Yavər Kələntərli...

 

  Bu adı səhnəyə israrla Üzeyir bəy gətirib

 

  Azərbaycan qadınının musiqi sənətinə yolu əsrin əvvəlində böyük vokal ustası Şövkət Məmmədova tərəfindən açılsa da, 40-cı illərdə hələ də Yavər Kələntərli, Fatma Mehrəliyeva kimi beş-üç sənət ulduzu vardı. Milli incəsənətimizin böyük təəssübkeşlərindən olan Yavər Kələntərli Azərbaycanın əməkdar artisti muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı, Azərbaycan radiosunun və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 

   Leyli, Leylinin anası ("Leyli və Məcnun", Ü. Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Ü Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və digər partiyaları ifa edib. Yavər Kələntrli 5 feval 1979-cu ildə vəfat edib.

  

   Həyatı

 

   Yavər Kələntərli bu dünyada cəmi qırx gün atalı olmuşdu. O, dünyaya 1902-ci ildə gəlmişdi. Bu həmin iliydi ki, Şamaxını zəlzələ viran qoymuşdu. Anasının, bibilərinin ölənədək unutmadıqları o fəlakət baş verəndə, körpə Yavər beşiyində mışıl-mışıl yatırmış. Qəflətən yer-göy lərzəyə gəlir. Adamlar təlaşla özlərini evdən bayıra atırlar. Hər kəs canının hayındaymış. Anası isə onu bağrına basıb qorunmağa yer axtarır. Bala məhəbbəti can qorxusunu yadından çıxarır. Qızını başlarına yağan daş-kəsəkdən qoruya-qoruya sığınacaq axtarır. Qəflətən ayağı büdrəyib yıxılır. Üz-gözü qana boyanır. Yenə özünü yox, körpəsini düşünür. O gün aldığı yara sonradan yaxşı olsa da, qadının üzündə həmişəlik iz qoyur. O dəhşətli gündə aldığı başqa bir yara isə onun qəlbindəydi. Ailənin başçısı Abbas da zəlzələnin qurbanı olmuşdu. Atası körpə qızını doya-doya sevib-əzizləmədən getmişdi bu həyatdan. Amma sanki həmişə onun yanında olmaq üçün səsinin qüdrətini, gözəlliyini Yavərə verib getmişdi.

   Onların nəslində hamı muğamı, musiqini sevirdi. Amma balaca, şirindilli, hazırcavab, sevimli Yavərə "Qız uşağı oxumaz" dedilər. O da kömür damına qaçar, orda ürəyi boşalınca oxuyardı. Şöhrətli xanəndə olduğu vaxtlarda onu müayinə edən həkim təəccüblənmişdi: "Səsinizdə qəribə ahəng var, elə bil, kömür şaxtasında işləmisiniz".

   O, səhnənin, oxumağın ləzzətini görüb-getmişdi Xudaverdinin evinə. 1916-cı ildə məktəbdə Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsəri tamaşaya qoyulanda, o da Əsgəri oynamışdı. Qızlar məktəbi olduğundan, o zaman məktəbin bir neçə şagirdi kimi ona - Yavər Zamanovaya da kişi rolu düşmüşdü. Amma onun üçün əsas o idi ki, səhnəyə çıxmışdı. Gəlin köçəndən sonra isə o, səhnə arzusuna, oxumaq istəyinə son qoyulduğuna əmin idi...

   Yavəri qohumları sənətdən, səhnədən uzaq tutmaq üçün əllərindən gələni etmişdilər. Ancaq onun məlahətli səsi bir gün bəstəkar Üzeyir Hacıbəyovun diqqətini çəkdi. Üzeyir bəylə Yavərin qardaşı Hacıbala Zamanov Qori Seminariyasında bir yerdə oxumuşdular. Sonralar isə dost olaraq qalırdılar. Üzeyir bəy Hacıbalagilə tez-tez gələrdi. Elə onlarda "Leyli və Məcnun" operasının məşqinin aparıldığı vaxtlarda da Üzeyir bəy Yavərin oxumasını dinləmişdi. Üzeyir bəyin aləmində bu səs elə onun Leylisinin səsiydi. Bəstəkarın təklifi Yavərgilin ailəsində razılıqla qarşılanmadı. Amma ona etiraz da edə bilmədilər. Yavər 1922-ci ildə birillik musiqi kursunu bitirdi.

