Gəray bəy ömrü yaşayan sənətkar

 

   Həsənağa Turabovun həyat hekayətindən bəzi sətirlər

 

   Onun haqqında belə deyirlər: "O, əsl şəxsiyyət idi. Azərbaycan teatr və kino sənətində bir neçə barmaqla sayılası sənətkar var ki, onlardan biri də odur. Azərbaycan mədəniyyəti, şüuru, düşüncəsi, əxlaqı bu insanda cəmləşmişdi. Belə insanlar nadir hallarda doğulur". Bu, çəkildiyi obrazlarla Azərbaycan kino sənətində tarix yazmış aktyor Həsənağa Turabovdur.

   1938-ci il martın 24-də Səttar kişinin evi böyük sevincə qərq olur. Ailənin ilk övladı, oğul payı dünyaya gəlir. Bu oğlandan qabaq bir neçə uşaq da anadan olmuşdu, lakin heç biri sağ qalmamışdı. Xoşbəxtlikdən bu bahar oğlunun ayağı sayalı olur, imam eşqinə adını Həsən qoyurlar. Həsəndən sonra isə daha bir qardaşı dünyaya gəlir. Beləcə, iki qardaş sadə və ziyalı ailədə böyüməyə başlayır. Evləri "Azdrama"nın yanında olduğu üçün atası onları tez-tez teatra aparırdı. Bütün premyeralara, tamaşalara birlikdə gedirdilər. Amma nədənsə Həsəndə bu sənətə istək özünü daha qabarıq büruzə verir. Uşaqlıqdan teatrda böyüyən Həsəndə elə o illərdən aktyorluğa həvəs və maraq oyanır. Hələ məktəbdə oxuduğu illərdə teatr dərnəklərinə getməyə başlayır. Yaşıdlarından da fitri istedadı, biliyi və dəcəlliyi ilə seçilir. Əlaçı olduğuna görə də müəllimləri tərəfindən sevilir. 18 saylı məktəbi bitirəndən sonra isə həyatını tamamilə sənətə bağlamaq qərarına gəlir. Və İncəsənət İnstitutuna daxil olur və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurur. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Həsənağa Turabov 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.

   Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş bu məşhur aktyorun teatr və kino tariximizdə silinməz izləri var. O, klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaratmışdı.

  

   Səhnə işi

  

   Bir gün institutda "Hacı Qara" tamaşasını oynayırdılar. Tamaşanı izləyənlər arasında Adil İsgəndərov da vardı. Adil İsgəndərov tamaşada rol alan tələbələrdən birinə - Həsənə diqqətlə baxır və ona həyatını dəyişəcək bir məsləhət verir: "Sən komik rollar yox, dramatik rollar yaratmalısan".

   Elə bununla da gənc aktyor fikrini dəyişir. Sənət həyatı boyunca demək olar ki, ancaq dramatik obrazlar yaradır.

   Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. Həsənağa Turabov bir çox əsərlərin qəhrəmanlarına səhnə həyatı verərək ədəbiyyatın daim diqqət mərkəzində olan insan problemini bütün çalarları ilə tamaşaçıların yaddaşına həkk edib. Aktyorun böyük məharət və sənətkarlıqla yaratdığı obrazlar sənətsevərlər tərəfindən daim dərin rəğbət və məhəbbətlə qarşılanıb.

   İncəsənət İnstitutunu bitirmişdi, məşhur sənət adamlarından dərs almışdı. Həsən Turabovun gəncliyindən yaratdığı rollar teatrsevərlərin qəlbinə asanlıqla yol tapmışdı. Dramatik aktyor idi. Yaratdığı obrazlarda həmişə bütövlük olardı. Adətən baş rolları ifa edərdi. 1960-ci ildən Akademik Milli Dram Teatrında çalışırdı. Kimlərlə işləməmişdi: Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə qüdrətli sənətkarlarla tərəf-müqabil olmuşdu. Həsən Turabovun yaradıcılığında qəribə özünəməxsusluq vardı. "Mahnı dağlarda qaldı" tamaşasında Kamran onun ifasında necə də gözəl görünürdü. Gözəl diksiyası, səhnə hərəkətləri, obrazı özününküləşdirmək qabiliyyəti onu sevdirmişdi.

