Əsl
teatr və kino xadimi
Məmmədrza Şeyxzamanov
obrazlarının öhdəsindən bacarıqla gəlirdi
Məmmədrza
Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2
yaşında ikən atasını itirib. Və o andan etibarən
ailənin bütün yükünü anası
Böyükxanım çiyinlərində daşımalı
olur. 1917-ci ilə qədər evdar qadın olan anası
inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə
başlayır. Bununla da evinə çörək pulu
qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz
adına Azərbaycan Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə
görə, 1918-20-ci illərdə mövcud olan 23 aylıq
cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik
tərəfdarları arasında aparılan "təmizlənmələr"
Şeyxzamanovlar nəslinə də əlini çəkir.
Məmmədrzanın məmur
babası Nağı Şeyxzamanov və yaxın qohumları
repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə,
taleyinə kədərli bir iz salır. Onlar hər xırda
şeylərə görə təqiblərə məruz
qalır, olmazın çətinliklər və problemlərlə
üzləşirdilər. Bu çətinliklər Məmmədrza
Şeyxzamanovun sənətində də az-çox
özünü büruzə verməkdə idi. Ona layiq
olduğu xalq artisti adını da çox sonralar, 1974-cü
ildə verdilər. Bunların hamısını Maarif Teymura Məmmədrza
Şeyxzamanovun özü danışmışdı...
1929-cu ildə ibtidai məktəbi
bitirən Məmmədrza orta məktəbə daxil olur. O,
şagirdlər arasında istedadı, tərbiyəsi,
savadı və biliyi ilə fərqlənirdi. Aktyorluq sənətinə
olan maraq və həvəs isə hələ məktəb illərində
öz "toxumlarını səpməkdə" idi. Ona
görə də orta məktəbdə oxuya-oxuya teatr
studiyasına daxil olur. 1934-cü ildə Cəfər
Cabbarlı adına Gəncə Dövlət Dram
Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü
ilə teatra dəvət edilir. İlk dəfə Ə.Həmidin
"Hind qızı" tamaşasında Brahma adlı
kiçik rolda çıxış edir. Bu, gələcək
aktyorun professional teatr səhnəsinə, sənət zirvəsinə
doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli
addımı olur. Teatrda işləyərkən peşəkar
yaradıcılıq tələbləri ilə tanış
olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini
mənimsəyir. Çalışdığı dövrdə
"Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad),
"Yaşar" (İmamyar), "İki qardaş" (Yuri)
və digər tamaşalarda yaddaqalan obrazlar yaradır.
1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram
Teatrında işə başlayır. Və elə o vaxtdan
etibarən də sənət yolundakı "yaşıl
işığı" daha da gur yanmağa başlayır.
Yaratdığı müxtəlif səpkili obrazlarla daha
çox tanınır və sevilir. Teatrda "Göz həkimi"ndə
Şahbazov, "Qış nağılı"nda Poliksen,
"Fərhad və Şirin"də Xosrov, "Vaqif"də
Qacar, "Otello"da Otello, "Aydın"da Aydın,
"Qaçaq Nəbi"də Qaçaq Nəbi,
"Vaqif"də Eldar kimi bir-birindən fərqlənən,
psixoloji, dramatik obrazları özünəməxsus şəkildə
yaradır. Rollarını o qədər böyük aktyorluq məharəti
ilə ifa edirdi ki, obrazın xarakterini aça bilirdi.
