Əhalinin inamı necə yarandı?

 

  Fondun işi indi pensiya yaşına çatmayanları da maraqlandırır

 

  Son illər Azərbaycanda əhalinin sosial müdafiəsi həyata keçirilən sosial-iqtisadi siyasətin öncül istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaradıb. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.

   Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilən pensiya islahatının nəticəsi isə göz qabağındadır. Artıq bu islahatların ölkənin ümumi sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına verdiyi töhfə açıq-aşkar sezilir. Yeni sistem bütün vətəndaşlar üçün pensiya təminatında bərabər şərtlərin yaradılmasına və qazanılan pensiya hüquqlarının reallaşdırılmasına təminat verir.

  

   İllərin müqayisəsi və insanların Fonda qarşı biganəliyi

  

   Öncə illərin müqayisəsini aparaq. Qeyd etmək yerinə düşər ki, DSMF-nin 2003-2004-cü illərə qədər maddi-texniki və maliyyə durumunun aşağı olması, sosial sığorta-pensiya sisteminin mürəkkəb qaydalar əsasında idarə olunması və ölkədə gedən sosial-iqtisadi proseslərə təsir etmə imkanlarının az olması səbəbindən cəmiyyətdəki nüfuzu da kifayət qədər aşağı idi. İnsanlar Fondun fəaliyyəti ilə maraqlanmır, işinə biganə yanaşırdılar. Onlar sosial sığorta-pensiya sisteminə güvənmir və sistemin idarə edilməsi mexanizmlərindən əsasən məlumatsız idilər. Son 5-6 il ərzində Dövlət Sosial Müdafiə Fondu bir sıra ciddi uğura imza atdı.  

   2000-ci illərin əvvəllərində sosial sığorta-pensiya sistemində islahatların keçirilməsi zərurəti özünü qabarıq şəkildə büruzə verdi və 2001-ci ildə ümummilli lider Heydər Əliyev "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nı qəbul etdi. Bu konsepsiyanın müddəalarını qısa zaman kəsiyində həyata keçirmək məqsədilə ciddi islahat tədbirlərinə start verildi və Azərbaycanda müasir tələblərə cavab verən sosial sığorta-pensiya sistemi üçün möhkəm əsaslar yarandı.

  

   Heç bir xarici ölkədən texnoloji dəstək istənilmədən qazanılan uğurlar

  

   DSMF-nin gərgin işi nəticəsində artıq 2006-cı ilin yanvar ayında ölkədə fərdi uçota əsaslanan yeni sosial sığorta-pensiya sisteminin tətbiqinə başlanıldı və sosial müdafiə sahəsində sığorta münasibətləri yeni, keyfiyyətcə daha yüksək səviyyəyə qaldırıldı.

   Azərbaycanda, heç bir xarici ölkədən və ya xarici şirkətdən texnoloji dəstək istənilmədən, tamamilə yeni, bazar iqtisadiyyatı prinsiplərinə söykənən, aydın başa düşülən, şəffaf, ədalət prinsiplərini əsas götürən, müasir tələblərə cavab verən sosial sığorta-pensiya sisteminin modeli hazırlandı və bütün ölkəyə tətbiq edildi. Ən böyük nailiyyət ondan ibarətdir ki, ölkə əhalisi yeni sosial sığorta-pensiya sisteminə və DSMF-yə öz inamını və dəstəyini qabarıq şəkildə ortaya qoydu.

     

   Pensiya yaşına çatanda yada düşən Fond və əhalinin artan inamı

  

   Xatırladım ki, 5-6 il bundan öncə insanlar DSMF-ni ancaq pensiya yaşına çatdıqda yada salırdılar. Pensiya kapitalının formalaşması və onun hansı yollarla maliyyələşməsi məsələləri heç kəsi maraqlandırmırdı. Bir çox təşkilatlar və sahibkarlar sosial sığorta haqlarının ödənilməsindən boyun qaçırır və yayınırdılar. İndi vəziyyət tamamilə fərqlidir. İnsanlar sosial sığorta kartları alır və fərdi sosial sığorta hesablarında toplanmış vəsaitin miqdarı ilə maraqlanırlar, İnternetdə forumlar keçirir, DSMF-yə elektron məktublar yazır, "qaynar xətt"lə əlaqə qururlar. Bu onu göstərir ki, artıq Azərbaycan əhalisi sosial sığorta-pensiya sistemində öz rolunu anlayır, qəbul edir və bu sahədə DSMF ilə əməkdaşlıq edir, onun işini dəstəkləyir. Başqa sözlə, sosial sığorta-pensiya sistemində aktiv şəkildə rol oynayırlar. Qısa zaman kəsiyində insanların şüurunda belə kəskin dəyişikliyin baş verməsi çox ciddi nailiyyətdir və bu da beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.

