Azərbaycanın ilk nağıl cəngavəri - Gündüz Abbasov

 

   Kinorejissor Əlisəttar Atakişiyevin 1959-cu ildə Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında çəkdiyi "Bir qalanın sirri" film-nağılındakı Elşən rolunu ifa etmiş kinoaktyor Gündüz Abbasovu yaşlı və orta nəsil tamaşaçılar yaxşı xatırlayırlar. Filmin baş qəhrəmanı Elşən məkrli Göygöz Kosaya qalib gəlir, sevgilisi Mətanəti düşmən əlindən xilas edir...

   Bir çox filmlərdə yaddaqalan obrazlar yaratmış Gündüz Abbasovun kinoda debütü 1942-ci ildə "Sovet pəhləvanı" adlı qısametrajlı bədii filmdə olmuşdu. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr olunmuş filmdə baş qəhrəmanın kiçik dostu, balaca çoban rolunda oynamışdı.

   Gündüz Abbasovun böyük kinoya gəlişi isə 1958-ci ildə baş verdi. Bakı kinostudiyasında dramaturq İmran Qasımovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun çəkdiyi "Onun böyük ürəyi" bədii filmində prokuror Rəcəb obrazını Gündüz Abbasov sevərək yaratmışdı. Bu rola çəkiləndə o, 28 yaşında idi. Ailə qurmuşdu, iki övladı vardı. Yeri gəlmişkən, altıaylıq qızı Şəhla da həmin filmdə Rəcəbin bacısı Səmayənin qızı Lalə (körpəlik dövrü) roluna çəkilmişdi.

   Film üç dövrü əhatə edir: Böyük Vətən müharibəsindən (1941-1945) əvvəl, müharibə illəri və müharibədən sonrakı dövr. Filmdə tamaşaçılar aktyorun qəhrəmanını əvvəlcə 20 yaşında, filmin sonunda isə 40 yaşında görürlər. Rəcəb özü kimi sadə əmək adamlarının əhatəsində böyüyüb. O, cəmiyyətin xoşbəxtliyi naminə vəzifə borcunu şərəflə yerinə yetirir. Prokuror Rəcəbin xarakterindəki bütövlük, onun insani keyfiyyətləri - vətənpərvərliyi, dostluqda sədaqətliyi, məhəbbətdə möhkəmliyi film boyu özünü büruzə verir.

   Rəcəb obrazı Gündüz Abbasovu minlərlə tamaşaçıya istedadlı kinoaktyor kimi tanıtdırdı. Tamaşaçılar da, kino mütəxəssisləri də bu gənclə maraqlanmağa başladılar. Bu barədə danışmazdan öncə isə onun həyat yoluna qısa nəzər salaq. 

   ...1930-cu il noyabrın 20-də Bakının məşhur Dağlı məhəlləsində Abbasovlar ailəsində bir oğlan uşağı dünyaya gəldi. Anası - musiqiçi, pedaqoji və tibb təhsili olan ziyalı qadın, böyük dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım, atası - tanınmış yazıçı və jurnalist, Azərbaycan radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasov uşağın adını Gündüz ("Sevil" pyesindəki Balaşın oğlu Gündüzün adı ilə) qoydular. Ədəbiyyat və incəsənətlə sıx bağlı olan ailədə böyüyən Gündüzün uşaqlığı teatrda, kinoda aktyorlar arasında keçdi, rəssamlığa, yazı-pozuya böyük maraq göstərdi. 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirdi.

   Hələ uşaqlıqdan dərin mütaliə edən Gündüz Abbasov tələbəlik illərində artıq ədəbi yaradıcılıqla məşğul olur, hekayələr yazır, tərcümələr edirdi. 50-60-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı nəşr edilir, yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunur. Bir müddət Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri işləyir. "Uşaqgəncnəşr"də, "Azərnəşr"də fəaliyyət göstərir, xeyli kitabın redaktoru olur. "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri işləyir  

   Gündüz Abbasovun yaradıcılığının ən rəngarəng səhifələri Azərbaycan kinematoqrafiyası ilə bağlı olub. 1958-1990-cı illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dək filmdə, o cümlədən 8 ekran əsərində əsas rollarda çəkilib, yaddaqalan, dolğun surətlər yaradıb. "Bir qalanın sirri" film-nağılında Elşən, "Aygün" televiziya filmində Elyar, "Bizim küçə"də Rasim, "Leyli və Məcnun"da Zeyd, "Telefonçu qız"da Mehribanın atası, "Vulkana doğru"da Uzun, "Dədə Qorqud"da Bəybura, "Qərib cinlər diyarında"da İblis, "Babək"də Pərvinin babası, "İşarəni dənizdən gözləyin"də şair, "Qəm pəncərəsi"ndə qoca kəndli, "Alman klinikasına şəxsi səfər"də milyonçu Lioznov, "Doğma sahillər"də Bəndalı kişi, "Yuxu"da Hidayət kişi və s. obrazlar bu qəbildəndir.

