Azərbaycan milli memarlığı
Orta əsrlər dönəmində
yaradılan abidələr
orijinallığı ilə
seçilir
Ərəb
xilafətinin yüksəlişi dövründə Azərbaycan
memarlığının inkişaf mərkəzi Bərdə
şəhəri idi. Mənbələrdə "bu yerlərin
Bağdadı" adlandırılan Bərdədə
geniş tikinti işləri aparılmış, çoxlu məscid
və başqa dini binalar, karvansara, bazar, hamam tikilmişdi. IX-X
yüzillərdə Xilafətin zəifləməsi nəticəsində
Azərbaycanda kiçik feodal dövlətlərin yaranması
ilə bağlı X-XII yüzillərdə müxtəlif
memarlıq məktəbləri yarandı (Aran, Təbriz,
Naxçıvan, Şirvan, Abşeron). Azərbaycan memarlıq
məktəbləri arasında ümumi üslub
yaxınlığı var idi. Aran memarlıq məktəbinə
(Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların
yaratdığı binaların əksəriyyəti Gəncə
zəlzələsi (1139) və monqol hücumları (XIII
yüzil) zamanı dağılmışdır. Gəncə və
Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra
qurğu və bina qalıqlarını aşkara
çıxarmışdır. Gəncə çayı
üzərindəki 3 körpü (XII yüzil), Beyləqandakı
yaşayış binaları, hamam və s. qalıqları Aran
memarlıq məktəbinin üslub özəllikləri
haqqında aydın təsəvvür yaradır.
Naxçıvan memarlıq məktəbinin
abidələri binalarda çox boyalı kaşıdan
ornamentli baştağ kompozisiyalarının tətbiqi,
Şirvan-Abşeron məktəbinə mənsub tikililər
sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri
ilə seçilir. Təbriz məktəbinin ən
yaxşı abidələri üçün memarlıq
quruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi
səciyyəvidir.
Dövrümüzədək
çatmış mütənasib quruluşlu, zəngin dekorlu
qülləvarı türbələr və digər tikililərdə
Naxçıvan məktəbinin üslub özəllikləri
əksini tapmışdır. Bu məktəbin ən yüksək
zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) və
Mömünə xatın (1186) türbələrinin, eləcə
də hazırda mövcud olmayan dini tikililər kompleksinin
müəllifi memar Əcəmi Əbubəkr oğlu
Naxçıvaninin yaradıcılığı təşkil
edir. Əcəminin yaradıcılığı
üçün obrazın monumentallığı,
kompozisiyanın mütənasibliyi və dekorların zərifliyi,
öz dövrünə görə rasional konstruksiyaların tətbiqi,
ornament bəzəklərinin oynaqlığı səciyyəvidir.
Onun ornament kompozisiyaları bədiiliklə riyazi təfəkkürün
üzvi birləşməsinə əsaslanır. Əcəminin
yaratdığı kompozisiya və dekorativ bəzək
üsulları Azərbaycanın, eləcə də müəyyən
ölkələrin türbə tikililərinə böyük
təsir göstərmişdir. Marağadakı "Göy
günbəz" türbəsi (1196, memar Əhməd Məhəmməd
oğlu) Əcəmi üslubuna özəllikcə
yaxındır. Marağa abidələri Azərbaycan
memarlığının inkişafında önəmli yer
tutmuşdur. Bunlardan dövrümüzədək
çatmış ən qədimi "Qırmızı
günbəz" türbəsidir (1148, memar Bəkir Məhəmməd).
Bu dövrdə Urmiyada tikilmiş "Üç günbəz"
türbəsi (1185, memar Əbu Mənsur Musa oğlu)
memarlıq quruluşuna görə Marağa abidələrinə
yaxındır.