 

   2011-ci il - ümumilikdə 497, kənd və qəsəbələrdə isə 113 bankomat və pensiyanın 99 faiz plastik kartla ödənişi

  

   Azərbaycan hökumətinin və DSMF-nin digər böyük nailiyyəti bu sahədə korrupsiya hallarının aradan qaldırılmasıdır. Son illər ərzində sosial sığorta-pensiya sahəsində korrupsiya halları kəskin dərəcədə azalıb. Pensiyaların bankomat və plastik kartlar vasitəsilə ödənilməsi ödəniş sahəsində bütün neqativ halların aradan qaldırılmasına gətirib çıxartdı. Hazırda ölkə pensiyaçılarının 99 faizi pensiyalarını plastik kartlarla alırlar ki, bu da böyük nailiyyətdir.

   Fondun həyata keçirdiyi tədbirlər nəticəsində pensiyaların plastik kartlarla ödənişi sferası daha da genişlənməkdədir. 2011-ci ilin 1 yanvar tarixinə Azərbaycanda kəndlərdə yaşayan əmək pensiyaçılarının 98 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Ümumilikdə hazırda Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir. Bu məqsədlə ümumilikdə 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin edilib.

  

   Ən son xidmət - "Evdən SMS göndər, bankomata getmə"

  

   Sosial Müdafiə Fondunun informasiya texnologiyaları vasitəsi ilə əhaliyə göstərdiyi xidmətlərin səmərəliliyi günü-gündən artır. Mart ayında daha bir yenilik baş verib. İndi pensiyaçılar bankomata boşu-boşuna getməyəcək. Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçılar təqaüdlərin onların kartına köçürülməsi barədə SMS vasitəsilə məlumatlandırılacaq. Belə ki, pensiyaçının və ya onun yaxın adamının mobil telefonu üzrə məlumatlar toplanır. Beynəlxalq Banka pensiya alanın hesabına pul köçürülməsi haqda məlumat verilməsinə dair təlimatlar verilir. Pulun karta köçüb-köçməməsi barədə onlara məlumat gələcək. Bu xidmətə qoşulmaq istəyən kart sahibləri bankın yerli filiallarına müraciət etməlidir. Pensiyaçıların SMS xəbərdarlıqdan istifadəsi üçün xüsusi proqram təminatı hazırlanıb və qoşulma prosedurları sadələşdirilib. Pensiya alan şəxs "194" və ulduz (*) yığaraq həmin xidmətə asan formada qoşula bilər. SMS xəbərdarlıq üçün ayda cəmi 10 qəpik xidmət haqqı tutulacaq. SMS-in pulunu pensiyaçılar yox, Fond özü ödəyəcək.

  

   Fondun mərkəzi məlumat bazasının son hesablaması

  

   Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlar nəticəsində aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində qurulan yeni sistem pensiyaçılar və sığortaolunanlar haqqında avtomatlaşdırılmış müfəssəl məlumatların toplanmasına və idarə olunmasına istiqamətlənib. Hazırda DSMF-nin mərkəzi məlumat bazasında ən son məlumata görə, əmək pensiyası alan şəxslərin sayı 1 292 155 nəfər təşkil edir. Cəmi əmək pensiyası alan şəxslərin 507 790 nəfəri kişi, 784 365 nəfəri qadındır. Eyni zamanda 1 milyon 800 min nəfərdən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Fondun yerli şöbələrində müasir kompyuter sistemləri qurulub, "1 işçiyə 1 kompyuter" prinsipi gerçəkləşib. Pensiya və müavinətlərin əhaliyə çatdırılması sahəsində bank infrastrukturundan və elektron hökumət prinsiplərindən səmərəli istifadə olunub. İnformasiya texnologiyaları vasitəsi ilə əhaliyə göstərilən xidmətlərin səmərəliliyi getdikcə artmaqdadır.

