Odlu nöqtələrdən yazan
qəhrəman xanım Salatın Əsgərova
həmişə ucuz ölümdən qorxurdu
Milli Qəhrəmanlarmızın
keçdikləri həyat yolu yetişən gəncliyin vətənpərvər
ruhunun inkişafında böyük rol oynayır. Azərbaycan
xalqının qürurla adını anacağı belə
Milli Qəhrəmanlarmızdan biri də unudulmaz insan, bu
gün 136-cı ildönümünü qeyd edən Azərbaycan
Mətbuatının qeyrətli jurnalisti Salatın Əsgərovadır.
Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda
ziyalı ailəsində doğulub. 1979-cu ildə Bakı
şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi
bitirib və Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
1984-cü ildə
geofizika ixtisası üzrə mühəndis diplomu alan
Salatın xanım jurnalistika sahəsinə böyük maraq
göstərirdi. Nəticədə 1984-cü ildə
müqavilə ilə "Bakı" qəzetində, 4 il
sonra isə "Molodyoj Azerbaydjana" (Azərbaycan Gəncləri)
qəzetində işləməyə başlayıb.
Salatın xanım müxtəlif mövzularda yazırdı.
Onun toxunduğu mövzular o illərin ən vacib və ən
öndə gələn məsələləri idi. Lakin
1990-cı il 20 yanvar hadisələri, Qarabağ problemi, ermənilərin
Qarabağda millətə qarşı hücumları
Salatın xanıma dəfələrlə hadisə yerinə
getməyi milli məsələ halına gətirmişdi.
Peşəsini sevən və ona sadiq olan bu qorxmaz gənc
qadın Qarabağın ən odlu nöqtələrində
olurdu.
Ölümdən yox, ucuz ölümdən qorxurdu...
Salatının
boğazında zob xəstəliyi vardı. Bu xəstəlikdən
yaman əziyyət çəkərdi. Təkcə
ağrılardan yox, elə bilərdi, bu xəstəlik haradasa
onun yolunu kəsir, gördüyü işlər
qarşısında nəsə ona mane olur. Daim daxilindəki,
onu narahat edən bu xəstəliklə vuruşardı.
Yaxın adamları, iş yoldaşları tez-tez ona deyirdilər
ki, Salatın, hələ çox cavansan, bu isə çox
yüngül xəstəlikdir. Qoy cərrahiyyə əməliyyatı
aparsınlar, birdəfəlik canın qurtarsın. Yox, deyərdi,
qorxuram əməliyyat zamanı öləm, körpə
Ceyhunum yetim qalar. Atası Əziz həkim ona iki dəfə
adlı-sanlı professor-cərrahlar tapmışdı əməliyyatı
aparmaq üçün. Hər ikisində də Salatın rədd
etmişdi. Demişdi ki, ata, indi mənim boş şeylərə,
mənasız yerə vaxt itirməyə bir dəqiqə də
olsun vaxtım yoxdur. Qarabağda günahsız insanların
qanı su yerinə axıdılır, torpaqlarımıza
düşmən gözü dikilib. Bizim isə
hamımızın başı şəxsi işlərimizə
qarışıb. İncimə ata, bıçaq altına
yıxılıb, cərrahiyyə stolu üstündə qan
axıda bilmərəm. Təkcə onu bilirəm ki,
vicdanım bunu mənə heç vaxt bağışlamaz.
Hansısa daxili bir qüvvə elə bil Salatına deyirdi ki,
sən bu gün cərrahiyyə stolu üstündə qan
axıtmaq yox, Vətən oğullarının al qanına
boyanmış torpaqlarımızda olmalısan, düşmənlə
üz-üzə dayanmalısan. Qarabağ adı gələndə
Salatının yadından hər şey
çıxırdı.
Meşələrdən,
dərələrdən, çöllərdən... tapılan
qulaqsız, gözsüz, qolsuz, tanınmaz hala
salınmış, bədənləri qara kömür
parçasına dönmüş neçə-neçə
azərbaycanlının dəhşətli cəsədlərinə,
o qanlara dözə bilmirdi. Bütün bu əzabların nə
demək olduğunu hamıdan çox Salatın hiss edirdi. Qələmi
götürən kimi əlləri quruyardı, ağ vərəqin
üstünə xətt salmamış, göz yaşları
isladardı kağızları. Gecələr gözlərini
yuman kimi, yuxu aparana yaxın gördüyü dəhşətli
yuxulardan qışqırıb ayılardı. Salatın
dözə bilmirdi Qarabağ müharibəsinə... Bakıda
oturub rahat işləyə bilmirdi. Elə vaxt olurdu ki, Ceyhunu
da aparırdı o odun-alovun içərisinə. Çox
zaman da Leyla anaya tapşırıb sevimli balasından bir
neçə günlüyə ayrılmalı olurdu.
