Xanəndələrin atası

 

   Cabbar Qaryağdıoğlu Azərbaycan musiqi folklorunun ensiklopediyasıdır

 

   Maraqlı həyat tarixçəsi...  

 

   Opera səhnəmizin ilk aktyoru, "Şərəf nişanı" ordeni ilə təltif olunmuş Azərbaycanın xalq artisti, güclü dramatik tenor tipli səsə malik xanəndə Cabbar İsmayıl oğlu Qaryağdıoğlu 1861-ci il martın 31-də Şuşa şəhərinin "Seyidli" məhəlləsində boyaqçı ailəsində anadan olub. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşı"nda, "Qırxpilləkən"də, "Ağzıyastı kaha"da quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.

    Şuşada bu nəsil "Qaryağdılar" adı ilə məşhurdur. Firudin Şuşinski araşdırmasında qeyd edir ki, nəsilə belə ad verilməsi haqqında müəyyən mülahizələr var: "Ümumiyyətlə, o zamanlar Qarabağda və xüsusilə Şuşada şəhər əhli arasında adamlara ikinci bir ad qoymaq bir dəb olmuşdu. Əgər, bir şəxsə ikinci ad və ya ləqəb verilsə, şəhər əhli onu həmin adla da çağırarmış. Deyilənə görə, Cabbarın atası Məşədi İsmayıl kişi çox dinməz və qaraqabaq adam imiş. Tay-tuşları bu xasiyyəti üstündə onunla tez-tez zarafat edərmişlər. "Ay İsmayıl, yenə nə olub, dünyanın xərc-xəcalətin səndən alırlar. Qar-zad yağmayıb ki, nə qaşqabağını sallamısan?" Sonralar isə ona sadəcə olaraq "Qaryağdı" deyirmişlər. Cabbar isə lap uşaqlıqdan özünə "Qaryağdıoğlu" ləqəbini götürmüşdü".

   Digər bir mülahizə isə, Cabbar Qaryağdıoğlunun qardaşı oğlu, məşhur heykəltəraş Cəlal Qaryağdının danışdığıdır. O, müsahibələrində belə bildirib: "Soyumuzun "Qaryağdı" adlanmasının səbəbi babamızın uşaq vaxtı qarlı havada bayırda çox oynaması olub. Əsl adı İsmayıl olan uşağı qorxutmaq üçün "Ay İsmayıl, qar yağdı, keç içəri" deyirmişlər. Sonradan uşağın adı elə "Qaryağdı" qalıb..."  

   Firudin Şuşinski yazır ki, Şuşa ticarət şəhəri olduğundan, o zaman az-çox varlı ailələr öz uşaqlarını həm məktəbə göndərər, həm də asudə vaxtlarında emalatxanada, dükanda, öz yanlarında işlədərmişlər. Məşədi İsmayıl kişi oğlu Cabbara boyaqçılıq sənətini öyrətmək niyyətində idi. Cabbar lap uşaq ikən başqa sənətə - xanəndəliyə meyil etdi. Cabbarın böyük qardaşları Məşədi Məhəmmədin və Qafarın gözəl səsi olduğu üçün gənc vaxtlarından məhərrəmlik təziyəsində şəbihgərdanlıq edirdilər. Cabbarın böyük qardaşı Məşədi Məhəmmədin xüsusilə məlahətli səsi olub. Məşədi Məhəmmədin yanıqlı oxumaları balaca Cabbara lap uşaqlıqdan təsir etmişdi. Hələ məktəbə getməyən Cabbar öz böyük qardaşı kimi oxumaq arzusu ilə yaşayırdı. Bu həvəs onu musiqi aləminə çəkib apardı. Cabbar da qardaşı Məşədi Məhəmmədlə bu məktəbdə oxumuş, Səkinə və Qasım rollarında çıxış etmişdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan "Cıdır düzü"nə yaxın olduğundan balaca xanəndə öz kiçik qardaşları və məhəllə uşaqları ilə "Qaya başı"nda, "Qırx pilləkən"də və "Ağzı yastı kaha" ətrafında quzu otarar, oynayardı.  

