Yazıçı, şəxsiyyət...

 

   Fərman Kərimzadə sənətkar kimi də, şəxsiyyət kimi də vaxtdan ucada dayanıb

 

    Həyatı

 

   Altmış-yetmişinci illər nəsrinin bir sıra görkəmli nümayəndələrindən biri də Fərman Kərimzadədir. Sənətkar Böyük Vətən müharibəsinin kədərli təəssüratı ilə böyümüş, bu təəssüratın doğurduğu düşüncələrlə ədəbiyyata gəlib. Həmkarları dövrün ədəbi əsərlərini yazanda o, yaddaşımıza çökmüş hisi, pası, unutqanlıq qalıqlarını bir kənara atıb əsl ədəbiyyat nümunələri yaratdı.

   Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilini orada almış (1944-1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirib (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb (1955-1960).

   3 il İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi kimi fəaliyyət göstərib (1962-1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işləyib (1962-1965). Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966-1970), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləyib.

  

   Yaradıcılığı

  

   1958-ci ildə qələmə aldığı "41 nömrəli ayaqqabı" hekayəsi ilk təcrübə olsa da, müharibənin fəlakət dolu nəticələrini təsirli bir dil ilə oxucuya çatdırır. "Son eksponat", "Toy toğlusu" hekayələri də müharibə mövzusundadır, müharibənin ağrı-acılarından bəhs edir. "Son eksponat"da ana qəhrəmanlıqla həlak olmuş oğlunun muzeydəki köynəyini - öz əli ilə toxuduğu köynəyi qorumağa çalışır, oğlunun sinəsini dəlib-deşən güllə yerini muzeydəki baxımsızlıqla, köynəyə güvə düşməsi ilə əlaqələndirir. F.Kərimzadə hadisələrin məntiqini tutmağı, obrazların mənəvi-psixoloji aləmini aydın cizgilərlə əks etdirməyi bacaran sənətkardır. Bu cəhət onun müharibə mövzusunda yazdığı hekayələrlə yanaşı, "Ölülər yalan danışmır", "Mis qazan", "Talada", "Ümid", "Xınalıq" və başqa hekayələrində, "Xallı maral", "Toy dəvətnaməsi" povestlərində də güclü və qabarıqdır. Povestlər işıqlı ideallar təbliğ edir, xalq malını dağıdanları, israfçıları, əliəyriləri, tüfeyli və kübar yaşayış tərzini ifşa edir. "Xallı maral" povestinin qəhrəmanı Zəkəriyyə harın zümrənin ad günləri və müxtəlif işrət məclisləri üçün bir-bir kəsdirib apardıqları xallı maralların qoruğunu dağıdır, "təbiət bu maralları o cür canavarlardan daha yaxşı qoruyar", deyə onları təbiətin qoynuna qovur. "Toy dəvətnaməsi" ibrətamiz sonluqla bitir: zavoddan oğurladığı bir maşın spirti xırıd edə bilməyib qamışlı gölməçəyə boşaldan baş şərabçı Vəli özü də həmin gölməçənin qurbanı olur.

  

   Tarixi romanlarda  xüsusi üslub...

  

   Göründüyü kimi, Fərmanın maraqlı hekayə və povestləri vardır. Lakin Fərman Kərimzadə imzası daha çox tarixi roman müəllifi kimi məşhurdur. 1967-ci ildə çap olunmuş "Qarlı aşırım" onun yazıçı istedadını, ümidverici və gələcəkli bir nasir kimi yetişdiyini üzə çıxardı. F.Kərimzadə "Qarlı aşırım"da 30-cu illərin ziddiyyətlərini, kollektivləşmə dövrünün çətinliklərini, özündən əvvəlki nəsr ustalarını təkrar etmədən tamamilə yeni ruhda əks etdirdi. 30-cu illərə 60-cı illərin və altmışıncıların gözü ilə baxış, hadisələrin dolğun-dürüst mənalandırılması bu əsəri oxuculara sevdirdi. Xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ömrünün son üç günü, xalqının səadəti yolunda ürəyini məşələ çevirməsi, cəsarət və qorxmazlığı, yüksək ağıl və idrak sahibi kimi tədbirli hərəkətləri, qolçomaq qiyamını öz qanı bahasına ləğv edə bilməsi yazıçının tarixi fakt və hadisələrə böyük duyum və həssaslıqla yanaşdığını, yüksək ümumiləşdirmə gücünə malik olduğunu göstərir. Kollektivləşməyə partiya rəhbərliyi, 30-cu illər komsomolunun cəsur mübarizəsi, geniş kütlənin siyasi şüur səviyyəsi, mübarizə və döyüş iqtidarı, düşmən qüvvələrin, Qəmlo kimilərin sinfi mənafeyi, fərdi-psixoloji keyfiyyətləri, köhnə dünya adamlarının törətdikləri bəlaların qurbanı olan günahsız insanların taleyi romanda təbii boyalarla əks etdirilmiş, təsirli və inandırıcı verilmişdir. Hər bir xalqın tarixində unudulmaz səhifələr olur. Bu cür səhifələr adətən ictimai şüurun yetkinliyi, milli dirçəliş və qurtuluş, böyük amallar uğrunda çarpışmanın kəskinliyi və nəticələri ilə şərtlənir.

