Muğamımızın Xanı...
Azərbaycanın xalq artisti,
"Şərəf nişanı" ordeni ilə təltif
olunmuş geniş diapazonlu, gur və məlahətli səsli
xanəndə, bir çox mahnıların müəllifi, Azərbaycan
musiqisi tarixində ilk duet ifaçısı, musiqimizin
xanı Xan Şuşinski 1901-ci il avqustun
20-də Şuşada anadan olub. Məlumat üçün onu da qeyd
edək ki, böyük sənətkarın əsl adı
İsfəndiyar Cavanşirov olub.
Bəy nəslinin Xan nümayəndəsi...
Böyük
sənətkar,
Şuşanın
bünövrəsini
qoyan Cavanşir
sülaləsindən
olan Aslan bəyin
ailəsində dünyaya
göz açıb. Ancaq sovet hakimiyyəti
qurulduqdan sonra, Şuşanın Ballıca kəndində
mülkü və dörd kəndi olan Aslan bəyin
bütün var-dövləti müsadirə edilir. Bu hadisədən
sonra Aslan bəy Bərdəyə köçür. Aslan ağa özü də az-çox musiqiyə
bağlı adam olub - tar çalıb, məclislər təşkil
edib və oğlunu ustad xanəndələrdən Keçəçi
Məhəmmədin, Cabbar Qaryağdının, İslam
Abdullayevin, Seyid Şuşinskinin və başqalarının
mühitində böyüdüb. Xan Şuşinski
mollaxanada təhsil alıb, ərəb əlifbasıyla
yazıb-oxumağı bacarıb. Farsca da bilib.
"Xan"
ləqəbinin şərəfli tarixçəsi...
Xan Şuşinski adı ona 12-13
yaşlarında məclislərin birində verilib.
"Xan" ləqəbinin tarixçəsi belə olub:
Xan əminin
ustadı İslam Abdullayev idi və bir gün Novruzlu kəndindəki
məclislərdən birinə öz şagirdi İsfəndiyarı
da aparır. Məclis hələ başlamamış,
İslam Abdullayevin arzusu ilə ev sahibi qrammofonu qurur. Təbrizli
Əbülhəsən Xanın ifasında "Kürd
Şahnazı"nı dinləyirlər. Hamının
heyranlıqla dinlədiyi bu ifadan sonra Segah İslam heç
kimin gözləmədiyi halda üzünü tutur İsfəndiyara:
"Bəlkə sən də bizim
üçün "Kürd Şahnazı" oxuyasan?"-
deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq, saatlarla
Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən
xanın vallarını oxudub, onların ifasının ən
incə nüanslarını belə olduğu kimi təqlid etməyə
çalışsa da, birdən-birə, özü də
Əbülhəsən Xanın ifasından sonra oxumağa tərəddüd
edir. Ancaq buna baxmayaraq, İslam Abdullayevin sözünü yerə
salmır. Məclis əhli ikinci dəfə "Kürd
Şahnazı" dinləməli olur. "Kürd
Şahnazı"nı zilə çəkən İsfəndiyar
elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən
xanın adının birinci hissəsini ixtisara salıb, "əsl
xan elə bu imiş ki!", - deyir. Vəcdə gələn
İslam Abdullayev isə, ustad xeyir-duasını verir: "Bu
gündən sənin adın oldu Xan Şuşinski"- deyir.
Bakıya gəlişinin səbəbi...
Xan
Şuşinski 1939-cu ildə Bakı şəhərinə
köçmüş, həmin ildən də Azərbaycan
Dövlət Filarmoniyasının solisti olmuşdur. Onun
Bakıya gəlməsinin maraqlı tarixçəsi var:
Xan əmi arada-sırada Bakıya gəlir və
konsertlər verirmiş. O, filarmoniyaya - çıxış
etməyə yollanarkən insan seliylə üz-üzə
qalırmış. O dönəmlər atlı milislər bir
tərəfdən - "Azərnəşr"dən
filarmoniyaya, o biri yandan isə - "Azneft" meydanından
filarmoniyaya kimi Xan əminin heyranlarını sakitləşdirməyə
çalışırmış ki, o, filarmoniya səhnəsinə
çıxa bilsin. Di gəl, qapı və pəncərələr
sınmadan bunu edə bilmirmişlər... Amma, Xan əminin
Bakıya gəlişi siyasi qərarla bağlıdır. Belə
ki, 1938-ci ildə Moskva dekadasına getməyən Xan
Şuşinski barədə söz-söhbət gəzirmiş
ki - Şuşada toyları qoyub Moskvaya vacib dövlət tədbirinə
getmək istəməyib. O dönəmlərdə
Azərbaycanın kommunist rəhbəri Mircəfər
Bağırov Xan Şuşinskinin Bakıya
köçürülməsini əmr edir və 1939-cu ildə
- 38 yaşında Xan əmi Bakıya gəlməyə məcbur
olur - səsi və sənəti yenə onu xilas edir.