   Cabbar uşaqlıqdan Hacı Hüsünün qüvvəli cəzbedici səsini dinləyərmiş. Hacı Hüsünün məlahətli oxuması balaca Cabbarı saatlarla düşündürərmiş. Çox çəkmir ki, kiçik Cabbarın səsinə məftun dinləyiciləri tapılır. Uşaqlar qoyun-quzunu aparanda gənc xanəndəni oxudar, onu çılğınlıqla alqışlayarmışlar.

   Cabbar 10 yaşında ikən şəhərdəki məktəbə daxil olur. Onun ilk müəllimi Şuşada "Saqəri" təxəllüsü ilə tanınan Mirzəli Zeynalabdin oğlu olur.

 

   Toyda ilk çıxışı...

 

   Bir gün şəhərin "Qurdlar" məhəlləsində böyük bir toy olur. Toyda o dövrün məşhur xanəndələri Hacı Hüsü, Məşədi İsi, istedadlı tarzən Sadıqcan, Cavadbəy Əlibəy oğlu və kamançaçı Mirzə iştirak edirmişlər. 16 yaşı yenicə tamam olmuş Cabbar da öz müəllimi Mirzəli ilə həmin toya qonaq gəlibmiş. Məclis qızışır. Hacı Hüsü "Şüştər", Məşədi İsi "Mahur" oxuduqdan sonra Mirzəli toyun "padşahı" şair Növrəs Ələsgərdən gənc Cabbarın oxumasına icazə verməyi xahiş edir. O, tarzən Cavadbəyin müşayiəti ilə "Kürd-şahnaz" oxuyur. Cabbarın zil və təravətli səsi nəinki dinləyiciləri, hətta musiqiçiləri məftun edir. Onun bu müvəffəqiyyəti hamıdan çox qoca xanəndə Hacı Hüsünü heyrətdə qoyur. Hacı Hüsü onun alnından öpüb, məclis əhlinə müraciətlə deyir: "Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaq".

   Bu hadisədən sonra Cabbarın şöhrəti hər yana yayılır. Onu şəhərdəki toylara dəvət edirlər. Cabbarın toylara dəvət olunmasını eşidən atası Məşədi İsmayıl kişi çox narahat olur, çünki Məşədi İsmayıl oğlunun ancaq dini mərasimlərdə oxumasına icazə vermişdi. O, oğlunun toylara getməsini qəti qadağan edir. Deyilənə görə, o, bunu mollaların təhrikilə etmişdi. Məşədi İsmayıl Cabbarı özü ilə məscidə gətirər, orada mərsiyə oxudarmış.

   Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunub, öz gözəl ifası ilə onları məftun etməyi bacarıb. O, yaradıcı sənətkar idi. Bir muğamı 2-3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. O, şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: "Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan. Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir. Qarınqululuq oxumağın düşmənidir. Gündə ən azı 10 saat yatmalıdır".

   Klassik ədəbiyyatı gözəl bilirdi və deyirdi ki, əruzu bilməyəndən xanəndə olmaz.

 

   Özünü xəstəliyə vurması...

 

   O dövrdə Cabbargilin qonşuluğunda Smirnov familiyalı bir həkim yaşayırmış. Həmin həkim Cabbarın xətrini çox istəyirmiş. Cabbar yenidən xanəndəlik etmək üçün kömək göstərməyi həkimdən xahiş edir. Həkim ona kömək edəcəyinə söz verir. Bu söhbətdən sonra Cabbar həkimin tapşırığı ilə özünü xəstəliyə vurur. Elə bir balaca da naxoşluğu var imiş. Yemir, içmir, gündən-günə sınıxır, geri gedir. Atası Cabbarı həmin həkimin yanına aparır. Smirnov Cabbarı bir qədər müalicə etdikdən sonra Məşədi İsmayıla deyir: "Sənin oğlun vərəm xəstəliyinə tutulub. Bu, qorxulu bir şeydir. Əgər sən onu oxumağa qoymasan, xəstəlik şiddətlənər və oğlunu tez məhv edər". Həkimin bu sözünü eşidən Məşədi İsmayıl çox qorxur, həmin gündən oğlunun oxumasına icazə verir.