   XVI yüzilliyin sübh çağında Şah İsmayılın başçılığı ilə görülən işlər xalqımızın sonrakı müqəddəratı üçün güclü özülə çevrildi. Şah İsmayıl kimi tarixi şəxsiyyətlər heç vaxt unudulmur, incəsənətin, ədəbiyyatın gücü ilə yenidən doğulur. F.Kərimzadənin uzun tədqiq və araşdırmalardan sonra qələmə aldığı "Xüdafərin körpüsü" dilogiyası xalqımızın tarixinə, 500 il əvvəlki babalarımıza məhəbbət və hörmətin ifadəsidir. Oxucunu orta əsr Azərbaycan həyatının həyəcanlı səhnələri ilə qarşılaşdıran bu roman Ağqoyunlularla Səfəvilər hakimiyyətinin qovuşduğu, birincilərin ikincilərlə əvəzləndiyi dövrün, Azərbaycan torpaqlarının birlik, Azərbaycan mədəniyyətinin yüksəliş dövrünün bədii salnaməsidir. F.Kərimzadə yeni faktlar əsasında dövrün ziddiyyət və çətinliklərini, qızılbaş bayrağı altında tarixi mübarizənin məqsədini, köklərini müasirlik ruhu ilə təsvir etmiş, qaranlıq səhifələri kifayət qədər işıqlandırmışdır. "Xüdafərin körpüsü" istər yazı tərzi, istərsə də təhkiyə və dialoqlarının səlisliyi, zənginliyi ilə seçilən bir romandır, qəhrəmanlıq dastanıdır. Hər iki kitab ("Xüdafərin körpüsü" və "Çaldıran döyüşü") yüksək ideya-estetik keyfiyyətləri, güclü ictimai-siyasi məziyyətləri ilə yanaşı, quruluş, dil xüsusiyyətləri ilə də diqqəti çəkir. Zəngin bədiilik vasitələri oxucunu 500 il keçmişə aparır, təsvir edilən dövrün havasına daxil edir. Gözəl təbiət lövhələri, min bir rəng heyranlığı ilə ictimai hadisələrin rəmzi əlaqəsi yaranır. F.Kərimzadənin əsərləri kino sənəti üçün zəngin material verir. İlk romanı əsasında çəkilmiş "Axırıncı aşırım" filmi Azərbaycanfilmin uğurlarından sayılır. Yazıçının "Toy toğlusu" hekayəsi əsasında qısametrajlı "Zınqırov", bir novellası əsasında "Mənim arvadım, mənim uşaqlarım" filmi çəkilmişdir. Şah İsmayıl haqqında tutarlı bir əsər olan bu dilogiya özünün kino təcəssümünü gözləyir. F.Kərimzadə ixtisasına görə rəssam idi. O, maddi-mədəniyyət abidələrinin qorunub-öyrənilməsində əməyini əsirgəmirdi. Ölkəmizin müxtəlif yerlərindən topladığı sənət nümunələri, qədim əşyalar, silah və alət növləri yazıçıya tarixi qəhrəmanların həyatını, məişətini, mübarizəsini canlandırmaqda kömək edirdi. Yazıçı təsvir etdiyi hadisələrin baş verdiyi əraziləri qarış-qarış gəzir, qəhrəmanlarının yeri-yurdu ilə maraqlanırdı. Abbasqulu bəy Şadlinskinin ev muzeyinin açılmasında, Şadlinski ilə bağlı sənədlərin toplanmasında yaxından iştirakına görə (Şadlinskinin 100 illiyi günlərində) Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılması da bununla bağlıdır.

 

   Xalqa aşırımın o üzündəki həqiqəti göstərən sənətkar yazır:

  

   "Ə, nə hökumət, hansı hökumət? Mən belə hökumət tanımıram!" bu sözləri "Axırıncı aşırım" filmində Kərbəlayi İsmayıl deyir. Ancaq bu sözləri sovet hökumətinin qılıncının tiyəsi də, qəbzəsi də kəsdiyi 1967-ci ildə yazıçı, 60-cı illər nəslinin görkəmli nümayəndəsi Fərman Kərimzadə deyirdi. Qırmızı ilğımın puç və əfsanə olduğunu yazıçı fəhmi ilə çoxlarından əvvəl o duymuşdu. "Qarlı aşırım" romanı ilə aldanmış insan selini dayandırıb bəylikdən köləliyə sürüklənən bir xalqa aşırımın o üzündəki həqiqəti göstərirdi...

   İllər keçdi, ilğım dağıldı, ədəbiyyatımızda və kinomuzda "Qarlı aşırım" ("Axırıncı aşırım") qaldı...  

