Qatar Cahan
Cahan xanım Talışinskaya 1909-cu ildə fevral
ayının 9-da Lənkəran şəhərində anadan
olmuşdur. O, Mir Rzaxan Talışinski ilə general Səməd
bəy Mehmandarovun bacısı Məryəm xanım
Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi
Bakıya köçür. Cahan böyük bacısı
Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım
"Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun
həyat yoldaşı idi. O, Azərbaycan qızlar
seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal
ilə maraqlanırdı. Bacısının evində piano var
idi və Cahanın gözəl musiqi qabiliyyəti
olduğundan tanış melodiyaları pianoda
çalırdı.
Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və
tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın
əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov
öz xatirələrində Cahan xanımın hər
hansı bir alətdə, - istər qarmon, istər fleyta, istər
qaval olsun, - necə asanlıqla çalmağından
danışır.
Seminariyada oxuduğu illərdə Cahan xanım o
dövrdə Əli Bayramov adına klubun nəzdində təşkil
olunmuş bədii özfəaliyyət dərnəyində
iştirak etməyə başladı. 1927-ci ildən Bakı
şəhərinin radio şəbəkəsində işə
daxil olur, sonra Dövlət estradası və nəhayət
1934-cü ildən Azərbaycan Dövlət
filarmoniyasının solisti olur. Bu dövr Cahan
Talışinskayanın həyatında yaradıcılıq
yüksəlişi idi. Onun adı musiqisevərlərin və
mütəxəssislərin dilindən düşmürdü.
Yaradıcılığı
O, bir çox konsertlərdə çıxış
edir, konsert briqadaları ilə Azərbaycanın bir çox
rayonlarına və hərbi hissələrə qastrola
çıxırdı. Cahan xanım xalq mahnılarının
və Azərbaycan muğamlarının gözəl
ifaçısı idi. Müasirlərinin xatirələrində
deyildiyi kimi, onun ifa etdiyi Şahnaz, Segah, Bayatı-Şiraz və
həmçinin Qarabağ şikəstəsi muğamları
dinləyicilərin gurultulu alqışları ilə
müşayiət olunurdu. Lakin Qatar muğamı onun ifa etdiyi
şah əsəri idi. Çox vaxt onu belə də
adlandırırdılar - Qatar Cahan. Cahan xanımın səsinin
geniş diapazonu, virtuoz səs aparatına malik olması bu
texniki cəhətdən mürəkkəb olan muğamı
onun ifasında təkrarolunmaz edirdi.
Onun sənətinin nə qadar güclü təsir
buraxmağına bir hadisə misal ola bilər. 20-ci illərin
axırı - 30-cu illərin əvvəlində Bakıya
Avropaya səfərə hazırlaşan Əfqanıstan
şahı Əmənulla xan gəlmişdir. Bu yüksək
qonağın şərəfinə qonaqlıq verilir və
bundan sonra konsert proqramı göstərilir. Konsertdə
iştirak etmək üçün Cahan
Talışinskayanı dəvət edirlər. Konsertdən
sonra şahın xanımı minnətdarlıq əlaməti
kimi qızıl qol saatını Cahan xanıma hədiyyə
etdi. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət
etdilər və saatı bir günə aldılar (yəgin ki,
yoxlamaq üçün). Səhəri gün saatı
qaytardılar: saatın arxa tərəfində "Cahan
Talışinskayaya Əmənulla xandan" sözləri
yazılmışdı. O dövrdə Cahan xanım Cabbar
Qaryağdı, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan
Şuşinski, Həqiqət Rzayeva, Qurban Primov, Zülfü
Adıgözəlov kimi görkəmli xanəndələr ilə
konsert proqramlarında iştirak edərdi. Azərbaycanın
xalq artisti Bəhram Mansurov xatirələrinin birində C.
Qaryağdı, X. Şuşinski, H. Sarabski, Yavər və
Münəvvər Kələntərli, Cahan
Talışinskayanın birlikdə oxuduqları Qarabağ
şikəstəsinin ifası haqqında
danışırdı. Bahram Mansurovun sözlərinə
görə, bu əsərin belə görkəmli artistlər
tərəfindən birlikdə ifası dinləyicilərə
təsiri dəfələrlə gücləndirirdi. Bundan əlavə,
o dövrdə Cahan xanım özünü istedadlı
folklorist kimi göstərmişdir. Çox az adama məlumdur
ki, "Qubanın ağ alması", "Uca dağlar",
"Dəli Ceyran", "Kürdün gözəli"
kimi bir çox populyar xalq mahnıları məhz ilk dəfə
onun ifasından yazılmış və ifa edilmişdir: bu
mahnıları Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində
toplamış, bütün vasitələrdən istifadə
edərək yeni melodiyaları yadda saxlayaraq onu dinləyicilərə
olduğu kimi çatd ırırdı. Belə ki, müğənninin
oğlunun xatirələrinə görə, Cahan xanım bu
mahnılardan bəzilərini ücqar dağ rayonlarında,
çay qırağında paltar yuyan bir qadından
eşitmiş və yazmışdır. İndi məşhur
"Qubanın ağ alması" mahnısını isə
ona akademik Mustafa bəy Topçubaşovun həyat
yoldaşı Reyhan xanım oxumuşdur. 1933-cu ildə
"Şərq musiqi" ansamblının tərkibində
Cahan xanım Moskva, Leninqrad və Kiyev şəhərlərinə
qastrol səfərlərinə çıxır. 1936-cı
ildə isə o yenə Moskva və Leninqrad qastrolları
zamanı Ümumittifaq yazı studiyasında Qatar və Segah
muğamlarının, "Uca dağlar" və "Yeni kənd"
mahnılarının yazısı onun ifasında lentə
alınır. Müharibədən əvvəlki bu illərdə
Cahan xanım tamaşaçıların hədsiz rəğbətini
və məhəbbətini qazanmışdır. Onu hər
yerdə tanıyırdılar. Çox açıq ürəkli,
şən, mehriban insan olan Cahan xanımın
saysız-hesabsız dost və tanışları var idi.
