Sara
Xatun
Onun
diplomatik bacarığı Azərbaycan tarixində silinməz
izlər qoydu
Azərbaycan qadınları tarix boyu
müdrik, uzaqgörən, Vətənə, torpağa və
ailəsinə sədaqətli olmuş və zamanın
bütün sınaqlarından alnıaçıq,
üzüağ çıxmağı bacarmış, çətin
məqamlardan çıxış yolunu düzgün seçərək
kişiləri də bu yola istiqamətləndirmişlər.
Bunun bariz nümunəsini e.ə. VI əsrdə yaşayan Əhəməni
hökmdarı Kirə qan uddurmuş Tomrisin timsalında,
öz ağlı və dərrakəsi ilə İsgəndəri
düşünməyə vadar etmiş Bərdə
hökmdarı Nüşabənin simasında
görürük. Bizim Mömünə xatunumuz, İnanc
xanım, Mehrcan xanım kimi uzaqgörən, I Şah
İsmayılın yaxın həmdəmi olan Taclı
xanım və qızı Pərixan xanımımız,
Qubalı Fətəli xanın xanımı Tutu Bikəmiz, Gəncə
xanı Cavad xanın ömür-gün yoldaşı Bəyim
xatunumuz olub, yaşayıb və bundan sonra da tariximiz boyu
yaşayacaqlar.
Adı Azərbaycan
dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil
olan Sara Xatun adını fəxrlə çəkə biləcəyimiz
bir qadındır. Osmanlı mənbələrinin
yazdığına görə, onun əsl adı Gövhərşah
xatundur.
Azərbaycan
tarixində tanınmış və tarixdə iz qoyan şəxsiyyətlərdən
biridir. Bütün Şərqdə dövrünün yeganə
istedadlı diplomat qadını kimi tanınan Sara Xatun
böyük ağıl və mətanət, müdriklik və
cəsarət sahibi idi.
Həyatı
Sara Xatun
Bayandur elində doğulub. Ağqoyunlular dövlətinin siyasətinin
sahmana salınmasında görkəmli diplomat və dövlət
xadimi Sara Xatunun böyük rolu vardı. Ağqoyunlu
hökmdarı Uzun Həsənin anası, demək olar ki,
bütün Şərqdə yeganə istedadlı diplomat
qadın kimi məşhur olan Sara Xatun hətta Avropa ölkələrində
də tanınırdı. O, bir dövlət xadimi kimi hakim
sinfin mənafeyini müdafiə edir, feodal dövlətinin
möhkəmləndirilməsinə
çalışırdı. Bu məqsədlə feodal pərakəndəliyinə
və sülalə üzvlərinin mərkəzi hakimiyyəti
ələ keçirmək uğrunda ara müharibələrinə
saray çəkişmələrinə qarşı
mübarizə edirdi. Ağqoyunlu hakimi Cəlaləddin Əli
bəyin ölümündən sonra onun oğulları, habelə
bayandurlar sülaləsinin başqa nümayəndələrinin
taxt-tac uğrunda ara müharibələrini sakitləşdirməkdə
onun böyük rolu olmuşdur. Bunun nəticəsində, həmin
dövrdə kiçik Ağqoyunlu dövləti kimi iki
qüvvətli rəqib arasında müstəqilliyini qoruyub,
saxlaya bilmişdi. Olduqca ağıllı və tədbirli
qadın olan Sara Xatun dövləti idarə işlərinin
bütün sahələrində oğluna yaxından kömək
edirdi. Ağqoyunlu dövlətinin xarici ölkələrlə
diplomatik əlaqələrində Sara Xatunun rolu daha
mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələrini
onunla məsləhətləşir, ən məsul diplomatik
danışıqlar üçün onu göndərirdi. O, nəinki
xarici ölkələrin ayrı-ayrı diplomatları ilə,
həmçinin Teymuri hökmdarı Əbu Səid,
Osmanlı imperatoru II Mehmet kimi dövlət
başçıları ilə də diplomatik
danışıqlar aparamış, Ağqoyunlu dövlətinin
xarici siyasi mənafeyinin müvəffəqiyyətlə
müdafiə etmişdi. Uzun Həsən, xüsusiylə xarici
siyasətlə əlaqədər ən çətin məsələlərin
həllini Sara Xatuna etibar edirdi. Teymuri hökmdarı Əbu Səidin
Azərbaycana hücum təhlükəsi yarandıqda sülh
danışıqları üçün göndərilən
elçilər də Sara xatun başçılıq
etmişdi. Türkiyə Ağqoyunlu dövlətinin müttəfiqi
və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə
olan Qaraman əmirliyini aradan qaldırmaq istədikdə
Osmanlı imperatoru II Mehmedlə danışıqlar aparmaq
üçün yenə də Sara Xatun göndərilmişdi.
