"Sevil" obrazını öz həyatında
yaşayan qadın İzzət Orucova cəmi iki filmə
çəkilib, mehrini elmə bağladı
"Məni
ilk Azərbaycan kino aktrisası adlandırırlar. Və mən
bəzən fikrə dalıram: görəsən, bu,
düzgündürmü? Ümumiyyətlə, mən aktrisa
olmuşammı? Axı, mən oynamamışam... Yox, mən
kamera qarşısında iki qadın taleyini
yaşamışam. Bunlar mənim müasirlərim, demək
olar ki, yaşıdlarım idi..." Bu sözləri vaxtilə
"Sevil" və "Almaz" bədii filmlərində
baş rolları ifa edən Azərbaycanın ilk milli kino
aktrisası, görkəmli kimyaçı alim, akademik İzzət
Orucova söyləyib.
20 yaşında ikən əvvəlcə "Sevil",
sonra isə "Almaz" filmlərində çəkilmiş,
Azərbaycan qadınlarının lirik və dramatik
obrazlarını təbii və inandırıcı boyalarla
yaratmağa müvəffəq olmuşdur. Cazibədarlığı,
çəkiliş meydançasında özünü təbii
aparması və hisslərini təmkinlə büruzə vermək
bacarığı ona uğur qazandırmışdır. Bu
iki filmdən sonra o, kinodan bilərəkdən
uzaqlaşmış və həyatını
bütünlüklə elmə həsr etmişdir. Lakin
İzzət xanımla apardığım söhbətlərin
birində o, belə bir fikir söylədi ki, əgər Cəfər
sağ olsaydı, onun filmlərində çəkilişləri
mütləq davam etdirərdim.
İzzət xanım 1932 - ci ildə Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) texnoloji
fakültəsini bitirmişdir. Mühəndis diplomunu alıb
Kuybışev adına Azərbaycan Elmi - Tədqiqat Neft
Emalı İnstitutunda işləmiş, həmin institutun əsasında
yaradılan Neft Kimyası Prosesləri İnstitutunda laboratoriya
müdiri, Qeyri - Üzvi və Fiziki Kimya İnstitutunda direktor,
Aşqarlar Kimyası İnstitutunda motor yağları
üçün aşqar kompozisiyaları hazırlama
laboratoriyasının müdiri olmuşdur.
Texnika elmləri doktoru, professor, Azərbaycan EA - nın
akademiki, Azərbaycan Dövlət mükafatı laureatı,
respublikanın əməkdar elm xadimi İzzət Orucovanı
bir alim kimi dünyanın bir çox ölkələrində
yaxşı tanıyır, onun elm aləmindəki kəşflərini
yüksək qiymətləndirirlər. O, keçmiş
SSRİ - nin ən iri sənaye mərkəzlərində və
bir sıra xarici ölkələrdə elmi məruzələrlə
çıxış etmişdir.
İzzət xanımın kinoya gəlişi, daha doğrusu,
onun böyük dramaturq Cəfər Cabbarlı tərəfindən
necə tapılıb kinofabrikə gətirilməsi barədə
müxtəlif rəvayətlər mövcuddur. Lakin fikirlər
müxtəlif olsa da, nəticə eynidir. Onu kino
üçün Cəfər Cabbarlı kəşf
etmişdir.
Cəfər
Cabbarlının tapıntısı
İzzət Orucova 1909-cu il
sentyabrın 16-da Bakıda dünyaya göz açıb.
İzzət xanımın sonrakı həyatının
özü bir kino olub. O, dünyaya göz açanda ölkə
ağrılı dövrünü yaşayırdı.
İnsanların bir gözü gülürdü, digəri
ağlayırdı. Haqsızlıq, ədalətsizlik baş
alıb gedir, insanın insan tərəfindən zülmü ərşə
çıxmışdı. İzzət xanımın yeniyetmə,
gənclik illərində gördüyü, duyduğu,
eşitdiyi müsibətlər neçə-neçə bədii
filmlərin mövzusu ola bilərdi.
