Milli qəhrəmanlarımız
Alı Mustafayevin ölümündən
20 il ötür
Bu gün 136-cı
ildönümünü qeyd edən Azərbaycan mətbuatının
vətən üçün canını fəda edən
milli qəhrəmanları var. 20 il bundan öncə faciəvi
şəkildə həlak olan mərhum telejurnalist Alı
Mustafayev də onların sırasındadı.
1991-ci il noyabrın
20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində
"Mi-8" vertolyotunun ermənilər tərəfindən
vurulmasından indi 20 il ötür. Vertolyotun vurulması nəticəsində
Azərbaycanın bir çox dövlət xadimləri və
jurnalistlər həlak olublar. Həlak olanlar arasında
dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət
Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər
naziri Məhəmməd Əsədov, millət vəkilləri
Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin
müavini Zülfü Hacıyev, Prezident Aparatının
şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan
daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan
Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də
var. Ümumilikdə qəza nəticəsində 22 nəfər
həlak olub.
Dara
düşənlərin həmişə köməyinə tələsən
Alı
İstedadlı
şair və jurnalist, həyatsevər və
qayğıkeş insan, dara düşənlərin həmişə
köməyinə tələsən Alı yüz minlərlə
televiziya tamaşaçılarının sevimlisi olmuşdu. Günün
ekranı xəbərləri, bir qayda olaraq, əksər
hallarda Alısız olmazdı. Həyatın qaynar nəbzini
Alı hələ uşaqlığından duymuşdu.
Alının yerinə bir başqası olsaydı, ilk vertolyot
qəzasından, ondan aldığı yaradan və
üz-üzə durduğu təhlükədən sonra bir də
o şeytan maşınına ayaq basmazdı. O isə bilərəkdən,
bu təhlükəli səfərlərin aqibətini əvvəlcədən
görə-görə bir az da tərəddüd etmədən
yenə qızmar nöqtələrə tələsirdi.
Alı hər gün işə gedəndə yolunu Şəhidlər
Xiyabanından salırdı. Burada uyuyan günahsız insanlara
baxıb köks ötürür, qəlbi qan
ağlayırdı. Alı Qarabağ harayını dünyaya
çatdırmaq istəyirdi. 1991-ci ilin 20 noyabrında erməni
faşistlərinin gülləsindən alovlanan vertolyot səmadan
uçan ulduz kimi yaralı torpaqlarımıza doğru yan
aldı. Alının və digər mərd Azərbaycan
oğullarının bu qədər məhəbbətlə
sevdikləri, uğrunda öz həyatlarını qurban verdikləri
torpaqlarımıza doğru...
Bacarıqlı, operativ telejurnalist
Alı Mustafayev 1952-ci il 14
apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə
ailəsində doğulub. Burada orta təhsil alıb
(1959-1969). Ordu sıralarında hərbi xidmətdə
olmuş, tərxis ediləndən sonra Bakı elektrik
maşınqayırma zavodunda tokar işləyib (1971-1976).
Zavod direksiyasının göndərişi ilə Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini
davam etdirib (1976-1981). Təyinatla Azərbaycan Televiziya və
Radio Verilişləri şirkətinə göndərilib. Ədəbi-bədii
yaradıcılığa tələbəlik illərindən
başlayıb. Onun lirik şeirləri və publisist
yazıları dövri mətbuatda müntəzəm çap
edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə,
ekrana çıxardığı təsirli verilişlərinə
görə bacarıqlı, operativ telejurnalist kimi
tanınıb.
Erməni faşist
quldurlarının Azərbaycana hücumu dövründə
Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə
də yüksək dövlətsəviyyəli rəsmi
görüşlərdən hazırladığı
müsahibə və reportajlarla rəğbət qazanıb. Moskva
şəhərində Azərbaycan Respublikası Ali Məclisi
tərəfindən parlament müxbiri olub (1989-1990). 1991-ci il fəaliyyətinə
görə "İlin ən yaxşı jurnalisti"
mükafatına layiq görülüb.