Sara Xatunu bir diplomat, həmçinin dövlət xadimi kimi də
təkcə Şərqdə deyil, Avropada da
tanıyırdılar. Venesiya respublikasının senatı
onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə
alaraq, demək olar ki, Azərbaycana göndərilən
bütün diplomatlarına ciddi tapşırırdı ki,
Sara Xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr
versinlər, məqsədlərinə nail olmaq
üçün ondan geniş istifadə etsinlər. Venesiyadan
Azərbaycana göndərilən, demək olar ki, bütün
diplomatik sənədlərdə Sara Xatunun adı çəkilir,
ondan bəhs olunur.
Bir diplomat kimi fəaliyyəti
Amma Azərbaycan
diplomatiyasının çiçəklənməsi orta əsrlərdə,
xüsusilə də Ağqoyunlular dövləti ilə
başladı. Uzun Həsənin dövründə Azərbaycanın
Şərq-Qərb əlaqələrindəki rolu daha da
artdı. Azərbaycanın ənənəvi əlaqələr
saxladığı Şərq ölkələrindən
başqa Avropa dövlətləri ilə də geniş
diplomatik münasibətlər yaratdı. Uzun Həsən
dövründə Azərbaycan elçiləri Venesiya
Respublikası, Papalıq, Neapol krallığı, Albaniya,
Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos,
Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə,
həmçinin bir çox qonşu Şərq ölkələri
hökmdarlarının saraylarında diplomatik
danışıqlar aparırdılar. Xarici ölkələrlə
aparılan danışıqlarda Uzun Həsənin anası - o
zaman bütün Şərqdə yeganə qadın diplomat
olan Sara Xatun mühüm rol oynayırdı. Təbrizdə -
Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi
fəaliyyət göstərirdi. O zaman Ağqoyunlular dövlətinin
dünyanın 30-dan çox ölkəsində daimi səfirliyi
fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə
Qərb üçün ümumi maraq doğuran beynəlxalq
problemlərin həllində mühüm rol oynayırdı.
Azərbaycan
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru
Yaqub Mahmudov Ağqoyunlular və Səfəvilər dövlətlərinin
qərbi Avropa ilə münasibətlərinə həsr
olunmuş araşdırmasında bildirir ki, Uzun Həsən
bir sıra dövlətlərlə diplomatik münasibətlər
saxlayırdı. Bundan başqa, Uzun Həsən Ağqoyunlu
tayfalarını birləşdirib, Dəclə və Fərat
çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə
yerləşən kiçik bir ərazidə öz hakimiyyətini
qurmaqla tarixə düşür: "Hər tərəfdən
düşmənlərlə əhatə olunmuş bu
kiçik dövlətin başçısı öz müttəfiqlərini
Osmanlı imperiyasının Avropaya doğru genişlənməsindən
qorxuya düşən qərb dövlətləri arasında
axtarırdı. Uzun Həsən öz müşavirləri
vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona
odlu silah yardımı göstərilməsi barədə
danışıqlar aparırdı. Həmin yardım Qara dəniz
və Aralıq dənizi vasitəsilə Uzun Həsənin
müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq
edən və Qaraman bəyliyinin qərb sərhədlərində
yerləşən yunan Trabzon dövləti üzərindən
keçib gəlməli idi. Osmanlı isə bunun
qarşısını almaq istəyir və 1453-cü ildə
II Mehmet tərəfindən İstanbul fəth olunandan sonra
Trabzon dövlətini məhv etmək qərarına gəlirlər.
Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı
qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi
onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət
etsin. Osmanlıların Yastıçəmən
yaylağında yerləşən düşərgəsinə
Uzun Həsənin anası Sara Xatunun
başçılığı ilə elçilər
yollanır. Sara Xatun mahir bir diplomat kimi öz ölkəsindən
çox-çox uzaqlarda da tanınmışdı. O bu dəfə
də öz vəzifəsinin öhdəsindən gəlir və
sülh bağlanır".
Bir diplomat
kimi Sara Xatunun fəaliyyətində, onun sultan II Mehmedlə
bağladığı 1461-ci il sülhünün
böyük əhəmiyyəti var. Bu sülh hələlik əlimizdə
olan məlumata görə, Sara Xatunun xarici ölkə
hökmdarları ilə bağladığı ilk müqavilələrdən
biridir. Uzun Həsən Sara Xatunu sultan II Mehmedin hərbi
düşərgəsinə göndərərkən, onun
qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla,
o, Osmanlı sultanını ağqoyunlular üzərinə
hücum etmək fikrindən daşındırmalı idi.
Çünki II Mehmedin bu hücumu Ağqoyunlu dövlətinin
varlığına son qoya bilərdi. Bu məqsədə nail
olduğundan sonra Sara Xatun sultanı mümkün qədər
Trabzonu fəth etmək fikrindən də döndərməli
idi. Bütün Yaxın və Orta Şərqdə
böyük nüfuzu olan Sara Xatun Osmanlı sultanın hərbi
düşərgəsində yaxşı
qarşılandı. Mənbələrin məlumatına
görə, diplomatik danışıqlar zamanı Sara Xatun və
II Mehmet bir-birinə "ana", "oğul" deyə
müraciət edirmişlər. Sara Xatun bu
danışıqlar zamanı özünün bütün
diplomatik ustalığından istifadə edərək Uzun Həsənin
birinci tapşırığını yerinə yetirə
bildi. II Mehmedi Ağqoyunlu dövlətinə qarşı
müharibə etmək fikrindən daşındırdı.
İki ölkə arasında, ağqoyunluların Osmanlı
qoşunlarının Trabzona hücümu zamanı Ağqounlu
dövlətinin bitərəf qalması şərtilə
sülh bağlandı. Bu sülhün o zaman Ağqoyunlu
dövləti üçün böyük əhəmiyyəti
olmuşdu. Məhz Sara xatunun bağladığı bu
müqavilə nəticəsində o zaman Türkiyə ilə
toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti
öz müstəqilliyini saxlaya bilmişdi. Lakin Sara Xatun ona
tapşırılmış ikinci vəzifəni yerinə
yetirə bilmədi. Sultanı Trabzon yunan dövlətini
Türkiyəyə qatmaq fikrindən döndərə bilmədi.
Tarixçi F. Uspenski Trabzonun alınması ərəfəsində
Ağqoyunlu dövləti ilə Türkiyə arasında belə
sülh müqaviləsi bağlanıla biləcəyinə
şübhə edir. Bizcə, onun bu fikri
aşağıdakılara görə elmi cəhətdən
dürüst deyil: əvvəla ona görə ki, yuxarıda
göstərdiyimiz kimi, bəhs etdiyimiz dövrdə
Ağqoyunlu dövləti Türkiyə ilə toqquşa biləcək
dərəcədə güclü deyildi; digər tərəfdən
Ağqoyunlu dövlətinə arxadan qaraqoyunlular və teymurilərin
hücumu gözlənirdi. Buna görə də Uzun Həsən
Osmanlı dövləti ilə sülh bağlamağa məcbur
idi; bundan başqa, II Mehmet qərbdə yarımçıq
qoyub gəldiyi işğalçılıq planlarını
yerinə yetirmək üçün tələsirdi. O,
Kiçik Asiyada vaxt itirmək itsəmirdi. Daha sonra mənbələrdə
Ağqoyunlu dövləti ilə Venesiya arasında haqqında
bəhs etdiyimiz sülh müqaviləsinin bağlanmasına
dair ətraflı və zəngin məlumat vardır.
