Xanəndələrin
atası
Cabbar
Qaryağdıoğlu Azərbaycan musiqi folklorunun
ensiklopediyasıdır
Yaradıcılığı..
Ömrünün 60 ilini xalqdan öyrəndiyi və
topladığı 500-dən artıq mahnını işləyib
Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr
etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq
ifaçısı şöhrətini qazanmışdı.
Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası
adlandırırdılar.
Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın
musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin
vokal sənəti tarixində, geniş xalq kütlələri
arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə
edilə biləcək ikinci bir müğənni yoxdur. Onun
adı dünya vokal sənətinin bir sıra görkəmli
sənətkarlarının adları ilə yanaşı
çəkilir.
Cabbar Qaryağdıoğlunun səsi güclü
dramatik-tenor tipli səs idi.
O, bu güclü və əzəmətli səsi ilə son dərəcə
lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin
və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə
adamda elə təsəvvür yaradırdı ki,
muğamı dramatik tenor yox, lirik tenor oxuyur. Onun köhnə
qrammofon vallarını səsləndirdikdə adam o dəqiqə
hiss edir ki, belə bir qüdrətli səs, temperamentli
üsullar, müxtəlif formalı çətin zəngulələr
vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər. O, major
muğamları oxumaqda da mahir idi. Vokal ustalığı ilə
nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici
ifaçılıq məharəti ilə dinləyicini fikrindən
ayırır, kədərini, qəmini unutdururdu.
Bakıda 1902-ci ildə Hacı Zeynalabdin Tağıyev
Teatrında verdiyi "Şərq konserti" Cabbar Qaryağdıoğlunu
daha da şöhrətləndirmiş, onun adı eldən-elə,
dildən-dilə düşmüşdür.
Böyük sənətkar
1905-ci ildə tarzən Pirimov və
kamançaçalan Oqenazaşvili ilə
trio yaratmış, 1906-1912-ci
illərdə
"Qrammofon", "Sport-rekord"
və "Ekstrofon" səhmdar cəmiyyətlərinin dəvəti ilə
Kiyev, Moskva və Varşava
şəhərlərində
səsini vallara yazdırmışdır.
1965-ci ildə Moskvada nəşr olunmuş "Pesnya i
muzıka Azerbaydjana" kitabında deyilir ki, Cabbar
Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert
verib. Bu konsertdən toplanan pul vəsaiti Zaqafqaziya müsəlman
tələbələrinə paylanıb. Bu müdrik xanəndə
xeyriyyəçi kimi də tanınırdı.
Cabbar Qaryağdıoğludan əvvəlki
klassik xanəndələr - Şahqulu, Mirzə Hüseyn,
Hacı Hüsü, Məşədi İsi, Səttar, Mirzə
Məhəmmədhəsən, Bülbülcan və başqaları
musiqi sahəsində böyük xidmətlər göstərmişlər.
Ancaq Qaryağdıoğlu xalq musiqisini dərindən mənimsəyib
xalqa sevdirməkdə xüsusi məharət nümayiş
etdirmişdir.
O,
yaradıcı sənətkar idi. Bir muğamı 2-3 saat, bəzən
isə böyük məclislərdə 4 saat belə oxuyardı.
Musiqi
mütəxəssisləri deyirlər ki, "Mənsuriyyə",
"Mahur" və "Heyratı"nı Cabbar əmi kimi
ifa edən ikinci xanəndə olmayıb. Xanəndənin
ifaçılığı "Heyratı"
muğamında yüksək qiymətləndirilmişdir. Xanəndə
"Heyratı"nı qrammofon valına 1906-cı ildə
yazdırmışdır. Eyni zamanda onun ifasında olan
"Ovşarı" muğamı da yüksək
ifaçılıq məharətindən və onun səsinin
qeyri-adi gücündən xəbər verir. Təsadüfi
deyildir ki, Cabbar Qaryağdıoğludan sonra bu günə qədər
bu muğamı hələ heç kəs oxumağa cürət
etməmişdir.
Onu "Şərq musiqisinin
peyğəmbəri" adlandırırdılar.
Farsdilli şeirlərlə
muğam melodiyalarının
ifa edilməsinə son
qoyması...
