Səhnəmizin əfsanəvi
Məcnunu
Hüseynqulu
Sarabski 400 dəfə bu rolu tamaşaçıya sevdirdi
XX
əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq
şəxsiyyətləri sırasında öz yeri, öz
mövqeyi olan sənətkar. Adı əsrin yeniləşən,
dəyişən, müasirləşən sənət aləminin
simvollarından birinə çevrilən, əsrin səsinə
səs verən, tarixi yaradan sənət fədailərindən
biri. O, səhnəmizin əfsanəvi Məcnunudur. Sənətini musiqi incisi - "Leyli və Məcnun"
zirvəsindən başlayan Hüseynqulu Sarabski bütün
ömrünü bu zirvənin məsuliyyətini, onun
ucalığını dərk edərək
yaşamış, sənətinə, peşəsinə
vurğunluğu ilə nəsillərə nümunə
olmuş və olacaq.
Həyatı
Hüseynqulu Sarabski
1879-cu ildə Bakıda kasıb bir ailədə anadan
olmuşdur. Əslində
onun həyatı maraqlı bir filmin süjeti ola bilərdi:
taleyi də, sənət yolu da, daxilən bütöv, mətin,
qarşısına qoyduğu məqsədə gedən yolda hər
cür maneələri dəf edən, ən əsası isə
sevdiyi işinə, peşəsinə vurğunluğunu
ömrünün son anınadək saxlayan böyük bir
Aktyorun, şəxsiyyətin həyat tarixçəsidir.
İlk sənət məhəbbətinə o, son nəfəsində
də sadiq qaldı.
Uşaqlıqdan
Hüseynqulu Sarabski musiqiyə böyük həvəsi və
yaxşı səsi ilə seçilirdi. Özünün
xatirələrində yazdığı kimi "Məhərrəmlik
vaxtında dini nəğmələr oxuyar, mərsiyə deyər,
münacat çəkər, eyni zamanda el şənliklərində,
toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi".
12 yaşlı Hüseynqulu ilk dəfə teatr
tamaşasına baxır: bu həvəskarların ifasında
"Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli
Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun
sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski
də bu güclü təəssüratın əks sədası
oldu. Elə bu gündən teatr və musiqi onun arzu və xəyallarında
qoşalaşdı. Azərbaycanda milli dramaturgiyanın əsasını
qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın
ilk opera artistinin taleyində rəmzi bir məna alaraq onu əbədiləşdirən
ada təkan verdi.
Yaradıcılığı
Hüseynqulu Sarabski teatra
çətin bir dönəmdə gəlmişdi. Teatrı
"şeytan əməli", aktyorluğu isə
"kişiyə yaraşmaz peşə" hesab edənlərin
tənəsinə, bəzən də hədə-qorxusuna sinə
gərərək öz arzuları və xəyallarına
doğru inamla gedirdi. Kiçik yaşlarından ağır zəhmətə
qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən-dəmirçi,
daşyonan, fəhlə işləyən Hüseynqulu, yeni əsrin
səsini eşidirdi. O, oxumaq, təhsil almaq istəyi ilə
özünü oda-közə vurur, qazandığını
kitaba, dəftərə verirdi. O, ziyalı, müəllim, təhsilli
insanları özünə nümunə seçirdi, onlara bənzəmək
istəyirdi. İlk dəfə gördüyü teatr
tamaşası isə onun həyat seçimini bircə an
içində dəqiqləşdirdi. Səhnəyə o, ilk
baxışdan və birdəfəlik vuruldu. Səhnə onun əbədi
məhəbbətinə çevrildi. Bu məhəbbət
qarşılıqlı oldu. Hüseynqulu Sarabskinin teatra gəlməsində,
aktyorluq sənətini seçməsində, püxtələşməsində
teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman
Nərimanovun, Əbdürrəhimbəy Haqverdiyevin, Rəhimbəy
Məlikovun, həmkarları - Hüseyn Ərəblinskinin,
Cahangir Zeynalovun və başqalarının böyük rolu
olmuşdur. İlk dəfə 1902-ci ildə N.Nərimanovun
"Dilin bəlası" pyesində Rəsul rolunda
çıxan Hüseynqulu sonralar teatr səhnəsində