Cəhalətin hökm sürdüyü keçən əsrin
20-ci illərində azərbaycanlı qızın təhsil
alması, oxuyub mühəndis olması Şərq mühitində
görünməmiş hadisə olmaqla, üstəlik, tələbə
qızın filmə çəkilməsi, baş rolda
oynaması əsl möcüzə, həyat
reallığından daha çox əfsanə kimi
qarşılanaraq tariximizə yazılıb.
Arxiv materialları əsasında məlum olur ki, İzzət
Orucovanı kino üçün böyük
axtarışlardan sonra görkəmli dramaturq Cəfər
Cabbarlı kəşf edib. İzzət xanım xatirələrində
bu barədə belə yazıb: "Sevil" filminin həm
ssenari müəllifi, həm də quruluşçu rejissoru
görkəmli dramaturq Cəfər Cabbarlı idi. Filmin digər
rejissoru Beknazarov Sevil rolunun ifasını Nora Arzumanova adlı
bir qıza tapşırmaq istəyirdi. Lakin Cəfər
Cabbarlı buna qəti etirazını bildirdi. Dedi ki, əsərin
baş rolunda azərbaycanlı qızı çəkilməlidir.
Mən Cəfərin adını eşitmişdim,
üzünü görməmişdim. Günlərin birində
o mənə yaxınlaşdı, məqsədini bildirdi. Amma
mən nə "hə", nə də "yox" dedim.
Qarşıya çıxan qismətdən qaçmaq
olmazmış. Rəhmətlik Cəfər müəllim
çox tələbkar idi. Bəyənmədiyi kino
kadrlarının dəfələrlə yenidən çəkilməsini
israr edərdi. Dünən olubmuş kimi xatırlayıram:
Sevilin çarşabı başından atması epizodu bir
neçə dəfə təkrar çəkildi. Lakin bu səhnə
- azərbaycanlı qızının tərəqqiyə can
atması mənzərəsi işıqlı təfəkkür
sahibi Cəfər müəllimin xoşuna gəlmədi. O, hər
dəfə yumşaq tonda, ancaq hiss edirdim ki, hirsini gizlədib
deyərdi: "Yox, İzzət olmadı. Çarşabı
başından atmağın çox süni
çıxır, qondarma görünür. Unutma, əsərin
kulminasiya nöqtəsi də elə burdadır. Sən
müdhiş, qorxunc çarşabı başından elə
atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin
və mövhumatın qara pərdəsi olan çarşaba
nifrət, qəzəb oyatsın".
Beləliklə, İzzət Orucova "Sevil" filmində
baş rola çəkilir və böyük uğur
qazanır. İzzət xanım peşəkar aktrisa deyildi.
Lakin ürəyini ağrıdan hadisələrin çox
şahidi olmuşdu. Hansısa bir nailiyyətdən fərəhlənmək
istəyəndə gözəgörünməz qüvvə
onun sevincini ürəyində boğmuşdu. İzzət
xanım xatirələrində yazıb: "Bəlkə də
dünyada bənzəri olmayan günləri, anları
yaşamışam. "Sevil" bədii filmi ekranda göstərilən
gün anamı da kluba aparmışdım. Qohum-əqrəbalarımız
da gəlmişdi. Tamaşaçıların çoxunun
biletini Cəfər Cabbarlı almışdı. Həmin
gün birinci anam, sonra neçə-neçə
tamaşaçı çarşabı başından
açıb atdı. Ancaq yenidən qara örpəyə,
çarşaba büründülər. Çünki
dünyanın ən dəhşətli zülmü - repressiya
başlamışdı. İncə duyumlu, zərif qəlbli,
kövrək ürəkli şair Mikayıl Müşfiqin
sanki ərşə çəkilməsi rəhmətlik Cəfər
Cabbarlıya da qənim kəsildi".