   "Babək" filmindən söz düşmüşkən, vaxtilə Gündüzün atası Şəmsəddin müəllim "Babək" kinossenarisini yazmışdı. Filmin quruluşu rejissor Hüseyn Seyidzadəyə tapşırılmışdı. Lakin Moskvadakı məsul kino işçiləri filmin çəkilişinə icazə vermədilər. Bir çox illər keçəndən sonra "Babək" tamamilə başqa ssenari üzrə çəkildi.

   G.Abbasov "Koroğlu" filmində baş rolu ifa etməli idi. Onu filmdə baş rola sınaq çəkilişlərinə dəvət etmək üçün Moskvaya teleqram vurulur. O vaxtı "Bir qalanın sirri" filminin müəyyən epizodları Moskvada çəkilirdi. Rejissor Ə.Atakişiyev qısqanclıq ucbatından teleqramı Gündüzə verməyib gizlədir. Səbəbi aydın idi. Rejissor istəməyib ki, bu aktyor onun filmi ilə paralel başqa bir filmdə iştirak etsin. Təbii ki, rejissor H.Seyidzadə cavab almadığına görə aktyor Əfrasiyab Məmmədovu Koroğlu roluna təsdiq edir. Bundan fərqli olaraq çəkilişinə hazırlıq görüldüyü "Şah İsmayıl" filmində Gündüz Şah İsmayıl roluna təsdiq olunur. Amma müəmmalı şəraitdə bu filmin istehsalı baş tutmur. Halbuki o, foto kino sınaq çəkilişlərindən uğurla çıxmışdı.

   Nəhayət, Gündüz Abbasov rejissor Ə.Atakişiyevin "Bir qalanın sirri" film-nağılında çəkilməklə daha da məşhurlaşdı.

   Kəndləri, obaları susuz qoymuş zalım hökmdar Simnar xana qarşı aparılan mübarizə filmin əsas süjet xəttini təşkil edir. Həkim Eldostu, Usta, Kamran baba, Elşən, Mətanət əzab-əziyyət çəkən xalqa kömək etmək üçün çalışırlar. Gündüzün yaratdığı Elşən güclü xarakterə malik qəhrəmandır. O qüvvətlidir, lakin həkim Eldostu ona oxumağı, bilikli olmağı təklif edir. Buna görə Elşən oxumağa başlayır. O anlayır ki, düşmənə qalib gəlmək üçün güc kifayət deyil, həm elmli bilikli olmaq gərəkdir.

   Gündüz mərd qorxmaz Elşənin obrazını bütün dolğunluğu ilə yaratmağa müvəffəq olub. Filmdə insan əməyi zəkasının qüdrəti, çətinliyə qalib gəlməsi Elşənin simasında canlı bir surətdə göstərilib. Maraqlıdır ki, film ekranlarda nümayiş etdiriləndən sonra bir çox valideynlər həm yaraşıqlı aktyor Gündüz Abbasovun, həm onun sənətkarlıqla yaratdığı Elşən obrazı şərəfinə yeni doğulmuş uşaqlarının adlarını Elşən qoydular.

   Kinorejissor H.Seyidbəylinin "Telefonçu qız" filmindəki Mehribanın atası rolu G.Abbasovun ən sevimli ekran işlərindəndir. Rol böyük olmasa da aktyor onu məharətlə ifa etmişdir. Demək olar ki, ata rolu Gündüzün indiyə kimi yaratdığı surətlərdən tamamilə fərqlənən, yeni, təsirli bir surətdir.

   Sonrakı illərdə çəkildiyi filmlərdə biz Gündüz Abbasovu müxtəlif planlı xarakterik rollarda görürük. Anarın çəkdiyi "Qəm pəncərəsi" filmi yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat səhifələrini ekranda canlandırır. Bu filmdə aktyor qoca Kərbəlayı rolunda oynayır. Rejissor Kərbəlayını kasıb kəndlilərin ümumiləşdirilmiş obrazı kimi təqdim edir. Bununla belə, bəzən o, gözəl misallar çəkir. Ağsaqqalın dediyi fikirlər onun dünya görmüş bir insan olmasından xəbər verir.

   Kinorejissor C.Mirzəyevin yaratdığı "İşarəni dənizdən gözləyin" tarixi-inqilabi filmində Gündüzə çox maraqlı bir rol təklif olunmuşdu. Şair rolu. Bu personajın prototipi dövrünün böyük mütəfəkkiri, şair Məhəmməd Hadidir. Gündüz Abbasov şairin daxili aləminə nüfuz edərək, onun zəngin mənəviyyatını üzə çıxarır.

