3 nəhəng sənətkarın
xanımı
Xalq
artisti Barat Şəkinskayanın ömür yolu maraqlı bir
əsərdir
Teatrımızın ən parlaq
ulduzları Mir İbrahim Həmzəyev, Şəmsi Bədəlbəyli
və Mehdi Məmmədov kimi üç nəhəng sənətkarın
xanımı olmuş bu aktrisanı çoxları
tanıyır. Bu, Barat Həbib qızı Şəkinskayadır.
B.Şəkinskaya 1915-ci ildə
Şuşada bəyzadə ailəsində anadan olub. Nənəsi
Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi
qızı olub. Şuşanın say-seçmə şəxslərindən
olan Həbib xan Şəkinski bəy nəslindən olan
Ağca xanımla evlənmişdi. Ailə həyatları
yolunda getsə də, əsas bir problemləri vardı.
Ağca xanım gəlin köçdüyü vaxtdan
bir-birinin ardınca üç ölü uşaq
doğmuşdu. Buna görə də qayınanası Ziba bəyimin
qəzəbinə tuş gəlmişdi. Ağca xanım
növbəti dəfə hamilə olanda Ziba bəyim öz
hikkəsini yeridir. Oğluna deyir ki, "arvadını
götür apar atası evinə, qoy ölü
uşağını orda doğsun, sonra qaytar".
İstədiyi kimi də olur.
Ağca xanım gəlir anası Gövhər xanımın
yanına. Bəy nəslindən olan bu xanım Ziba bəyimin
məkrindən qorxduğu üçün uşaq
doğulanda Şuşanın ən məşhur
mamasını çağırır. Qarabağın bir
neçə tanınmış xanımını, həkim
Mehmandarovu da şahid kimi dəvət edir. Beləliklə,
1915-ci il iyunun 7-də uşaq dünyaya gəlir.
Düzdür, bu dəfə uşaq diri doğulur, amma
çox cılız və sısqa olur. Ona görə də
məsləhətləşib bu qərara gəlirlər ki,
uşağın olduğunu hələlik nənəsinə
deməsinlər və 3 həftə gözləsinlər. Əgər
körpə sağ qalsa, onda Ziba bəyimə xəbər
versinlər. Gözlədikləri 3 həftə tamama yetir. Bu
müddət ərzində adsız qalmış körpə
anadan olandan düz 21 gün sonra birinci dəfə
ağlayır. Hamı məəttəl qalır ki, doğulan
kimi ağlamayan uşaq necə sağ-salamat qala bilib. Körpə
ağlayandan sonra Ziba bəyimə göz
aydınlığı verib, şad xəbəri
çatdırırlar. Ancaq Ziba bəyim sevinmək əvəzinə
hikkəsinin ən son həddini nümayiş etdirərək
"Ağca heç vaxt diri uşaq doğa bilməz", -
deyir və nə uşağı, nə də anasını qəbul
etmək istəmir (İllər sonra Ziba bəyimi məhz bu nəvəsi
saxlayacaq və vaxtilə anasıyla onu niyə qəbul etmədiyinin
səbəbini bir dəfə də olsun soruşmayacaq). Bu
hadisədən sonra çoxları, oğlu Həbib xan da
anasından üz döndərir. Hətta baş
götürüb bir müddət Rusiyada işləməyə
gedir. Hərbi zabit kimi yüksək rütbələr
alır. Denikinin ordusunda vuruşur...
Allahın
möcüzəsi ilə həyatda
qalan Barat
Uşağın təvəllüdü
isə elə o vaxtdan, yəni nənəsinə xəbər
göndərilən gündən - 1915-ci il iyunun 28-dən
hesablanmağa başlayır. Adını da o vaxt seçirlər.
Tanrının hədiyyəsi, ərməğanı
sayıldığından qızcığazın
adını Barat qoyurlar. Allahın möcüzəsi ilə həyatdan
möhkəm əllə tutan bu qız gələcəkdə
də bütün çətinliklərə, əziyyətlərə,
xəyanətlərə duruş gətirəcək. Və
Tanrının tək ailəsinə yox, bütün Azərbaycan
mədəniyyətinə baratı olan Barat Şəkinskaya
kimi tanınacaq...