Qarabağa sonuncu və
əbədi səfərindən əvvəl isə
atasının sözündən çıxa bilmədi. Cərrahiyyə
əməliyyatının aparılmasına razılıq
verdi. Ancaq bir şərt qoydu. Qarabağdan, növbəti
ezamiyyətdən qayıtdıqdan sonra. Hətta əməliyyatın
vaxtını da təyin etdilər. 16 yanvar... Ancaq o gün
Salatın növbəti ezamiyyətdən sonra xəstəxanaya
tələsmədi. O gün Salatına nə cərrah
lazım oldu, nə də ki, həkim. O gün həkimlər
də cərrahiyyə üçün lazım olan
bütün hazırlıqları görüb növbəti əməliyyata
tələsmədilər. Körpə balası da xəstəxana
divarları arasında ora-bura qaça-qaça, bəs həkim
əmilər anamı nə vaxt sağaldıb qurtaracaqlar,
çıxıb gedək evimizə demədi. Bunların
heç biri olmadı. Ucuz ölümdən qorxan Salatına mənasız
görünən bu hadisə baş vermədi, verməyəcəkdi
də. O gün Qarabağdan "Şəhidlər xiyabanı"na
dörd gün yol gəldi Salatın. Bu müqəddəslikdə
yatan qardaşlarına bacı həyanı olmağa gəldi.
Salatının gəlişiylə "Şəhidlər
xiyabanı"nda bir şəhidlər sırası
başladı. Getmişdi ki, bu xiyabanda uyuyan igidlərin
günahsız tökülən qanını alıb gəlsin.
Özü də o igidlərin tökülən al qanına
boyanıb gəldi. Xankəndindən, Şuşasından,
Qarabağından keçib "Şəhidlər
xiyabanı"na gəldi. İyirmi yanvar şəhidləriylə
Qarabağ şəhidləri arasında körpü oldu
Salatın... Ucuz ölümdən qorxan Salatın öz
ölümüylə ölümsüz bir dünyaya qovuşdu.
"Bu son olsun..."
Salatın
universiteti bitirdiyi il Ceyhun
adlı bir oğlu dünyaya gəlmişdi. İşləri ilə bağlı
balaca Ceyhunu hər dəfə nənəsinin yanında qoyub gedirdi Qarabağa.
Son Qarabağ səfərindən
əvvəl "oğlun
Ceyhunu düşün,
diqqət et, artıq erməni terrorçularının tutduğu
bölgəyə getmə"
deyildiyində onun cavabı "bu son olsun" olmuşdu. Həqiqətən də bu son
Qarabağ səfəri
olmuşdu Salatın xanımın.
Necə
şəhid olması
haqqında sənədlərdə
bu bilgilər verilib: "1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən
Yevlax-Laçın yolunun
141 km-də (Şuşa
rayonu ərazisi) Gəncə şəhərinin
44682 saylı hərbi
hissəsinə məxsus
"UZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın
atəşə tutulmuş
və nəticədə
sürücü, kəşfiyyat
batalyonunun komandiri, polkovnik-leytenant O.Larionov, Laçın rayonu hərbi komendaturasının
qərargah rəisi,
mayor İ.İvanov və
"Azərbaycan Gəncləri"
qəzetinin müxbiri
Salatın Əsgərova
vəfat edib"
Azərbaycan
Respublikası prezidentinin
6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən
sonra "Azərbaycan
Milli Qəhrəmanı"
adı verilib. Həmçinin yaxınlığında şəhid olduğu kənd Salatın kəndi adlandırılıb.
"Anamı qətlə yetirən ermənilərin
o murdar sifətləri
indi də gözlərim önündədir"
Milli Qəhrəmanın
yeganə oğlu Ceyhun Əsgərov da anasının sənətəni davam etdirdi. Uzun müddət ANS telekanalında
jurnalist kimi çalışdı. Amma anası
ilə bağlı xatirələri Ceyhunun yaddaşında silinməz
iz buraxıb.
1984-cü il iyunun 5-də Bakıda doğulub. Orta təhsilini Bakı
Avropa Liseyində alıb. Əvvəlcə Xəzər Universitetinin
tibbi biologiya fakültəsinə qəbul
olunub. Sonra isə Azərbaycan
Beynəlxalq Universitetinin
eyniadlı fakültəsinə
köçürülüb. 2005-ci ildə oranı
bitirib, 2003-cü ildən
isə ANS televiziyasında
işləməyə başlayıb.