   Görünür, qisməti beləydi. Bu yanıqlı, qeyri-adi səs təkcə öz-özünü ovutması, qohum-tanış məclislərində dinlənilməsi üçün deyildi. Ona görə də nə vaxtsa mütləq səhnəyə çıxmalı, o gözəl səsiylə dinləyənləri feyziyab etməliydı. O gün də olmasaydı, bir başqa vaxt səhnəyə gəlməli, Yavər Kələntərli adını Azərbaycan musiqisi tarixinə yazmalıydı  

  

   Sənətə gəlişi

  

   O gün - 1924-cü ilin sentyabrında dayısı oğlu Əlicabbarın evində qurulan məclis Yavərin sənətə gəlməsi üçün bir vasitə oldu. Həmin gün dayısı oğlu dostu Cəmo Cəbrayılbəylinin ağır xəstəlikdən sağalması münasibətilə qonaqlıq verirdi. Bəstəkar Müslüm Maqomayevin masabəyilik etdiyi məclis şən keçirdi. Birdən Cəmo Cəbrayılbəyli əyilib qonaqlardan birinin - Qulu Hüseynovun qulağına nəsə pıçıldadı. O da ayağa qalxıb, masabəyidən danışmaq üçün icazə istədi. Qulu Hüseynov əvvəlcə Azərbaycan qadınlarının tərifini göylərə qaldırdı, sonra məclisdə iştirak edən Yavər Kələntərlidən söz saldı:

   - Mən eşitmişəm ki, Yavər xanım gözəl musiqi istedadına malikdir, muğamatı yaxşı bilir. Onun həm də qüvvətli, məlahətli səsi var. Masabəyidən xahiş edirəm ki, Yavər xanımın bu məclisdə oxumasına icazə versin.

   Cəmo Cəbrayılbəyli də dostunun sözünə qüvvət verdi  

   - Bəli, həqiqətən də Yavər xanımın çox gözəl oxuması var.  

   Müslüm Maqomayev gülümsündü:

   - Görünür, gözləmədiyimiz yerdən xəzinə tapmışıq. Ümidvaram ki, Mirzə Xudaverdi bizim Yavər xanımı dinləməyimizə müsaidə edəcək.

   Masabəyi sözünü bitirər-bitirməz alqış qopdu. Yavər hələ də yerindən qımıldanmırdı. Əlicabbar məsələyə qarışmalı oldu: 

   - Mənə elə gəlir, nə Yavər, nə də Xudaverdi yeznə bu məsləhətdən çıxmazlar.

   Həmişə belə olardı. Dost-tanış, qohum məclislərdə onu oxutmamış əl çəkməzdilər. Amma Yavər yenə həyat yoldaşının cavabını gözlədi. Məclisdəkilərin əksəriyyəti müəllimlər idi. Bu hörmətli ziyalıların yanında etiraza yer yox idi. Xudaverdinin razılığını gözlərindən oxuyan Yavər ayağa qalxdı. Onu ailəvi məclislərdə çox zaman Cəmo Cəbrayılbəyli müşayiət edərdi. O, indi də Yavərin işarəsini gözləyirdi. Yavər Cəmoya baxıb gülümsünəndə, o dərhal tarını götürüb, Yavər xanımın yanında əyləşdi. Yavər "Segah" üstə "Leyli və Məcnun" poemasından bir qəzəl oxumağa başlayan kimi, məclis sükuta qərq oldu.

   Yavər oxuyub-qurtaran kimi məclisi alqış sədaları bürüdü. Onun ünvanına təriflər yağmağa başladı. Sonra Cəmo yenidən tarını sinəsinə basdı. "Kəsmə- Şikəstə"yə başlayıb Yavərə baxdı. Araya sükut çökdü. Yalnız tarın həzin sədaları altında Yavərin ürəkyandıran "Kəsmə-Şikəstə"si eşidilirdi. 

   O gecə, həmin məclisdə qərara gəldilər ki, tezliklə Maarif evində keçiriləcək tədbirdə Yavər Kələntərli də çıxış etməlidir. Gənc sovet dövlətinin məktəb-maarif məsələlərində, az qala, inqilab elan etdiyi günlər idi. Müəllimlərin sözü hər yerdə keçirdi. Başının ağrımasını istəməyən Xudaverdinin də razılıq verməkdən başqa çarəsi qalmadı. Elə oradaca əlüstü müsamirədə Yavər Kələntərlini müşayiət edəcək musiqiçilər də müəyyənləşdirildilər.

   1924-cü il noyabrın 5-də Maarif evinin ikimərtəbəli binasında sovet hakimiyyətinin 5-ci ildönümü münasibətilə tədbir keçirilirdi. O gecə Yavər "Mahur-hindi" muğamını ifa etdi. Onu tarda Bədəlbəy Bədəlbəyli, skripkada Cəmo Cəbrayılbəyli müşayiət etdilər. Bundan sonra Üzeyir bəy ona muğam dərnəyinə getməyi məsləhət gördü. Yavər Kələntərli məşhur xanəndələr Cabbar Qaryağdıoğlundan və Seyid Şuşinskidən dərs aldı. Daha sənətin yoluna düşmüşdü. 1937-ci ildə onu Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrına dəvət etdilər. Teatrda ona Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"unda Leyli, "Əsli və Kərəm"də Əsli, Müslüm Maqomayevin "Şah İsmayıl"ında Ərəbzəngi kimi rollar verdilər. Filarmoniyada keçirilən konsert proqramlarının afişalarına Yavər Kələntərlinin də adını saldılar.

