Seyid Şuşinski...
Fikrət
Əmirov onu xalq musiqimizin çırpınan ürəyi
adlandırmışdı
Seyid Şuşinski
Yaradıcılığı
Nadir və gözəl səsə malik Seyid Şuşinski
xanəndəlik sənətinin
sirlərinə yiyələnmək
üçün ən
əvvəl iki il Nəvvabın
yanında oxuyub. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olub.
Seyid Şuşinski ifa üçün mürəkkəb muğam
olan "Cahargah"ı
xüsusilə böyük
məharətlə oxuyardı,
özü də həmişə onu "mayə"dən yox,
"Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq,
sonra "mayə"yə
enərdi. Maraqlıdır
ki, həyatının
son illərində, yaşı
artıq 74-ü ötmüş
Seyid "Mənsuriyyə"ni eyni şövqlə
oxuyurdu. Seyid Şuşinski yaradıcılığında
Hafiz, Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı,
Cavidin və Sabirin şeirlərinə
də müraciət edirdi. Sabirin "Millət necə
tarac olur-olsun, nə işim var" şeirini "Müxalif"də oxuyardı.
Seyid Şuşinski siyasi-ictimai
mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran
ilk xanəndə olmuşdur.
O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. "Ayıl, ey millət", "Mən bir türkəm",
"Millət istərsə"
və s. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdülrəhimbəy
Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına
maddi yardım göstərmişdi. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra
rolları oynamışdı.
Seyid Şuşinski
"Çahargah"dan başqa
"Mahur", "Nəva",
"Məsnəvi", "Mani", "Arazbarı",
"Heyratı" kimi
muğamların gözəl
ifaçısı idi.
O, novator sənətkar
olaraq, bir çox muğamları birləşdirib onları
yeni variantda oxumuşdur. ("Rast-Hümayun",
"Qatar-Bayatı", "Şur-Şahnaz") "Rast"da və "Kürdi-Şahnaz"da "Dilkəş"i
ilk dəfə Seyid Şuşinski ifa etmişdi.
Seyid Şuşinskinin görkəmli
bəstəkarımız Fikrət Əmirovun ilk dəfə
yaratdığı və dünyada şöhrət
qazandığı "Şur" və
"Kürdi-Ovşarı" simfonik muğamlarının
yazılmasında məsləhətçi kimi böyük
köməyi olmuşdu.
Azərbaycanda Şuşinski
soyadlı 3 xanəndə olub. Onlardan biri - Musa Şuşinski
çox az tanınıb. O, ötən əsrin əvvəllərində
yaşayıb. Daha biri - Xan Şuşinski (Xan əmi) yetərincə
tanınır. Elə öz adıyla bəzi kinofilmlərə
də çəkilib. Daha bir Şuşinski də məşhurdur
ki, bu Azərbaycan Republikasının xalq artisti, "Şərəf
nişanı" ordenli, əməkdar müəllim,
dövrünün ən dəbdə olan varlı xanəndəsi
Seyid Şuşinskidir.
Adlandırılması...
Mir Möhsün Ağa Seyid
İbrahim oğlu Şuşinski 1889-cu il aprelin 12-də
Şuşa qəzasının Horadiz kəndində anadan
olmuşdur.
Musiqi araşdırıcısı
Firudin Şuşinski onu "2-ci xanəndə"
adlandırıb ("1-ci" - Cabbar Qaryağdıoğlu
imiş). Kitablara, xatirələrə göz atınca, bu
adı xanəndənin səs imkanlarından baş
çıxaranların verdiyini iddia etmək olar. Musiqiçilərin
hörmətlə "Ağa" deyə üz tutduğu
Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid
olduğundan, "Ağa" müraciəti də bu addan
götürülüb.
Mir Möhsün uşaq
yaşlarından atasını itirmiş, tərbiyəsi ilə
xalası Məşədi Hürzad məşğul olmuşdur.
Dövrünün savadlı və açıqfikirli
qadını olan Məşədi Hürzad Qarabağın
qadın toylarında xanəndəlik edərmiş.
Gənc Seyid ilk təhsilini Horadizdə,
mədrəsədə almışdır. Mədrəsə təhsilini
başa vuran Seyid dərzilik sənəti ilə məşğul
olmuşdur. O, arabir dini mərasimlərdə və el şənliklərində
çıxış etmişdir.
Toylarda
ilk çıxışları...
Ərəb və fars dillərini
öyrənən Seyid xalasıyla toy məclislərinə
getməyə başlayır. Onun tanınmasında Tuğlu
aşıq Aleksanın da rolu olub. Belə ki, Seyid bu erməni aşığının
dəstəsinə qoşulub toylarda oxuyarmış. 1907-ci ildə
belə toylardan birində onun səsini ünlü xanəndə
Keçəçioğlu Məhəmməd də eşidir.
