Gizli
faktların üzərinə işıq düşdü
Akif Aşırlının yeni
kitabı 31 mart soyqırımının qaranlıq səhifələrindən
bəhs edir
31 mart - Azərbaycanlıların
Soyqırımı Gününün ildönümü ərəfəsində
"Şərq" qəzetinin baş redaktoru Akif
Aşırlının "31 mart soyqırımı:
1918-1920-ci illər mətbuatında" kitabı işıq
üzü gördü. Əslində,
kitabın adı mahiyyətini açıqlayır. Milli mətbuatımızdan
gətirilən nümunələrlə zəngin olan
kitabın dəyərini daha da artıransa indiyədək Azərbaycan
ictimaiyyətinə bəlli olmayan faktların üzə
çıxarılaraq nəşrə daxil edilməsidir. Kitabda soyqırım hadisəsi ilə bağlı o
zamanın "Azərbaycan", "İstiqlal",
"Hümmət" kimi mətbu orqanlarında verilmiş
materiallarla yanaşı, 1918-ci ildə Tiflisdə nəşr
olunan "Qardaş qayğısı" qəzetində
çap olunmuş məqalələr də ərəb
qrafikasından müasir əlifbaya çevrilərək
oxuculara təqdim edilir. "Qardaş
qayğısı" qəzetinin nəşri haqqında,
ümumiyyətlə, indiyədək heç bir bilgi
olmayıb.
Bu qəzetin
adı ilk dəfədir
ki, mətbuat
tariximizə daxil edilir. Diqqətə
layiq digər məqamsa əslən Maştağadan olan
Seyidağa Axundzadə adlı şəxsin əski əlifba
ilə yazdığı və 1919-cu ildə "Turan" mətbəəsində
çap olunmuş "Mart hadisəsi 1918..." adlı
kitabının müəllif tərəfindən müasir əlifbaya
çevrilərək kitaba daxil edilməsidir.
Dünən
Beynəlxalq Mətbuat
Mərkəzində
Akif Aşırlının
kitabının
təqdimat mərasiminə
toplaşanlar da
kitabın dəyərindən
danışarkən
bu faktlara xüsusi
diqqət yönəltdilər.
Tədbirin
aparıcısı, "525-ci qəzet"in baş redaktoru Rəşad
Məcid qeyd etdi ki, A.Aşırlı baş redaktorluq fəaliyyəti
ilə bahəm bir neçə kitaba müəlliflik edib. Bu
kitablar Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə
edib. Onların arasında "Qafqaz İslam
Ordusu", "Türkün Xocalı
soyqırımı", millət vəkili Qənirə
Paşayeva ilə həmmüəllif olduğu "Ermənilərin
törətdiyi soyqırımın qurbanı - Bağanıs
Ayrım" kitabları Azərbaycan tarixinin həm
şanlı səhifələri, həm də məruz
qaldığımız faciələr, 2 cildlik "Azərbaycan
mətbuatı tarixi" kitabı isə milli və sonrakı
sovet mətbuatı tarixi ilə bağlı ciddi
araşdırmalardır. R.Məcid
A.Aşırlının Azərbaycan xalqına qarşı
ermənilərin 1918-ci ildə törətdiyi soyqırıma
dair indiyədək ictimaiyyətə məlum olmayan
materialları üzə çıxarıb müasir əlifbaya
çevirərək nəşr etdirməsini çox
faydalı bir iş adlandırdı.
Danışmaq üçün söz alan millət
vəkili Qənirə Paşayeva Azərbaycan vətəndaşları
qarşısında duran ən önəmli vəzifənin
ermənilər tərəfindən xalqımıza
qarşı zaman-zaman törədilmiş
soyqırımların beynəlxalq ictimaiyyətə
çatdırılması olduğunu dedi:
- Bu
iş bir neçə aspektdən önəmlidir. Birincisi,
insanlarımız soyqırıma məruz qalıblar. Bunu
törədənlərin tarix qarşısında cavab vermələri
üçün bu faktlar beynəlxalq ictimaiyyətə
çatdırılmalıdır. Beynəlxalq
ictimaiyyət bunu bilməlidir. İkincisi, bu faktların beynəlxalq
ictimaiyyətə çatdırılması 20-ci əsrin
sonlarında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalının əsasında nəyin
dayandığını daha yaxşı anlamağa kömək
edər. Biz bu faktları anlatmalıyıq ki, ermənilərin
mahiyyəti üzə çıxsın. Və Dağlıq
Qarabağ münaqişəsinin köklərinə də
işıq salınsın. Soyqırım faktlarının
üzə çıxarılması və beynəlxalq aləmə
tanıdılması prosesin köklərinin geniş şəkildə
aydınladılması üçün çox vacibdir. Hesab
edirəm ki, Akif Aşırlının kitabı bu sahədə
geniş bilgi verən bir vasitədir. Həmin dövrün mətbuat
tarixi də indiyədək ciddi araşdırılmayıb.