   Həsən Turabovun səhnədə yaratdığı rolları sadalamaqla qurtaran deyil. Hansının adını çəkəsən: Vahidimi ("Kəndçi qızı"), Azərimi ("Yaxşı adam"), Hamletimi ("Hamlet"), Lionelimi ("Orman qızı"), İsgəndərimi ("Ölülər") Xəyyamımı ("Xəyyam") deyim, hər biri teatrımızın tarixində öz yeri, öz mövqeyi olan əsərlər və rollar idi. Həsən Turabov 60-80-ci illər Azərbaycan teatrına yeni bir ruh gətirmişdi. Onun oynadığı tamaşalarda qəribə nikbin bir ruh hakim olardı, tamaşaçı axıra kimi onun qəhrəmanlarının aqibətini gözləyərdi. Çılğın aktyor idi. Səsində də bir özünəməxsusluq duyulurdu. Həm də çox məhsuldar aktyor idi, gecəli-gündüzlü məşqlərdə, çəkilişlərdə, radio-televiziya verilişlərində işləməkdən yorulmazdı.

  

   Kino fəaliyyəti

  

   Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib və yüksək sənətkarlıq bacarığını bariz şəkildə nümayiş etdirib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.  

   Kinoda da özgə bir aləm yaratmışdı. Gəray bəyin ("Yeddi oğul istərəm") misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol elə bil onun boyuna biçilmişdi. Həsən müəllim bu rolundan söz düşəndə həmişə təvazökarcasına "bu rejissorun seçimidir" deyərdi, "mən yalnız onun dediklərini etmişəm". Yox, elə deyildi, Həsən müəllim rejissorun istəyindən qat-qat üstün ifa edərdi rolları. Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi. Öyrəniləsi o qədər şeylər var idi ki, Həsən müəllimin sənətində. Xalq artisti idi, xalq onu sevirdi. Hansı əyalətdə, hansı şəhərdə olurdusa görüşünə minlərlə tamaşaçı yığılırdı. Mən dəfələrlə bunun şahidi olmuşam.  

   Kinonu da teatr qədər sevirdi. Hətta, mənfi rolları da ustalıqla oynayırdı. Afşin ("Babək"), Gəray bəy ("Yeddi oğul istərəm") rolları təzadlı tiplər olsa da, sənətkarlıq baxımından yadda qalan idi. O, müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi.

   Həsən Turabovun "Axırıncı aşırım", "Ürək... Ürək...", "Sevinc buxtası", "Çarvadarların izi ilə", "Qəm pəncərəsi" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. Amma Kəbirlinskini ("Dantenin yubileyi") özgə bir gözəlliklə yaratmışdı. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. "Bəyin oğurlanması"nda rejissor rolunda çəkilmişdi. "Qaçaq Nəbi"ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsən Turabovun yaradıcılıq xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olmuşdu.

   

   Rəhbərlik fəaliyyəti

  

   O, həm də gözəl təşkilatçı idi. Son illər Akademik Milli Dram Teatrına rəhbərlik etmişdi. Böyük bir kollektivin dərin rəğbətini qazanmışdı. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edildi, neçə-neçə klassik müasir əsərlər səhnəyə qoyuldu. Axır vaxtlar xəstəliyi ona məhsuldar işləməyə imkan vermirdi. Axırıncı dəfə onunla rəhbərlik etdiyi Teatr Xadimləri İttifaqında görüşdük. Hiss olunurdu ki, amansız xəstəlik Həsən müəllimi tamam taqətdən salıb. İşləmək istəyirdi, müsabiqələr, görüşlər təşkil etmək arzusunda idi. Bir Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar" faciəsində baş rolu oynamaq istəyirdi. Deyirdi: "Məndən olsa, hər gün məşhur aktyorların xatirə gecələrini təşkil edərəm. Bizim teatrın çox güclü aktyorları olub, onları unutmaq olmaz." Sən saydığını say... Çox arzuları var idi, hamısı yarımçıq qaldı. Ömür vəfa etsəydi, hələ teatrımız, kinomuz üçün Həsən müəllim böyük işlər görəcəkdi. Əfsus...