Naxçıvan məktəbinin kərpic
tikililərində formalaşmış memarlıq
üsulları daşdan tikilmiş türbələrdə -
Naxçıvan MR-nın Cuğa kəndi
yaxınlığındakı Gülüstan türbəsində
(XIII yüzilin əvvəli), Füzuli rayonunun Babı kəndindəki
Şeyx Babı Yəqubi türbəsində (1273-1274
memarı Əli Məcidəddin olması güman edilir) və
Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində
(XIII-XIV yüzillər) əksini tapmışdır. Bərdədə
(1322, memar Əhməd ibn Əyyub əl-Hafiz
Naxçıvani) və Naxçıvan MR-nın Qarabağlar
kəndində (qoşa minarəli türbə; minarələr
XII yüzil - XII yüzilin əvvəli, türbə XIV
yüzilin əvvəli) qalmış türbələrin
oxşarlığına və hər ikisinin XIV yüzilin əvvəlində
tikilməsinə əsasən bu abidələrin eyni memar tərəfindən
yaradıldığı ehtimal olunur.
X-XII yüzillərdə
yaşayıb yaratmış bir çox Azərbaycan
memarları, bənnaları və memarlıq bəzəyi
ustalarının adları müxtəlif tikililərin kitabələrində,
daş plitələrində, dekorativ bəzək məmulatlarında
və digər qaynaqlarında dövrümüzədək
çatmışdır. Bunlardan Məhəmməd ibn Cəfər
(Beyləqan rayonundakı "Peyğəmbər" qəbiristanlığındakı
kitabəli plitə X yüzil), İbrahim ibn Osman (Gəncə
darvazası, 1063), Məhəmməd Əbubəkr oğlu
(Bakıda Sınıqqala məscidi, 1078), Möhsün (XI
yüzil; əsərləri məlum deyil), onun oğlu Bəndan
ibn Möhsün (XII yüzil; əsərləri məlum
deyil), nəvəsi Bəkir Məhəmməd (Marağada
"Qırmızı günbəz" türbəsi 1148), Əcəmi
Əbubəkr oğlu Naxçıvani (Naxçıvanda Yusif
ibn Küseyir türbəsi, 1162, Mömünə xatın
türbəsi 1186 və s.), Aşur İbrahim oğlu
(İçərişəhərdəki İbrahim məscidinin
daş mehrabı, 1171), Əmirəddin Məsud (XII yüzil; əsərləri
məlum deüyil), Əbu Mənsur Musa oğlu (Urmiya
yaxınlığında "Üç günbəz"
türbəsi, 1185), Əhməd Məhəmməd oğlu
(Marağada "Göy günbəz" türbəsi, 1196),
Məsud Davud oğlu (Bakıda Qız qalası, XII yüzil),
Cəmaləddin (indiki Naxçıvan MR-nın Xanağa kəndindəki
Əlincəçay xanəgahında türbə, XII
yüzilin sonu - XIII yüzilin əvvəli), Əhməd Əbubək
oğlu (XIII yüzil, Mərənd; əsərləri bəlli
deyil), Əbdülməcid Məsud oğlu (Mərdəkanda
dairəvi qəsr, 1232), Zeynəddin Əburəşid oğlu
Şirvani (Bakı limanında Şirvanşahların
"Bayıl qəsri" iqamətgahı, 1235), Bədrəddin
Təbrizi (Türkiyənin Konya şəhərində (Cəlaləddin
Ruminin türbəsi 1273), Məhəmməd ibn Mahmud (Arran;
Turkiyənin Amasiya şəhərində) məscid minarəsi,
1236-46), Mahmud ibn Maqsud (Pirsaatçay xanəgahının minarəsi,
1256), Mahmud ibn Məsud (Bakıdakı Şəfiulla məscidi;
XIV yüzil), nəqqaş Əbdülmömin Şərəfşah
oğlu (Təbriz; Urmiyada məscid mehrabının oyma
naxışları, 1277), Mahmud Səd oğlu (Bakı
yaxınlığında Nardaran kəndindəki qəsr,
Bibiheybət məscidinin minarəsi, 1305-13), Əhməd ibn Əyyub
əl-Hafiz Naxçıvani (Bərdə türbəsi, 1322),
gəctəraş Nizam Bəndgir (Mərənd şəhərindəki
Gümə məscidinin gəcdən oyma bəzəkləri,
1329), Hacı Məhəmməd (Təbriz; İsfahanda
karvansara, 1331), Şahbənzər (Ağdamın
Xaçındərbətli kəndində türbə, 1314),
Kəştasif Musa oğlu (Nardaran Xan hamamı, 1388) və b.