   Görkəmli şair Səməd Vurğunun məşhur "Aygün" poeması əsasında ekranlaşdırılmış eyniadlı film-poema ilk televiziya bədii filmidir. Bu filmdə tamaşaçılar çox qısa bir müddət ərzində məhəbbət üçbucağı ilə qarşılaşırlar.

   Əmirxan evdən küsüb gedəndən sonra Aygün körpəsi ilə tək qalır. Bu vaxt Elyarın (G.Abbasov) qəlbində ülvi hisslər oynayır. Elyar Aygünü bütün varlığı ilə sevir. Qadın bunu hiss edir. Amma o, Elyarın məhəbbətini cavabsız qoyur. Çünki başa düşür ki, analıq hissi müqəddəsdir. Elyara könlünü verməklə balasının qarşısında alçalmaq, gözükölgəli qalmaq istəmir. Bu hərəkəti ilə Aygün həm əri Əmirxanın, həm də Elyarın gözündə daha da ucalır. Elyar rolu epizodik olsa da maraqlıdır. Lakin rol sxematikdir. Amma bu sxematiklik aktyor oyunundan deyil, ssenaridən irəli gəlir.

   "Kitabi Dədə-Qorqud" dastanı dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir. Bu dastanın motivləri əsasında çəkilmiş "Dədə Qorqud" filmi milli kino tariximizdə layiqli yerini tutan ekran əsərlərindəndir. Həmin filmdə Gündüz Abbasov maraqlı bir surəti - Bəybura obrazını yaradıb. Bəybura oğul atasıdır. Oğlunun başına gətirilən oyunlar atanı sarsıdıb, onu kor edib. Bununla belə ata ümidini itirməyib, nə vaxtsa oğlu ilə görüşəcəyinə inanır. Onun oğlu Beyrəklə görüşü filmin ən maraqlı səhnələrindən biridir. Bu an atanın keçirdiyi hisslər, həyəcan dolu sevinc aktyor tərəfindən inandırıcı şəkildə tamaşaçıya çatdırılıb.

   Gündüz müəllim "Mozalan" respublika satirik kinojurnalının bir çox kinosüjetlərində də maraqlı surətlər yaradıb. Bundan başqa o, A.Dovjenko adına kinostudiyanın istehsalı olan "Piliqrim"in kapitanı" bədii filmində qoca dənizçi rolunu ifa edib.

   Aktyor sonuncu dəfə rejissor F.Əliyevin "Yuxu" filmində çəkilib. O, filmdə sanki özü-özünü oynayır. Hidayət kişi epizodik rol olsa da diqqəti cəlb edir. Filmə baxdıqca görürsən ki, bağban obrazı əslində aktyorun özüdür: yorğun, qayğılı, həyatın hər üzünü görmüş Hidayət kişi - Gündüz Abbasov.

   Gündüz Abbasov ömrünün son illərində görkəmli adamlarla görüşləri barədə xatirələrini yazırdı. Bir də "Keçmişsiz" adlı roman üzərində işləyirdi. Bu işləri başa çatdıra bilmədi. Amma Azərbaycan kino tarixində parlaq iz qoyub getdi.

   Aktyor sonuncu dəfə rejissor F.Əliyevin "Yuxu" filmində çəkilib. O, filmdə sanki özü-özünü oynayır. Hidayət kişi epizodik rol olsa da, diqqəti cəlb edir. Filmə baxdıqca görürsən ki, bağban obrazı əslində, aktyorun özüdür: yorğun,qayğılı, həyatın hər üzünü görmüş Hidayət kişi - Gündüz Abbasov.

   Dövlət Film Fondunun direktoru Cəmil Quliyev: "Gündüz Abbasov oynadığı obrazlar bəzən lirik poetik, bəzən cəsur, bəzən də cəngavər olurdu. O dövrdə yaşayıb yaratmaq çox çətin idi. Sovet senzurasının təsiri altında hər bir obrazı, hər bir rolu real təbii yaratmaq çətin idi. Bir çox rollar sovet ideologiyasının caynağından qurtara bilmirdi. Buna baxmayaraq Gündüz Abbasovun yaratdığı obrazlar öz dəsti xəttilə, reallığı ilə seçilir və tanınır".

   Kinoşünas Aydın Kazımzadə Gündüz Abbasovun kinoya qəflətən gəldiyini deyib: "Onun böyük ürəyi" filmində çəkilməklə tanındı. 2-ci filmdə - "Bir qalanın sirri" filmində Elşən obrazı onu nəinki Azərbaycanda, bütün SSRİ-də məşhur etdi. Hətta film Fransaya gedəndən sonra Əlisəttar Atakişiyev danışırdı ki, bu aktyorla Fransada maraqlanırdılar. Sonuncu filmi o "Yuxu" ilə yekunlaşdırdı. Orada sanki o özü özünü oynadı. Qayğılı, yorğun bir insan obrazı yaratdı, bağban onun özü idi".

 

 

   Şərq.- 2011.- 23 iyun.- S. 11.