11 ayın sultanı qapımızda...
Ramazanın
avqusta düşməsi oruc imtahanını çətinləşdirəcək
Ay dolandı, il
başa çatdı və ayların sultanı mübarək
Ramazan yenə qapımızı döyür.
Uca Rəbbimizin bəndələrinə
bol-bol rəhmət ehsan etdiyi bir ayı qarşılamaqdan
gözəl nə ola bilər?!. Ramazan elə bir aydır ki,
insanın qəlbi nurla dolar, insan xeyirxah əməllər
ardınca qaçar, daxilən saflaşar, paklaşar və
üzünü Rəbbinə tutub ondan bağışlanmaq
dilər. İnsanın öz Yaradanına - Rəbbinə
üz tutub ondan dilək diləməsi nə qədər gözəldir...
Məlumdur
ki, oruc tutmaq islamın 5 vacib şərtindən biridir.
Ramazan orucu Allaha bir aylıq ibadət
yoludur. Oruc nəfsi
islah edən, qəlbi bütün fənalıqlardan qoruyan bir
ibadətdir. Oruc ibadətlərin ən zəhmətlisi,
ən məşəqqətlisidir. Buna görə də
Rəbbimiz buyurur ki, Oruc mənim üçündür! Oruc elə bir ibadətdir ki, insanı bütün
ehtiyaclarından, arzu və istəklərindən kənarlaşdırır.
Oruc insanı səbirli, dözümlü,
dünya malına, dünya ləzzətlərinə biganə
edib, haqq dünyasına - axirətə hazırlayır və
onu mənən gücləndirir.
Peyğəmbərimiz
(s.ə.s) buyurub: "Elə ki, Ramazan gəldi, Cənnətin
qapıları açılar, Cəhənnəmin
qapıları bağlanar, şeytanlar zəncirli olar".
İnsanı
düz yoldan sapındırmağa səy edən
şeytanın zəncirləndiyi bir vaxtda Rəhbbimizə
üz tutmaq üçün əlimizə gözəl
fürsət düşür. Bu da oruc
saxlamaqdır.
Oruc saxlamaq
tibbi baxımdan da orqanizm üçün çox
faydalıdır. Qidalanmada fasilə yaratmaqla orqanizm il boyu ziyanlı və ziyansız qidaların qəbulundan
bir növ nəfəs alır, dincəlir. Orqanizmə
uzun saatlar ərzində heç bir qida daxil olmadıqda bədən
ehtiyatlarını "işə salır". Nəticədə zərərli maddələr,
artıq piy və yağlar da israf olunmağa başlayır
ki, bu da orqanizmin güclənməsinə, yenilənməsinə
səbəb olur. Yəni, orucluğun ilk
baxışda insanı zəif saldığı
düşünülürsə də, əslində oruc
saxlamaqla orqanizm daha da güclənir.
Əbəs
yerə orucluq mədə ağrısı, qan təzyiqi,
ürək-damar xəstəliklərinə qarşı ən
gözəl çarə hesab edilmir. Digər
vaxtlarda qidalanmaya ötəri, səthi yanaşan, ziyanlı yeməklər
qəbul edən, bununla da yorğun orqanizmini əldən salan
insan məhz Ramazan ayında özünə diqqətli davrana
bilir.
Həkimlər
hətta diabet xəstələrinə də oruc
tutmağı məsləhət görür və bunun onlara
heç bir ziyanı olmayacağına zəmanət verirlər.
İyulun
31-i niyyət axşamıdır
Bu il
hicri-qəməri təqvimiylə mübarək Ramzan
ayının başlanması miladi təqvimlə avqustun 1-nə
təsadüf edir. İyulun 31-i isə niyyət
axşamıdır. Ramazan orucunu tutmağa
hazırlaşanlar bu axşam niyyət etməli və ertəsi
gündən etibarən orucluğa başlamalıdırlar.
Niyyəti bu şəkildə etmək
lazımdır; Ramazan ayının orucunu tutmaq
üçün niyyət edirəm, vacib qürbətən iləllah.