10-14 yüzillərdə Azərbaycan
memarlığının ən dəyərli örnəklərini
yaratmışdır.
XII-XIII yüzillərdə Azərbaycanda
bir sıra möhtəşəm körpülər
salınmışdır. Bunlardan Araz çayı üzərindəki
15 aşırımlı (XII yüzil) və 11
aşırımlı (XIII yüzil) Xudafərin körpüləri,
indiki Qazax rayonundakı 4 aşırımlı Sınıq
körpü (Qırmızı körpü, XII yüzil), Gəncəçayın
üzərində salınmış 3 körpü
(qalıqları; XII-XIII yüzillər), Güney Azərbaycanında
Minayə şəhəri yaxınlığında
Qızılüzən çayı üzərindəki
körpü ("Qız körpüsü", XII yüzil) və
b. Xüsusilə diqqəti cəlb edir.
Böyük inkişaf yolu
keçmiş Şirvan-Abşeron memarlıq abidələri
üçün daş konstruksiyalar, tikililərin həcm-məkan
həllinin lakonikliyi, daş üzərində oyma bitki
ornamentləri səciyəvidir. Bakıdakı Sınıqqala
minarəsi (1078, Məhəmməd Əbubəkr oğlu),
Qız qalası (XII yüzil, memar Məsud Davud oğlu), Mərdəkan
qalaları (Dairəvi qala, 1232, memar Əbdülməcid Məsud
oğlu; Dördkünc qala, XIV yüzil), Nardaran qalası
(1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV yüzil) və
s. bu məktəbin ən yaxşı abidələri
sırasına daxildir. XIII yüzildə Bakı limanında
tikilmiş və hazırda suyun altında qalmış
Şirvanşahların "Bayıl qəsri" adlı iqamətgahı
da bu dövrün maraqlı tikililərindəndir. Bürclü
divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, usta Zeynəddin
Əburəşid oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid
Məsud oğlu) üzərindəki daş oymalar, yazı və
təsvirlər qurşağı ilə birlikdə nadir
memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə
mənsub olan tikililərdən biri də XIII-XIV yüzillərdə
formalaşmış Pirsaatçay xanəgahıdır. Pir
Hüseyn türbəsinin ətrafında salınmış bu
dini kompleksdəki minarənin üzərində onun tikilmə
tarixi (1256) və memarın adı (Mahmud ibn Maqsud)
qalmışdır. Mərəzədəki Diribaba türbəsi
(1402), indiki Qusar rayonunun Həzrə kəndindəki Şeyx
Cüneyd türbəsi (1544) və Bakıda Şirvanşahlar
sarayı kompleksində (1420-60) Şirvan-Abşeron memarlıq
məktəbinin yetkin dövrü əksini
tapmışdır.
XIII yüzilin oratlarında Elxanilər
dövlətinin yaranması memarlıq sahəsində müəyyən
canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi
Hülakü xanın (1256-65) hakimiyyəti illərində Marağa
rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə
köçürülməsi ilə bağlı Təbriz
şəhəri önəmli memarlıq-sənətkarlıq
mərkəzinə çevrildi. Təbrizin ətrafında
Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər
salındı.
XV yüzilin sonu - XVI yüzilin əvvəllərində
Səfəvilər dövlətinin yaranması və Təbrizin
paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati
mərkəz kimi əhəmiyyətini itirməsi ilə
bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı
ölkənin güneyində mərkəzləşdi. Bu
dövrdə şəhərlərin böyüməsi ilə
bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə
çatdı. Azərbaycan memarlığında Təbrizin
mövqeyi xüsusilə gücləndi.