M.F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində
bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız
milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə
Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində
də çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur"
pyesində ərəb səyyahının rolunda
çıxış edərkən oxuduğu təsiredici
"Hicaz" muğamı onu Azərbaycan mədəniyyətinin
yeni bir aləminə - musiqili-teatra, operaya gətirdi. Məhz
bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və
Şərqin ilk operası olan "Leyli və Məcnun"
üzərində işləyən Üzeyir bəy Hacıbəyovun
diqqətini cəlb etdi. Bu, zirvəyə gedən yolun
başlanğıcı oldu. Üzeyir Hacıbəyov məlahətli
səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii
və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi
potensialını hiss edərək onu öz operasında
baş rola - Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu
Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti
və ümumazərbaycan şöhrəti gətirdi. Bu rol bəlkə
də aktyorluq sənətinə hələ də
"oyunbazlıq" kimi baxanların teatra münasibətini
kökündən dəyişdirən təkan nöqtəsi
oldu. Aktyorun özünün yazdığı kimi
"vaxtı ilə onu barmaqla göstərən, ona tənə
ilə baxanlar indi onu Məcnun deyə çağıraraq
alqışlayır, hörmətlə
qarşılayırdılar". Səhnədə yaşadığı
30 ildən artıq bir müddətdə o 400 dəfə bu
rolun sehrini yaşadı, yaratdı. Azərbaycan səhnəsinin
əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanındı. Əziz
Şərifin Sarabskinin Məcnunu haqda yazdıqları bu
gün bizlər üçün sənədli yazı qədər
qiymətli və canlıdır. "Sarabskinin oyunu misilsiz idi.
Onun nəğmələri bulaq kimi axır...
Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən,
öz Leylisindən Füzulinin qəzəlləri ilə
ölməz muğam üstündə danışır, insan
qəlbinin ən incə damarlarına işləyən musiqi
mənə o qədər təsir edirdi ki,
hönkürtümü çətin boğa bilirdim . Lakin
göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə
hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun!
Sarabski öz rolunu böyük məharətlə oynadı. O,
Məcnun surətini səhnədə tam mənası ilə
canlandırdı". Dünya opera sənətinin unikal bir səhifəsi
olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin
kəsişdiyi muğam operasının tarixini Hüseynqulu
Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, milli
opera tarixində Ü.Hacıbəyovun opera və
operettalarında - Kərəm ("Əsli və Kərəm"),
Şeyx Sənan ("Şeyx Sənan"), Şah Abbas
("Şah Abbas və Xurşidbanu"), Söhrab
("Rüstəm və Söhrab"), Sərvər ("O
olmasın, bu olsun"), Mərcan bəy ("Ər və
arvad"), Əsgər ("Arşın mal alan"),
M.Maqomayevin "Şah İsmayıl"ında Şah
İsmayıl, Z.Hacıbəyovun "Aşıq Qərib"ində
Aşıq Qərib rollarının ilk ifaçısı
kimi ad qoydu. Hər bir obraz üçün Hüseynqulu
Sarabski təravətli, fərqli boyalar tapırdı. Məcnunu
ifa edərkən tamaşaçılarını göz
yaşlarına qərq edirdi. Şah İsmayılı
oynayanda məğrurluğu, əzəməti ilə
tamaşaçıları riqqətə gətirirdi, Kərəm
obrazını yaradanda yandırıb-yaxırdı... O,
Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Zülfüqar
Hacıbəyovla birlikdə çiyin-çiyinə yeni musiqi
tarixinin qurucularından biri idi.