Filmin uğurundan ruhlanan Cəfər Cabbarlı
özünün eyniadlı pyesi əsasında "Almaz"
kinossenarisini yazır. O, əvvəlki filmlərdə
rejissorluq sahəsində lazımi təcrübə
topladığı üçün böyük həvəs
və ruh yüksəkliyi ilə "Almaz"a quruluş verməyi
öz öhdəsinə götürür. C.Cabbarlı
yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar
arasında rolları bölüşdürür. Almaz roluna
bundan əvvəl "Sevil" filmində çəkilmiş
İzzət Orucovanı təsdiq edir. Lakin Cəfər
Cabbarlının vaxtsız ölümü ona bu arzusunu həyata
keçirməyə imkan vermir. Amma görkəmli dramaturqun bu
arzusunu həmkarları həyata keçirir. İzzət
xanım Almaz obrazını müvəffəqiyyətlə
oynayaraq azadlığa çıxan Azərbaycan
qadınının lirik, canlı obrazını yaratmağa
müvəffəq olur.
Dövlət Film Fondunun direktoru Cəmil
Quliyevin dedikləri:
- Bəxti
mərhum İzzət xanımın üzünə
gülmüşdü. Bütün sarsıntılara,
sıxıntılara baxmayaraq, o, ömrünün ən bəxtəvər
çağlarını yaşayırdı. 20-22
yaşında gənc qız oynadığı Sevil roluna
görə dövrün populyar şəxsiyyəti,
ifaçısı kimi tanınmışdı. "Sevil"
filmindən sonra Cəfər Cabbarlı onu özünün
ssenarisi əsasında quruluş verəcəyi "Almaz"
filmində yenə baş rola - Almaz obrazını yaratmağa
dəvət etmişdi. Amma dramaturqun arzusu ürəyində
qalır. O, zamanın amansızlığına dözüm gətirə
bilmir, dünyasını dəyişir. Ancaq İzzət
xanım Almaz roluna çəkilir və s. ekran
tamaşaçılarının rəğbətini
qazanır. Onun hər iki filmdə oynadığı
rolları bu gün də örnək kimi qəbul edir,
nümunə göstərirlər.
Görkəmli elm xadimi
İzzət
xanım kino aktrisası kimi məşhurlaşsa da, əsas məqsədindən
- elmə sevgisindən ayrılmır. "Sevil" və
"Almaz" filmlərindən sonra gənc aktrisa kinodan
uzaqlaşır və həyatını bütünlüklə
Azərbaycan elminin inkişafına sərf edir.
O, uzun illər
Elmi-Tədqiqat Neft Emalı İnstitutunda müxtəlif vəzifələrdə
işləyir. Elmi dərəcələr qazanır. O, elm sahəsində
uğurlar qazandıqca, milli kinomuzda iki məşhur rol
oynadığını nəzər-diqqətə
çatdırmırdı. Bəlkə ona görə ki,
ötən illərin ürək ağrıdan müsibətlərini
yenidən yaşamaq istəmirdi. Amma bəzən Sevillərin,
Almazların çadralarını atmalarına, arzularına
çatmalarına sevinərdi. Elm xadimi kimi tanındıqca,
ucaldıqca, müxtəlif fəxri adlar, dövlət
mükafatları alanda, istər-istəməz ötən
günlərini xatırlayır, fərəh, qürur hissi
duyurdu.
İzzət
xanımı gözəl insan, səmimi iş yoldaşı,
daim axtarışda olan elm xadimi kimi tanıyır və
sevirdilər. Elmi sahədə onunla uzun illər birgə
çalışan Həqiqət Cəbiyevanın xatirələri
İzzət xanımı təkcə elm adamı kimi deyil,
insani keyfiyyətlərini tanıtmaq baxımından
maraqlıdır:
- Hər dəfə
İzzət Orucova haqqında söz düşəndə onun
iki xidməti - görkəmli elm xadimi olması, bir də milli
kino sənətimizdə fəaliyyəti ehtiramla
xatırlanır. 30 ilə yaxındır ki, İzzət
xanım haqq dünyasına qovuşub. Amma mən buna hələ
də inanmıram. Həmişə, hər vaxt elə bilirəm
ki, indicə qapımız açılacaq, həmişəki
kimi şən ovqatla əhvalımızı, nəyə
ehtiyacımızın olmasını soruşacaq. Onun
simasında qadın şərəfinin, ləyaqətinin
ucalığını görmüşəm. Portretini
böyüdüb evimdən asmışam. Hər dəfə
televiziya ekranlarında onun ifasında Sevili, Almazı görəndə
kövrəlirəm. İzzət xanım son dərəcə
həssas duyumlu insan idi. Şükürlər olsun ki, o
unudulmur. Çünki xatirələrdə özünə əbədi
yer qazanıb.