1940-cı ildə isə Xan əmiyə birbaşa xalq
artisti adı verilir.
Muğamlarımızın mahir
ifaçısı...
Xan
Şuşinski geniş səs diapazonuna sahib olmaqla
yanaşı Azərbaycanın mədəniyyətini
bütün dünyaya tanıtması ilə də xalq
arasında böyük müvəffəqiyyət qazanmağa
nail olub. Azərbaycan milli musiqisinin təbliği yolunda
böyük nailiyyətlərə imza atıb. O, mürəkkəb
muğamların mahir bilicisi olub. Səsini istədiyi kimi dəyişməkdə,
zəngulə vurmaqda bir çox tanınmış xanəndələrin
diqqət mərkəzində durub. Xan Şuşinskinin ifa
etdiyi muğamlarda heç vaxt eynilik hiss edilməyib. Daim
muğamların ruhuna uyğun qəzəllər seçib.
Xan Şuşinski bütün növ muğamların mahir
ifaçısı idi. O, ritmik muğamları qeyri-adi bir
ustalıqla oxuyurdu, dinləyicidə böyük ruh yüksəkliyi
oyadırdı. Azərbaycan musiqi tarixinin əvəzolunmaz
korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi cəmisi
240 dəqiqəlik lent yazısı qalıb.
1944-cü
ildə İranda qastrol
səfərində
olmuş, Tehran, Təbriz,
Ərdəbil, Rəşt, Qəzvin
və s. şəhərlərdə
çıxış etmişdir.
Azərbaycan
xanəndəlik sənəti tarixində xüsusi yer tutan sənətkar
həmçinin pedaqoji fəaliyyət göstərmiş, gənc
istedadların yetişməsində mühüm rol
oynamışdır.
1959-cu
ildə Moskvada keçirilmiş
Azərbaycan incəsənəti
ongünlüyündə
uğurla çıxış
etmişdir. "Şərəf
nişanı" ordeni
ilə təltif
olunmuşdur...
Qarabağ şikəstəsi...
Xan Şuşinski "Qarabağ şikəstəsi"ni
oxumağı çox sevərmiş. Şikəstə ondan əvvəl
məclisdə 3-4 xanəndənin ifasında səslənsəydi
də, Xan bütün çıxışlarında həmişə
birinci "Qarabağ şikəstəsi"ni
oxuyarmış. Bu, çox təbii qarşılanardı. Bu
barədə Seyid Şuşinski maraqlı bir xatirə qələmə
alıb. Məlum olur ki, Seyid Şuşinski və Cabbar
Qaryağdıoğlu neçə illərmiş ki,
Qarabağa getmirmişlər. Bir gün Cabbar
Qaryağdıoğlu Seyid Şuşinskiyə deyir ki, Xanı
neçə vaxtdır görmürəm. Xana xəbər
göndər, gəlsin bizə. O da Xana zəng edib, Cabbar əminin
sifarişini ona çatdırır. Cabbar
Qaryağdıoğlugilə gələn Xan Şuşinski
ustadların göstərişilə "Mirzə Hüseyn
segahı" ilə "Qarabağ şikəstəsi"ni
oxuyur. Onun ifasından sonra Cabbar deyir ki, "Seyidlə
üç-dörd il idi Qarabağa getmirdik. Dedik sənin səsinlə
Qarabağın axar-baxarlı dağlarını, Turş
suyunu, İsa bulağını, Cıdır
düzünü, Topxana meşəsini gedib gəzib gələk.
Çox sağ ol. Gəzdik gəldik". Xanın səsi
Qarabağın ab-havası idi.
Yaradıcılığı...
Yaradıcılığında "Şahnaz",
"Qarabağ şikəstəsi",
"Kürd-şahnaz", "Rast",
"Bayatı-Şiraz", "Çahargah",
"Mahur", "Heyratı", "Şur", "Mirzə
Hüseyn segahı"və digər muğamlar əsas yer
tuturdu.
"Mirzə
Hüseyn segahı"
XVIII əsrdə yaşamış
Qarabağın məşhur
xanəndəsi
Mirzə Hüseynin
adı ilə bağlı
olsa da, ondan
söz düşəndə,
Xanın da
adı xatırlanır. Adətən
də, onu "Mirzə Hüseyn segahı"nın ikinci
müəllifi adlandırırlar. Çünki 120-130 il
sürən uzun fasilədən sonra bu muğama Xan yenidən
"Manəndi müxalif" şöbəsini əlavə
edib.