Bütün
gücünü Azərbaycanda teatrın inkişafına həsr
etmiş bu insanın həyat xatirələri "Köhnə
Bakı" kitabında çox gözəl şəkildə
əks olunub. Kitabın 1982-ci ildə buraxılmış
nüsxəsində çox maraqlı faktlar var. Gəmidə
işləyən atası dəniz fırtınasında həlak
olduqdan sonra vəziyyətləri ağırlaşan Sarabskilər
ailəsinin həyatını Hüseynqulu tam təfərrüatı
ilə bu kitabda yazır. Onun Quran öyrənmə həvəsinin
necə oxa dəydiyi aşağıdakı məqalədə
açıq aydın görünür:
- Məhəllə
uşaqlarının qoltuqlarında Quran, əllərində
heybə və rəhl (Quranı düz saxlamaq
üçün alət-A.Z) dəstə-dəstə məktəbə
getdiklərini görər və evə qayıdıb anama deyərdim:
-Ana, məni də məktəbə
qoy. Oxumaq istəyirəm.
Anam cavab verərdi ki, əgər
səni məktəbə qoysam, gərək ayda 3 abbası pul
verəm. O da ki, yoxdur.
Bir qoca nənəm var idi.
O anama dedi ki, bir arvad var, ayda bir abbasiyə Qurandan dərs
deyir. Mənim toyuqlarım yumurtlayır, yığıb
satdıqdan sonra bir abbasını mən verərəm. Anam da
razı oldu. Sabahı gün nənəm əlimdən
yapışıb məni İçərişəhərdə,
Şah məscidinin yanında, 9 nömrəli evdə
yaşayan molla Anaqız adlı arvadın yanına apardı. Çox
sevinirdim. Məndən ötrü bir əlifba çərəkəsi
də aldılar. Beş ay o molla mənə dərs verdi. Amma
bir kəlmə də olsun öyrənə bilmədim. Dərs
əvəzinə döyülmək və
qışqırıq eşitdim. Evdə həmişə
molladan şikayət edərdim. Beş aydan sonra məni bu
mollanın yanından çıxarıb İçərişəhərdə,
Kazımbəy hamamının yanında, 80 nömrəli evdə
yaşayan Məsməxanım adlı ikinci bir arvad
mollasına tapşırdılar. Ayda 6 şahı dərs
haqqı kəsildi. Yeddi ay da orada oxudum. Səhər saat səkkizdə
gedib, saat on ikiyədək orada olardım. Məsməxanım
iki saat bizimlə məşğul olub sonra bizə ev işi
gördürərdi. Bir mən deyildim, məndən başqa
iki qız, iki oğlan şəyirdi də vardı. Bizi gah dənizə
göndərər, gah ev süpürtdürər, qab yudurdar,
samovar sürtdürərdi. Görürdüm ki, biz burda
qulluqçu əvəziyik. Bir gün molla mənə:
"Oğlum, mən hamama gedirəm, bu satıl və
boxçanı mənim üçün hamama apar, bir-iki
saatdan sonra gəl, evə gətir"-buyurdu. Mən ona dedim
ki, "ay mollabacı, mən dərs oxumağa gəlmişəm,
nökər olmağa gəlməmişəm ki?" Molla bunu
eşitdikdə çubuğu kürəyimə çəkib
dedi: "Sənin borcundur mollaya nökər də olasan,
qulluqçu da, hələ cavab da qaytarırsan?" Baxdım
ki, əgər dayansam mükəmməl döyüləcəyəm,
çərəkəmlə Quranımı qapıb
qaçdım. Evdə əhvalatı nəql elədim.
Atalığım bunu eşitdikdə, durdu məni təpiyinin
altına saldı və başladı: "Bir il deyil ki, sən
iki molla dəyişmisən. Nə oldu elə bunların ikisi
də pis oldu? Görünür, sən özün tənbəl,
korazehinsən!"