Özündən sonra bir
bacısı Səriyyə də anadan olur. Atasını isə
sonuncu dəfə 5 yaşı olanda görür. Həbib xan
1920-ci ilin qışında arvadını və 3
uşağını qayınanasına tapşırıb
gedir (Onda Ağca xanım üçüncü uşağa -
oğlu Süleymana təzəcə hamiləydi). Şura
hökumətinin gəlməsi ilə evdən qaçaq
düşür. Bir neçə dəfə ailəsinin
dalınca adam göndərib onları da öz yanına gətirmək
istəyir. Amma bütün cəhdlər boşa
çıxır. Hətta bir dəfə və elə sonuncu
dəfə də bu istəyi həyata keçmir.
Quldurlar
onların
qarşısını kəsib talan edirlər
Onda
Süleyman artıq anadan olmuşdu.
Bir gün Həbib xan öz əlaltısı
ilə ailəsinə ismarıcını
çatdırır. Belə bir fənd qurulur ki, guya Həbib
xan öldürülüb, başsız qalmış ailə
Ağdamın Göytəpə kəndində yaşayan
Ağca xanımın bacısı Kübra xanımın
yanına (əri Zülfüqar Mirzəcamalov) pənah
aparır. Elə oradaca Həbib xanın
adamları ailəni Arazdan İrana keçirəcəkdi.
Plan həyata keçirilməzdən öncə
Ağca xanım evdəki qiymətli əşyaları,
xalçaları satıb qızıl-gümüş
alır. Bundan sonra fayton tutub Göytəpə
kəndinə yola düşürlər. Lakin
kəndə çatanda dəhşətli xəbər
eşidirlər - məşhur bəyzadə Mirzəcamalov
qardaşlarını bolşeviklər güllələyib.
Təzədən at arabası ilə Həbib
xanın adamlarının gözlədikləri yerə gedirlər.
Bu dəfə də başqa bir bədbəxt
hadisə ilə qarşılaşırlar. Yolda quldurlar onların qarşısını kəsib
talan edirlər. 5 aylıq Süleymanın
bələyində gizlədilən zinət əşyalarını,
kitabları və yaxşı libasları götürüb
atları da arabadan açıb yoxa çıxırlar. Kor-peşman
qayıdırlar Göytəpəyə. Ağca
xanımın Gəncədə yaşayan digər
bacısı Rəxşəndə xanıma (Gəncəbasar
bölgəsinin məşhur nəsillərindən olan Səfikürdskilərdən
Cəfər bəyə ərə gedib) xəbər göndərilir.
Onun göndərdiyi adamlarla Gəncəyə gəlirlər.