Keçəçioğlu Seyidin səsindən
xoşlanır və onun əmisinə məsləhət
görür ki, uşağın musiqi təhsili ilə ciddi məşğul
olsun. Əmi də neyləsin-neyləməsin,
"uşağı" Şuşaya öz evinə
aparır. Bu ev Cabbar Qaryağdıoğlugilin
qonşuluğunda imiş. Seyidin muğam öyrənməsində
əmisi Məşədi Seyidəlinin əməyi az
olmamışdır. Əmisi Seyidin musiqi təhsili ilə məşğul
olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini
Seyidə əzbərlədib, muğam üstündə oxudur
və Nəvvabın musiqi məclislərinə
qatılır, Cabbar əminin qrammofon valları bir yana,
canlı səsini də eşidir. Həmçinin gənc
Seyidin bir xanəndə kimi yetişməsində Cabbar
Qaryağdıoğlunun həlledici təsiri olmuşdur.
Professional səhnədə ilk
çıxışı...
S.Şuşinskinin ilk
çıxışı 1908-ci ildə şuşalılar
qarşısında "Yay klub"unda olmuşdur. Məşhur
xanəndə İslam Abdullayev həmin konserti belə
xatırlayır: "Biletlər bir həftə qabaq
satılıb qurtarmışdı. Axşam saat 9-da konsert
başlandı. Cabbar, Qasım, Məşədi Məmməd,
Həmid və Keçəçioğlu oxuduqdan sonra Azad bəy
Əmirov gənc Seyidin "Mani" oxuyacağını elan
etdi. Sonra Seyidə "Bayatı-Şiraz" oxutdular. Seyid
"Bayatı-Şiraz"ın "Xavərən"
şöbəsindən "Qatar"a keçəndə nəinki
dinləyiciləri, hətta məşhur xanəndələri
belə heyran etdi. Çünki "Xavərən"dən
"Qatar"a keçmək xanəndədən zil səsdən
başqa, həm ustalıq, həm də cəsarət tələb
edir. Gənc Seyidini ustalıqla bir muğamdan başqa bir
muğama keçməsi, doğrusu, mənə möcüzə
kimi göründü. Seyid tarın son pərdələrindən
aşağı enərək, təkrar zəngulələr
vuranda, Cabbar əlindəki qavalı kənara qoyub,
böyük bir heyrət içərisində Seyidə
tamaşa edirdi". Seyid dəstgahı qurtarıb ayağa
qalxdıqda salondakı tamaşaçılar uzun zaman gənc
xanəndəni alqışladılar. Camaat sakitləşmirdi.
Nəhayət, xan sarayında xidmət etmiş, şəhərdə
hörmətli şəxslərdən biri Xanlıq Muxtar iki dəfə
göyə güllə atdıqdan sonra tamaşaçılar
sakit oldular. Keçəçioğlu Məhəmməd əlini
göyə qaldırıb deyir: "İlahi, şükür
yaratdığına!.." Seyidə üçüncü dəfə
"Şəkər oğulun şikəstəsi"ni
oxutdular. Sonra Cabbar Qaryağdıoğlu səhnəyə
qalxıb Seyidi bağrına basaraq, gözləri
yaşarmış halda dedi: "Camaat! İndi mən ölsəm
də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid
vardır". Sonrakı çıxışlarının
birində isə Cabbar Seyidin oxumağından riqqətlənərək
öz qavalını ona bağışlamışdı və
onu Şərq musiqisinin incisi adlandırmışdır. Bəlkə
də "2-ci xanəndə" adlandırılması bundan
irəli gəlir...
Musiqi təhsili...
O gündən Seyidin şöhrəti
artır, onun cazibəli səsini dinləməyə hamı
can atırdı. Əmisi Məşədi Seyidəli Seyidin
toylarda oxumasına icazə vermirdi ki, o hələ
uşaqdır, Seyid xanəndəlik etməkdən əvvəl,
musiqi aləminin sirlərini öyrənməlidir. Ona görə
klassik Şərq muğamlarını və xalq musiqisini dərindən
öyrənmək üçün Seyidəli gənc Seyidi Nəvvabın
yanına aparır. Seyid Nəvvabın hücrəsində iki
ildən artıq musiqi təhsili alır. 1910-cu ildə Nəvvab
gənc Seyidə şənliklərdə, musiqi məclislərində
oxumasını məsləhət görür.
Tanınması...
Seyid 1911-ci ilədək
Şuşada yaşayır. Həmin il Seyid toy məclislərinin
birində Məşədi Cəmil Əmirovla tanış
olur (Fikrət Əmirovun atası ilə). Məşədi Cəmil
onun ifasını bəyənir və özüylə Gəncəyə
aparır. "Ağa" gəncəlilərin də
sevimlisinə çevrilir. Şəhərin "Tehran"
otelində yaşayan xanəndə o qədər məşhurlaşır
ki, onu Tiflisə çağırırlar. Və Tiflisə
köçərək, 1919-cu ilədək orada
yaşayır. O zamanlar Tiflis Qafqazda mədəni həyatın
mərkəzi sayılırdı. 22 yaşlı xanəndə
bu həyata həvəslə qatılır: teatrlara gedir,
tamaşalararası fasilələrdə konsertlər verir. Tiflisdə
ilk çıxışını "Obşestvennıye
sabraniye" klubunda etmişdir. Seyid Şuşinski buradakı
soydaşlarına "Cıdır düzü"ndə maddi
yardım da göstərir.
(Davamı
var)
Şərq.-
2011.- 30 mart.- S. 11.