidirdim
ki, o tez - tez gedir, vəziyyətlə tanış
olmaq üçün döyüş yoldaşı Dadaşla
bir yerdə, yol olmasa da, meşəliklə gedib gəlirdilər.
Ramiz, demək olar ki, Kərkicahanın müdafiəsində
çox işlər gördü. İnanmaq olmurdu ki, Şuşa, Kərkicahan alınacaq. Çünki onun Ramiz kimi və digər qəhrəman
oğulları vardı. Laçın, Qubadlı, Kəlbəcərin
və digər rayonların işğalına
inanılmırdı. Ramiz Cavad xan kimi cəsur və
qorxmaz bir insan idi. Ramiz şəhid
olmasaydı, Şuşanı müdafiə etmək olardı.
Amma təəssüflər ki, bu belə
olmadı".
Növrəstə
Yusifova": Məni Şuşadan birinci dəfə ezamiyyətə
göndərəndə Ramiz Qəmbərov ora gəlmişdi,
komandirimizə dedi ki, bu xanımın potensialından
döyüşçü kimi yaxşı yararlana bilmirsiniz,
onu mənə verin.
Bir
nüansı da deyim. Ramiz Qəmbərovu
vurmuşdular. Xəstəxanada
gördüm. Ramiz Qəmbərovun
bağırsaqları sallanırdı, o zaman da hələ həkim
gəlməmişdi. Bağırsaqları
toz-torpaq idi, onları silib yığırdım. Bu vaxt Nizami həkim gəldi, məni görüb
qışqırdı ki, nə edirsən, infeksiya salarsan.
Dedim ki, nə infeksiya, bağırsağını toz-torpaqdan
silirəm. Mən bu gün də deyirəm.
Ramiz Qəmbərovu vuran insanın adını
bilirəm, hər yerdə də deyirəm. Onu özümüzünkülərdən bir xain
snayperlə vurmuşdu. O xəstəxanada bir jurnalist də
vardı, adı Məhəmməd idi. Ramiz Qəmbərovla
həkim məşğul olmağa başlayanda baxdım ki,
palatada elə bil o yaralının ağzına siçovul
girib. Yaxınlaşanda gördüm ki,
çənəsindən vurublar, üzünün bir tərəfindən
güllə çıxıb. Burnunda qan
laxtalanıb, nəfəs ala bilmir, dili də şişib.
Ağzı ilə güclə nəfəs
alırdı. Onun burnunu sildim, nəfəs
yolu açıldı, nəfəs almağa başladı.
Bir az da gec gəlsəydim, boğulub
öləcəkdi. Ramiz Qəmbərovu isə
xilas etmək mümkün olmadı, heyf".
Milli qəhrəmanın
batalyonunda döyüşən Əfqan Muxtarlı:
"Şuşada
yetərincə hərbi qüvvənin olmaması
işğala zəmin yaratdı. O zaman hərbi qüvvələr
siyasi qüvvələrə və ayrı-ayrı şəxslərə
tabe idi. Batalyon komandirləri arasında da normal
münasibətlər mövcud deyildi. Postlar
arasında düzgün rabitə sistemi qurulmamışdı.
Şuşa şəhəri vahid komandanlıq tərəfindən
müdafiə olunmurdu. Şəhərin
müdafiəsinin əsas ağırlığı pis
silahlanmış könüllülərin üzərinə
düşmüşdü. Könüllülər
batalyonunda ağır texnika və tank əleyhinə silahlar
mövcud deyildi. Aprelin 30-da batalyonumuzun
komandiri Ramiz Qəmbərov həlak olduqdan sonra Şuşada məqsədli
şəkildə şayiə yayılırdı ki, yaxın
günlərdə şəhər təslim ediləcək.
Bu da əsgərlər və yerli əhalinin
döyüş ruhunu aşağı salan faktlardan biri idi.
Mayın 8-i ermənilər
Şuşa həbsxanasının
aşağısında yerləşən tar sexi istiqamətindən
şəhərə girə bildilər. Ancaq
onlar əsgərlərimiz tərəfindən məhv edildi.
Günorta artilleriya zərbələri zəifləmişdi
və hücum səngimişdi. Ancaq belə
bir şəraitdə gözlənilmədən Ayaz Mütəllibova
bağlı olan Xüsusi Təyinatlı Polis Dəstəsi
şəhəri özbaşına olaraq tərk etdi. Onun ardınca digər batalyonlar şəhərdən
çıxdı. Ümid yenə də
könüllülər və özünümüdafiə dəstələrinə
qaldı. Ramiz Qəmbərovun batalyonunda
olan təqribən 120 əsgərdən 80-i döyüş
meydanında həlak oldu. Qalan
döyüşçülərin də demək olar ki,
hamısı yaralandı. Yaralanmayıb sağ qalanlar isə
Laçının müdafiəsinə qoşuldu. Digər batalyonlar isə sadəcə olaraq,
Bakıya istiqamət götürdülər. Faktiki
olaraq mayın 8-i Şuşa ermənilər
tərəfindən işğal olunmayıb. Şəhər
bir gün boş qalandan sonra düşmən Şuşaya
soxulub. Ordakı az qüvvə ilə də
belə, Şuşanın müdafiəsini təmin etmək
mümkün idi".
Şərq.- 2011.- 21
iyul.- S. 11.