Bunlardan - Səid Rüstəmov, Bülbül, Həqiqət
Rzayeva, Şövkət Məmmədova, Şəmsi Bədəlbəyli,
Yavər Kələntərli, aktyorlardan Mustafa Mərdanov, Sona
Hacıyeva, Əzizə Məmmədova, Fatma Qədri, Mərziyyə
Davudova kimi bir çox məşhur adamların adını
çəkmək olar. Cahan xanımın bu
yaradıcılıq fəallığına, işgüzarlığına,
həyatsevərliyinə heyran olmaq olar, çünki bu
dövr, 30-cu illər Stalin repressiyasının ölkədə
kölgə saldığı bir dövr idi. Cahan
xanımın böyük hörmətə malik
olmasını bilərək bir çox adamlar özləri
barədə yüksək orqanlardan bu və ya digər məsələ
üçün onun havadarlıq etməsini xahiş edirdilər.
O, heç vaxt köməyini əsirgəməzdi; məhz
qolçomaqlıq dövründə bir neçə adam onun
köməyi ilə xilas olunmuşlar.
1937-ci ildə bacısı Sitarə xanımın əri
şərqşünas-türkoloq Xalid Səid Xocayev və
Sitarə xanım özü də həbs edilmişdi. Cahan
xanım heç nədən çəkinməyərək
bacısının qızı Bəhicəni öz evində
saxlayır. O, başqa bacısı Bilqeyis xanıma da kömək
edir. Bilqeyis xanımın da əri həbs edilmişdi. O,
bacısı oğlu Hüseynə də köməklik
göstərirdi. Cahın xanımın keçmiş əri
Məmməd Hacıbəyov və qardaşı Rüstəm
Talışinski də həbs edilmişdi. Cahan xanım tək
özü oğlu Nazimi böyüdürdü və onunla
anası Məryam xanım da yaşayırdı. Bu, çox
çətin dövr idi və onun evi sakitlik adasını
xatırladırdı.
Talışinskayanın
çətin günləri...
Cahan
Talışinskayanın da başının üstünü
qara buludlar aldı. NKVD-də gizli əməkdaşlıq etməyə
razılıq vermədiyinə görə Cahan xanıma
1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənət
ongünlüyükdə iştirak etməyə icazə vermədilər.
Onun adı iştirak edənlərin siyahısından
silinmişdi. Həmin hadisəni Cahan xanım çox
ağır keçirdi. Buna baxmayaraq, 1939-cu ildə estrada
artistlərinin Birinci Ümumittifaq müsabiqəsinə
yollandı. Burada münsiflər heyətinin sədri L. Utyosov,
münsiflər heyətinin üzvləri isə - İ. Dunayevski,
Smirnov-Sokolski, İrma Yaunzem idilər. O, Klavdiya Şulcenko,
Olqa Lepeşinskaya və Tamara Sereteli ilə yanaşı bu
müsabiqənin laureatı oldu. 1940-cı ildə Cahan
Talışinskaya respublikanın əməkdar artisti
adını aldı. 33 yaşında o, artıq
yaradıcılığının yüksək zirvəsinə
çataraq xalq tərəfindən sevilirdi.
1942-ci ildə onu 14 yaşlı oğlu ilə birlikdə
yalançı donos nəticəsində Qazaxıstanın
Petropavlovsk rayonuna sürgün etdilər. "Xalq düşmənləri"
adı altında onlar orada (1942-ci ilin avqust ayına qədər)
güclü nəzərətdə oldular. Bir sıra xahiş
ərizələrindən sonra Cahan xanım Özbəkistanın
Çimkənt şəhərinə köçməyə
icazə aldı. Lakin bunun əvəzində o Daşkəndə
köçdü və oğlu Nazimi Bakıya öz
qardaşı məşhur professor-travmatoloq Əbülfət
Talışinskinin yanına göndərdi.
Daşkənddə Cahan xanım şəhər
filarmoniyasında solist ifaçı kimi
çalışmağa başladı. Şübhəsiz, gənc
qadın oğlunun, vətənin, qohumlarının həsrətini
çəkirdi.
