Milli qəhrəmanlarımız
Alı Mustafayevin ölümündən
20 il ötür
Bu gün 136-cı
ildönümünü qeyd edən Azərbaycan mətbuatının
vətən üçün canını fəda edən
milli qəhrəmanları var. 20 il bundan öncə faciəvi
şəkildə həlak olan mərhum telejurnalist Alı
Mustafayev də onların sırasındadı.
1991-ci il noyabrın
20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində
"Mi-8" vertolyotunun ermənilər tərəfindən
vurulmasından indi 20 il ötür. Vertolyotun vurulması nəticəsində
Azərbaycanın bir çox dövlət xadimləri və
jurnalistlər həlak olublar. Həlak olanlar arasında
dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət
Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər
naziri Məhəmməd Əsədov, millət vəkilləri
Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin
müavini Zülfü Hacıyev, Prezident Aparatının
şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan
daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan
Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də
var. Ümumilikdə qəza nəticəsində 22 nəfər
həlak olub.
Dara
düşənlərin həmişə köməyinə tələsən
Alı
İstedadlı
şair və jurnalist, həyatsevər və
qayğıkeş insan, dara düşənlərin həmişə
köməyinə tələsən Alı yüz minlərlə
televiziya tamaşaçılarının sevimlisi olmuşdu. Günün
ekranı xəbərləri, bir qayda olaraq, əksər
hallarda Alısız olmazdı. Həyatın qaynar nəbzini
Alı hələ uşaqlığından duymuşdu.
Alının yerinə bir başqası olsaydı, ilk vertolyot
qəzasından, ondan aldığı yaradan və
üz-üzə durduğu təhlükədən sonra bir də
o şeytan maşınına ayaq basmazdı. O isə bilərəkdən,
bu təhlükəli səfərlərin aqibətini əvvəlcədən
görə-görə bir az da tərəddüd etmədən
yenə qızmar nöqtələrə tələsirdi.
Alı hər gün işə gedəndə yolunu Şəhidlər
Xiyabanından salırdı. Burada uyuyan günahsız insanlara
baxıb köks ötürür, qəlbi qan
ağlayırdı. Alı Qarabağ harayını
dünyaya çatdırmaq istəyirdi. 1991-ci ilin 20
noyabrında erməni faşistlərinin gülləsindən
alovlanan vertolyot səmadan uçan ulduz
kimi yaralı torpaqlarımıza doğru yan aldı.
Alının və digər mərd Azərbaycan
oğullarının bu qədər məhəbbətlə
sevdikləri, uğrunda öz həyatlarını qurban verdikləri
torpaqlarımıza doğru...
Bacarıqlı, operativ telejurnalist
Alı Mustafayev 1952-ci il 14 apreldə
Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində
doğulub. Burada orta təhsil alıb (1959-1969). Ordu
sıralarında hərbi xidmətdə olmuş, tərxis
ediləndən sonra Bakı elektrik maşınqayırma
zavodunda tokar işləyib (1971-1976). Zavod direksiyasının
göndərişi ilə Azərbaycan Dövlət
Universitetinin jurnalistika fakültəsində təhsilini davam
etdirib (1976-1981). Təyinatla Azərbaycan Televiziya və Radio
Verilişləri şirkətinə göndərilib. Ədəbi-bədii
yaradıcılığa tələbəlik illərindən
başlayıb. Onun lirik şeirləri və publisist
yazıları dövri mətbuatda müntəzəm çap
edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə,
ekrana çıxardığı təsirli verilişlərinə
görə bacarıqlı, operativ telejurnalist kimi
tanınıb.
Erməni faşist
quldurlarının Azərbaycana hücumu dövründə
Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə
də yüksək dövlətsəviyyəli rəsmi
görüşlərdən hazırladığı
müsahibə və reportajlarla rəğbət qazanıb. Moskva
şəhərində Azərbaycan Respublikası Ali Məclisi
tərəfindən parlament müxbiri olub (1989-1990). 1991-ci il fəaliyyətinə
görə "İlin ən yaxşı jurnalisti"
mükafatına layiq görülüb.