Bunları azman aktyorumuz, Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrının bədii rəhbəri və direktoru, xalq
artisti Əliabbas Qədirov xatırlayır. Deyir ki, Məmmədrza
Şeyxzamanov çox cazibədar və nadir aktyor olub. Onun səslər
içində seçilən, əsl səhnə və kino səsi
vardı. Elə bir səs ki, kimə məxsus olduğu
zamanındaca bilinirdi. Onlar "Mahnı dağlarda
qaldı", "İblis", "Zamanın
hökmü" və digər tamaşalarda tərəfmüqabilləri
kimi çıxış ediblər. Məmmədrza
Şeyxzamanov qəhrəman obrazlarını, komik rolları
daha məharətlə ifa edirdi. Buna baxmayaraq, müxtəlif
xarakterli, müxtəlif səpkili obrazların öhdəsindən
də bacarıqla gəlirdi. Çünki hərtərəfli
inkişaf etmiş aktyor idi. Həyatda da o, təkrarolunmaz və
xaraktercə mətin, zəngin dünyagörüşə
malik bir şəxsiyyət olub. Mərd idi. Heç kimdən
qorxmazdı. Ürəyindən keçən sözü üzə
deyərdi, arxaca danışmazdı. Düzlüyü
çox sevirdi. Kimliyindən asılı olmayaraq, həmişə
həqiqətin tərəfdarı olardı. Elə
üzünə baxanda görünürdü ki, yerini bilən
adamdır. Şit, yersiz zarafatları xoşlamırdı. Amma
yaxın adamları, yoldaşları arasında duzlu, məzəli
zarafatları da əskik olmazdı. Bir sözlə, o, əsl
Azərbaycan kişisinin tipik nümunəsi idi.
Məmmədrza
Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə
çıxır. "Bəxtiyar" filmində Şahbazov
rolu ilə. Bununla da kino yolunda ilk uğurlu
cığırı açılır. Daha sonra Cəfər
Cabbarlı adına "Azərbaycanfilm" Dövlət
Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda
çəkilir. Müxtəlif illərdə "Qızmar
günəş altında"da Alı kişi, "Leyli və
Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə
həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik
Qurbanov, "Qatır Məmməd"də Gəncə
qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi
obrazlar yaradır.
1963-cü ildə
böyük sənətkarımız Adil İsgəndərovun
Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi
musiqili komediya filmində - "Əhməd haradadır"da
Şirin kişi rolunda çıxış edir. "Əhməd
haradadır" filmi Azərbaycanın sənət rəmzi
sayılan Adil İsgəndərovun quruluşçu rejissor
kimi çalışdığı yeganə film olub. Hələ
Akademik Dram Teatrının direktoru vəzifəsində
çalışarkən Sabit Rəhman, Səməd
Vurğun, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı
kimi yazıçı-dramaturqlarla yaxından tanış idi,
müdir təyin olunandan sonra da bu dostluq əlaqələri
davam edirdi. O zaman ekranlaşdırılması
üçün kinostudiyanın "papka"sında bir
neçə əsər saxlanılırdı. Lakin Adil
İsgəndərovun "Əhməd haradadır"
xoşuna gəlir və ona kino çəkməyi qərara
alır. Filmdəki rolları ifa edəcək aktyorları isə
rejissor özü seçir. O, Nəcibə Məlikova, Məmmədrza
Şeyxzamanov, Mustafa Mərdanov, Əliağa Ağayev,
Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi
tanınmış sənətçilərlə
yanaşı Səyavuş Rəfiyev, Töhfə Əliyeva,
Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov... kimi gənc
aktyorları da çəkir. O zaman Azərbaycanın kino
tarixində ilk dəfə olaraq 5 aktyoru təyinatla kinostudiyaya
göndərirlər. Onları - Xamis Muradov, Elxan Qasımov,
Tofiq Məmmədov, Əbdül Mahmudbəyov və Fikrət Əliyevi
"Adil İsgəndərovun beşliyi"
adlandırırdılar. Rejissorun təşəbbüsü
ilə bu beşlik filmdə epizodik rollarda, kütləvi səhnələrdə
iştirak edir, rejissor, assisent köməkçisi kimi
çalışırdılar. Elxan Qasımov isə
sürücü Əhməd obrazını yaradır. Filmin
çəkilişləri Bakıda, Gəncədə,
Göy-göldə, Şamxorda və Hacıkənddə
aparılırdı. Bütün rəqs səhnələri və
Bəşir Səfəroğlunun iştirak etdiyi kadrlar
"Yaşıl teatr"da çəkilirdi. Əbdül
Mahmudbəyov xatırlayır ki, filmdə Azərbaycanın
azman sənətkarları ilə çiyin-çiyinə
çalışdıqları üçün fəxr edir,
onlardan sənətin sirlərini öyrənməyə can
atırdılar. Onda Məmmədrza Şeyxzamanovun sənəti
ilə bahəm şəxsiyyəti də onu heyran etmişdi.