Vətənə bir qədər yaxınlaşmağa
Cahan xanıma bir təsadüfi hadisə kömək etdi.
1943-cü ildə Daşkəndə SSRİ Xalq
komissarlığı nəzdində yerləşən musiqi
idarələrinin başçısı V. Surin gəlmişdi.
O müəyyən bir vaxta Ümumittifaq estrada artistlərinin
musabiqəsində münsiflər heyətinin üzvü idi.
Həmin müsabiqədə Cahan xanım laureat adına layiq
görülmüşdür. O, Cahan xanımı
tanıyır, onunla söhbət etdikdən sonra Tbilisi şəhərində
incəsənət işləri üzrə idarəyə təyinat
verir. Beləliklə, Cahan xanım Tbilisi şəhərində
Azərbaycan teatrının səhnəsinə qayıdır.
Burada o, Leyli ("Leyli və Məcnun"), Telli
("Arşın mal alan"), Əsli ("Əsli və Kərəm"),
Şahsənəm ("Aşıq Qərib")
rollarını ifa edir və müvəffəqiyyət
qazanır. Lakin Bakıda NKVD təşkilatı Tbilisiyə məktub
göndərir və bu məktubda Cahan xanımın yenidən
Orta Asiyaya sürgün edilməsi məsələsini
qaldırır. Onu bu dəfə keçmişdə Bakıda
yaşamış Zaqafqaziya hərbi şurasının
üzvü, SSRİ deputatı Xavər Vəliyev xilas edir.
Onun köməkliyi ilə Cahan xanım Tbilisidə qalır və
bir çox xahişdən sonra nəhayət Vətənə
qayıdır. Həmin dövrdə musiqi teatrının
direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəyli
onu Teatra dəvət edir. Cahan xanımın parlaq komediya
aktrisalığı bir daha özünü büruzə
verir. Onun təbiətində olan şən əhval-ruhiyyə
yenidən canlanır. Deyilənə görə,
tamaşaçılar o dövrdə musiqili komediya teatrına
"Talışinskayanın teatrı" adı ilə gedirdilər.
Onun "Arşın mal alan", "O olmasın, bu
olsun", "Gözün aydın", "Durna"
operettalarında yaratdığı Telli, Sənəm, Nargilə,
Lalə obrazları o qədər parlaq və yaddaqalan idi ki,
tamaşaçılar onu səhnəyə dəvət edir, hətta,
mahnı və ariyaları bir neçə dəfə ifa etməsini
tələb edirdilər. Sənəm rolunun ifası zamanı
Segah muğamı üzərində edilən improvizə zalda
gurultulu alqışlara səbəb olurdu. Qeyd etmək
lazımdır ki, Cahan xanımın ifa etdiyi bəzi
rollarını o vaxtı gənc aktrisa Nəsibə xanım
Zeynalova dublyaj edirdi.
1949-cu ildə repressiya və sürgünlərin yeni
dalğası başlanır. Yenidən Cahan Talışinskaya
oğlu ilə Daşkəndə sürgün edilir. Yalnız
1954-cü ildə Stalinin ölümündən və M.C.Bağırovun
həbsindən sonra Cahan xanımın və onun oğlunun
azad olunması barədə qərar qəbul olunur. Cahan
xanım Daşkənddə yaşamağı davam edir. O demək
olar ki, işləmirdi, lakin hər ay radioda onun konsertləri səslənirdi.
Daşkənddə oğlu evlənir, nəvələri
dünyaya gəlir. Onlar tez-tez Bakıya qohumlarını
görməyə gəlirdilər. 1966-cı ildə Daşkənddə
baş verən zəlzələ onların Vətənə
qayıtmağına təkan verdi. Daşkənddə
onların yaşadığı ev tamamilə uçulur və
təsadüf nəticəsində sağ qalan Cahan xanım və
ailəsi təcili Bakıya qayıdırlar. Cahan xanım bir
il sonra 1967-ci ildə vəfat edir. Pianoda çalıb oxuduğu
zaman paralic nəticəsində həyatını dəyişir.
Bundan sonra uzun illər vaxtaşırı radioda onun konsertlərinin
lent yazıları səslənirdi. Axırıncı dəfə
onun səsi televiziya ilə ölümünün
ildönümü münasibətilə səslənmişdir.
Əliağa Vahid öz dövrünün görkəmli
qadın-xanəndələri Haqiqət Rzayeva, Sürəyya
Qacar, Münəvvər və Yavər Kələntərli və
Cahan Talışinskayaya şeir də həsr etmişdir.
Məlum olduğu kimi, Daşkənddə Dövlət
teleradiosunun arxivində Cahan xanımın konsertinin yeganə
videoyazısı qorunub saxlanır. İnanmaq istəyirik ki,
bizim xalqın Cahan xanım Talışinskaya kimi nümayəndələri
haqqında xatirələri qorunub saxlanacaq və nəsildən-nəsilə
ötürüləcək.
Şərq.- 2011.- 8 iyun.- S. 11.