Amma bu kitabdan görünür ki, o dövrə aid çox
qiymətli faktlar həmin dövr mətbuatının səhifələrindədir.
Məsələn, cümhuriyyət dövründə fəaliyyət
göstərmiş Fövqəladə İstintaq
Komissiyasının işi barədə materiallar o
dövrün mətbuatında əksini tapıb və onlar da
kitaba salınıb. Bunlar çox dəyərli
materiallardır.
Millət
vəkili kitabın, o cümlədən soyqırım
tariximizin Azərbaycan oxucusuna tanıdılmasının
vacibliyini də vurğuladı:
- Bu
kitab ilk öncə
Azərbaycan oxucusuna lazımdır. Çünki
sovet dönəmində tariximiz təhrif olunub. Mən təklif
edirəm ki, kitabın məhdud tirajda qalmaması
üçün iş adamları dəstək versin, kitab
geniş tirajla çap olunsun, orta məktəblərə, ali
məktəblərə dərs vəsaiti kimi paylansın.
Kitabın elektron variantını hazırlamaq, rus və ingilis
dillərinə tərcümə edib yaymaq lazımdır.
Yeni kitabın işıq üzü görməsi
münasibətilə A.Aşırlını təbrik edən
millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan mətbuatının
parlaq bir dövrünün öyrənilməməsindən və
Bakıda hələ də soyqırım muzeyinin
yaradılmamasından narazılığını
bildirdi:
- Cümhuriyyət
dövrü mətbuatından
danışarkən
təəssüf
ki, ancaq "Molla
Nəsrəddin",
"Füyuzat" kimi
nəşrlərlə
bağlı araşdırmaların
olduğunu görürük. Mən bu kitaba baxıram və görürəm ki,
digər mətbuat orqanlarında bizim çox dəyərli
ziyalılarımız, həmin dövrün çox məşhur
müəllifləri məqalələrlə
çıxış ediblər. Öz gözləri ilə
gördükləri hadisələri qələmə
alıblar. Bunu təkzib etmək mümkün deyil. Təəssüf
ki, mətbuatımızın 20-ci əsrin əvvəllərindəki
çox parlaq bir dövrü sonadək öyrənilməyib.
Təkcə, "Baku", "Kaspi" qəzetlərində
1901-1902-ci illərdə Əhməd Ağaoğlunun biri-birindən
dəyərli 10-larla yazısı var. Heç birindən xəbərimiz
yoxdu. Bunların hamısını yenidən
müasir əlifba ilə çap etdirmək lazımdır.
Çünki, bu mənim şəxsi fikrimdir, ovaxtkı
ziyalılarımız milli məsələlərə
münasibətdə və vicdan məsələsində
indiki ziyalılara nisbətən qat-qat dürüst idilər
və hadisələrə yanaşma tərzləri də
daha doğru idi. Ötən əsrdə 1905-07-ci illərdən
başlayaraq ermənilər millətimizə qarşı qətliamlar
törədib. Biz də həmin tarixləri matəm edə-edə,
danışa-danışa öz yerimizdə sayırıq. 18
ildir biz deyirik, niyə indiyədək Bakıda bir
soyqırım muzeyi yoxdur? Daşkənddə belə muzey var.
Orada I Pyotrun zamanında özbək xalqının
başına gətirilən zülmlər xronologiya ilə əksini
tapıb. Görün, Türkmənistanda necə Səlcuq
muzeyi tikiblər?! Ancaq görünür, Bakıda bəzi
qüvvələrin bir erməni sevgisi var ki, belə bir muzeyin
yaranmasına imkan vermir. Azərbaycan tarixi muzeyi 14 il
bağlı qaldı. Biz aləmə tariximizdən
danışırıq, gələn qonaqlara tariximizi göstərə
bilmirik. Tarix muzeyimiz hələ də Hacı Zeynalabdin
Tağıyevin evində fəaliyyət göstərir. Deməli,
bizim içimizdə buna mane olan qüvvələr var. Bizim mətbuatımız
da, jurnalistikamız da bu məsələlərdə bir qədər
hücumçu mövqedə dayanmalıdır. Hesab edirəm
ki, Azərbaycan jurnalistikası gələcəyi düşünməlidir.