   Fərman Kərimzadə həyatı ədəbiyyata gətirdiyindən yaradıcılığında obrazlar qalereyası da olduqca real və zəngindir. Ziddiyyətli, koloritli obrazlar, min illərin o üzündəki tarixi məqamlar və yaşantılar, xalqın milli və mənəvi yüksəlişi, uğurlar və məğlubiyyətlər, şərlə xeyrin amansız mübarizəsi və bütün bunların fonunda yazıçı şəxsiyyəti. O, sənətkar kimi də, şəxsiyyət kimi də vaxtdan ucada dayanmağı bacardı.

  

   Kərimzadə bir insan kimi...

  

   Fərman Kərimzadə maraqlı yazıçı olduğu kimi, həyatda da özünəməxsus insan idi. Sabir Rüstəmxanlı "Salam, Fərman" memuarında yazır: "Bütün ağlı, insanlığı, mənəvi gözəlliyi ilə Allah onu xoşbəxt yaratmışdı. Amma bu xoşbəxtliyin içində kənardan heç kəsin görmədiyi, duymadığı bir dərd vardı..."

    Doğrudan da, Fərman Kərimzadənin ədəbi taleyi ilə şəxsi taleyi arasında qəribə bir oxşarlıq vardı. Əsrlər boyu xalqının başına gələn dərdlər, faciələr, bəlalar onun da taleyindən yan keçmədi. XX əsrdə ən faciəli tarixini yaşayan Vedi və vedililər dəfələrlə məkrli erməni siyasətinin qurbanı olub, deportasiyaya məruz qaldı. 1948-ci ildə başlanan deportasiyada onun da nəsli, el-obası sürgünlərə, səs-küysüz soyqırımlara düçar oldu. Fərman Kərimzadə də bu taleyi yaşadı. Ancaq illər keçsə də Vedini unuda bilmədi. Ağrı dağının ağrılarını ürəyində daşıdı. 1988-1989-cu illərdə Vedinin qara günləri yenidən başladı. Bu dəfə dərd batmanla gəldi. Bu dəfə Vedidə bir nəfər də azərbaycanlı qalmadı.

   Fərman Kərimzadə Vətənini sevirdi. Bu özgə bir sevgi idi. Bəlkə ona görə də xalqının başına gələn fəlakətlərin kökünü keçmişdə axtarırdı. 

   O illərdə Fərman Kərimzadə Vedibasarın sözə qarışıb qələmlə döyüşən sərkərdəsi, başındakı tüstü-dumanı ilə elə bil Ağrı dağının özü idi. Vedinin adı çəkilən kimi gözündə yaş gilələnir, dilindənsə ürəkləri titrədən bayatı qopurdu:

  

   Vedinin yanı dağlar, 

   Ürəyi, canı dağlar,  

   Burda bir el var idi,

   Siz deyin, hanı dağlar?!

  

   Çox az adam bilir ki, bu bayatının müəllifi Fərman Kərimzadədir. O, yazıçı olmamışdan əvvəl rəssam idi. Şair Musa Yaqubun təbirincə desək, "Fərman rəssam təfəkkürü, şair zərifliyi ilə nəsrimizə bir şirinlik gətirdi".

             

   Çəhrayı rəngə doğru gedən yol...

     

   Deyirlər, Fərman Kərimzadə bahar çağı çiçəkləyən şaftalı ağacını çox sevərdi. Bəlkə ona görə ki, çiçəkləyən şaftalı ağacı insanın çəhrayı arzularına bənzəyir. O, ömrü boyu ağlı-qaralı dünyadan çəhrayı rəngə doğru can atdı. Arzuları, əməlləri, istəkləri şaftalı ağacının çiçəkləri kimi işıq saçdı. Bir onu deyirlər ki, Fərman Kərimzadə haqqını sağlığında almayan, layiqincə qiymətləndirilməyən sənətkar taleyi yaşadı. Əslində yazıçı heç vaxt sənəti müqabilində təmənna güdmədi. Meyarlar dəyişsə , o öz zirvəsində necə varsa, eləcə əzəmətli qaldı. Baharda dünyaya gələn sənətkar elə baharda da - 1989-cu il mayın 17-də dünyasını dəyişdi. Bizə qalan isə əsərləri Fərman Kərimzadənin "Qarlı aşırım" romanı əsasında rejissor Kamil Rüstəmbəyovun 1971-ci ildə elə yazıçının öz ssenarisi əsasında ekranlaşdırdığı "Axırıncı aşırım" filmi oldu. O film ki, Azərbaycan kinosunun şah əsrlərindən biridir. O, ömrün aşırımlarını aşa bilməsə , tarixin aşırımlarını aşacaq ədəbiyyatımızda özünəməxsus, təkrarsız Fərman Kərimzadə kimi qalacaq.

  

 

  Şərq.- 2011.- 1 iyun.- S. 11.