Və beləcə
İbrahim
Həmzəyev ona
dəlicəsinə aşiq olub
Barat Şəkinskaya
1930-cu ildə texnikumu bitirəndən sonra Sərkar kəndinə
müəllimə təyin olunur. Amma
müəllimlik də onu aktrisalıq iddiasından döndərə
bilmir. Müəllim işləyə-işləyə
bir neçə dərnəkdə iştirakını davam
etdirir. Elə bu vaxtlar Fəhlə Klubunun direktoru Mir
İbrahim Həmzəyevlə
İkinci dəfə Şəmsi Bədəlbəyliyə ərə
gedir
İlk məhəbbəti daşa dəyəndən
sonra Bakıya gələn Barat burda onu nələrin gözlədiyini
ağlına belə gətirmirdi. Günlərin birində
yolda vaxtilə bir dərnəkdə
çalışdığı Adil İsgəndərovla
rastlaşır. Bu o zamanlardı ki, Adil İsgəndərov
Moskvadakı təhsilini başa vurub vətənə
qayıtmış və "Azdrama"da rejissor kimi işə
başlamışdı. Baratı da rejissor kimi ilk
debütü olan "Polad qartal" tamaşasında uşaq
roluna sınamaq niyyətindəydi. Barat xanım dəvəti
qəbul edir. 1936-cı ildə bu tamaşa səhnəyə
çıxanda Barat Şəkinskaya Şəfiqə
obrazını canlandırır (Bu obrazdan qabaq daha iki rol da ona
həvalə olunmuşdu). Bununla da "Azdrama"ya işə
götürülür. Tez bir zamanda şöhrət
qazanır. Həmin il Barat Şəkinskaya üçün
başqa bir hadisəylə də əlamətdar olur. Teatrda
rejissor işləyən Şəmsi Bədəlbəyli ilə
ailə qurur. Bu, Barat Şəkinskayanın ikinci, Şəmsi
Bədəlbəylinin isə ilk evliliyi olur. Onlar evlənəndə
Solmaz hələ Gəncədə nənəsinin yanında
qalırdı. 1 ildən sonra bu izdivacdan Rövşanə
adlı qızları dünyaya gəlir. Hazırda
Rövşanə Amerikada yaşayır. Rövşanənin 1
yaşı olanda Barat xanım Solmazı da Bakıya gətirmək
istəyir. Ancaq Ağca xanım qoymur. Solmaz Həmzəyeva
Bakıya bir neçə il sonra - 10 yaşı olanda gəlir.
Və elə o vaxtdan da anasının yanında
yaşayır, təhsilini davam etdirir. Şəmsi Bədəlbəyli
ilə də yaxşı, ata-bala münasibətləri olur.
Ancaq Solmazın öz atasıyla görüşməsinə
Barat xanım qətiyyən razılıq vermir. Solmaz xanım
bu barədə bildiklərini danışır: "Atam
anamı dəlicəsinə sevirdi. Anam da onu sevib ailə
qurmuşdu. Ancaq elə sevdiyinə görə də xəyanəti
bağışlamadı. Bu sevgi bir nifrətə
çevrildi. Hətta mənim atamla görüşməyimə
belə qəti şəkildə icazə vermədi. Mən
birinci dəfə atamı 9 yaşım olanda
görmüşəm. Gəncə teatrında Rəşid
Behbudovun konserti idi. Teatrın rəssamı olan dayım məni
də ora aparmışdı. Biz hamımız eyni lojada
oturmuşduq. Atam o vaxtlar hələ teatrda işləyirdi.
Dayım atama dedi ki, "tanıyırsan bu uşaq kimdi?
Qızın Solmazdı". Bu sözləri eşidəndə
çöndüm ona baxdım. Amma qaranlıq olduğuna
görə, üzünü yaxşı görə bilmədim.
Gəldi məni qucaqlayıb öpdü. Mən də
ağladım, dayım götürüb apardı məni evə.
O görüş o qədər də yadımda deyildi. 3-4 ildən
sonra Əjdər Sultanov bizi mehmanxanada
görüşdürdü, anamdan gizlin. Onda atam artıq
Naxçıvanda yaşayıb işləyirdi. Anam ailə
qurandan bir neçə il sonra o da Naxçıvanda Zəroş
Həmzəyeva ilə evlənir, 2 oğlu, bir qızı
olur. Atam Naxçıvandan Bakıya gələndə imkan
olan kimi gizli şəkildə görüşürdük.
Şəmsi Bədəlbəyli də mənə çox
yaxşı yanaşırdı, ona "papa" deyirdim. Amma
heyf ki..."
...Heyf ki, bu ailənin də həyatı
uzun ömürlü olmur. Cəmi 6 il. 6 ildən sonra
cütlük ayrılmaq qərarına gəlir. Səbəbi
isə Solmaz xanıma indiyə qədər də aydın
deyil: "Bilmədik, nəyin üstündə
ayrıldılar. Aralarında nə söhbət olmuşdusa,
müəmmalı qaldı. Bir də onu gördük ki,
artıq boşanırlar. Məni anam, Rövşanəni
Şəmsi Bədəlbəyli götürür. Anam 6
otaqlı evi Şəmsi Bədəlbəyliyə verir,
özü isə məni də götürüb
qayıdır Gəncəyə və yenidən teatrda işləməyə
başlayır. Şəmsi Bədəlbəyli isə bir
neçə il sonra ikinci dəfə evlənir və o
izdivacdan Fərhad Bədəlbəyli anadan olur. Əvvəl də,
indi də Fərhadla yaxşı münasibətimiz olub,
bir-birimizi bacı-qardaş kimi çox istəyirik".
