Bəşir Səfəroğlu: Milyonları güldürən, düşündürən sənətkar

 

   Azərbaycanın unudulmaz bu sənətkarı aktyor kimi yaratdığı obrazlarla nadanlığı, riyakarlığı, geriliyi qamçılayıb. Cəmi 44 il ömür sürmüş görkəmli səhnə ustasının Azərbaycan teatrının inkişafındakı xidmətləri danılmazdır. İncə yumor, mənalı gülüş, zəngin mimika uzun müddət Azərbaycan Musiqili Komediya Teatrında işləmiş bu aktyorun ifasına xas təkrarolunmaz cəhətlərdən idi.

   Onun teatr səhnəsində yaratdığı Uzun, Baləmi, Hacı Kərim və başqa obrazlar bu gün də tamaşaçılar tərəfindən məhəbbətlə xatırlanır. Aktyorun kinofilmlərdə yaratdığı unudulmaz obrazlardan isə Gülümsərov rolu xatirilərdən silinməyəcək. Artıq hər şey aydındı- bu, dahi sənətkar Bəşir Səfəroğludur.

  

   Həyatı və obrazları

  

   Bəşir Səfəroğlunu xatırlarkən yaddaşlarda Gülümsərov obrazının canlanması təsadüfi deyildir. 1964-cü ildə istehsal olunan bu filmə aktyorun dəvət olunması onun teatrda artıq məşhur bir sənət adamı kimi tanınması ilə bağlı idi. Digər tərəfdən, teatrda böyük uğurla səhnəyə qoyulan bu musiqili komediyada o həm Qədirin, həm də Gülümsərovun çox maraqlı obrazlarnı yaratmışdı. Filmin quruluşçu rejissoru Ağarza Quliyev də yəqin ki, onu tamaşada görüb, seçmişdi. Gülümsərov bu istedadlı aktyorun özünün də sevdiyi və böyük məhəbbətlə yaratdığı ekran qəhrəmanlarından idi. Amma buna qədər Bəşir müəllim çox ağır bir ömür yolu keçmişdi.

   Bu yol böyük istedadlar yetirmiş Bakı şəhərindən başlamışdı. Burada, 1925-ci ilin Novruz ərəfəsində dünyaya göz açmışdı. Cəmi yeddi il oxuya bilmişdi. Ailə vəziyyəti ilə bağlı məktəbdən çıxmağa məcbur olan Bəşir 14 yaşında ikən sürücülər klubunun dram dərnəyinə üz tutub. İstedadlı uşaq idi. Teatra da hədsiz həvəs göstərirdi. Ona görə də burada ona kiçik rollar verir, bir növ sınaqdan çıxarırdılar. Bir az keçməmiş o, Əli Bayramov adına klubun nəzdində fəaliyyət göstərən dram dərnəyinə getməyə başlayır.

   Gənc Bəşir özünə yol axtarırdı. Yaşamaq üçün, gələcək üçün özünü oda, közə atırdı. Bu dərnəkdə ilk dəfə Hüseynbala Zeynalov ona "Sevil" tamaşasında Gündüz rolunu həvalə edir. Tamaşadakı bu kiçik rol onun həvəsini daha da artırmışdı. Ona görə də yaxşı rollar almaq məqsədilə Dənizçilərin Mədəniyyət Evinə üz tutur və burada "Ölülər" tamaşasında oynayır. Bu tamaşa onun gələcək taleyinə böyük təsir göstərir. Belə ki, onun bu tamaşadakı işini görən Musiqili Komediya Teatrının rejissoru Niyaz Şərifov Bəşiri bu teatrda işləməyə dəvət edir.

   Artıq Musiqili Komediya Teatrı aktyorlarının siyahısında 17 yaşlı Bəşir Səfəroğlunun da adı var idi.

  

   Möcüzə sayəsində dili açılan sənətkar

  

   Sonra isə Bəşirin ömrünün çətin və məşəqqətli müharibə illəri başladı. İki il cəbhədə döyüşən aktyor yaralanıb Vətənə döndü. Amma o, aktyor işləyə bilməzdi. Çünki dili tutulmuş, qulağı eşitmirdi.

   Amma qayğıkeş insanlar onu tənha qoymayıb, dərdinə şərik çıxdılar. Niyaz Sərifov hər gün teatrın qarşısına gəlib, həsrətlə bu binaya boylanan Bəşiri yenidən çəkib teatra gətirdi. Beləliklə, o əvvəl tamaşaçı qismində teatra gəlir, sonra isə kütləvi səhnələrdə oynamağa başlayır.  