Böyük aktyor, maraqlı insan olan Məmmədrza
Şeyxzamanov əsl teatr və kino xadimiydi. O elə sənətkarlardan
idi ki, böyüklüyündən, peşəkarlığından
istifadə edərək heç bir tələb irəli
sürməzdi. Rahat və yaradıcı sənətkar
olduğundan onunla çalışmaq asandı və
hamıya xoş təsir bağışlayırdı.
Ümumiyyətlə, səxavətli, qəlbi təmiz, ürəyi
açıq insan olub Məmmədrza Şeyxzamanov. O
hamıyla öz dili ilə danışırdı.
Böyüklə böyük, uşaqla uşaq kimi rəftar
edərdi. Yaxınları, dostları və
tanışları arasında isə bir ləqəbi vardı
- "Yaxşı kişi".
1976-cı ildə Məmmədrza
Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim
Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi
"Tütək səsi" filmində İsfəndiyar
kişi rolunda çıxış edir. Ümumiyyətlə,
yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik
Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən
idi.
Milli
xarakterlər ustası
Onun rollarında həmişə
bir doğmalıq hiss olunub. Elə bil bu rolların hər biri
bizim arzuladığımız xeyirxah, qayğıkeş,
öz şəxsiyyətinə hörmət edən, millətinə,
xalqına bağlı insanlardır. Onları sevməmək
mükün deyil. Elə teatrda da, kino da belə idi.
Aydın diksiya, özgələşmək
qabiliyyəti, obrazın daxilinə nüfuz etmək
bacarığı onun yaradıcılığı
üçün xarakterik əlamətlər idi.
Ömrünün sonuna kimi bu teatrda çalışıb.
Deyirlər ki, Məmmədrza
Şeyxzamanov rollarında olduğu kimi həyatda da sadə və
təvazökar insan idi. Ən əsası isə, yüksək
səmimiyyəti onu daha çox sevdirirdi. O, Azərbaycan
teatrında bir məktəb yaratmışdı. Onun
teatrdakı fəaliyyəti elmi axtarışların hələ
də əsas mövzusu olmamışdır. Bu böyük sənətkarın
yaradıcılığının tədqiqinə bu gün
böyük ehtiyac var.
Kino sənətimizin tarixi
ilə maraqlananlar yaxşı bilirlər ki, Məmmədrza
Şeyxzamanov Azərbaycan milli kino sənətinin
inkişafında böyük xidmətlər göstərmişdir.
Onun kino rolları üçün xarakterik olan cəhət
bundan ibarətdir ki, onlar sadə adamlar olsalar da daxilən zəngindirlər.
Məmmədrza
Şeyxzamanovla hər dəfə ekranda qarşılaşmaq
adamda gözəl və səmimi hisslər doğurur. Hər
dəfə "Tütək səsi" filmində sazda
"Ruhani" ifa olunanda o gözəl insan yad olunur. Bu filmə
tamaşa edənlər orada həmin yanğılı
havanın sədaları altında evinə qaçan və
sonra da evdə sazı sinəsinə basıb "Ruhani"ni
dilləndirən köhnə çuxalı İsfəndiyar
kişinin obrazını yəqin ki, yaxşı
xatırlayırlar. Bu elə Məmmədrza Şeyxzamanovun
özü idi. O bu dəhşətli müharibəni
görmüşdü. Ağrılarını da
dadmışdı. Günlərin birində rejissor ona İsfəndiyar
kişinin rolunu tapşıranda içində bir rahatlıq
tapmışdı. Talelər necə də bir-birinə
yaxın olarmış.
