Hamlet yoxluğu
Azərbaycan kino sənətində
öz imzasını qoymuş, sənətə qurban olmuş
dahilərimizdən biri də unudulmaz aktyor Hamlet Xanızadədir.
Həm orta, həm də yaşlı nəsil
Respublikanın əməkdar artisti, şəhid sənətkarımız
Hamlet Xanızadəni böyük ehtiramla yad edir. Psixoloji
baxımdan bir-birinə bənzəməyən, böyük məharətlə
yaratdığı obrazlar qalereyası milli teatr-kino mədəniyyətimizin
əvəzsiz incilərindəndir.
Həyatı
Hamlet Xanızadə 1941-ci ildə
doğulmuşdur. O, Bakının Şağan qəsəbəsində
dünyaya göz açmışdı. Burada orta təhsil
almışdı və atası Bəbir kişi heç onu
aktyor görmək istəmirdi. Amma balaca Hamletin qəlbində
baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib
gəldi. Müharibənin dəhşətli
ağrılarını hələ körpəliyində
çəkən bu uşağın taleyində çox
şeylər ağrılı olmuşdu. Hamlet
uşaqlıqdan teatra, kinoya meyilli idi. İncəsənət
Universitetinə 50-ci illərin sonlarında daxil olmuşdu,
1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına
işə gəlmişdi. Hamlet Xanızadə elə institut
illərindən özünü istedadlı aktyor kimi təqdim
etmişdi. Tədris teatrında yaratdığı rollar
müəllimlərin də, uşaqların da qəlbində
özünə yer almışdı. Bilmirəm ilk dəfə
hansı rolu oynayıb, kimlərlə tərəf-müqabil
olub. Bircə onu bilirəm ki, bu sənəti sidq ürəkdən
sevirdi və ilk rolu da, heç şübhəsiz, bu sevgi
ruhunda yaradılmışdı.
Yaradıcılığı
Çox tamaşalarda oynayıb.
Onların adlarını sadalamaqla qurtaran deyil. Tərəf-müqabilləri
də ki, səhnəmizin "ulduz"ları olmuşdu. Mehdi
Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli,
İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl
Dağıstanlı və onlarla müqtədir sənət
korifeyləri ilə birgə işləyib, sənətin sirlərini
mənimsəyib. Bu teatr onun üçün həm də məktəb
idi. Hünərin nə idi ki, belə sənətkarların
qarşısında nəyi isə səhv edəsən, nəyi
isə nəzərdən qaçırasan. Hamlet Xanızadə
burada püxtələşdi, tamaşaçıların qəlbinə
yol tapdı. Onu sevirdilər, alqışlayırdılar. Hamlet
haqqında düşünəndə ilkin olaraq yadıma Topal
Teymur düşür. Hər dəfə bu televiziya
tamaşasına baxanda onun yaratdığı Topal Teymurun qəddar
görkəmi uzun zaman gözlərim qarşısından
çəkilmir. Aktyor bu obrazın ifası üçün
elə orijinal üslub seçib ki, istər-istəməz
tamaşaçıda şər əməllərə nifrət
hissi doğurur.
Bir də "Nəsimi" filmindəki
Topal Teymuru xatırlayın. Yusif Vəliyevin yaratdığı
həmin obrazla H.Xanızadənin qəhrəmanını
müqayisə edəndə oxşar əlamətlər
olduğunu necə də aydın hiss etmək olur. Doğrudan
da, bizim aktyor sənətimizdə çox böyük nəhənglər
yetişib. Yaxşı ki, kinomuz, televiziyamız olub və hər
iki sahədə yüzlərlə aktyorumuzun bizə ərmağan
etdiyi əsərlər yaşayır və onlar Azərbaycanın
çox qiymətli milli-mənəvi sərvətinə
çevrilib.
"Dəli
yığıncağı", "İblis",
"Ölülər" və s. tamaşalarda Hamletin
bütün qəlbi və ruhu ilə yaratdığı nə
qədər qəhrəmanlar olub. Hər dəfə səhnəyə
çıxanda tamaşaçı alqışlarının
ardı-arası kəsilməzdi.
Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin
"Dəli yığıncağı"nda Molla Abbası,
Nəriman Həsənzadənin "Atabəylər"ində
Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan
adam"ında doktoru böyük sənətkar məharəti
ilə yaratmışdı. Dünya ədəbiyyatı incilərindən
F. Şillerin, V. Şekspirin əsərlərində
oynamışdı.
Kinoya 70-ci illərdə gəlmişdi.
