"Hünər simfoniyası"

 

Mübariz İbrahimova həsr olunan kitabın təqdimatı keçirilib

 

Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində "Qarabağ İctimai Forumu"nun (QİF) təşkilatçılığı ilə şair Balayar Sadiqin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən "Hünər simfoniyası" adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu açıb. O, əvvəlcə kitabın ərsəyə gəlməsində müəllif başda olmaqla, bütün yaradıcı kollektivə öz təşəkkürünü bildirib. U.Rəhimoğlu çıxışında cəmiyyətin susqunluğunda, düşdüyü depressiya vəziyyətindən çıxmasında M.İbrahimovun şücaətinin böyük rol oynadığını vurğulayıb. O, Balayar Sadiqin qələmə aldığı poemanın çox qiymətli bir olduğunu dedi. Qeyd edək ki, tədbirdə sgz alan, kitabın redaktoru, şair-publisist Qulu Ağsəs kitabı təmənnasız çap edən "MHS-poliqraf" nəşriyyatının rəhbərliyinə öz minnətdarlığını bildirib. O, M.İbrahimovun qəhrəmanlığından, onun keçdiyi qısa, amma çox şərəfli bir həyat yolundan danışıb. Tədbirdə millət vəkilləri də iştirak ediblər. Milli Məclisin deputatı Aqil Abbas öz çıxışında son dövrlərdə formalaşan bədbinlik hissinin Mübarizin qəhrəmanlığı ilə aradan qalxdığını qeyd edib. O, kitabın geniş təbliğinə ehtiyac olduğunu, təsisçisi olduğu "Ədalət" qəzetinin bu istiqamətdə əlindən gələn köməyi etməyə hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bundan başqa tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva gənc nəslin, xüsusilə də müharibə dövrünü görməyən gənclərin vətənpərvərlik ruhunda böyüdülməsində Mübariz İbrahimov qəhrəmanlığının böyük rolu olduğunu söyləyib. Xanım deputat, bu kitabın təbliğatında əlindən gələn köməyi etməyə hazır olduğunu deyib. Millət vəkili Flora Qasımova isə cəmiyyətdə Qarabağ hadisələrinin unudulacağı qorxusu olduğu bir vaxtda M.İbrahimovun qəhrəmanlığının əvəzsiz rolunu qeyd edib. Millət vəkili Zahid Oruc son dövrlərdə şou xarakterli verilişlərin artması fonunda, vətənpərvər verilişlərin azalmasını diqqətə çatdırdı. O, Mübarizin öz qəhrəmanlığı ilə Azərbaycanın əsgər, gizir zabitinin öz sözünü lazımi anda deyə biləcəyini göstərdi. Milli Məclisin üzvü, QİF yaradıcılarından biri olan Məlahət İbrahimqızı isə çıxışında Mübariz İbrahimovun qəhrəmanlığının son dövrlərdə xüsusilə televiziya məkanında olan mənəviyyatsız mühitə son qoyduğunu bildirib. O, qəhrəmanlıq səhnələri ilə zəngin olan tariximizin cəmiyyətin bütün sahələrində geniş təbliğ olunmasına hər zaman ehtiyac olduğunu deyib. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı kitabın müəllifi B.Sadiqi təbrik edib ona uğurlar diləyib. S.Rüstəmxanlı xalqın unutqanlığının onun tarixində dərin iz buraxdığını vurğulayıb.

    

 

Şəymən

 

Şərq.-2011.- 16 mart.- S.5.