Hacıbaba
Bağırov - əsl məktəb
Hər bir sənətkarın ən
böyük xoşbəxtliyi nəinki
sağlığında qiymətləndirilməsi,
ölümündən sonra da adının hörmətlə
yad edilməsidir. Azərbaycan mədəniyyəti tarixinə
gülüşlə daxil olan Hacıbaba Bağırov da belə
sənətkarlardan idi. Teatr tariximizdə onun danılması
mümkün olmayan yeri var. Bu yeri o, heç şübhəsiz,
öz sənətkar istedadının, ilhamının qüdrəti
ilə fəth edib.
Görkəmli aktyor eyni zamanda,
öz adını kino tariximizdə əbədiləşdirən
rolları ilə də təsdiqləyib.
Həyatı
Bağırov Hacıbaba Ağarza
oğlu 1932-ci il iyun ayının 12-də Bakı şəhərində,
fəhlə ailəsində anadan olub. Kiçik
yaşlarından teatr sənətinə olan böyük həvəsi
1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan
Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor
studiyasına gətirib-çıxarıb. Orada sənət
korifeylərindən dərslər alıb. Nəzəri və
təcrübi vərdişlər teatra marağını və
məhəbbətini daha da artırıb və 1950-ci ildə
Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil
yaradıcılıq fəaliyyətinə başlayıb.
1953-cü ildə Azərbaycan Dəmiryol
Məktəbini bitirib, bir müddət Biləcəri deposunda
maşinist köməkçisi işləyib.
1959-1960-cı illərdə Daxili
İşlər Nazirliyinin klubuna rəhbərlik edib.
1960-cı ildə C.Cabbarlı
adına Gəncə Dövlət Dram Teatrının aktyor
truppasına qəbul olunub. Bu kollektivdə Fuad
("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid
("Anacan") kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci
ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət
göstərdiyi 26 il ərzində yaratdığı 50-dən
çox surətin onun gülüş ustası kimi püxtələşməyinə
və populyar olmağına böyük təsiri olub. Üzeyir
Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy,
"O olmasın, bu olsun"da Məşədi İbad,
Z,Hacıbəyovun "50 yaşında cavan"ında
Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında
Cəbi Cüməzadə, "Hardasan, ay subaylıq"da
Novruzəli, Ə.Abbasovun "Həyətim mənim-həyatım
mənim"ində Qulam, E.Sabitoğlunun
"Hicran"ında Mitoş, "Nəğməli
Könül"də Fərzəli, V.Adıgözəlovun
"Nənəmin şahlıq quşu"nda Cəsarət,
S.Hacıbəyovun "Qızılgül"ündə
Nadir, A.Məşədibəyovun "Toy kimindir?"ində
Uzun, E.Sabitoğlu, T.Vəliyevanın "Bankir Adaxlı",
"Sizinlə gülə-gülə",
"Bildirçinin bəyliyi", "92 dəqiqə
gülüş" trilogiyasında Sonqulu, "Məhəbbət
oyunu"nda Nuruş, "On min dollarlıq keyf"də Fərzəli
kimi tamaşaçıların dərin rəğbətini
qazanmış rollarla milli mədəniyyətimizin
inkişafına xidmət edib.
Teatrla yanaşı kino sahəsində
də fəaliyyəti uğurlu olub. "Ulduz"da
Möhsün, "Mehman"da Arif, "Onun bəlalı
sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də
Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə
Şirbala rolları kino həvəskarları tərəfindən
maraqla qarşılanıb.
1974-cü ildə Respublikanın Əməkdar
Artisti, 1982-ci ildə "Azərbaycanın Xalq Artisti" fəxri
adlarına layiq görülüb.
1989-cu ildən 1996-cı ilədək
yaratdığı "Tənqid-təbliğ"
teatrının direktoru və bədii rəhbəri vəzifələrində
çalışıb. 1996-cı ildən Ş.Qurbanov
adına Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının direktoru, bədii rəhbəri və aktyoru
olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir
adaxlı" tamaşasına görə "Qızıl Dərviş"
mükafatına layiq görülüb.
"Teatr,
kino mənim həyatımdır"
"Ulduz"da Möhsün,
"Qanun naminə"də Arif, "Onun bəlalı
sevgisi"ndə Qaraxalov, "Alma almaya bənzər"də
Məmmədəli, "Şirbalanın sonuncu məhəbbəti"ndə
Şirbala tamaşaçıların böyük məhəbbətini
qazanıb. Bəlkə də elə təkcə bu filmlərə
baxıb, onun qürurla: "Teatr, kino mənim həyatımdır"
deməsinə haqq qazandırmaq olar.
Onun barəsində deyilən xatirələr
çox maraqlıdı. Dostlarının, sənət
yoldaşlarının sözlərinə nəzər
saldıqda Hacıbaba Bağırov kimliyi aydın
görünür.