Niyyət məhz
bu formada ona görə edilir ki, oruc Allahın buyruğu ilə
Ona yaxınlıq niyyəti ilə tutulur. Bütün
Ramazan ayı üçün bir dəfə "niyyət
etdim Ramazan ayını oruc tutmaq üçün, qürbətən
iləllah" demək də olar, hər axşam növbəti
gün üçün ayrıca niyyət etmək də.
Hər gün sübh açılanadək,
imsaq vaxtı hələ yetişməmiş oruc niyyətini təzələmək
də olar. Belədə "Allahım, bu
günün orucunu tutmaqda mənə kömək ol" deyilə
bilər.
Bu il
Ramazan ayında oruc tutmağa hazırlaşanlar iyulun 31-i
axşam saatlarından etibarən oruc niyyətini etməlidir.
Çox
yemək ziyandır
Bu il
də Ramazan ayı ən isti günlərə təsadüf
edir. Ötən il avqustun ilk 10
gününü ötürmüşdüksə, bu il oruc
tutanlar üçün daha da çətin imtahan olacaq. Çünki Azərbaycanda yayın ən qızmar
vaxtı hesab olunan avqust ayını bütünlüklə
oruc tutmalı olacaqlar. Oruca hazırlaşanları isti
günlərdə aclıq bir yana,
susuzluğa necə dözəcəkləri
düşündürür. Təbii ki, Uca Rəbbimiz
"oruc mənim üçündür, onun
mükafatını mən verirəm" buyurursa, onu
asanlıqla, əziyyət çəkmədən başa
vurmaqda da bəndəsinə kömək edir. Ən
yaxşı köməkçi, ən gözəl imdada
çatan Allahdır!.. Oruc
saxlayanlar bu hikməti bilir. Amma yenə də
havaların hədsiz isti keçməsi nəzərə
alınaraq oruc tutmağa hazırlaşanlara həkimlər
lazımi məsləhətlər verir.
Həkimlərin
məsləhəti budur ki, sahur və iftarda ağır qidalar
qəbul etmək olmaz. Müxtəlif
tortlar, pirojnalar-şirniyyatı ümumiyyətlə, menyudan
çıxarmaq lazımdır.
Ağır və
çox yağlı yeməklər əvəzinə asan həzm
olunan az yağlı ət, göyərti və
ya ətli tərəvəz yeməkləri qəbul edilməlidir.
Mütəxəssislər sahura (yəni oruc saatları
başlamazdan əvvəl səhər yeməyi) mütləq
qalxmağı tövsiyə edir:
- İnsan orqanizmi adi
vaxtlarda gün ərzində ən azı 2-2,5
litr su qəbul etməlidir. İndi nəzərə
alaq ki, oruc tutan adamın 16 saat dilinə su dəyməyəcək.
Bunun yerini hansısa şəkildə doldurmaq
lazımdır. Orqanizmin suya tələbatını
ödəmək üçün sahura mütləq qalxmaq və
güclü səhər yeməyi əvəzinə,
yüngül və su normasını ödəyə biləcək
qidalar qəbul edilməlidir.
Sahurda yəni,
imsaq vaxtına qədər (sübh azanına 5-10 dəqiqə
qalmışadək) yemək zamanı çalışmaq
lazımdır ki, gün ərzində orqanizmi təmin edə
biləcək, qana tez qarışmayan qidalar qəbul edilsin.
Çünki sahurla iftar arasında nə az,
nə çox, düz, 16 saat vaxt olacaq. Səhər yeməyi
elə qəbul edilməlidir ki, iftaradək orqanizm gücdən
düşməsin, qəbul edilən qida sayəsində insan
gün ərzində aclıq və susuzluğu mümkün qədər
az hiss etsin.
Sahur
Bunun üçün də
Sahurda mütləq 1-2 parça çörək, az yağlı qatıq, süd, pendir, yumurta,
yüngül şorbalar, pomidor-xiyar salatına, meyvə, meyvə
şirəsinə yer verilməlidir. Bu qidalar həm
yüngüldür, həm də kalorili hesab edilir. Sahur yeməyində çox şirin və duzlu
qidalara qətiyyən yer vermək olmaz. Çünki
onlar orqanizmin suya tələbatını artırır.
İftar
İftar
süfrəsində mütləq şorbalara yer verilməlidir.