Ölümündən
sonra ona Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il
tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli
Qəhrəmanı fəxri adı verilib. Bakıda Şəhidlər
Xiyabanında dəfn edilib. Bakıda, Nərimanov rayonundakı
202 saylı orta məktəb Alı Mustafayevin adını
daşıyır.
Onun xidmətləri...
Alı Mustafayevin
çağdaş jurnalistikamızdakı xidmətləri
böyükdür. Çox da uzun olmayan ömür yolunda
ciddi uğurlar və populyarlıq qazanmaq heç də hər
yazara nəsib olmur. Bu, gərgin zəhmətin nəticəsi
idi. Onun televiziya jurnalistikası sahəsindəki novatorluq
keyfiyyətləri cəmiyyətdə hələ ötən
əsrin 70-80-ci illərindən başlayaraq böyük
maraqla qarşılanırdı. Qarabağ müharibəsi
başlayan gündən Alı Mustafayev qaynar nöqtələrdə
tez-tez görünür, efirdə erməni vəhşiliklərini
ifşa edirdi. Bəlkə, bir tale idi ki, qəhrəmanlıq
fəaliyyəti məhz Qarabağ torpağında başa
çatdı. Ölümündən sonra ona Azərbaycanın
Əməkdar jurnalisti fəxri adı verilib. Alı Mustafayev,
Salatın Əsgərova kimi jurnalistlər Azərbaycanın
dövlət suverenliyi və ərazi bütövlüyü
uğrunda gedən mübarizənin önündə gediblər,
şəhidlik zirvəsi ilə misilsiz örnəyə
çevriliblər.
Alı Mustafayev ədəbi-bədii
yaradıcılıqla da məşğul olurdu. Yaradıcılığa
tələbəlik illərindən başlayan şəhid
jurnalistimizin şeirləri elə ilk baxışdan geniş
oxucu kütləsinin marağına səbəb olurdu. Onun
lirik şeirləri və publisist yazıları dövri mətbuatda
müntəzəm çap edilirdi.
Alı Mustafayev Azərbaycanın
gələcəyini, firavan sabahını, müstəqil
dövlət olduğunu arzulayan və bu arzunu əmələ
çevirən tək-tək ziyalılardan, vətənpərvər
insanlardan idi.
Alı Mustafayevlə
yanaşı, ölkənin böyükçinli məmurlarının
və eləcə də bir sıra tanınmış ictimai
xadimlərin qətlə yetirilməsi Azərbaycana vurulan ilk
böyük zərbə oldu. Bu hadisə erməni
işğalçılarının Qarabağa yolunu
açdı. Çünki həmin heyət düşmənin
qorxduğu ən böyük qüvvə və
işğalçıların Qarabağa girməsinə əngəl
ola biləcək ən böyük maneə idi. Planlı
şəkildə törədilmiş bu qətlin təfərrüatları
haqqında ötən saylarımızda geniş bəhs
etmişdik. Ölkəmizin faciəsinin ilk mərhələsi
olan bu hadisə tariximizə yeni bir səhifə açdı
ki, bu gələcək nəsillər üçün örnək
və həyat dərsi olacaq.
Alının alın yazısı
O vaxtdan 20 il ötür...
Qələm dostu Bəşir Şəriflinin Milli Qəhrəman
haqqında xoş xatirələrindən:
- Dəli bir ağlamaq
keçir könlümdən... Təkcə
ağlamaqmı? Şən, oynaq zarafatlarını eşidən
bir kəs deməzdi ki, Alı dəli bir ağlamaq
üçün qəribsəyib. Əslində,
könlündən keçən çox şeylər
vardı - təzə aldığı mənzilində
yaxınları, doğmaları ilə bir ömür
yaşamaq, üç oğul balasının toyunu görmək,
arabir Qazaxdan gətirdiyi telli sazı kökləmək, daha nələr...