Ceyhun anası ilə bağlı xatirələrini belə bölüşür:
"O, çox
qayğıkeş, mehriban,
ədalətli bir insan idi. Qocalara, əlillərə,
kimsəsizlərə bacardığı
qədər kömək
edərdi. Poeziyanı, musiqini
və kitab oxumağı çox sevərdi. Bir sözlə, insana
xas olan ən müsbət keyfiyyətlərin hamısı
onda var idi. Məni isə hamıdan,
hər şeydən çox istəyirdi.
Anam məni hər gün bağrına basıb əzizlərdi.
Özümü dünyanın ən
xoşbəxti sanardım.
Məni atamın atası və anası böyüdüb. Onların ilk nəvəsi olduğumdan məni çox istəyirdilər. Mənə böyük
qayğı göstərirdilər.
Heç
nəyə ehtiyacım
olmurdu, təkcə
Ana qayğısından, Ana nəvazişindən başqa.
Analı
günlərimi indi də axtarıram, özü də o günlər üçün
burnumun ucu göynəyir. Hərdən öz-özümə fikirləşirəm
ki, mən tez-tez anamdan qaçıb gizlənərdim,
o, məni elə həmin andaca tapardı. Amma anam məndən
elə gizləndi ki, mən onu
ömrümün axırına
kimi tapa bilməyəcəyəm. Məni anasız qoyan o ermənilərin murdar sifətləri indi də gözlərim önündədir. Yəqin ki,
xatırlayırsınız, elə o vaxtlar anamı qətlə yetirən həmin erməni quldurları tutulub Bakıya gətirilərək Ağır
Cinayətlərə Dair
İşlər üzrə
Məhkəmədə onları
mühakimə etdilər.
11 nəfər idilər. Məhkəmə iclaslarından birinə
məni də aparmışdılar. Yaxşı yadımdadır
ki, iclasın sonunda erməni qatillərini əyləşdiyi
yerin önündən
keçəndə ermənilərdən
birinin əlinin üstündən var gücümlə çimdik
götürdüm və
üzünə tüpürdüm.
O zaman mənə elə gəldi ki, anamın qatillərindən qismən
də olsa qisasımı aldım. Əlbəttə, o vaxt 6 yaşlı
bir uşaq idim və bu,
mənim üçün
böyük bir intiqam kimi görünürdü.
Onu da deyim ki,
anamı qətlə yetirən əsas 2 erməni elə türmədə olarkən
gəbərmişdi. Qalanları isə
ermənilərin əlində
olan əsirlərimizlə
dəyişdirildi. Bir dəfə
anam həm mənə, həm də özünə diktofon almışdı.
O zamanlar bulvarla üzbəüz "Qızıl
açar" adlı
bir restoran var idi. Mən oranı
çox sevərdim.
Ona görə ki, orada Kiyev kotletini
əla hazırlayırdılar.
Bir dəfə həmin restoranda yemək yeyəndə bizdən kənardakı masada 2 qız
əyləşmişdi. Birdən
anam mənə dedi ki, diktofonunu
işə sal və get o qızlardan müsahibə al. Mən də gedib həmin
qızlara bir-iki sual verdim. Onlar da mənə bir qolbaq və bir dənə qələm bağışladılar.
Mən qolbağı anama hədiyyə etdim. Elə həmin andaca, "oğul hədiyyəsidir",
deyib onu qoluna bağladı. Anam Qarabağda qətlə yetiriləndə
həmin o qolbaq onun qolunda idi..
Bəli, doğrudan
da o məni jurnalist görmək istəyirdi. Çalışırdı ki, məni uşaqlıqdan bu sahəyə yönəltsin.
Onu da deyim ki,
mənim ana babam həkim olub. Uşaq vaxtı həmişə
deyərdim ki, həkimliyi oxuyacağam, amma jurnalist işləyəcəyəm. Elə də oldu. Bu gün fəxr
edirəm ki, anamın güllələnmiş
arzularından birini yaşadaraq onun yolu ilə gedirəm
və çalışıram
ki, bu peşəni
ona layiq olan tərzdə davam etdirim.
Mən onunla
qürur duyuram. Fəxr edirəm ki, anam hamımızın ziyarətgahı sayılan
Şəhidlər xiyabanında
dəfn olunub. Bakı şəhərində
adına küçə var. Bakı
buxtasındakı gəzinti
katerlərindən biri
onun adını daşıyır. Təfəkkür Universitetində büstü
qoyulub. Yaşadığı binaya barelyefi
vurulub. Əlbəttə, bütün bunlar
üçün dövlətimizə
və xalqımıza
minnətdaram.
Şərq.- 2011.- 22 iyul.- S. 11.