Ölümündən
sonra ona Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il
tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli
Qəhrəmanı fəxri adı verilib. Bakıda Şəhidlər
Xiyabanında dəfn edilib. Bakıda, Nərimanov rayonundakı
202 saylı orta məktəb Alı Mustafayevin adını
daşıyır.
Onun xidmətləri...
Alı Mustafayevin
çağdaş jurnalistikamızdakı xidmətləri
böyükdür. Çox da uzun olmayan ömür yolunda
ciddi uğurlar və populyarlıq qazanmaq heç də hər
yazara nəsib olmur. Bu, gərgin zəhmətin nəticəsi
idi. Onun televiziya jurnalistikası sahəsindəki novatorluq
keyfiyyətləri cəmiyyətdə hələ ötən
əsrin 70-80-ci illərindən başlayaraq böyük
maraqla qarşılanırdı. Qarabağ müharibəsi
başlayan gündən Alı Mustafayev qaynar nöqtələrdə
tez-tez görünür, efirdə erməni vəhşiliklərini
ifşa edirdi. Bəlkə, bir tale idi ki, qəhrəmanlıq
fəaliyyəti məhz Qarabağ torpağında başa
çatdı. Ölümündən sonra ona Azərbaycanın
Əməkdar jurnalisti fəxri adı verilib. Alı Mustafayev,
Salatın Əsgərova kimi jurnalistlər Azərbaycanın
dövlət suverenliyi və ərazi bütövlüyü
uğrunda gedən mübarizənin önündə gediblər,
şəhidlik zirvəsi ilə misilsiz örnəyə
çevriliblər.
Alı Mustafayev ədəbi-bədii
yaradıcılıqla da məşğul olurdu. Yaradıcılığa
tələbəlik illərindən başlayan şəhid
jurnalistimizin şeirləri elə ilk baxışdan geniş
oxucu kütləsinin marağına səbəb olurdu. Onun
lirik şeirləri və publisist yazıları dövri mətbuatda
müntəzəm çap edilirdi.
Alı Mustafayev Azərbaycanın
gələcəyini, firavan sabahını, müstəqil
dövlət olduğunu arzulayan və bu arzunu əmələ
çevirən tək-tək ziyalılardan, vətənpərvər
insanlardan idi.
Alı Mustafayevlə
yanaşı, ölkənin böyükçinli məmurlarının
və eləcə də bir sıra tanınmış ictimai
xadimlərin qətlə yetirilməsi Azərbaycana vurulan ilk
böyük zərbə oldu. Bu hadisə erməni
işğalçılarının Qarabağa yolunu
açdı. Çünki həmin heyət düşmənin
qorxduğu ən böyük qüvvə və
işğalçıların Qarabağa girməsinə əngəl
ola biləcək ən böyük maneə idi. Planlı
şəkildə törədilmiş bu qətlin təfərrüatları
haqqında ötən saylarımızda geniş bəhs
etmişdik. Ölkəmizin faciəsinin ilk mərhələsi
olan bu hadisə tariximizə yeni bir səhifə açdı
ki, bu gələcək nəsillər üçün örnək
və həyat dərsi olacaq.
Alının alın yazısı O vaxtdan 20 il
ötür...
Qələm dostu Bəşir
Şəriflinin Milli Qəhrəman haqqında xoş xatirələrindən:
- Dəli bir ağlamaq
keçir könlümdən... Təkcə ağlamaqmı?
Şən, oynaq zarafatlarını eşidən bir kəs deməzdi
ki, Alı dəli bir ağlamaq üçün qəribsəyib.
Əslində, könlündən keçən çox
şeylər vardı - təzə aldığı mənzilində
yaxınları, doğmaları ilə bir ömür
yaşamaq, üç oğul balasının toyunu görmək,
arabir Qazaxdan gətirdiyi telli sazı kökləmək, daha nələr...