Səhər
atalığım dübarə məni həmin mollanın
yanına göndərdi. Anam və nənəm qorxularından
bir söz deyə bilmədilər. Mən də evdəki
döyülməkdən mollaya bir söz deməyib dərsi
qanar-qanmaz oxumağa başladım. Bu əhvalatdan sonra
mollabacı acığa düşüb evin çox işini
mənə gördürərdi. Bu şəraitlə iki aydan
sonra qanar-qanmaz Quranı xətm elədim. O vaxtın
qaydası idi, uşaq Quranı başa çıxardısa,
anası ya nənəsi ona güləbətindən
araqçın bağışlardılar. Mənim
üçün bunların heç biri olmadı. Mən də
Qurandan heç bir şey bilmədiyimi nəzərə
alıb danışmadım. Məndən soruşsalar ki, ailədə
bir savadlı yox idi ki, mənim bilmədiyimi aşkara
çıxarsın? Deyərəm: - "Nəinki bizim ailədə,
hətta məhəlləmizdə bir savadlı adam yox
idi". Nə isə, hər cümə axşamı nənəm
məni çağırıb deyərdi: "Bala, gəl
ölülərimiz üçün yasin oxu". Məni
yaxşı yedizdirib doyuzdurardılar. Mən də çətinliklə
Qurandan Yasin surəsini tapıb oxuyardım. Avazım
yaxşı və yanıqlı çıxırdı. Bizə
gələn qonşu arvadları da nənəm
qarışıq özlərinə əl qatıb şəxsey-vəxsey
gedərdilər.
Bir dəfə anam və nənəm
çox çətinliklə düyü tapıb plov
bişirib həmin mollabacını qonaq
çağırdılar. Axşam mollabacı gəldi, mən
də qorxumdan heç dinməyib evin bir küncündə
oturub fikir edirdim ki, birdən mollabacı dedi "Gətir
Quranı, mənimlə bərabər Yasin oxu-onda nə edəcəym?"
Bu fikirdə idim ki, mollabacı üzünü mənə
tutub dedi: - "Oğlum, Quranı yaddan
çıxartmamısan ki?" - Anam ilə nənəm
ağzımı açmağa qoymadılar: "Maşallah,
ay mollabacı, allah atana rəhmət eləsin, ona
yaxşı dərs vermisən. Hər cümə
axşamı yasin oxuyur".
Mollabacı: "Hə, hə,
heç bilmirsiz ki, onun üstündə mən nə zəhmət
çəkmişəm. Qaraları (surə-A.Z.) bir-bir ona
tanıtmışam"-dedi. Anam dedi ki, tez-tez oxuyur,
özü də rəvan oxuyur. Yarım saatda on dənə
yasin oxuyur.
Mollabacı
üzünü mənə tutdu: -Oğlum, Quranı gətir,
Yasin oxu, qulaq asaq.
Bu sözləri eşitcək
dizlərim titrədi. İstər-istəməz gedib Quranı
gətirdim. Eyni zamanda bu fikir məndən əl çəkmirdi:
"Kələyim açılsa nə olacaq?"
Döyülməyimi
gözümün önünə aldıqdan sonra Quranı
açıb Yasini başladım. Ağzıma hər nə gəldi
oxuyurdum. Mollabacı - "Ay balam! Bu Yasin oxumayır, dərədən,
təpədən, hər nə ağzına gəlir
deyir". -Bu sözləri dedikdən sonra qulağımdan
tutub şapalaqlamağa başladı. Atalığım gəlib
əhvalatın nə olduğunu eşitdi. Hərəsi bir tərəfdən
döyməyə başladılar. Mən də qaçıb
qonşumuz Ağabacıgilin evində gizləndim. Nənəmin
ürəyi yanır, gecəynən soraqlaşıb məni
Ağabacıgildən tapır.
Mən nənəmə
deyərdim ki, bu arvad mollaları heç bir şey bilməyir,
dərsi mənə qandığım şəkildə
vermirlər. O olan oldu, molla işi bitdi.
Şərq.-
2011.- 14 iyun.- S. 11.