Xan Şuşinski
yalnız görkəmli
xanəndə kimi
tanınsa da, onun
bir sıra
bəstələri
də olub. "Şuşanın
dağları"ndan tutmuş, yaşlı
çağlarında - qızının doğulması
münasibətiylə yazdığı "Ceyran"
mahnısınadək çox mahnısı olub Xan əminin. Amma özünü müəllif saymayıb və həmişə
deyib ki, "xalqdan aldığımı xalqıma
qaytarıram". Çox zaman xalq mahnıları kimi təqdim
olunan "Qəmərim", "Şuşanın
dağları", "Ay gözəl", "Məndən
gen gəzmə", "Al yanağında",
"Dağlarda çiçək", "Gözəl
yarım", "Ölürəm, a Ceyran bala"
mahnılarını Xan Şuşinski bəstələyib.
Xanın səsi Qarabağın ab-havası idi.
Simfonik orkestrin
müşayiəti ilə, ilk dəfə simfonik muğamlarda
solo hissəni Xan oxuyub. Musiqi tariximizdə
ilk duet də böyük sənətkarın adı ilə
bağlıdır. Belə ki, Azərbaycan
musiqi tarixində ilk duet Şövkət xanım Ələkbərova
ilə Xan Şuşinskinin ifasında səslənib.
Xan Şuşinski Üzeyir Hacıbəyovdan
başqa heç bir bəstəkarın
yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyov
Xan Şuşinskinin ifasında mahnılarını dinləməkdən
xüsusi zövq alırmış. Xüsusən də,
"Qaragöz" mahnısını. Yeri gəlmişkən,
onu da deyək ki, 1926-cı ildə bəstələnən bu
mahnının ilk ifaçısı da elə Xan
Şuşinski olub.
Xan
Şuşinski çox məsuliyyətli insan olub. Püxtələşmiş,
tanınmış böyük sənətkar olanda belə, dəfələrlə
oxuduğu musiqi nömrəsini ifa edəndə daxili həyəcan
keçirdiyi hiss olunub. Xan səsini qoruyan idi. O, müəyyən
təamlardan, nemətlərdən həmişə
özünü təcrid edib. Bunun səbəbini soruşanda
isə söyləyib ki, İlahi əmanətinə naxələf
çıxa bilmərəm. Xan Şuşinski gənclikdə
ona verilən Xan adının məsuliyyətini
ömrünün sonuna qədər daşıyıb. O, Azərbaycan
musiqisinin həqiqi Xanı olub...
Xan
Şuşinski sonralar, 1944-cü ildə Əbülhəsən
xanla da görüşüb. Bir qrup incəsənət xadimi
ilə birgə Təbrizdə qastrol səfərində olarkən,
Əbülhəsən İqbal Soltan Xanla yaxından
maraqlanır. Deyilənə görə, o, "Qrand otel"də
Xanın şərəfinə qonaqlıq da verib.
Cabbar
Qaryağdıoğlunun: - "Səsin sənə qulaq
asmadı, - oxuma, zökəm oldun, - oxuma, yorğun oldun, -
oxuma. Bakının dəli havasından özünü qoru.
Küləkli havada bayıra çıxma, istidən tərləsən
belə, soyuq su içmə", - sözlərini
ömrü boyu unutmayan Xanın səsi həmişə yerində
olub. Yaşının ən ahıl çağlarında belə,
o, səs imkanlarını qoruya bilib.
Xan
Şuşinski yalnız görkəmli xanəndə kimi
tanınsa da, onun bir sıra bəstələri də olub.
"Mirzə Hüseyn segahı" XVIII əsrdə
yaşamış Qarabağın məşhur xanəndəsi
Mirzə Hüseynin adı ilə bağlı olsa da, ondan
söz düşəndə, Xanın da adı xatırlanır.
Adətən də onu "Mirzə Hüseyn
segahı"nın ikinci müəllifi adlandırırlar.
Çünki 120-130 il sürən uzun fasilədən
sonra bu muğama Xan yenidən "Manəndi müxalif"
şöbəsini əlavə edib.
Opera səhnəsində
görünməməsinin səbəbi...
Sənətkarın
sağlığında da, indinin özündə də Xan
Şuşinskinin opera teatrının səhnəsində
görünməməsinə təəccüblə
yanaşırlar. Dövrünün ən böyük sənətkarı
olan Xan Şuşinskinin operaya dəvət edilməməsinin
səbəbləri həmişə qaranlıq qalıb. Bu
sualın ən müxtəsər cavabına Xanın xatirələrini
vərəqləyəndə rast gəlmək olar. Xan
yazıb: "Üzeyir bəy ayrı bir adam idi. Belə insan
beş yüz ildə bir dünyaya gəlir. Onunla heç bir
kəsi tərəziyə qoymaq olmaz. Mənim xətrimi
çox istəyirdi. Yaman muğampərəst idi.