 

   İlk musiqi təhsili...

 

   Cabbarın musiqi təhsili almasında qardaşı Məşədi Məhəmmədin böyük rolu olub. Təbiidir ki, Məşədi Məhəmməd Cabbarda musiqiyə, sənətə uşaqlıqdan ciddi münasibət tərbiyə etmiş, xalqın klassik və şifahi yaradıcılığına, xalq musiqisinin incəliklərinə həssaslıqla yanaşmağı ona öyrətmişdi. Məşədi Məhəmməd xanəndə, həm də şair kimi məşhur olduğundan onu Şuşada toy və ziyafətlərə dəvət edərmişlər. Məşədi Məhəmməd həmin məclislərə kiçik qardaşı Cabbarı da apararmış. Bu musiqi məclislərinin gələcəyin böyük xalq xanəndəsi Cabbar Qaryağdıoğlunun mahir bir sənətkar kimi yetişməsinə müsbət təsiri olub. O, bu məclislərdə öz qardaşından başqa Şuşanın görkəmli xanəndələrini də tez-tez eşidər, sənətin sirlərini öyrənərmiş. 

   Cabbar Qaryağdıoğlu 20 yaşına kimi o dövrün məşhur tarzəni Sadıqcanla peşəkar xanəndə kimi ancaq Qarabağın məclis və toy şənliklərində iştirak edir. Ancaq çox çəkmir ki, onun şöhrəti Gəncə, Şamaxı, Bakı şəhərlərinə və daha uzaqlara yayılır. Onu Ağdaşa toylarda oxumağa dəvət edirlər. Ağdaşda olması barədə qəribə bir əhvalat da söyləyirlər:

   "Bir dəfə gecədən xeyli keçmiş Qarabəyin karvansarasında qurulan bir məclisdə Sadıqcan tarı sinəsinə basıb "Qarabağ şikəstəsi" çalırmış, Cabbar da oxumağa başlayıbmış. Çox keçmədən şəhər əhli yuxudan oyanıb evlərin damlarına çıxır, bu qeyri-adi səsə qulaq asmağa başlayırlar. Sonra tələsik geyinib Qarabəyin karvansarasına sarı axışmağa başlayırlar. Bu, polisi təşvişə salır. Polis rəisi atlı kazaklarla karvansaraya gəlir. Ancaq nə qədər çalışırlarsa, camaatı dağıda bilmirlər. Nəhayət, Cabbar şikəstəni bitirir, adamlar onun bir daha oxumayacağını yəqin etdikdən sonra gedirlər".

 

   Bakıya ilk gəlişi...

 

   Cabbar Ağdaşdan Şamaxıya, oradan da Sadıqcanla birlikdə 1878-ci ildə Bakıya qəssab Hənifənin toyuna dəvət olunur. Bakılılar Qaryağdıoğlunun və Sadıqcanın ad-sanına bələd olduqlarından onları böyük hörmətlə qarşılayır, 8 ay qonaq saxlayırlar. Çox keçmədən Cabbarı Abşeronda gündə bir neçə yerə dəvət edirlər. Cabbar Qaryağdıoğlunun Gəncə, Qarabağ, Şirvan və Bakı toylarındakı çıxışı onu tez bir zamanda Azərbaycanda, həm də Gürcüstanda, Orta Asiya və hətta İranda tanınan sənətkar edir. C.Qaryağdıoğlu ikinci dəfə Bakıya təxminən 40 yaşlarında gəlir. Bütün xanəndələr və musiqişünaslar onun ətrafında toplaşırlar. Çox keçmədən Qaryağdıoğlu bakılı tarzən Mirzə Fərəc Rza oğlu və kamançaçalan Dəmirçi Quludan ibarət Şərq musiqisi üçlüyü yaradaraq xalq şənliklərində oxumağa başlayır. O dövrdə bütün Abşeronda nə bir məclis, nə bir toy, nə ziyafət Cabbarsız keçinməzdi...

 

   (Davamı var)

     

 

   Şərq.-2011.- 18 mart.- S. 11.