İsfəndiyar kişi kəndin
ağsaqqalıdır. Cəbhədən qara kağız alan
neçə-neçə insana təskinlik verib arxa
durmuşdu və indi oğlunun qara kağızını
alanda özü ilə tənha qalır və yeganə
söykənəcəyi "Ruhani" olur. O, təbiətən
ağsaqqal idi. Deyirdilər, elə gəncliyindən
ağır, sanballı adam olub. Teatrda işləyirdi və elə
hər il də kinostudiyanın bir filmində çəkilirdi.
Xeyirxah adamların rollarını oynayırdı. Demək
olmazdı ki, Məmmədrza müəllim aktyorluq edirdi, o
özünü yaşayırdı, içində, qəlbində
olanları obrazlar vasitəsilə ifadə edirdi. Bəlkə
də, aktyorluq doğrudan da, elə budur. Qılınc Qurban
kimi "əjdaha"ların qabağına ancaq İsfəndiyar
kimi daxilən güclü insanlar çıxa bilərdi.
"Qurban, ürək, qəlb məsələsidir, sən
qarışma" - deyəndə, Qılınc Qurbanı bu
sözlər elə bil qılınc kimi kəsir.
Məmmədrza
Şeyxzamanov hansı rolda çəkilməsindən
asılı olmayaraq onu özününküləşdirirdi.
Elə bilirdin ki, rol onun üçün yazılıb. Rola
girməzdi, rol onun daxilində kök salardı və
tamaşaçının da ona rəğbəti məhz bu
müsbət qəhrəmanların yaratdığı
işıqlı auradan mənbə alardı.
O, yüksək duyğulu insan idi. Rejissorlar onun barəsində danışarkən deyirdilər
ki, onunla işləyəndə adam yorulmaq bilmir. Tərəfdaşlarına yaxşı oyun
üçün şans
verirdi.
"Liftçi
qız" qısametrajlı bədii filmində ona bir rəssam
rolu verilmişdi. Bu
filmə baxanlar onun gözlərindəki həyat eşqini duymamış deyillər. O, doğrudan da,
belə həssas adam idi.
Oynadığı rolların öz
ifası ilə portretini yaradırdı.
Rənglərin, sözlərin
çalarlarını duyan
adam idi.
Teatrda ona o qədər rəngarəng
rollar vermişdilər ki, daha başqalaşmağa şans da
yox idi. Ancaq onun həmişə "ehtiyat"ı olardı
və son anda istedadı köməyinə gələrdi.
M.Şeyxzamanov təkcə
müsbət qəhrəmanların əvəzsiz
ifaçısı deyildi. O həm də, mənfi tipləri yaratmaqda usta idi. "Nəsimi" filmində tamaşaçılar
onu Şeyx Əzəm rolunda görəndə bir az təəccüb
hissi keçirdilər.
Nə idi bu təəccübə
səbəb olan?
Əvvəla, buna alışmamışdılar.
İkincisi, axı aktyor
müsbət ampluada əvəzsiz ifaçı
idi. Ancaq Şeyx rolu
onun ampluadan uzaqlaşma bacarığını
təsdiq etdi və biz Şeyxzamanovun ifasında tam yeni bir qəhrəman gördük.
Öz
yaradıcılığı ilə milli teatr və kino sənətinin
inkişafına xidmət etmiş, Azərbaycanın xalq
artisti, Dövlət mükafatı laureatı Məmmədrza
Şeyxzamanovun əziz xatirəsi xalqımızın
yaddaşında əbədi yaşayacaqdır.
Şərq.- 2011.- 4 iyun.- S. 11.