Hər gün öz
gülüşünlə, yerişinlə, bizə
tanış olan baxışınla "Xəbərlər"in
qapısını açıb içəri girəndə
yaratdığın xoş əhval üçün
darıxardıq. Bir də o söz üçün
darıxardıq ki, onu yalnız Alı Mustafayevdən eşitməyə
vərdiş etmişdik:
- Ayə, dayım da var, pulum da, sizin nəyiniz var ki?!
Özüm də bəy oğlu bəyəm.
Amma biz hamımız
çox yaxşı bilirdik ki, Alının ömründə
çətin günlərinin sayı daha çox olub. On illərlə
kirayədə yaşayıb, özü də erməninin
evində. Zarafatla deyərdi: Ayə, erməni evi olanda nə
olar ki, günortanı bizdəyik. Bir qismat çörəyimi
kəsin". Və nədənsə, onun sözündən
çıxmazdıq, gedərdik. Elə şən əhval
yaradardı ki, çətin günün yükünü
unudardıq...
Sonuncu
görüşümüzü yaxşı xatırlayıram.
19 il əvvəl elə noyabr ayının 19-u idi. "Xəbərlər"də
iş günü təzəcə başlamışdı.
Dedilər ki, Alı səfərə tələsir. Buna vərdişliydik.
Sorağı gah Moskvadan gələrdi - sovetlərin
qurultayından, gah Qırmızı körpüyə
görüşə tələsərdi, elə bil vaxt-vədə
onu qovurdu...
O gecənin vahiməli xəbərini
elə "Xəbərlər"in özü
yayımladı. Qarakənddən gələn qara xəbərə
təsəlli əvəzi söz tapa bilmədik. Bu xəbərin
gəldiyi gün hamımız bir yerdəydik - sükutla,
gözü yol çəkən adamlar kimi bir-birimizin
üzünə baxırdıq. Elə bil hamımız
günahkar idik. Bütün günü bu boyda ölkənin xəbər
düzümünü bir-birinə calayan, açılmaz
qapıları ərklə, ürəklə, təpərlə
döyən yazarlara oxşamırdıq. O gecə xeyli
yazıqlaşmışdıq. Alının körpə
Turqutu qədər çarəsiz və yetim
görünürdük. Nə Lalə xanıma, nə də
bir-birimizə təsəlli verə bilirdik. Elə bil o gecə
sözümüz də, özümüz də tükənmişdik.
Lal sükuta o qara xəbər meydan oxuyurdu. Və o gecə
"Xəbərlər"də qara bir sükut vardı...
Alı kədəri
öz içində əritməyə vərdişli idi.
Tez-tez ürəyinin ağrıları tutanda deyərdi ki,
böyük dərdlərin qarşısında belə
ağrıları dilə gətirmək günahdır. Nə
qədər zarafatcıl olsa da, hər şeyi öz
arşını ilə ölçüb-biçərdi,
haqsızlığa dözüm göstərməzdi. Ən
çətin məqamda da urvatlı sözə güvənərdi...
İsti söz
üçün qəribsədiyini də
görmüşdük. Misralarını öz dilindən də
eşitmişdik. Onda bir daha yəqin etmişdik ki, Alı bu
dünyanın ən zərif, kövrək adamlarından
biridir. Amma bir sözünü də unuda bilmirik. Deyərdi
ki, mən ona görə gülə-gülə gəzirəm
ki, hər adam görə-görə ağlaya bilmərəm.
Və bu deyimlərin üstündən şirin Qazax ləhcəsi
ilə doyumsuz zarafatlara keçərdi...
Biz həmişə
bir-birimizi qoruya-qoruya yaşayardıq. Amma o qara xəbərin
vahiməsindən qoruna bilmədik. Səndən sonra
doğmaların da təzə mənzilinə
uyğunlaşmadılar. Təkcə mənzilə yox, sənsiz
bu obaya, bu yurda sığmadılar. Təzə mənzildə
sənsiz yaşamağa tablaşmadılar, səkkizinci mərtəbədə
döydüyümüz qapının o tərəfindən səs-səmir
gəlmədi...