"Şur"u çox sevirdi. Özü də həmişə
deyərdi ki, heç kəs "Qarabağ şikəstəsi"ni
və "Simayi şəms"i Xan kimi oxuya bilməz.
Çox çalışdı məni operaya aparsın,
özüm getmədim. Dedim ki, ay bəy, mən üzümə
ənnik-kirşan yaxıb, səhnəyə çıxa bilmərəm.
Bir də, səhnədə xalqın qızına, gəlininə
eşqnamə oxuyacam?".
Şuşanın dağları
deyil dumanlı...
"Şuşanın
dağları" mahnısının sözləri də
Xana məxsusdur. Bu mahnının sözlərinə
görə, hətta vaxtilə onu çək-çevirə
də salıblar - "Şuşanın dağlarının
başı niyə dumandır? Bununla nə demək istəyirsən?". Xan Şuşinski də bu sualın
cavabında bildirir ki: "
Evinə girən oğru ilə nərd oynaması...
Müdrik şəxsiyyət
olub Xan əmi. Çox
dözümlü və mətin olub. - Günün birində
arvad-uşağının evdə olmadığı vaxt
qapı döyülür. Xan əmi adəti üzrə
baxıb soruşmadan qapını açır. İçəri
canlı, boylu-buxunlu bir kişi daxil olur. Xan əmi yenə
soruşmur ki, kimsən-nəçisən və ona nərd
oynamağı təklif edir. Adam da razı olur. Xan əmi
"qonağı" bir-iki tas udandan sonra, ona
çay-çörək təklif edir. Adam daha dözməyib
başlayır danışmağa: "Xan əmi, sən
heç bilirsən mən kiməm? Mən Azərbaycanın ən
bərkgedən oğrusuyam. Evini oğurlamağa gəlmişdim,
amma gördüm yaxşı adamsan... İndi gedib qonşunun
evini oğurlayacağam". Xan özünü itirməyib
deyir: "Qardaş, oğurlayırsan, mənim evimi oğurla,
ta qonum-qonşuda işin olmasın!.." Oğru utanıb
çıxıb-gedir...
Onda məni
"İqbal"a yazın!...
Heç vaxt kommunist
olmayıb Xan əmi. Müsavatın əsgəri
olub, amma kommunist olmayıb. Xan kimi
qalmağı da yalnız və yalnız səsinin,
ifasının sayəsində olub. "Kommunist"likdən
yayınmağı da bacarıb. Bir dəfə
Xan əmi filarmoniyaya gələndə deyirlər ki, qəzetlərə
abunə var, səni nəyə yazaq? Xan əmi
qımışaraq soruşur: "İqbal"
çıxırmı, ayə? Deyirlər ki,
yox. "Onda məni "İqbal"a
yazın!"- deyə Xan əmi
hamını çaşdırır və
güldürür...
Əsl Azərbaycan
xanəndəsi...
Xan əmi ailədə
və dostlar arasında təvazökar, sadə insan olub.
Sirlərini dostları, həmyaşıdları
ilə bölüşüb. Yoldaşlıqda,
dostluqda sadiq olan Xan Şuşinski ailədə də
qayğıkeş, mehriban olub. Bunu, Xanın
oğlu Aslan Cavanşirov da təsdiqləyir. Baxmayaraq ki, atası ilə həddindən artıq
böyük yaş fərqləri olub. Aslan
Cavanşirov Xan atasını əsl Azərbaycan kişisi kimi
xatırlayır. Hündürboylu, şux
qamətli, buxara papaqlı əsl Azərbaycan kişisi.
Düz 34 il
övladsızlığa dözüb və yalnız
yaşlı çağlarında atalıq sevinci dadıb! Şuşadan
güclə Bakıya köçürüblər -
dözüb! Bəy-xan nəslindən
olduğunu dilinə gətirməyib - dözüb (axı
dayıları müsavatçı olub, sonra mühacirətə
gediblər) və yalnız ölüm yatağında deyib ki,
mən İbrahim xanın nəslindənəm. Doğrudan
da Xan əminin soyadı Cavanşir olub axı!..
Yəni Xan əmini unutmaq özümüzü danmaq,
özümüzü yaddaşlardan silmək olardı!..
Xan Şuşinski 1979-cu il martın 18-də isə, Bakı şəhərində
vəfat edib, Fəxri xiyabanda dəfn olunub... Allah rəhmət
eləsin!
Şərq.- 2011.- 17 mart.- S.11.