Tofiq Tağızadənin "Yeddi oğul istərəm"
filmindəki Gizir obrazını
xatırlayırsınızmı? Gəray bəyin "vuran əli"
olan Gizir tədbirli insandır. O, hər şeyi
götür-qoy etməyi bacarır. Hamlet qəhrəmanının
bu xüsusiyyətlərini qabartmaqla onu filmin əsas qəhrəmanları
səviyyəsinə qaldırır. Hamlet kinonu da çox
sevirdi və ömrünün son illərində kinoya daha
çox meyillənmişdi. Filmlərə tez-tez çəkirdilər
onu. Hərdən dublyaja, "Mozalan"a da dəvət edirdilər.
Enerjili insan idi. İşləmək onu heç vaxt
yormazdı. Təki ürəyincə olan, daha doğrusu, ona
"yaraşan" rollar olsun. İlk dəfə "O
qızı tapın" filmində kinorejissor Həsən
Seyidbəyli çəkmişdi onu. Oynadı,
özünü təsdiq etdi. Sonra isə kinorejissor Kamil
Rüstəmbəyov Hamleti "Axırıncı
aşırım" filmində çəkdi. Kərbəlayı
İsmayılı yola gətirmək üçün Abbasqulu
bəylə birgə Qarabağlar kəndinə yollanan
Talıbov Qəmlonun qəzəbinə düçar olur. Talıbov
qorxmaz, igid, insan taleyinə biganə qalmayan qəhrəmandır.
Aktyorun Kərbəlayının qəbulunda o qorxunc
anlardakı simasını xatırlayırsınızmı. Çox
istedadla yaradılıb bu səhnələr. Hamlet Xanızadə
belə dramatik səhnələrin əsl ustası idi.
Amma İmaş ("Arxadan vurulan zərbə")
tamam başqa ampluada işlənmiş bir qəhrəmandır.
O, həyatın çətinliklərini görüb
başı daşdan-daşa dəyib. Həbsxana həyatı
da yaşayıb. Baş verən ən kiçik cinayətlərdə
belə onun adı hallanır. Amma Qəmərlinskinin
öldürülməsindən onun xəbəri yoxdur. Bacısı
da bir tərəfdən onun ovqatını korlayır. Xoşu
gəlməyən bir nəsildən olan Fazili sevir. Bu mürəkkəb
hadisələr fonunda onun xarakteri açılır. Hamlet bu
epizodları elə istedadla, məharətlə ifa edir ki,
tamaşaçı əsl aktyor sənətinin şahidinə
çevrilir və onu sevməyə bilmir. Əyninə
sırıqlı geymiş bu oğlanın taleyinə
heç kəs biganə qala bilmir. "Axırıncı
aşırım"da isə onun rolu o qədər
böyük olmasa da, bu bolşevik obrazını Hamlet
Xanızadə çox istedadla yaratmışdı. Hamletin ən
uğurlu ekran qəhrəmanlarından biri "Arxadan vurulan zərbə"
filmindəki İmaşdır. İmaş da baş qəhrəman
deyil, ancaq o öz oyunu ilə obrazı elə yüksək səviyyədə
təqdim edir ki, onu əsas qəhrəmanlar səviyyəsinə
çatdırır. Hamletin bu filmdəki rolu kinomuzun çox
maraqlı qəhrəmanlarındandır. Xəlifə Mötəsimi
isə "Babək" filmində yaratmışdı. Bu
tarixi filmdə onun ifa etdiyi rol o qədər böyük olmasa
da, hadisələrin ümumi gedişinə təsir göstərən
tarixi simadır. Hamlet onu uğurla yaradıb, sevdirib bizlərə.
Və nəhayət, "Qətl günü" filmindəki
Sədi Əfəndi. Sədi Əfəndi ümumiləşmiş
yazıçı, filosof obrazıdır. Biz onu xəstə vəziyyətdə
görürük və bu insanın düçar olduğu xəstəlikdən
sağalmayacağını da duyuruq. Aktyor zamanın min bir əzablarından
keçmiş bu insanın bütün
ağrılarını məharətlə yaşayır, onu
sevdirir, elə özü sevdiyi kimi. Yusif Səmədoğlunun
eyniadlı romanı əsasında lentə alınmış
"Qətl günü" filminə Hamletin dəvət
olunması təsadüfi deyildi. Sədi Əfəndi həyatın
sınaqlarından keçmiş, sənətkar taleyi
yaşamış bir obrazdır. Bu obraz mürəkkəb
olduğu qədər də ziddiyyətlidir. Tarixin
ağrılı dövründə, 30-cu illərin
repressiyalarının qurbanı olan yüzlərlə sənət
adamının ümumiləşmiş obrazıdır. Hamlet
Xanızadə Sədi Əfəndinin ifası
üçün çox orijinal detallar tapıb, onun
bütün iztirab və yanğılarını sifətindəki
cizgilərlə verə bilir. Müasir mövzuda çəkilmiş
"Yaramaz"da (rejissor V. Mustafayev) zavod direktorunu oynayır. Bu
obrazla aktyor müasir rolların da gözəl
ifaçısı olduğunu bir daha təsdiq edir.