Yaşadığın
doqquzmərtəbəli binanın qarşısında
vurulmuş xatirə lövhəsinə həkk olunmuş
şəkildəki mənalı baxışınla o mərtəbələrdən
qat-qat hündürlükdə görünürsən. Və
o hündürlüyü telejurnalistikanın ən çətin
sınaqlarında pillə-pillə ötə bildin. Sənin nəyin
vardısa, halal haqqın idi. Bir obanın şirin ləhcəsini,
Qazaxbəyli kəndinin təəssübünü,
ağbirçək ananın xeyir-duasını heç nəyə
dəyişmədin. Böyük şəhərdə ən
dəyərli seçimin ömür-gün yoldaşın Lalə
oldu. Elə bil hər şeyi vaxtında-vədəsində
ölçüb-biçmişdin. Biçimində və
seçimində öz ömrünün yaşanan və
qırılan fraqmentlərinin keçidlərini səndən
özgə heç kəs belə duya bilməzdi.
Alı nə qədər
səmimi, istiqanlı idisə, o qədər də məqamında
sərt idi. 90-cı illərin əvvəlləri idi, Azərbaycan
dilində Vəzirov kimi danışanların çoxu vəzifədə
idi. Və onda bu eksperimenti "Xəbərlər"də də
sınaqdan çıxarmaq istədilər. Dilimizi bilməyən
bir naşını "Xəbərlər"ə baş
redaktor təyin etmişdilər. Uşaqların hamısı
gileylənirdi, amma hələ ki hamı susurdu. Heç kəsin
gözləmədiyi tərzdə Alı qapını
açıb girdi içəri ki, a qağa, birincisi, xoş gəlmisən,
amma Vallah, bura sənin yerin deyil. Nə qədər ki bu xəbər
böyüməyib, getməyin məsləhətdir. Onda o adam
hər şeyi anlamışdı. Bircə onu
soruşmuşdu ki, koqda? Alı da gülə-gülə cavab
vermişdi ki, ne zavtra, luçşe seqodnya. Bununla da məsələ
bitmişdi. Otağın açarlarını da elə
Alıya vermişdi.
"Xəbərlər"in
uşaqları elə baməzə idilər ki, bəzən
ciddi ilə zarafatı ayırmaq olmurdu. Elə ki nahar
başlayırdı, bir ucdan gedirdilər yeməkxanaya ki, hər
şey bəyin hesabınadır. Rəhmətlik belə
şeylərdən o vaxt xəbər tutardı ki, az qala borcun
hesabı maaşın həddini ötərdi. Və
maddım-maddım uşaqların üzünə baxardı
ki, qağa, gedəndə heç olmasa, mənə də xəbər
edin. Bir qismat mən də yeyim. Və sonra da dinməz-söyləməz
hesabı ödəyərdi, axı mən bəyəm, - deyərdi.
Sizin tayınız deyiləm.
Amma sonralar
sənin bəy adına çox adlar qoşuldu - Milli Qəhrəman,
əməkdar jurnalist...
Bütün bunlar təsəlli
əvəzi deyil. Nə də Qarakənddən gələn
qara xəbərin yerini ödəmir. Sadəcə, bizi
ovundurmaq cəhdidir...
Ömrünü iki
qütbün arasında bölürdün -
açıq-aşkar bəyan etdiyin telejurnalist Alı
Mustafayev və gizli-gizli qoruduğun şair imzan - Alı Qazaxbəyli.
Sənin təkcə telejurnalist və şair kimi yox, həmkar
və həmsöhbət kimi sevən, xatirələrinlə
isinən dostların az deyil. Və nə yaxşı ki, bu
xatirələr bu gün də yada düşür.
Dayandığın zirvə 40-a çatmayan yaşında sənə
bu dünya ilə əmin-arxayın halallaşmaq haqqı
verib. Qalan nə varsa, ömür nəyə macal vermədisə,
üç balanın - Toğrulun, Turalın, Turqutun qismətidir,
halal haqqıdır!
Nəzakət
Səs.-
2011.- 23 iyul.-S. 4.