Tənhalıq mənim həyat obrazımdır"

 

Xalq artisti Fəxrəddin Manafov efirlərdə görünməkdən, mətbuata açıqlama verməkdən həmişə uzaq olub. Ancaq hərdən fürsət tapanda onunla söhbətimiz baş tutur. Bu dəfə də bəxtimiz gətirdi desək, yalan olmaz. Fəxrəddin Manafov "Şərq"in suallarını yenə də cavabsız qoymadı.

- Son vaxtlar mətbuatda səhhətinizdə problem olması barədə məlumatlar tez-tez yayılır. Səhhətiniz necədi?

- Bu, ilk növbədə mənim problemimdi. Başa düşürəm, üzdə olan insan barədə onun özündən asılı olmayaraq, həmişə maraqlanırlar, yazırlar. Səhhətimdə hansısa problemin olması xəbəri məndən çıxmadı. Akademik Milli Dram Teatrın rəhbəri İsrafil İsrafilov müsahibəsində jurnalistin "Fəxrəddin Manafovu Dram Teatrın səhnəsində nə vaxt görəcəyik" sualına cavabında deyib ki, təəssüf, Fəxrəddinin səhhətində problemlər var və sağalandan sonra tamaşa olacaq. Vəssalam, mətbuat da Fəxrəddin Manafovun səhhətindəki bu problemi işıqlandırdı. Düzdü, onurğamda ağrılar var, o da hərəkət edəndə maneə yaradır. Allahın və həkimlərin köməyi ilə ümid edirəm ki, yaxşı olar.

- Sənət adamları bəzən televiziyalardan narazılıq edirlər. Azərbaycanda qəbul etdiyiniz televiziya kanalı var?

- yaxşı ki, nəhayət Mədəniyyət kanalı açıldı.

- Amma tamaşaçı çoxluğu başqa cür düşünür.

- Mən o telekanalın vəziyyəti barədə danışmadım, yaranmasının çox yaxşı olduğunu dedim. Moskva da birdən birə qurulmayıb, elə Bakımız da. İdman kanalı açılan dövrdə dünya olimpiya oyunları artıq bitmişdi, buna baxmayaraq, hər dəfə o kanalı açanda olimpiya oyunlarının təkrarları gedirdi. Bu da aydındı, çünki idman kanalının bazası kasad idi. Bu o demək deyil ki, idman kanalının açılması lazım deyil. Lazımdı inkişaf da gedir. Təbii ki, Mədəniyyət kanalında da inkişaf olacaq.

- Son illər nədənsə sizi çoxluq arasında görə bilmirik. Təklik sizi yormur?

-Təklik, tənhalıq mənim həyat obrazımdı. İnsan tək gəlir bu həyata, tək gedir.

- Təkliyə meyil eqoistliyə yol açır. Razısız?

- Eqoizm mənim təkliyimin qarşısında sadəcə düşünülmüş bir sözdü.

- Deyirlər ki, Fəxrəddin Manafov özündən razı insandı...

- Sizə bir hadisə danışım: Tədris tetarı dağıldıqdan sonra Vaqif İbrahimoğlu Musiqili Dram Teatrına baş rejissor təyin olundu. Biz, dörd-beş nəfər idik. "Azərbaycanfilm" kinostudiyasına göndərdilər. Orada Rasim Balayevi görəndə heyrətə gəldim. Gözümün qabağından "Nəsimi", "Babək", obrazları keçdi. Bir gün dəhlizdə Rasim Balayevlə rastlaşdıq bir-birimizin yanından keçdik, Rasim mənə ehtiyatla salam verdi. Sonralar çox düşündüm ki, o mənimlə niyə belə ehtiyatla salamlaşdı. Üstündən illər keçdi, bir filmə çəkiləsi olduq. Bir gün çəkilişlərin fasiləsində məclis qurmuşduq. O zaman Rasim Balayev mənim haqqımda "tost" demək istədiyini bildirdi. Şaşırdım ki, bu boyda sənətkar barəmdə "tost" deyəcək. Rasim Balayev dedi ki, ilk dəfə Fəxrəddini dəhlizdə görəndə, ona tərəddüdlə salam verdim, qarşımdan özündən razı bir insan keçirdi. Fəxrəddinlə tanış olduqdan sonra gördüm ki, bu sadəcə quru təəssüratdı. Sonralar, özüm çox düşündüm ki, qəribədir, niyə insanlarda bu təəssüratı yaradıram? Bu, məndən asılı deyil, inanın mənə. Bilmirəm, bəlkə bu genetikadan gəlir.

- Adətən insanlar, xüsusilə incəsənət nümayəndələri tərif eşitməyi çox sevir. Ancaq bildiyimiz qədər siz tərifi sevmirsiz? Yəni həqiqətən tərifdən xoşlanmırsız?

- İnsana tərif deyəndə səmimiyyət yoxa çıxır. Mənim gördüyüm , mənim sevdiyim işdir. Bu, mənim borcumdur, əgər yaxşı səviyyədə görürəmsə, peşəkarlığımı, əksi isə qeyri-peşəkarlığımı göstərir. Bəlkə tərif yaxşıdır, amma bu məni ovqatdan çıxarır. İnkar etməyəcəm, elə vaxt olub, küçədə gedəndə kimsə yaxınlaşıb, deyib ki, icazə verin əlinizi sıxım. Sadəcə, oynadığım rollara görə, təşəkkürünü bildirib. Mən diqqətinə görə minnətdarlıq etmişəm. Məncə, belə münasibət çox yaxşıdı.

- Sizin barənizdə nədənsə, belə bir fikir formalaşıb. Bəziləri elə düşünür ki, siz xaraktercə qəliz adamsız. Fəxrəddin Manafovla dostluq etmək asandı, ya çətin?

- Öncə mənə deyin, dostluq hansı prinsiplərə cavab verməlidir?

- Sadəcə, səmimiyyət dürüst olmaq kifayətdi.

- Azər adlı bir dostum var, mən onu çox istəyirəm. Bizim sənətdən çox uzaq bir insandı. O bir dəfə fransızların dost haqqında bir kəlamını işlətdi, mənim çox xoşuma gəldi. Fransızlar deyir, dost o kəsdir ki, uzun illər sonra gələ bilər bu illər ərzində necə yaşadığını soruşmaz. Bax, mənimçün dost həmin şəxsdir 

- Sizi bezdirə bilər?

- Belə bir ingilis deyimi var ki, əgər mən sizinlə nəsə etmişəmsə, bu o demək deyil ki, biz tanışıq. Hədd var, hüdud var, məsafə var. Onların hamısına bir yerdə daxili mədəniyyət deyilir. Həddi aşanda bezə bilərəm.

  

 

Tahirə

 

Şərq.- 2011.- 4 iyun.- S. 7.