İftarı bir qədər ilıq su və ya ilıq
çayla və 1-2 ədəd xurma ilə açmaq,
ardınca orta ölçüdə bir kasa şorba içmək,
tərəvəz salatı ilə azacıq pendir yemək, bir
qədər ara verildikdən sonra isə əsas
yeməyə keçmək məsləhətdir. Burada da yenə
ağır yeməklərə deyil, yüngül, həzmə
ağırlıq verməyən qidalara üstünlük
verilməlidir:
- İftarda yağsız
və ya az yağlı yeməklər,
qızardılmış, qovrulmuş ət əvəzinə
buxarda bişmiş ət, balıq əti, buğlama yeməkləri
qəbul edilməlidir. Mümkün qəbizliyi
önləmək üçün lifli qidalar - əsasən
xurma, paxlalı bitkilər, göyərti, meyvələrə
üstünlük verilməlidir. Oruc müddətində
mədə uzun müddət boş qaldığından birdən-birə
çoxlu qida qəbulu mədəyə ağrı verə,
ürək-damar sistemində problem ortaya çıxara, qan təzyiqinin
artmasına səbəb ola bilər.
Bunları önləmək üçün iftarda
yavaş-yavaş, qidanı çox çeynəyərək
və az miqdarda qəbul etmək
lazımdır.
Həkimlər
bildirir ki, şirniyyat və yağlı yeməklər həm
mədəyə ağırlıq verir, həm də
susuzluğu artırır. Sahurda da, iftarda
da şirniyyatı meyvə və meyvə şirələri
ilə əvəzləmək məsləhətdir. Sahuru da, iftarı da meyvə ilə bitirin. Sahur
və iftar zamanı gün ərzində insanın daha az hərəkətli olduğu vaxtlardır. Oruclular sahurdan sonra yatmağa üstünlük
verir, iftardan sonra da ənənəvi yatmaq zamanı gəlir.
Ona görə də qida qəbul edilərkən
bu amil də nəzərə alınmalıdır. Sahurdan sonra dərhal yatağa uzanmamaq, heç olmasa
1 saat oyaq qalmaq məsləhətdir. İftardan
sonra qəbul edilən qida tez həzm olunsun deyə,
qaçmaq, hansısa idman hərəkətləri etmək də
risklidir. Bu hərəkətlər
toxqarına edilməməli, yeməkdən ən azı 2 saat
sonra edilə bilər.
Sahurdan
sonra mütləq dişləri fırçalayın
Oruc
zamanı ağız boşluğunun təmizliyinə
xüsusi önəm verilməlidir. Sahur
yeməyindən sonra dişlərin fırçalanması
mütləqdir. Çünki gün ərzində
ağız boşluğunda mikroorqanizmlər çoxalır,
nəticədə ağız qoxusu getdikcə artır. Buna görə də sahur yeməyindən sonra
dişlər mütləq fırçalanmalıdır ki,
ağız boşluğunda, dişlərin arasındakı
mikroorqanizmlər təmizlənsin. Və
onların əmələ gəlməsi üçün
şərait olmasın. Çalışmaq
lazımdır ki, ağız boşluğu və dişlərin
təmizlənməsi işi sübh azanınadək bitsin.
Əks halda diş məcunu, yaxud da suyun boğaza
çatması orucu poza bilər. Ən
yaxşısı budur ki, sahur yeməyi sübh azanına 10-15
dəqiqə qalmış tamamlansın (müddəti hər
bir kəs öz hərəkətlərinə sərf edəcəyi
vaxta uyğun hesablaya bilər). Bu müddət
məhz təmizlik işləri və sübh namazına
hazırlıq üçündür.
Allah-Taala orucunuzu qəbul etsin.
Bütün
müsəlman bacı və qardaşlarımızı
mübarək Ramazan ayının başlanması münasibətilə
təbrik edir, oruc tutanlara bu ayı layiqincə başa
vurmağı, ibadətlərində səbirli və səmimi
olmağı arzulayırıq. Böyük
Yaradan özü köməyimiz olsun.
Məlahət
Rzayeva
Şərq.-
2011.- 28 iyul.-S. 6.