XV-XVI yüzillərdə Azərbaycan
memar və nəqqaşları başqa ölkələrdə
də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə
maraqlı sənətkarlıq örnəkləri
yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd),
Herat, Səmərqənd və s. şəhərlərdəki
bir sıra memarlıq abidələrində Azərbaycan
memarlarının "imzaları" qalmışdır. Bursa
şəhərindəki ünlü Yaşıl türbənin
(1420-21) nəfis naxışlarla bəzədilmiş
qapılarını azərbaycanlı usta Əhməd Təbrizli
hazırlamışdır. Türbənin
yaxınlığındakı Yaşıl Camenin (1424)
mehrabını Təbriz ustaları özlərinin
hazırladıqları müxtəlif boyalı çinilərlə
bəzəmişlər. Çaldıran vuruşmalarından
(1514) sonra I Sultan Səlim tərəfindən İstanbula
aparılmış Azərbaycan memarı Əli Təbrizli (Əsir
Əli, Əcəm Əli təxəllüsləri ilə də
tanınmışdır) İstanbuldakı Topqapı
sarayının baştağını və Sultan Səlim məscidini
(1522) tikmişdir.
XVI-XVII yüzillər
memarlığı müəyyən dərəcədə
keçmiş dövr ənənələrinin davamı
olmuşdur. XVI yüzildə müxtəlif şəhərsalma
tədbirləri indiki Güney Azərbaycan ərazisində
keçirilmişdir. XVII yüzil bir sıra şəhərlərin
önəmli dərəcədə inkişafı və həmin
şəhərlərdə mərkəzi komplekslərin
yaradılması ilə əlamətdardır.
XVII-XVIII yüzillərdə ticarətin
inkişafı ilə bağlı, müxtəlif aidiyyətli
binaların tikintisi genişləndi. Şamaxı, Gəncə
və Bakıda karvansaralar, Ərdəbil (Qeysəriyyə
bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə
də dini binalar və yaşayış evləri inşa
edildi. Karvansaralar Şərqdə, o cümlədən Azərbaycanda
özgün ictimai tikili olmuşdur. Həmin çağda Azərbaycan
şəhərlərinin strukturunda yaşayış evləri
və məscidlərdən sonra karvansaralar və onlarla
bilavasitə bağlı olan ticarət tikililəri önəmli
yer tuturdu.
Feodal Şərqinin başqa
ölkələrindəki şəhərlərdə
olduğu kimi, Azərbaycan şəhərlərində də
hamam binaları geniş yayılmışdı. Hamamlar
sanitariya-gigiyena funksiya daşımaqla yanaşı, həm də
istirahət, görüş, söhbət və
stolüstü oyunlar, habelə mərasimlər yeri idi. Azərbaycan
hamalarının ən yaxşı örnəkləri
Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa
oğlu), Bakının İçərişəhər
bölməsində (Qasımbəy hamamı, XIV yüzil),
Hacı Qayıb hamamı, (XV yüzil), Basqalda (XVII yüzil),
Gəncədə ("Çökək hamam", XVII
yüzil), Şuşada ("Merdinli" məhəlləsinin
hamamı), Qubada ("Çuxur hamam"), Şəkidə
("Ağvanlar hamamı" - hər üçü XIX
yüzil), Ağdamda (Abdal Gülablı kəndinin hamamı
1900, memar Kərbalayi Səfixan Qarabaği)
qalmışdır.
XVIII yüzildə Azərbaycanın
ayrı-ayrı xanlıqlara parçalanması, ölkənin
iqtisadi cəhətdən dağınıqlığı
memarlıq və inşaatın inkişafında
durğunluğa səbəb oldu. Ayrı-ayrı hallarda
keçmiş ənənələr əsasında
tikilmiş binaların memarlıq həllində inşaat sənətinin
geriləməsi özünü göstərir. Bununla
yanaşı, şəhərsalma sənəti sahəsində
müəyyən dönüş yarandı. İri şəhərlər
və yaşayış məskənləri xanlıqların
inzibati və sənətkarlıq mərkəzinə
çevrildi.
XVIII yüzildə Qarabağ
xanı Pənahəli xanın tikdirdiyi Əsgəran
qalası (sonra İbrahim xan tərəfindən genişləndirilmişdi)
bu dövrün ən iri müdafiə tikilisidir. Qarqar
çayının sağ və sol sahillərində
salınan Əsgəran qalası iki istehkamdan ibarətdir.
XVIII-XIX yüzillər xalq
yaşayış evlərinin maraqlı örnəkləri
Zaqatala, Şəki, Ordubad, Şuşa, Quba, Qonaqkənd, Gəncə
və Abşeronda qalmışdır.
Şərq.-
2011.- 24 iyun.- S. 12.