Hər gün öz
gülüşünlə, yerişinlə, bizə
tanış olan baxışınla "Xəbərlər"in
qapısını açıb içəri girəndə
yaratdığın xoş əhval üçün
darıxardıq. Bir də o söz üçün
darıxardıq ki, onu yalnız Alı Mustafayevdən eşitməyə
vərdiş etmişdik:
- Ayə, dayım da var, pulum da, sizin nəyiniz var ki?! Özüm də bəy oğlu bəyəm.
Amma biz
hamımız çox yaxşı bilirdik ki, Alının
ömründə çətin günlərinin sayı daha
çox olub. On illərlə kirayədə
yaşayıb, özü də erməninin evində.
Zarafatla deyərdi: Ayə, erməni evi olanda nə olar ki,
günortanı bizdəyik. Bir qismat çörəyimi
kəsin". Və nədənsə, onun
sözündən çıxmazdıq, gedərdik. Elə
şən əhval yaradardı ki, çətin günün
yükünü unudardıq...
Sonuncu
görüşümüzü yaxşı xatırlayıram.
19 il əvvəl elə noyabr ayının
19-u idi. "Xəbərlər"də iş günü təzəcə
başlamışdı. Dedilər ki, Alı səfərə
tələsir. Buna vərdişliydik.
Sorağı gah Moskvadan gələrdi - sovetlərin
qurultayından, gah Qırmızı körpüyə
görüşə tələsərdi, elə bil vaxt-vədə
onu qovurdu...
O gecənin vahiməli xəbərini
elə "Xəbərlər"in özü
yayımladı. Qarakənddən gələn
qara xəbərə təsəlli əvəzi söz tapa bilmədik.
Bu xəbərin gəldiyi gün hamımız
bir yerdəydik - sükutla, gözü yol çəkən
adamlar kimi bir-birimizin üzünə baxırdıq. Elə bil hamımız günahkar idik. Bütün günü bu boyda ölkənin xəbər
düzümünü bir-birinə calayan, açılmaz
qapıları ərklə, ürəklə, təpərlə
döyən yazarlara oxşamırdıq. O gecə xeyli
yazıqlaşmışdıq. Alının
körpə Turqutu qədər çarəsiz və yetim
görünürdük. Nə Lalə
xanıma, nə də bir-birimizə təsəlli verə
bilirdik. Elə bil o gecə
sözümüz də, özümüz də tükənmişdik.
Lal sükuta o qara xəbər meydan oxuyurdu.
Və o gecə "Xəbərlər"də qara bir
sükut vardı...
Alı kədəri
öz içində əritməyə vərdişli idi.
Tez-tez ürəyinin ağrıları tutanda
deyərdi ki, böyük dərdlərin qarşısında
belə ağrıları dilə gətirmək
günahdır. Nə qədər
zarafatcıl olsa da, hər şeyi öz arşını ilə
ölçüb-biçərdi, haqsızlığa
dözüm göstərməzdi. Ən çətin məqamda
da urvatlı sözə güvənərdi...
İsti
söz üçün qəribsədiyini də
görmüşdük. Misralarını
öz dilindən də eşitmişdik. Onda
bir daha yəqin etmişdik ki, Alı bu dünyanın ən zərif,
kövrək adamlarından biridir. Amma bir
sözünü də unuda bilmirik. Deyərdi ki, mən
ona görə gülə-gülə gəzirəm ki, hər
adam görə-görə ağlaya bilmərəm.
Və bu deyimlərin üstündən şirin Qazax ləhcəsi
ilə doyumsuz zarafatlara keçərdi...
Biz həmişə
bir-birimizi qoruya-qoruya yaşayardıq. Amma
o qara xəbərin vahiməsindən qoruna bilmədik. Səndən sonra doğmaların da təzə mənzilinə
uyğunlaşmadılar. Təkcə mənzilə
yox, sənsiz bu obaya, bu yurda sığmadılar. Təzə
mənzildə sənsiz yaşamağa tablaşmadılar, səkkizinci
mərtəbədə döydüyümüz qapının
o tərəfindən səs-səmir gəlmədi...