Ağqoyunlularla müharibə vəziyyətində olan bir
ölkəyə hücum etdiyini söyləmək məntiqi
cəhətdən də düzgün olmazdı. Ağqoyunlu
dövlətini təcrid etdikdən sonra II Mehmet Trabzon üzərinə
yeridi. Lakin o, Uzun Həsənin arxadan hücum etməyəcəyinə
əmin deyildi. Odur ki, sultan Sara Xatun başda olmaqla ağqoyunlu
elçilərini də özü ilə götürdü.
Sara Xatun yol boyu sultanı Trabzonu fəth etmək fikrindən
çəkindirməyə çalışdı. Lakin onun səyləri
heç bir nəticə vermədi. Dənizdən osmanlı
donaması tərəfindən mühasirə edilən Trabzon
30 günlük mühasirədən sonra, 1461-ci il oktyabrın
26-da türklər tərəfindən zəbt edildi. Qara dənizdə
Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi
süqut etdi. Artıq Trabzonun əldən getdiyini görən
Sara Xatun öz gəlininin-Dəspinə xatunun Trabzonun
taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini
sultanla bölüşdürdükdən sonra ağqoyunlu
elçilərinin başında geri qayıtdı.
Görünür, ağqoyunlularla kəskinləşən
münasibətləri yumşaltmaq üçün II Mehmet
Sara Xatuna xoş rəftar göstərmiş, onu çoxlu hədiyyələrlə
geri yola salmışdı. Uzun Həsənin elçiləri
ilə birlikdə, Yastıçəməndə
bağlamış müqaviləni yeniltmək
üçün sultanın qərbdəki istilalarını həyata
keçirdikdən sonra öz arxasını təhlükəsizləşdirmək
istəyirdi.
Teymuri hökmdarı Əbu Səidlə
danışıqlar aparan Ağqoyunlu elçilərinə də
Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri
də bu Azərbaycanlı xanımı çox yaxşı
tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana
göndərilən Avropa, xüsusilə də, Venesiya
elçilərinə verilən məxfi məlumatlarda mütləq
Sara Xatunla görüşmək və öz məqsədləri
üçün onun saraydakı nüfuzundan istifadə etmək
tapşırılırdı. Sara Xatun diplomat və dövlət
xadimi olamqla bərabər, böyük hərbi sərkərdəlik
bacarığına və hərbi intuisiyaya malik qadın
olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar
çıxarmağa imkan vermişdir. Sara
Xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir
insan olmuşdur.
Ağqoyunlu dövrünün ən görkəmli
tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun
Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədi
ilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın
düşərgəsində olmuşdur. Onun ordusu Sara Xatuna o
qədər də əzəmətli görünmədiyindən
Cahangir mirzə və Uzun Həsənə sifariş göndərir
ki, "Əgər gəlsəniz, qələbə sizin
olacaq. Bu işi təxirə salmaq olmaz". Sara Xatun orduya sadəcə
bir nəzər salmaqla ağqoyunlular arasındakı qüvvələr
nisbətinin Ağqoyunlu dövlətinin xeyrinə olduğunu
düzgün qiymətləndirməsi onun hərbi intuisiya və
səriştəsində xəbər verir. Həqiqətən
də, bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi
Rüstəm Tərxanın ordularına hücum edərək
onları damadağın etmiş, qaraqoyunluları bərk
qorxuya salmışdı.
Qadınların kişilərə nisbətən həyatın
bütün sahələrində hüquqsuz bir vəziyyətdə
olduğu bir dövrdə, Azərbaycan tarixində belə mərd
və cəsarətli, diplomat qadınlarımızın
mövcudluğu qürur yaradır. Sara Xatun uzaq tarixi
keçmişimizdə yaşasa da, onun siyasi mədəniyyəti,
diplomatik fəaliyyəti və şəxsi şücaəti
gələcək nəsillər üçün də
örnəkdir.
Şərq.- 2011.- 17 iyun.- S. 11.