Dövlət
Film Fondunun direktoru, kinoşünas Cəmil Quliyev:
"Xalq artisti, görkəmli teatr
və kino xadimi Hacıbaba Bağırov ömrünün
yarısından çoxunu sənətə, Azərbaycan mədəniyyətinin
inkişafına həsr edib. Hacıbaba Bağırovun kino fəaliyyətini
vərəqləməyi özümüzə borc bilirik. Onun
oynadığı filmlər çox deyil, ancaq
yaratdığı obrazlar çox dəyərlidir. Hacıbaba
Bağırovun çox gözəl dəst-xətti var idi. Bu
gün həmin dəst-xəttə nəzər salmağı
özümüzə mənəvi borc bilirik"
Tanınmış
kinoşünas Aydın Kazımov:
- Hacıbaba Bağırovun
çox maraqlı tərcümeyi-halı var. Onun həyat yolu
hamar olmayıb. Uşaqkən pionerlər sarayındakı dram
dərnəyində çalışıb. Görkəmli
rejissor Adil İsgəndərov onu "Vaqif"də Vidadi
rolunda görəndən sonra teatr studiyasına dəvət
edib. Hacıbaba onun rəhbərliyi altında aktyorluq sənətinin
sirlərini öyrənib. Hələ uşaqlıqdan sənət
onun qanına hopmuşdu. Sonra teatr fəaliyyətini Lənkəranda,
daha sonra Gəncədə davam etdirib.
90-cı illərdə ölkədə
hərc-mərclik yarananda o, Tənqid-Təbliğ
Teatrını açır. Ətrafına cavanları
yığıb sənəti davam etdirir. O, əsl sənət
yaradıcısı idi.
1996-cı ildən Musiqili Komediya
Teatrına qayıdan Hacıbaba Bağırov fəaliyyətini
ömrünün sonuna qədər bu sənət
ocağında davam etdirir.
Hacıbaba Bağırov teatr sənəti
ilə yanaşı, Azərbaycan kinosunda da bir sıra
yaddaqalan obrazlar yaradıb. 6 filmə çəkilməsinə
baxmayaraq, onun yaratdıqlarının hamısı yaddaqalan
obrazlardır.
Hacıbaba Bağırov ilk dəfə
1964-cü ildə rejissor A.Quliyevin "Ulduz" musiqili
kinokomediyasında çəkilərək, teatrda olduğu
kimi, bu filmdə də Möhsün surətini ustalıqla
yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə
belə demişdi: "Möhsün mənim kinoda ilk rolumdur.
Səhnədə Möhsünü oynamaq mənim
üçün çox asan idi. Ancaq eşidəndə ki, bu
operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım.
Əvvəla, mən filmə heç çəkilməmişdim.
Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda
qanadım olsaydı, uçardım. İlk dəfə idi ki,
öz oynuma oturub kənardan baxa biləcəkdim. Doğrudan
da, "Ulduz" mənim aktyorluq fəaliyyətimə, mənim
aktyor asimanıma əsl ulduz bəxş elədi.
Möhsün rolunun uğurunun başlıca səbəbi
obrazın mənə yaraşması idi".
"Ulduz" filmində Azərbaycanın
komik ulduzlar qalereyası nümayiş olunurdu. Gülüş
korifeyləri Lütfəli Abdullayev, Bəşir Səfəroğlu
və Nəsibə Zeynalova ilə bərabər gənc
gülüş ustası H.Bağırovun da ekranlara
çıxması böyük marağa səbəb
olmuşdu. O zamankı mətbuat bütövlükdə filmi,
xüsusilə də Möhsün obrazını yüksək
dəyərləndirir.
Hacıbaba Bağırovun kinoda ikinci
işi rejissor Muxtar Dadaşovun "Qanun naminə" bədii
filmində (1968) Arif rolu idi. Rejissor Muxtar Dadaşov da
Hacıbaba Bağırova böyük məhəbbət bəsləyirmiş.
"O, böyük sənətkardı. Hacıbaba çox
istedadlı, zəhmətsevər və işgüzardır.
Onun üçün ayrıca ssenarilər
yazılmalıdır. Həmişə onun oxumalarına, rəqslərinə
baxanda fikirləşirsən ki, o, səhnə
üçün doğulub. Heyif ki, rejissorlar onun
istedadından lazımınca istifadə etmədilər",
- deyə rejissor xatirələrində yazıb.
Muxtar
Dadaşov Hacıbaba Bağırovu "Qanun naminə"
filmində Arif roluna çəkir. Bu, onun oynadığı
ilk və yeganə dramatik rol idi. Aktyor rolunun öhtəsindən
ustalıqla gələrək rejissorun inamını
doğruldur.