Hansı rolda çəkilməsindən
asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini
gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil
tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu
tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə
toxunmazdı. Rolları isə, əksinə, qəddar,
zalım, qaniçən insanlar olurdu.
Hamlet Xanızadə güclü
yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi
müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar
artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət
mükafatı və bir də xalqın ürəyində
qazandığı məhəbbət idi. Bu məhəbbət
bu gün də var, sabah da olacaq. Hamlet Xanızadə
ömrünün son günlərinə qədər işləyirdi.
Özü də həvəslə, yorulmadan işləyirdi.
1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli
dərəcədə sarsıtmışdı və günlərin
birində bu ağrılar onun ürəyini əbədi olaraq
susdurdu. Həmin ilin fevralında. Hətta şəhidlərimizin
40-nı görmək belə ona qismət olmadı. Hamlet
Xanızadə çox həssas insan idi. Millətin, xalqın
qeyrətini çəkən, onun yolunda ölümə belə
getməyə hazır olan aktyor 20 Yanvar faciəsinin qurbanı
oldu. Onu Şəhidlər Xiyabanında dəfn etmədilər,
doğma kəndlərinin qəbiristanlığında
torpağa tapşırdılar. Hər dəfə Hamlet
Xanızadənin çəkildiyi filmlərə tamaşa edəndə
bu qəribə taleli insanın böyük sənətinə
qibtə edirsən. Onun qəhrəmanları onu bu xalqın sənət
tarixində əbədiləşdirib. Hamletin əziz xatirəsi
heç zaman sənətsevərlərin yaddaşından
silinməyəcək.
20 YANVAR
faciəsi onun qubarlı sinəsinə bir dağ çəkdi
Ömrün bahar
çağını yaşayırdı. Sənətin əzablı
yollarıyla pillə-pillə zəfər zirvəsinə can
atırdı. Bu aləmdə möcüzələr yaratmaq
eşqi ilə aşıb-daşan Hamlet ömrünə gələn
qışı necə görəydi? Hardan biləydi ki, bir
ilğım gələcək, naqafil bir ilğım. Bu
ilğım günahsız vətən övladlarının
ömrünü kəsəcək. Bu dərddən ürəyi
qubar bağlayacaq. Bu ilğımın 1990-cı il 20 YANVAR
adlı törəməsi Hamletin qubarlı sinəsinə bir
dağ da çəkəcək. Hər gün Şəhidlər
Xiyabanını ziyarət edə-edə, çəkilməz
müsibətin ağrısını ürəyinə
yükləyə-yükləyə şəhidlərə yas
tutacaq. Cəmi 13 gündən sonra isə Azərbaycana Hamlet
yoxluğunun ağrısını yaşadacaq... Fevralın 3-də
Bakı Şağan yoluna qan rəngli qərənfillər
düzüləcək, Hamleti doğulduğu Şağan kəndinə
son mənzilə yola salacaq. Beləcə, Hamlet böyük həvəslə
çəkildiyi "Qətl günü"nün ekrana
çıxdığı günü də görməyəcək.
Dünyadan narahat, nisgilli köçəcək. Bir az da
umacaqlı, incik...
"Qətl günü"ndən
Hamlet Xanızadənin "qətl günü"nə qədər
"Qətl günü" Hamlet
yaradıcılığının finalıdır. Müxtəlif
dövrləri əks etdirən üç obrazı - Xəstə
Ziyalı, Sədi Əfəndi, bir də qədim məmləkətin
ən yaxşı Şairini canlandırır. Canlandırdığı
ölümə məhkum insanlar! İki əsr əvvəl
boynu vurulmuş Şair, 30-cu illərdə güdaza getmiş
Sədi Əfəndi, bir də onların dərdini içində
çəkə-çəkə yatağa düşən Xəstə
Ziyalı. Bəzən ağzını açmağa imkan
verilməyən, bəzən heyrətindən donan, bəzən
də danışmağa gücü olmayan dərdli bir xəstə!