Bizim 35 milyonumuz o biri tərəfdədir. Güney Azərbaycan
mətbuatını oxuya bilən neçə jurnalistimiz var?
Neçəmiz ərəb əlifbasını bilirik?
Bütün saytları avtomatik ərəb əlifbasına
çevirmək imkanı var. Jurnalistlərimiz
kompyuterlərinə o proqramları qoysun, qoy yazıları
Güneydəki soydaşlarımız da oxusun. Güneydə gedən
prosesləri özü izləyə bilsin.
Millət
vəkili Fazil
Mustafa başımıza
gətirilən
müsibətlərin
təşkilatlanmamış xalqın
təşkilatlanmış hərbi
qüvvələrlə
üz-üzə qalmasından
irəli gəldiyini
söylədi:
- Bu,
20-ci əsrin əvvəllərində belə olub, əsrin
sonlarında da belə oldu. Bizim məğlubiyyətimizin əsasını
bu təşkil edib. Qarabağ hadisələri zamanı da eyni
səhvlər olub. Bu, ibrət götürülməli bir
tarixdir. Bu gün Şəhidlər Xiyabanımız var. Amma
Şəhidlər Xiyabanını ziyarət
edənlər kimə nifrət edilməli olduğunu bilmir.
Bizim qəzəbimizin, nifrətimizin konkret hədəfi yoxdur.
Bu, təbliğat nöqteyi-nəzərindən çox da
uğurlu siyasət deyil. Hədəfi konkretləşdirmək
lazımdır. Soyqırım muzeyi ona görə
lazımdır ki, orada Türkmənçay müqaviləsindən
bu yana baş vermiş hadisələr və Azərbaycan
türklərinə qarşı törədilmiş cinayətlər
göstərilsin. Həm də təkcə Azərbaycanın
şimalında yox, Güneyindəki hadisələr də əksini
tapmalıdır. Çünki həmin dövrdə Azərbaycanın
güneyində də qətliamlar törədilib.
Kitabın elmi redaktoru, BDU-nun jurnalistika fakültəsinin
jurnalistika nəzəriyyəsi və təcrübəsi
kafedrasının müdiri, professor Cahangir Məmmədli Azərbaycan
mətbuat tarixi məktəbinin formalaşmaqda olmasını
vurğuladı:
- Bu
gün nə
qədər
gileylənsək
də, Azərbaycan
mətbuat tarixi
məktəbi
yaranmış və formalaşmaqdadır. Mətbuat
tariximizə bir vətəndaşlıq mövqeyi gəlib.
BDU-nun professoru Şirməmməd Hüseynovun
yaratdığı məktəb var. Şirməmməd müəllim
klassik jurnalistikamızdakı ən maraqlı yazılara izah
verməklə yenidən nəşr etdirib. Bu sahədə
Akif Aşırlının da çox böyük fəaliyyəti
var və bu fəaliyyət artıq bir təcrübəyə
çevrilməkdədir. Akif Aşırlı Azərbaycan mətbuat
tarixinin dərsliyini yaradıb. Düzdü, o,
iki hissədən ibarət "Azərbaycan mətbuatı
tarixi" kitabının üzərinə "dərslik"
yazmayıb, amma 1875-ci ildən 1990-cı illərin əvvəllərinədək
olan dövrü bütün əhatə edib və bu gün
jurnalistika fakültəsində dərslik kimi istifadə
olunur. Mən ilk növbədə buna görə Akif
Aşırlıya təşəkkür edirəm. 31 mart
soyqırımı hadisəsindən bizi 2 gün (1 gün
-red) ayırır. Bu gün burada deyilənlər sabah mətbuat
səhifələrinə çıxacaq və
soyqırımın nə olduğunu xalqa
çatdırmış olacaq. Bu baxımdan kitabın məhz
bu ərəfədə nəşr olunması böyük əhəmiyyət
kəsb edir. Hesab edirəm ki, bu kitab da jurnalistika fakültəsində
dərs vəsaiti səviyyəsində tədris olunmağa
layiqdir. Akif Aşırlı belə bir kitab nəşr etməklə
böyük vətəndaşlıq işi görüb. Buna
görə mən onu bağrıma basıram, təbrik edirəm.
Professor Musa Qasımlı
da belə bir
əhəmiyyətli
nəşr ortaya
qoyduğuna görə
A.Aşırlıya
təşəkkürünü
bildirdi:
- Akif
müəllimi gərgin əməyinin nəticəsi olan bu
kitab münasibətilə təbrik edirəm. Akif
Aşırlı bu materialları üzə çıxaran
bir şəxsdir. 1988-ci ilə qədər bu materialları
oxumağa icazə vermirdilər. Arxivdən kimsə onları
ala bilməzdi. Amma Akif Aşırlı arxivə gedib, tədqiqat
aparıb və indiyədək gizli qalan bu faktları ortaya
çıxarıb. Bu məsələ ilə bağlı bir
neçə detalı vurğulmaq istəyirəm. Ermənilərin
Azərbaycan xalqına qarşı törətdiyi
soyqırımların coğrafiyası çox genişdir.