XX
yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri
farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək
ənənəsinə riayət edirdilər. Bu ənənəyə
görkəmli Azərbaycan xanəndəsi Cabbar
Qaryağdıoğlu son qoydu. Onunla başlayaraq,
muğamların Azərbaycan dilində ifası Azərbaycanda,
eləcə də Azərbaycan muğamlarının çox
geniş populyarlığa malik olduğu bütün Cənubi
Qafqazda ənənəyə çevrildi. Nizaminin,
Füzulinin, Zakirin, Vaqifin, Seyid Əzimin, Natəvanın
şeirlərindən istifadə edərək, buna qədər
ifa olunan fars təsnifləri əvəzinə, Azərbaycan
dilində təsniflər oxumağa başlayır.
Opera səhnəmizin ilk aktyoru kimi...
Azərbaycanda opera sənətinin
meydana gəlməsində də onun rolu böyükdür.
Opera səhnəmizin ilk aktyoru məhz Cabbar
Qaryağdıoğlu olmuşdur. Şuşada 1906-ci ildə
"Leyli və Məcnun" tamaşasını səhnəyə
qoyublarmış. Məcnun rolunu da Cabbar Qaryağdıoğlu
oynayırmış. Deyilənlərə görə, o,
başına quş yuvası qoyubmuş. Yuvanın içində
bülbül varmış. Cabbar Qaryağdıoğlu Leylinin
qəbri üstündə hönkürəndə
bülbül uçub gedib.
Müəllim
kimi fəaliyyəti...
Bu müdrik xanəndə xeyriyyəçi
kimi də tanınırdı.
O, Bakıda Mərdəkan qəsəbəsində
Yesenin və Şalyapinlə görüşmüşdü.
Aralarında müəyyən söhbət də olmuşdu.
Cabbar Qaryağdıoğlunun zil və məlahətli səsi,
geniş səs diapazonu onları heyrətə
salmışdı.
Elə bu hadisədən sonra da ona
musiqinin peyğəmbəri deyirmişlər.
Cabbar Qaryağdıoğlunun tələbələrindən
Xan Şuşinski həmişə fərəhlə qeyd edərdi
ki, xanəndə olmağım üçün unudulmaz müəllimim
Cabbar Qaryağdıoğluna minnətdaram. Seyid
Şuşinski, Bülbül, Zülfü Adıgözəlov,
Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli,
Mütəllim Mütəllimov kimi görkəmli muğam
ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri
olmuşlar.
"Bakinski raboçi" qəzetinin
27 mart 1938-ci il tarixli sayında yazılıb: "Bizim xanəndələrin
atası, respublikanın xalq artisti Cabbar Qaryağdıoğlu
xalq xanəndələrinin musiqi yaddaşının nə qədər
zəngin olduğuna canlı misaldır. Cabbar
Qaryağdıoğlu Azərbaycan musiqi folklorunun canlı
ensiklopediyasıdır. O, 500-ə qədər müxtəlif
mahnı və musiqi variasiyalarını yadda
saxlamışdır".
Cabbar Qaryağdıoğlu vaxtilə
Elmi Kabinetə 220 mahnı və təsnifin həm mətnini,
həm də musiqisini təhvil vermişdir. Buna görə də
Üzeyir bəy o vaxt onu Konservatoriyaya çağırıb
ki, zəhməthaqqı olaraq 10 min manat qonorar versin. Cabbar əmi
bu təklifdən bərk inciyib, onu sakitləşdirmək istəyən
Müslüm Maqomayevə belə deyib: "Bu qoca vaxtımda
xalqın malını oğurlaya bilmərəm. 60 il müddətində
500-ə qədər mahnı toplamışam. Xoşbəxtəm
ki, onun 300-ə qədərini sizin köməyinizlə
yazdırdıq. Mən bunu gələcək nəsillərin
xeyrinə edirəm".
Şair və
bəstəkar kimi fəaliyyəti...
Cabbar Qaryağdıoğlunun
şairliyi də vardı. Bəstəkar kimi mahnılar da
qoşurdu.
O, bir dəfə İrəvanda bir
toy məclisində oxuyurmuş. Məclisin qızğın
vaxtında toy sahibi, daha doğrusu, qız atası xanəndədən
xahiş edir ki, gəlini tərifləyən bir mahnı
oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca
"İrəvanda xal qalmadı" adlı mahnı bəstələyib
oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni
alqışlayır...