Rejissor Arif Babayevin 1975-ci ildə quruluş verdiyi
"Alma almaya bənzər" kinokomediyasında isə
Hacıbaba Bağırov bazar müdiri Məmmədəli
rolunu böyük məharətlə oynayır.
A.Babayev "Alma almaya bənzər" filmini çəkməmişdən
qabaq: "Əgər rejissorlar səni başqa filmə
çəkmək istəsələr, razı olma. Mən səni
nəzərdə tutmuşam, baş rolda çəkəcəm",
- deyə bildirir. Hacıbaba Bağırov rejissorun
inamını doğruldaraq həmin filmdə
"bazarkom"un tipik nümayəndəsini məharətlə
yaradır.
Xalq artisti Muxtar Manıyev: "Hacıbaba açıq
insan idi. Təmiz ürəyi vardı. Səmimi idi. Onda
keçmiş aktyorlara xas olan gözəl bir xüsusiyyət
də var idi: dostunun uğuruna sevinərdi. O, insanlarda
yaxşı xüsusiyyətləri görməyi
bacarırdı. Bu, rəhbər üçün çox
vacib keyfiyyətdir. O, tərəf-müqabil olacaq insanı
tanımaq istəyirdi. İndiki dövrdə sənətkarın
sənətkar haqqında söz deməsi çox çətindir.
O isə
bunu bacarırdı".
Aktrisa
Kübrabəyim Əliyeva: "İlk dəfə 1971-ci ildə
Gəncə teatrından Bakıya gələndə
"Muskomediya"nın səhnəsinə
çıxdım. "Həyatım mənim, həyətim
mənim" tamaşasında Hacıbaba Bağırovla tərəf-müqabil
oldum. Hacının mənə köməyi çox oldu.
Sonradan Azərbaycanın elə bir bölgəsi olmadı ki,
Hacıbaba Bağırovla qastrol səfərinə
çıxmayım. Onun 50 illik yubileyi münasibəti ilə
Tovuz rayonunda olarkən ilk dəfə stadionda tamaşa
oynadıq. Ondan sonra ölkəmizdə stadion
"erası" başlandı.
Hacıbaba Bağırov çox mədəni və
işgüzar aktyor idi. Yadımdadır ki,
"Şirbalanın sonuncu məhəbbəti"ndə
yayın 40 dərəcə istisində çəkilirdik. Bəlkə
də bu filmə adi baxırlar. Ancaq inanın ki, nəinki
ölkəmizdə, hətta ölkəmizdən kənarda nə
qədər azərbaycanlı ailəsi varsa, onlarda həmin
filmin videokaseti var. Xoşbəxtəm ki, mən də həmin
filmdə onunla tərəf-müqabil olmuşam. Bu gün o,
aramızda olmasa da, Hacıbaba gülüşü
böyük sənətkardan bizə yadigar qalıb".
Xalq artisti Həmidə Ömərova:
- O
vaxt filmə dəvət alanda çəkilmək istəmirdim.
Çünki həmişə dərin psixoloji filmlərdə
oynadığımdan komediyada oynamaq nədənsə mənə
qəribə gəlirdi. Ancaq filmdən sonra heç bir
peşmançılıq hissi keçirmədim. Hacıbaba
Bağırov o filmə çəkilməyi çox istəyirdi.
Elə bil ki, sonuncu filmi olacağını bilirdi. Nə
yaxşı ki, həmin film kino tariximizə yadigar qaldı.
Sonradan bu filmin "Nizami" kinoteatrında premyerası
keçiriləndə gedə bilmədim. Həmin gün onun
sevincinə şərik ola bilmədiyim üçün indi də
vicdan əzabı çəkirəm.
Hacıbaba Bağırov gözəl insan idi. O, pislikləri
unutmağı bacarırdı, kin saxlamırdı. Bu,
yaradıcı insan üçün böyük xüsusiyyətdir.
Onda rəqabət hissi yalnız sənətdə idi.
Milli Musiqi
Akademiyasının prezidenti Səyavuş Kərimi:
"Hacıbaba Bağırov kimi
yüksək səviyyəli sənətkarların məktəbini
keçmək mütləqdir. Elə bir adam tanımaq çətindir
ki, H.Bağırovu qəlbində yaşatmasın. Onun adı
gələndə hamının üzündə təbəssüm
oyanır. Hacıbaba müəllim qüdrətli sənətkarlar
sırasına daxildir. O, böyük məktəb qoyub. Nə
vaxtsa gözəl, peşəkar aktyorlar da meydana gələcək.
Amma onların ən yüksək zirvəyə
çatması üçün, sözsüz ki, Hacıbaba
Bağırov kimi sənətkarların məktəbini
keçmək mütləqdir".
Hacıbaba Bağırov 4 oktyabr 2006-cı ildə vəfat
edib. Sənətkar 2-ci Fəxri Xiyabanda torpağa
tapşırılıb.
Şərq.- 2011.- 29 iyun.-S. 11.