   Bundan sonra həyat yoldaşıyla münasibətləri daha da kəskinləşdi. Dava-dalaş günlərlə davam edirdi. Xudaverdi bəzən konsertə getməyə hazırlaşanda onu döyürdü. Yavər səhnəyə bədənindəki qançır yerlərinin ağrısıyla çıxıb oxuyardı. Onların ailə münaqişələri barədə söz-söhbətlər artıq evlərinin kandarını çoxdan aşmışdı. Hətta qəzetlərdə də bu barədə yazılar getmişdi. On səkkiz il idi, bir yerdəydilər. Ancaq bu illər onları doğmalaşdıra bilmədi. Nəhayət, ayrılmaq qərarını verdilər.

  

   Oğlu ilə xoş günlərini, arzularını da dəfn etdi

  

   Onsəkkizillik ailə həyatı Yavərə bircə səadət bəxş etmişdi. O da yeganə oğlu Şahbaz idi. Xudaverdidən ayrılandan sonra, özünü rahat hiss edirdi. Daha onu teatra, səhnəyə həsrət qoymaq istəyən yoxuydu. Oğlu ilə qürurlanır, sənətiylə sevinirdi. Ancaq tale ona iki böyük xoşbəxtliyi bir yerdə vermədi. Onlardan birini və daha dəyərlisini - oğlunu əlindən aldı. On yeddi yaşlı oğlunu xəstəliyin pəncəsindən qurtara bilmədi. Onu torpağa tapşıranda Yavərə elə gəlirdi ki, gələcəyiylə bağlı yaxşı nə vardısa, hər şeyini - gələn bütün xoş günlərini, arzularını da dəfn etdi. Özünü büsbütün Şahbazsız soyuq, bomboş görünən evində hökmranlıq eləyən tənhalığa verdi. Qalan ömrünü belə yaşamaq istəyirdi. Heç çox yaşayacağına da inanmırdı...

   Hər ay Üzeyir bəy onun məvacibini Opera Teatrından göndərirdi, Yavər geri qaytarırdı. Xəbər göndərirdi ki, mən bu bədbəxtlikdən sonra daha səhnəyə qayıda bilmərəm, işdən çıxmağım barədə əmr versinlər. Yavər Kələntərlinin səsinə həsrət qalan tamaşaçıları isə onun üçün qəribsəyirdilər. Onu sənətə qaytarmaq üçün Üzeyir Hacıbəyov girdi araya. Bir gün şair Səməd Vurğunla birlikdə gəlib, Yavər Kələntərlinin soyuq, tənha evinin qapısını döydü. Səhnəyə qayıtması üçün çox israr etməyə, yalvarıb-yaxarmağa hacət qalmadı. Yavər Üzeyir bəyin sözündən keçə bilmədi. Səhnəyə dönməyə, oxumağa razılıq verdi. Üzeyir bəy musiqisevərlərə Yavər Kələntərlinin səsini eşitmək, zövq almaq fürsətini qazandırdı.

   Üzeyir bəyə "yox" deyə bilmədi. Opera Teatrının yenidən Leylisinə döndü Yavər Kələntərli. Səhnəyə çıxdı. Oxudu. Səsi ağlayırdı. Salondakı tamaşaçılar da ona qoşulmuşdular. Özləri də bilmədən təkcə tamaşadakı iki nakam gəncin taleyinə yox, onsəkkizyaşlı bir cavanın yarımçıq arzularına da göz yaşları tökürdülər.

   O gecədən sonra Yavər Kələntərlinin adı afişalarda tez-tez görünməyə başladı. Daha səhnə onun yalnız arzusu deyildi, həm də təsəllisiydi. Bir də adıyla qoşa yazılan Kələntərli soyadıyla təskinlik tapdı. Onun qızlıq soyadı Zamanovaydı. Xudaverdiylə ailə qurandan sonra Kələntərli olmuşdu. Elə sənətə də bu soyadla gəlmişdi. Sonra musiqisevərlər Kələntərli soyadlı başqa bir xanəndəni - Haşım Kələntərlini də tanıdılar. Onu sənətə gətirən Yavər oldu.

   Amma bir gün ölüm özünə Yavər Kələntərlini yaraşdırmaq istədi. 1979-cu ildə onun qapısını döydü. Bu dünyanın hər üzünü - sevinclərini də, dərdlərini də yaşamışdı Yavər Kələntərli. Əcəlini qarşılamağa hazırıydı. Qabaqca demişdi: "Əgər yayda ölsəm, məni Şamaxıya aparıb, qardaşlarımın yanında dəfn eləyərsiniz. Əcəlim qışda gəlsə, Şahbazımın məzarı yanında torpağa tapşırarsınız". Yavər Kələntərli qışda vəfat etdi. Onu Bakıda dəfn elədilər.

   Həmişə özünə dərd edərdi: "Məni kim ağlayacaq?". Ancaq yanılırdı, onu son mənzilə yaxından tanıyanlar da, yalnız oxuduğu muğamları, xalq mahnılarını dinləyən, Opera Teatrının səhnəsində oynadığı Leylini, Əslini, Ərəbzəngini görən, səsinə, ifasına heyran qalanlar da gəlmişdilər.

 

 

Şərq.- 2011.- 25 iyun.-S. 11.