   Həyatda möcüzələr də olur. Elə Bəşirin taleyi də bu möcüzələrdən idi. Günlərin birində yuxuda səhnəyə yararsızlığını görür və bərk həyəcanlanır. Qışqırıb yerindən qalxır. Bununla da həm dili açılır, həm də eşitməyə başlayır. O gün Bəşirin həyatında ən yaddaqalan bir tarix olur.

  

   Zəngin mimika, incə yumor

 

   Çox maraqlıdır ki, Rauf Kazımovski 1969-cu ildə çəkdiyi "Bəşir Səfəroğlu" sənədli filmində aktyorun həyatının bu məqamına toxunmayıb. Amma film bu böyük aktyorun yaradıcılığı haqqında çox geniş məlumatları əks etdirib. Bu avtobioqrafik filmin hər kadrında sənətkarın böyüklüyünü təsdiq edən unikal faktlar var. "Ekran" Yaradıcılıq Birliyində istehsal olunan bu film Bəşir Səfəroğlu haqqında xatirələri əks etdirir.

   Bəşir Səfəroğlu bundan sonra teatra daha möhkəm bağlanır. "Gözün aydın"da Salyanski, "Toy kimindir"də Uzun, "Rəisin arvadı"nda Balaəmi, "O olmasın, bu olsun"da Məşədi İbad rolları onun yaratdığı unudulmaz səhnə qəhrəmanları idi. Ümumiyyətlə, onun yaradıcılığındakı zəngin mimika, incə yumor, mənalı gülüş doğuran hərəkətlər aktyoru sevindirən xüsusiyyətlər idi. 

   Aktyorun yaratdığı onlarla bənzərsiz rollar teatr tariximizdə öz ifaçısına əsl şöhrət qazandırdı. "Beş manatlıq gəlin" (Möhsün), "Keto və Kote" (Qaradavoy və Çiko), "O olmasın, bu olsun" (Qoçu Əsgər və Məşədi İbad), "Ulduz" (Qədir və Gülümsərov), "Gözün aydın" (Salyanski və Qəhrəman) və başqa tamaşalarda bir-birindən gözəl rollar yaradan aktyorun pərəstişkarları getdikcə artmağa başlamışdı. Onun iştirakı ilə göstərilən tamaşalara bilet tapmaq müşkül məsələyə çevrilmişdi.

   Bəşir Səfəroğlu ötən əsrin 50-60-cı illərində Musiqili Komediya Teatrının aparıcı aktyorlarından birinə çevrilmişdi. Onun xalq artistləri Nəsibə Zeynalova Lütfəli Abdullayev ilə tərəf müqabilliyi o qədər canlı maraqlı alınırdı ki, tamaşaçı alqışları dayanmaq bilmirdi. "Aya səyahət" komediyasında oynadığı Hacı Kərimin sözləri bu gün tamaşaçıların sevimli ifadəsi kimi yaddaşlarda yaşayır.

  

   Futbolu sevən sənətkar

  

   Onu kinoya da dəvət edirdilər. 1965-ci ildə "Tacikfilm"in "Mosfilm" birgə çəkdiyi "Xoca Nəsrəddinin 12-ci qəbri" filmində ona baş rolu - Xoca Nəsrəddini həvalə etmişdilər. Rejissor Klementi Mints Bakıda onun tamaşalarına baxandan sonra bu qərarı vermişdi. Film bütün SSRİ- böyük maraqla qarşılanmışdı.

   Onun kino qəhrəmanları arasında "Əhməd haradadır?", "Qəribə əhvalat", "Aygün", "Yun şal" filmlərində yaratdığı epizodik rolları qeyd etmək olar. Amma "Ulduz" filmindəki Gülümsərov "Azərbaycanfilm"də yaratdığı ən gözəl rollardan idi.

   Bəşir Səfəroğlu futbolu çox sevirdi. 1968-ci ildə o stadionda tamaşaçılar qarşısında ilk dəfə topu oyuna daxil etdi. Tamaşaçıların alqışları altında baş verən bu hadisənin canlı kadrları "Bəşir Səfəroğlu" filminə daxil edilmişdir.  

   Bəşir Səfəroğlu 1964-cü ildə əməkdar artist, 1968-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdü. 1969-cu il martın 23-də dünyasını dəyişən bu böyük aktyorun məzarı Fəxri Xiyabandadır.