Yaşadığın
doqquzmərtəbəli binanın qarşısında
vurulmuş xatirə lövhəsinə həkk olunmuş
şəkildəki mənalı baxışınla o mərtəbələrdən
qat-qat hündürlükdə görünürsən. Və o hündürlüyü telejurnalistikanın ən
çətin sınaqlarında pillə-pillə ötə
bildin. Sənin nəyin vardısa, halal
haqqın idi. Bir obanın şirin ləhcəsini,
Qazaxbəyli kəndinin təəssübünü,
ağbirçək ananın xeyir-duasını heç nəyə
dəyişmədin. Böyük şəhərdə
ən dəyərli seçimin ömür-gün
yoldaşın Lalə oldu. Elə bil hər
şeyi vaxtında-vədəsində
ölçüb-biçmişdin. Biçimində
və seçimində öz ömrünün yaşanan və
qırılan fraqmentlərinin keçidlərini səndən
özgə heç kəs belə duya bilməzdi.
Alı nə
qədər səmimi, istiqanlı idisə, o qədər də
məqamında sərt idi. 90-cı illərin
əvvəlləri idi, Azərbaycan dilində Vəzirov kimi
danışanların çoxu vəzifədə idi. Və onda bu eksperimenti "Xəbərlər"də
də sınaqdan çıxarmaq istədilər. Dilimizi bilməyən bir naşını "Xəbərlər"ə
baş redaktor təyin etmişdilər. Uşaqların
hamısı gileylənirdi, amma hələ ki hamı susurdu.
Heç kəsin gözləmədiyi tərzdə
Alı qapını açıb girdi içəri ki, a
qağa, birincisi, xoş gəlmisən, amma Vallah, bura sənin
yerin deyil. Nə qədər ki bu xəbər
böyüməyib, getməyin məsləhətdir. Onda
o adam hər şeyi anlamışdı. Bircə onu soruşmuşdu ki, koqda? Alı da gülə-gülə cavab vermişdi ki,
ne zavtra, luçşe seqodnya. Bununla da məsələ
bitmişdi. Otağın
açarlarını da elə Alıya vermişdi.
"Xəbərlər"in
uşaqları elə baməzə idilər ki, bəzən
ciddi ilə zarafatı ayırmaq olmurdu. Elə
ki nahar başlayırdı, bir ucdan gedirdilər yeməkxanaya
ki, hər şey bəyin hesabınadır. Rəhmətlik
belə şeylərdən o vaxt xəbər tutardı ki, az qala borcun hesabı maaşın həddini
ötərdi. Və maddım-maddım
uşaqların üzünə baxardı ki, qağa, gedəndə
heç olmasa, mənə də xəbər edin. Bir qismat mən də yeyim. Və sonra da dinməz-söyləməz
hesabı ödəyərdi, axı mən bəyəm, - deyərdi.
Sizin tayınız deyiləm.
Amma sonralar
sənin bəy adına çox adlar
qoşuldu - Milli Qəhrəman, əməkdar jurnalist...
Bütün
bunlar təsəlli əvəzi deyil. Nə
də Qarakənddən gələn qara xəbərin yerini
ödəmir. Sadəcə, bizi ovundurmaq cəhdidir...
Ömrünü
iki qütbün arasında bölürdün -
açıq-aşkar bəyan etdiyin telejurnalist Alı
Mustafayev və gizli-gizli qoruduğun şair imzan - Alı Qazaxbəyli.
Sənin təkcə telejurnalist və şair kimi yox, həmkar
və həmsöhbət kimi sevən, xatirələrinlə
isinən dostların az deyil. Və nə yaxşı ki, bu xatirələr bu
gün də yada düşür. Dayandığın
zirvə 40-a çatmayan yaşında sənə bu dünya
ilə əmin-arxayın halallaşmaq haqqı verib. Qalan
nə varsa, ömür nəyə macal vermədisə,
üç balanın - Toğrulun, Turalın, Turqutun qismətidir,
halal haqqıdır!
Nəzakət
Səs.- 2011.- 23 iyul.-S. 4.