Bütün hallarda Hamletin baxışları kədərlidir,
sanki ağlayır. O gözlərdəki kədəri təkcə
"Qətl günü"ndə görməmişdim, o kədər
Hamletlə qoşa doğulmuşdu, qoşa
böyümüşdü, qoşa
yaşamışdı
...Hamlet
belə yaşamaq istəmirdi
Rafiq Quliyev
(rejissor)
- Hamlet Xanızadəylə onun son
dəfə çəkildiyi "Qətl günü"ndə
birgə işlədim. Filmdə bir səhnə var, Hamlet qəfəsdədir.
Həmin səhnə çəkiləndə ondan xahiş
etdim ki, burda belə elə, orda belə dur. Onda Hamlet
"narahat olma, - dedi, - bura mənə çox
rahatdır". Bu sözün üstündən bir an
ötdü, dönüb qəfəsdəki Hamleti iri planda
çəkirdim, düz kameraya baxdı. Elə baxdı... Bax
o baxışdan gördüm ki, qəfəs ona nə dərəcədə
doğmadı. Artıq mənə aydın idi ki, Hamlet öz
cəlladını gözləyir. O tərkidünya olmuşdu.
Bu adam daha həyatdan zövq almırdı. Təbii ki, bunun səbəbləri
vardı. Həmin səbəblərin biri də peşəylə
bağlıydı. İblisi oynayan aktyora daha dramatik, daha
çalarlı obraz yaratmaq lazım idi, - amma nə elə əsər
vardı, nə də sənətə gələndə
gördüyü rejissorlar. Bu da onun həyata
marağının itmə səbəblərindəndir... Cəlladını
gözləyən Hamletin ölüm xəbərini eşitmək
mənimçün gözlənilməz deyildi. Bilirdim ki, o,
ölümünü gözləyir. Çəkiliş
vaxtı bunu onun gözlərindən oxumuşdum. Filmdə
ağ geyimdə - kəfəndə görmüşdüm...
Hətta "Qətl günü"nün çəkilişlərinin
birində o özünü
çığıra-çığıra dənizə
atmışdı. Artıq məlum idi, Hamlet axına
qarşı gedir, üsyan edir, belə yaşamaq istəmirdi. Təbiətə,
insanlara, cəmiyyətə, Allaha - hamıya qiyam etmişdi.
... Nə istəyirdi Hamlet? O dövrdə ən ciddi, dövlət
sifarişi olan tarixi-bədii filmdə 3 obrazın üzərində
işləyirdi. Özü də, bilavasitə, filmin müəllifiydi.
Onun filmin ərsəyə gəlməsində böyük
rolu var... Hamletin ölüm xəbəri hamını
sarsıtdı. "Qətl günü"nün səsyazması
da, təəssüf ki, Hamletsiz oldu... Bu hadisədən sonra
Hamletin yaxın dostu Fuad Poladov o nəfəsdə, o avazda filmi
səsləndirdi. Elə səsləndirdi ki, hətta o filmə
qulaq asanda elə bilirəm ki, eşitdiyim Hamletin səsidir. Hamlet
də şəhiddir. Təsadüfə baxın, filmin çəkilişləri
1989-cu ildən başa çatsa da, səsi 90-cı ildə
yazırdıq. Bu da imperiyanın öz heyfini
aldığı vaxta düşdü. Şəhidlər
verdik. O şəhidlərin biri də Hamlet oldu. Onun şəhidlik
zirvəsinə çatdığını hiss edirdik, amma belə
ölümü kim gözləyirdi?
Son
O
gün Şəhidlər Xiyabanına gedib. Kövrəlib,
ağlamaq istəyib. Amma səhnədə dəfələrlə
ağlayan aktyorun nə qədər istəsə də,
gözündən bir damcı yaş çıxmayıb.
İlahi bir damla göz yaşını əsirgəyib ondan.
Kinostudiyaya qayıdıb. "Qətl günü" filmini səsləndirmək
üçün parçalara ayırıb. Elə bu vaxt...
halı dəyişib. Başına yığılan sənət
dostlarına "Narahat olmayın, mən şəhidlərin
heç birindən artıq deyiləm" deyib. Bu
dostlarının ondan eşitdikləri son sözdür. Hələ
Səməndər yanğısı unudulmamışdı, hələ
şəhidlərin qırxı çıxmamışdı.
Hamleti də şəhid verdik. Bu şəhid Aktyor evindən
son mənzilə - doğulduğu Şağan kəndinə
aparıldı. O gün Bakı-Şağan yolu da qərənfillərlə
bəzədildi. Hamlet anası Çeşmi xanımın
yanında dəfn edildi. Öz arzusu beləydi.
Şərq.- 2011.- 21 iyun.- S. 11.