İzzət
Orucovanın yüksək ixtisaslı kadrlar
hazırlanmasında xidməti olub. O, Azərbaycan Demokratik
Respublikasının Dostluq Cəmiyyəti Azərbaycan
Şöbəsinin sədr müavini kimi
çalışıb. İzzət xanım 1962-ci ildə
texnika elmləri doktoru, professor elmi dərəcəsi, iki il
sonra Əməkdar elm və texnika xadimi fəxri adını
almış, dövlət mükafatına layiq
görülmüş, Elmlər Akademiyasının akademiki
seçilmişdi. "Şərəf nişanı",
"Qırmızı əmək bayrağı",
"Lenin" və "Oktyabr inqilabı" ordenləri ilə
təltif olunmuşdu.
Nağıla bənzər, amma həyat həqiqəti
olan, mənalı ömür yaşayan İzzət Orucova
dünyasını dəyişsə də, unudulmayıb. Xidmətləri,
elmi fəaliyyəti, xüsusən milli kinomuzun
inkişafındakı əməyi hər vaxt ehtiramla
xatırlanır. Bunun üçün təkcə
yaddaşlara deyil, arxivlərdə qorunan lentlərə və
onları qoruyanlara da minnətdar olmaq lazımdır.
Tanınmış kinoşünas, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadənin dediyi kimi:
- Nə qədər
ki, milli mədəniyyətimiz, incəsənətimiz var,
İzzət xanım da yaşayacaq, gələcək nəsillərə
örnək olacaq.
"Almaz" filmi kino ulduzunun şöhrətini
möhkəmləndirdi. Tənqidçilər istedadlı
qızın gözəl gələcəyindən xəbər
verirdilər. Lakin İzzət xanım onların həyəcanlı
və tərifli məqalələrini oxuyaraq, öz həyatı
barədə daha çox düşünürdü. Ailədə
ona heç bir söz demirdilər. Hamı diqqətlə onun
hansı yolu seçəcəyini gözləyirdi. Nəhayət,
məhəbbət elmə qalib gəldi...
1935 - ci ildə
İ.Orucova qonşuluğunda yaşayan Mövsüm
İsmayılzadə ilə ailə qurur. Lakin bu xoşbəxtlik
uzun sürmür. 1937 - ci ildə M.İsmayılzadəni xalq
düşməni kimi həbs edirlər. Əvvəlcədən
həbs olunacağını hiss edən ər dərhal
arvadından ayrılır. Bununla da İzzət xanımı
və körpə oğlu Yılmazı sürgündən
xilas edir.
Həyatın
ağrı-acılarına dözərək İ.Orucova
sonralar qarşısına qoyduğu məqsədə
doğru inamla irəlilədi, ekranda yaratdığı Sevil və
Almaz obrazlarının yolunu həyatda davam etdirdi. İzzət
xanımın adı Azərbaycan kino tarixinə ilk milli
kinoaktrisa, Azərbaycan elm tarixinə isə ilk azərbaycanlı
qadın böyük kimyaçı-alim kimi daxil oldu.
Cəmil
Quliyev: Sevilin obrazı, həyatı hamıya bəllidir. Təsadüfə
bax ki, bu qadının şəxsi həyatında da bu obraz elə
bil təkrar olundu. İzzət xanım da ərindən
ayrılmalı olur, çünki əri repressiya olunur. Onun əri
həkim imiş. Hüseyn Cavidin yaxın dostuymuş.
Sürgündə təsadüfən güllələnmədən
canını qurtarır. O biləndə ki, tutulacaq, İzzət
xanımdan boşanır. Yoxsa İzzət xanımı da,
biryaşlı oğlunu da sürgün edəcəkdilər.
İzzət xanım cəmi bir il ailə səadətini daddı.
Bütün həyatını tək yaşadı. Oğlunu
böyütdü. Çətinliklərlə
qarşılaşdı. Ekranda olan obraz onun həyatına
keçdi...
Şərq.- 2011.- 11 iyun.- S.11.