Görkəmli sənətkar
özünün yazdığı şeir, qəzəl və
qoşmalarına, həmçinin başqa şairlərin
şeirlərinə 30-dan artıq mahnı bəstələmişdir.
Cabbar Qaryağdıoğlunun
böyük sənəti və zəngin səsi
dünyanın bir çox bəstəkarlarının,
musiqişünas və mədəniyyət xadimlərinin diqqət
mərkəzində olmuşdur. Akademik Boris Astafyev, professor
Yevgeni Braudo, bəstəkarlardan M.İppolitov, Vladimir Kor
Georgixubov, Reynqold Qlier və başqaları Cabbar
Qaryağdıoğlu sənətinin vokal
ustalığını yüksək qiymətləndirmişlər.
Böyük vəzifə sahibləri və sənətkarlar tərəfindən
qiymətləndirilməsi...
Cabbar Qaryağdıoğlu 1935-ci
ildə xalq artisti adına layiq görülmüş, bir qədər
sonra "Şərəf nişanı" ordeni ilə təltif
olunmuşdur.
Cabbar Qaryağdıoğlu sənətini
böyük vəzifə sahibləri də yüksək qiymətləndirmiş,
onun şəxsiyyətinə hörmətlə
yanaşmışlar. Moskvada Azərbaycan ədəbiyyatı
və incəsənəti dekadası keçiriləndə
Cabbar Qaryağdıoğlu orada iştirak etmirmiş. O vaxt
Stalin nümayəndə heyətindən soruşub ki,
"Hanı Qafqazın qoca qartalı?" Bir neçə
gün sonra isə onun "Şərəf nişanı"
ordeni ilə təltif edilməsi barədə fərman
imzalayıb.
Cabbar Qaryağdıoğlu dəfələrlə
İran şahlarının, Türkiyə sultanlarının
məclislərinə dəvət olunmuş, öz gözəl
ifası ilə onları məftun etmişdir.
Mir Cəfər Bağırov
tez-tez Cabbar Qaryağdıoğlunu nərd oynamağa dəvət
edərmiş.
Cabbar Qaryağdıoğlunun
böyük sənəti və zəngin səsi
dünyanın bir çox bəstəkarlarının,
musiqişünas və mədəniyyət xadimlərinin diqqət
mərkəzində olmuşdur. Akademik Boris Astafyev, professor
Yevgeni Braudo, bəstəkarlardan M.İppolitov, Vladimir Kor
Georgixubov, Reynqold Qlier və başqaları Cabbar
Qaryağdıoğlu sənətinin vokal
ustalığını yüksək qiymətləndirmişlər.
Görkəmli musiqişünas
G.Vinoqradov yazmışdır ki, ümumiyyətlə,
Qaryağdıoğlunun yaradıcılığını
bilmədən Azərbaycan musiqisinin, muğam və
mahnılarının tarixini yazmaq mümkün deyildir.
Unudulmaz sənətkarımız
Bülbül Cabbar Qaryağdıoğludan danışarkən
onu heç kəslə müqayisə etməməyi
tövsiyə edərək deyirdi: "Cabbar bütöv bir
dövlətdir, tarixdir".
Görkəmli bəstəkar Fikrət
Əmirov Cabbar Qaryağdıoğlunun muğamları əsasında
"Kürd-ovşarı" simfonik muğamının bir
çox təsniflərini yazmışdır.
Ölümündən qabaq
övladlarına müraciəti...
Görkəmli musiqiçi Cabbar
Qaryağdıoğlu 1944-cü il aprelin 20-də Bakıda vəfat
etmişdir.
Cabbar Qaryağdıoğlu
ölümündən bir az əvvəl övladlarına
müraciətlə demişdi: "Ay bala, hamımız
öləcəyik, qalmayacağıq, insan bu gün var, sabah
yoxdur. Sizə bir nəsihətim var, nəbadə mən
öləndən sonra məndən ötrü bir dövlət
qapısına xahişə gedəsiniz. Əgər mən
xalqıma, millətimə bir şey eləmişəmsə,
onlar məni də gəlib tapacaq, sizi də".
Ölümündən 65 il
keçməsinə baxmayaraq, böyük sənətkar indi
də məhəbbətlə xatırlanır, həmişə
xoş xatirələrlə yad edilir...
Şərq.-
2011.- 29 mart.- S.11.