Şərqi Anadolu, Azərbaycanın güneyi, İrəvan
quberniyası, Borçalı və nəhayət, Azərbaycan
Respublikasının indiki ərazisidir. Arxiv sənədlərinə
baxanda soyqırım qurbanlarının sayı bolşevik sənədlərində
3 min, bizim arxivlərdə 8-10-11-12-15 min, ingilis-amerikan sənədlərində
isə 25-30 min göstərilir. Nəyə görə
Bakıda törədilib soyqırım? Məqsəd nə
idi? Ona görə ki, Azərbaycan müstəqil olmasın,
Bakı Azərbaycanın paytaxtı olmasın. Amma məqsədlərinə
çatmadılar. Martda soyqırım törədildi, mayda Azərbaycan
istiqlaliyyəti elan edildi. Qarabağ hadisələrində də
məqsəd Azərbaycanın müstəqilliyinə əngəl
törətmək idi, amma yenə də məqsədlərinə
çatmadılar. Bizim mart ayından alacağımız ibrət
dərsləri çoxdur. Biz bu məsələləri ciddi
şəkildə araşdırmalıyıq. Tarixdən
söz düşəndə boş danışmağın mənası
yoxdur. Tarixdə danışan fakt, material və məntiqdir.
Bu kitabda da fakt, material, məntiq danışır. Bu kitabdan
da çıxan məntiq budur ki, xalqımıza qarşı
nə zaman bədxah, düşmən siyasət
yürüdülüb, buna baxmayaraq biz qalib
çıxmışıq, baxmayaraq ki, zədələnmişik.
Millət
vəkili, Milli
Dirçəliş Hərəkatının
rəhbəri
Fərəc
Quliyev isə bildirdi ki, təşəkkürə
qalsa, gərək
"Şərq" qəzetinin
timsalında Akif
Aşırlıya
hər gün
təşəkkür
edilsin:
-
Çünki bu qəzet hər gün Azərbaycan davası
aparır, Bütöv Azərbaycan məsələsini qoyur.
Biz hadisələrə qiymət verəndə ermənilərin
nə istədiyini müəyyənləşdirməliyik. Ermənilərin
Böyük Ermənistan strategiyası haqqında
hamımız bilirik. Azərbaycan torpaqlarının
işğalı, Qarabağ münaqişəsi, bu gün ermənilərin
Türkiyəyə qarşı torpaq iddiası bu
strategiyanın tərkib hissəsidir. Günün birində
biz Azərbaycan türkləri ayağa qalxıb status-kvonun bərpasını
tələb edəndə dünya ictimaiyyəti
çaşmasın deyə, bu tip məsələlərin
ortada olması lazımdır. Bu nədir: İtirilmiş
tarixin bərpası, hadisələri qeydə alan tarixçilərin
əsərlərini ortaya çıxarmaq. Tarixi hadisələr,
o cümlədən bu gün də baş verənlər
sistemli şəkildə gerçək tarix olaraq
yazılmalıdır. Akif Aşırlı bu kitabı vasitəsilə
məhz 1918-ci il soyqırımı haqqında bilmədiyimiz,
indiyədək gizli qalmış faktları ortaya qoyub.
Tariximizin bərpası üçün bizə məhz belə
kitablar lazımdır.
Qeyd edək ki, təqdimat mərasimində
"Olaylar" İnformasiya Agentliyinin direktoru Yunus Oğuz,
"Azərbaycan" qəzetinin baş redaktoru Hikmət
Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə, tədqiqatçı-jurnalist Səriyyə
Müslümqızı, BDU-nun jurnalistika fakültəsinin
dosenti Akif Rüstəmov da iştirak edirdilər. Lakin vaxt məhdudluğundan fikir bildirmək
imkanları olmadı. Sonda müəllif 1918-ci ildə
insanlarımızla yanaşı həm də milli mətbuatımıza
qarşı soyqırım aktı törədildiyini
vurğulayaraq 31 martı eyni zamanda mətbuatımızın
soyqırımı günü kimi qiymətləndirdiyini dedi
və mərasimə toplaşanlara öz təşəkkürünü
bildirdi.
Məlahət Rzayeva
Şərq.-
2011.- 30 mart.- S. 3.