Üçüncü
və sonuncu ailə
Şəmsi Bədəlbəylidən
boşanandan sonra Barat Şəkinskaya 1943-cü ilin yazında
yenidən Gəncə Dövlət Dram Teatrına
qayıdır. 1942-ci ildən isə o teatra Mehdi Məmmədov
baş rejissor təyin olunmuşdu. Bakıda aktrisa kimi
şöhrət qazanaraq əməkdar artist adına da layiq
görülən Barat xanım Gəncə teatrında məhəbbətlə
qarşılanır. Tək kollektiv tərəfindən deyil,
həm də baş rejissor tərəfindən. Mehdi Məmmədov
ona xüsusi qayğıyla yanaşırdı. Bu
qayğı, iki sənətkarın yaradıcılıq
ünsiyyəti, tədricən sözün əsil mənasında
məhəbbətə, sevgiyə çevrilməyə
başlayır. Beləliklə, Barat Şəkinskaya
1944-cü ildə özündən 3 yaş kiçik olan
Mehdi Məmmədovla üçüncü və sonuncu ailə
həyatını qurur. Bu arada Mircəfər Bağırov Gəncədən
gələn aktrisanın yoxluğunun səbəbini öyrənməyə
başlayır. Adil İsgəndərova bərk-bərk
tapşırır ki, onu "Azdrama"ya geri qaytarsın. Adil
İsgəndərov da Gəncəyə zəng vurub Barat
xanımın Bakıya geri qayıtmasını istəyir. Amma
aktrisa razılaşmır. Deyir ki, "bu artıq
mümkün deyil. Çünki mən burda ailə qurmuşam.
Həyat yoldaşım isə teatrın baş rejissorudu".
Adil müəllim Mircəfər Bağırova olduğu kimi məruzə
edir. Bu o zamanlardı ki, Mehdi Məmmədovu artıq
tanıyırdılar, istedadı Bakıda səs salmağa
başlamışdı. Mircəfər Bağırov öz qərarını
açıqlayır: "Ərini də götürsün, gəlsin
bura". Beləliklə, hər iki sənətkar Bakıya
köçür. Aktyor və rejissor kimi teatrda işə
başlayırlar. Öz evləri olmadığına görə,
bir müddət Mehdi Məmmədovun ailəsi ilə birgə
qalırlar. Sonradan hökumət onlara birotaqlı ev verir.
1946-cı ildə isə oğul övladları dünyaya gəlir
- Elçin Məmmədov (fırça ustası, teatr rəssamı
və kino aktyoru). Hər iki sənətkarın gərgin
iş qrafiki olduğundan Elçini özündən 14
yaş böyük bacısı saxlayır, evin hər
işini görür. Amma nədənsə bu ailənin də
sütunları möhkəm olmur. 7 ildən sonra Barat Şəkinskaya
Mehdi Məmmədovla da ayrılmaq qərarına gəlir.
Barat Şəkinskaya 1956-cı ildə
ərizə yazaraq məzuniyyətə gedir, ancaq sonra
"Azdrama"ya qayıtmayaraq teatrdan çıxır. 1960-cı
ildə Mehdi Məmmədov bu teatra baş rejissor təyin olunanda
yenidən ora qayıdır. Və bir də 18 ildən sonra təqaüdə
çıxır.
Azərbaycan teatrının
görkəmli sənətkarı Barat Şəkinskaya 1999-cu
il, yanvarın 14-də vəfat edir. İkinci Fəxri Xiyabanda dəfn
olunur.
Şərq.-
2011.- 14 iyun.- S. 11.