  

   Sığorta-pensiya sistemindəki islahatların uğurları beynəlxalq aləmdə

  

   Ölkəmizdə bu istiqamətdə aparılan islahatların uğurları Azərbaycandan kənarda da hiss olunmaqdadır. Beynəlxalq təşkilatlar ölkəmizdə qurulan müasir sığorta-pensiya sisteminin səmərəliliyini bəyənir və bunu qiymətləndirir. Fəxr hissi ilə deyə bilərik ki, Azərbaycanda qurulan müasir sığorta-pensiya sistemi növbəti beynəlxalq uğura imza atıb. Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri fərmanla təltif edilib. Mükafat 2010-cu ilin 3-5 mart tarixlərində Varşava şəhərində keçirilən Avropa Forumunda Dövlət Sosial Müdafiə Fonduna təqdim olunub. Fəxri fərmanı təqdim edən BSTA-nın prezidenti xanım Korazon de La Paz və qurumun baş katibi Hans Host Konkalevski DSMF-nin İKT-nin tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyətini qeyd ediblər: "Biz ümid edirik ki, bu nailiyyət Avropanın sosial təminat təşkilatlarının rəhbərlərini daha da ruhlandıracaq". Xüsusi vurğulamaq yerinə düşər ki, sosial təminat sahəsində mühüm tədbir olan Avropa Forumunda Azərbaycanın ali mükafata layiq görülməsi ölkəmizdə pensiya islahatlarının uğurla gerçəkləşdirilməsinin əyani göstəricisidir.

  

   Bu il Dövlət Proqramına uyğun görüləcək işlərin səmərəliliyi

  

   Fonddan "Şərq"ə verilən məlumata görə, bu il "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq islahat tədbirləri davam etdiriləcək. Bura sığorta-pensiya sisteminin perspektiv inkişafının aktual modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədi ilə tədbirlərin həyata keçirilməsi, dövlət sosial sığorta sistemində sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi, fondun mərkəzi aparatı və yerli orqanları arasında elektron məlumat mübadiləsini təmin edən korporativ şəbəkənin qurulmasının başa çatdırılması, fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində işlərin yerinə yetirilməsi və digər mühüm vəzifələr daxildir.

  

   MDB məkanında ilk göstərici - əməliyyatların vahid mərkəzdən aparılması

  

   Hazırda mühüm tədbirlərdən olan pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir. Dövlət Proqramında pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasına keçidin təmin edilməsi 2013-cü ildə nəzərdə tutulub. Fond bu prosesin Dövlət Proqramında müəyyən olunan qrafikdən əvvəl həyata keçirilməsini hədəfləyib ki, bu da MDB məkanında ilk göstərici olacaq.  

   Bu prosesin başa çatdırılması ilə tam şəffaf sığorta-pensiya sisteminin fəaliyyəti təmin olunacaq.

  

   Müasir Azərbaycan və inkişaf edən insan kapitalı...

 

   Sonda qeyd edək ki, Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas məqsədi cəmiyyətin, onun hər bir fərdinin sosial rifahının mütəmadi qaydada yüksəlməsi, insan kapitalının inkişafıdır. Bunun nəticəsidir ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlarının təminatı ildən-ilə yaxşılaşır və bu, beynəlxalq səviyyədə də açıq etiraf olunur. İqtisadi cəhətdən qüdrətli bir dövlət halına gələn müasir Azərbaycanda həyata keçirilən sosial siyasətin səmərəlilik əmsalı şübhəsiz ki, qarşıdakı dövrdə daha da artacaq. Bu da öz növbəsində yenə ölkəmizdə insanların yaşayış səviyyəsinin yüksəlməsində, sosial proqramların uğurla icra olunmasında, vətəndaşların rifah halının daha da yaxşılaşmasında əksini tapacaq. Beləliklə, heç bir şübhə yoxdur ki, qarşıdakı illərdə də Azərbaycanın qət edəcəyi tərəqqi yolu, o cümlədən sosial rifahın yüksəlişi yenə uğurlarla müşayiət olunacaq.

 

 

  Rəşad Baxşəliyev

 

  Şərq.- 2011.-30 mart.- S.12.