  

   Həyatının cəmi 922 gününü atası ilə yaşayan Afaq xanımın xatirələri

  

   Bu gün aktyorun sənət yolunu onun qızı Afaq xanım ləyaqətlə davam etdirir. Afaq xanım unudulmaz sənətkarı xatırlayarkən çox maraqlı məqamlara toxunur:

   "Atam dünyadan elə tez getdi ki, onunla doyunca bir yerdə yaşamaq mənə qismət olmadı. Həyatın keşməkeşlərini iztirablarını isə 14 yaşımda ikən duydum. Atamla birlikdə həyatımın cəmi 922 gününü bərabər yaşamışam. Əslində, onunla yaxından tanışlığımın ömür tarixçəsi elə bu qədərdir. Bilmirəm, buna təsadüfmü deyim, ya taleyin gərdişimi - ancaq doğulduğum günü valideynlərimdən məhrum olmuşam. Anam məni bu dünyaya bağışladığı an öz həyatını itirib. Mən onun məhəbbətini nəvazişini hiss etmədən ondan ayrılmışam. Bundan sonra məni anamın valideynləri saxlayıb böyüdüblər. Bu üzdən atamdan uzaq düşmüşəm. Nənəmlə babamın əllərinin taqəti tükənib qocaldıqlarından mənim kimi azyaşlı uşağa baxmaq onlar üçün çətinləşmişdi. Buna görə 12 yaşım olanda məni atamın himayəsinə vermişdilər. 14 illik ömrümün atamla keçən 922 günündə ona doyunca "ata" deyə, üzünü görə bilmişdim.

   Səfəroğlunun adı gələndə indi adamların dodaqları qaçır. Çox qəribədir, hətta özünü tamaşalarını heç vaxt görməyən gənc nəsil belə atamın obrazlarına sakit baxa bilmir. Hazırda zövqlərin dəyişildiyi söylənilsə , yüz il bundan sonra belə Bəşir Səfəroğlunun insanların hafizəsində daim yaşayacağına inanıram  

   Bəşir Səfəroğlu səhnədən milyonlarla insanı güldürsə , həyatda çox ciddi amiranə insan olub heç vaxt haqqı nahaqqa verməyib. Bəlkə elə buna görə 43 yaşında ikən həyatdan gedib.

   Atamın oğlu yox idi deyə, onun yolunu mən davam etdirdim. Öz ömrümdə atamın yarımçıq qalan həyatını da yaşamalı oldum. Arzumun əksinə çıxıb şərqşünas əvəzinə aktrisa oldum, dramatik obrazlar yaratdım Moskvada "Bəşir Səfəroğlu" teatrını açdım. Bilmirəm, bu hiss haradan yarandı? Atama olan sevgimdən, ya sənətkara qarşı duyduğum məhəbbət hissindən? Deyə bilmirəm. Bircə onu bilirəm ki, həyatdan atamın özümün intiqamımızı almışam. Çünki o bizim hər ikimizə qarşı amansız olub. Həyat mənimlə çox pis zarafat edib. Doğulduğum gündən dəfələrlə qürurumu sındırmaq istəsə , buna gucü çatmayıb. Əlimdən aldıqlarının əvəzində məni bərkidib dözüm verib.

   1969-cu il martın 22-də atam keçindi. Qəribədir ki, onun doğulduğu öldüyü təqvim arasındakı fərq 11 gündür. Əgər o, ikinci dəfə dünyaya gəlsəydi, yəqin bu zaman kəsiyini özünəməxsus qarşılayar, zarafata salıb deyərdi:

   - Demə, olumumla ölümüm arasında cəmi-cümlətani 11 gün fərq varmış. İşə bir bax, 43 illik həyatım 11 günə sığınıbmış...

   Atam dünyasını dəyişəndə bütün şəhər onu yola salmağa gəlmişdi. Mən isə ona qədər o cür izdihamlı dəfn mərasimini heç vaxt görməmişdim. Cənazəsi bir vaxtlar səhnəsində yaddaqalan obrazlar yaradıb salonundan gurultulu alqış sədaları kəsilməyən Musiqili Komediya Teatrından götürüldü. Aktyor yoldaşları onun ölümünə dözə bilməyib teatrın qapı pəncərələrini sındırır qışqıra-qışqıra deyirdilər:

   - Biz Bəşir Səfəroğlusuz teatrı istəmirik...

   İzdiham Musiqili Komediya Teatrından Fəxri Xiyabana doğru üz tutanda yollar bağlanmış, hərəkət dayandırılmışdı.

   Atam dəfn edilərkən onunçün qazılmış son mənzilə baxaraq heyrətdən sarsılmışdım. İndi düzbucaqlı qazılmış bu yer bir ay əvvəl atamı tapıb sinəsinə qısıldığım həmin yer idi. Axı bu haqda yalnız ikimiz bilirdik. Onun dəfn edildiyi gün al qırmızı gün çıxmışdı, bir isti var idi ki...

    Amma ertəsi gün Bakıda görünməmiş qar yağdı atamın məzarının üstünü tamam örtdü.

   Ölümündən 42 il keçsə , sənəti ilə ürəkləri fəth edən xalq artisti Bəşir Səfəroğlunun xatirəsi heç vaxt unudulmayacaq.

  

 

   Şərq.- 2011.- 30 iyun.- S. 11.