   Böyük sənətkar 23 fevral 2003-cü ildə, 64 yaşında işıqlı dünya ilə vidalaşdı.

  

   "Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb"

  

   "Yeddi oğul istərəm" filmindən sonra hamı onu Gəray bəy kimi tanımağa sevməyə başlayır. Həsənağa Turabovun qızı Sevinc Turabova deyir ki, atası Gəray bəy obrazı ilə həyatını yaşayıb: "Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyniydi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başlayırlar qışqırmağa: "Komsomolu güllələyib öldürən Gəray bəyin qızı Humaydı". Bu, məni o qədər qəzəbləndirdi..."

   Əslində o, atasına həqiqətən bənzəyir. Özü bu bənzərliyi hiss etməsə , çoxları bu oxşarlığı asanlıqla sezir. Deyir ki, hətta indi bəzən tanımadığı biri ona yaxınlaşıb Həsənağa Turabovun qızı olduğunu soruşur. Söhbət əsnasında bir xatirəni yadına salır Sevinc xanım: "Bir dəfə atamla oturub "Yeddi oğul istərəm" filminə baxırdıq. Son səhnələrdən biri gedirdi. Komsomol Bəxtiyarla Gəray bəyin dialoqu. Ona baxanda atama dedim: "Onu çox istəmirəm, səni vurdu, mən onu öldürəcəm".

   Atam qədər başa salmağa çalışdı ki, artistik, bu kinodu, həyatda belə deyil, yenə başa düşmədim. Bir dəfə məni kinostudiyaya apardı. Həsən Məmmədov çıxdı qarşımıza. Onu görəndə duruxdum. Atam bizi tanış etdi. Dedi, "qızım, bu, komsomol Bəxtiyardı". Gözlərim bərəldi ki, orda vuruşurdular, indi öpüşüb görüşürlər. Həsən müəllim gəlib əlimdən tutdu, məni başa saldı: "Biz aktyoruq. Kinoda çox şey ola bilər, amma həyatda dostuq". Ondan sonra hər şeyi başa düşdüm. Onu da deyim ki, atam özü Gəray bəy rolunu çox sevirdi".

 

   Aktyor olduğuna görə sevdiyi qızı ona vermək istəməyiblər

     

   Sevinc xanım atasıyla anasının məhəbbət hekayətini danışıb. Demə, Solmaz xanımla Həsən Turabov bir məktəbdə təhsil alıblar. Həsən ondan bir sinif yuxarıda oxuyurdu. Məktəb illərindən bir-birlərini sevirdilər. O qədər bağlanmışdılar ki, onları heç kim heç ayıra bilməzdi, ölümdən savayı. Bəlkə çoxları elə düşünürdü ki, bu uşaq sevgisidir. Bir azdan hər şey unudulacaq. Amma yox, məktəbdə oxuduqları müddətdə ondan sonrakı illər onlar öz məhəbbətlərinə sadiq qalırlar. Solmaz xanım Xarici Dillər İnstitutuna daxil olan kimi gənclər ailə qurmaq qərarına gəlirlər. Həsənağa Turabov elçilərini göndərir. Amma əvvəl rədd cavabı alır. Solmaz xanımın valideynləri qızlarını aktyora vermək istəmirlər. Ancaq mübariz aşiqlər öz sevgilərindən dönmürlər. Həsənağa: "Biz mütləq ailə quracağıq", - deyib inadını göstərir. Solmaz xanım da əhdinə vəfasız çıxmır: "Mən ancaq onu sevirəm onunla ailə quracam", - deyir. Nəhayət, Solmaz xanımın valideynləri bir-birini çox sevən bu iki gənci ayırmamaq qərarına gəlir onların ailə qurmasına razılıq verirlər. 1960-cı ildə sevənlər qovuşur bu izdivacdan Daşqın, Yalçın, Sevinc adlı övladları dünyaya gəlir.

 

 

Şərq.- 2011.- 24 iyun.- S. 11.