Seyid Şuşinski

 

  Fikrət Əmirov onu xalq musiqimizin çırpınan ürəyi adlandırmışdı

 

   Xeyriyyəçi kimi fəaliyyəti...

 

   1912-ci ildə "Molla Nəsrəddin" dərgisinin naşiri Mirzə Cəlilin, Əlimirzə Nərimanovun, Yusifbəy Tahirovun təşəbbüsü və Seyid Şuşinskinin şəxsən yaxından köməyi ilə Tiflisin azərbaycanlılar yaşayan məhəlləsində - Şeytanbazarda "Auditoriya" adlı klub açılır. Klubun açılışı günü Seyid Şuşinski tarzən Məşədi Zeynalın müşayiəti ilə "Mahur" oxumuşdur. Konsertdə əldə edilən pulun hamısını Seyid kluba vermişdir. "Auditoriya" klubu da Seyid Şuşinskinin maddi yardımı nəticəsində açılmışdır. Seyid Şuşinski eyni zamanda bu klubun nəzdindəki Müsəlman Dram Cəmiyyətinin aktyorlarına da yardım əlini uzadır. Ən maraqlısı da odur ki, İbn-Salam, Əsgər, Sərvər obrazlarını yaradır və bu rollarına görə pul almaqdan imtina edir. Yenə də yoxsul sənətçilərin xeyrinə...

   Mirzə Cəlil 1913-cü ildə aktyor Hacağa Abbasova belə söyləyib: "Hacağa, son 2 ayda jurnalımız çıxmırdı. Yaxşı ki, Seyid Batumdan gəldi "Molla Nəsrəddin"in pulunu verdi... Dübarə, mənə 200 manat da qızıl pul göndərdi".

   Seyid Şuşinski varlı adam olub. Elə Bakı aktyorları da pulsuzlayanda Tiflisə gedər "Ağa"nın səxavətindən yararlanarmışlar. O, paltarı olmayana geyim alar, qarnını doyurar, Bakıya qayıdanda da hər birinə hədiyyə yolxərci verərmiş.

  

   Dövrünün ən dəbdə olan xanəndəsi kimi...

 

   Tiflis məclislərində pul bir yana, Seyidin başına daş-qaş yağdırılarmış. Onun oxumağından bayılan gözəllər brilyant üzüklərini çıxarıb Seyidin qavalına atarmışlar. Gənc xanəndə hətta məclislərdən birində oxuyanda onun başına (gün vurmasın deyə) üstündə rus çarının şəkli olan beşyüzlük əskinaslardan papaq qoyublarmış. Qurban Pirimov Seyid haqqında xatirələrində bu barədə belə yazır: "Seyidlə Şuşanın Mirzələr kəndində toyda idik. Hava isti idi. Seyid oxuyandan sonra üstündə rus çarının şəkli olan bir neçə palazqulaq beşyüzlükdən ona şlyapa düzəldib, papağın əvəzinə başına qoyub dedilər:  

    - Ağa, hava istidir. Bu kağız şlyapanı qoy ki, sərin olsun".  

    O, Qafqaz canişininin "Saray müğənnisi" olmaqla yanaşı, həm şəxsi restoran, mehmanxana sahibi idi. Hətta "Mersedes" markalı avtomobili vardı. Seyid öz dövrünün dəbdə olan xanəndəsi idi.

   O vaxtlar Bakının teatr truppaları Tiflisə qastrola gələrmişlər. Belə səfərlərin birində Seyid Azərbaycan səhnəsinin əfsanəsi Hüseyn Ərəblinski ilə tanış olur. Bu tanışlıq dostluğa çevrilir. Həmin dostluqla Tiflisdə gerçəkləşdirilən "Şərq konsertləri"nin təməli qoyulur. Seyid bu konsertlərə frakda çıxırmış. Firudin Şuşinski xatirələrində yazır ki, "Seyid Şuşinski ilk dəfə əynində frak kostyum, ipək köynək, əllərində əlcək, cibində ipək dəsmal, döşündə qızıl medalyon, boynunda qara bant səhnəyə çıxanda tamaşaçıları heyrət bürümüşdü". Hüseyn Ərəblinski Seyidi daha bir "ilk"ə həvəsləndirib: tar kamançasız, fortepianonun müşayiətilə ayaq üstündə "Bayatı-İsfahan" oxumağa!..

 

 Yaradıcılığı...

 

   Seyid Şuşinski yaradıcılığını milli vokal sənətinin zənginləşməsinə sərf etmişdir.

   Azərbaycan musiqisinin xalq mahnılarının təbliği sahəsində Seyid Şuşinskinin xidməti böyükdür. Onun 1933-cü ildə təşkil etdiyi "Şərq musiqi ansamblı" ilə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində verdikləri konsertlər alqışlarla qarşılanmışdır.

   S.Şuşinski klassik, Şərq Azərbaycan muğamlarının incəliklərinə dərindən bələd olan xanəndə idi. Onun gözəl şaqraq zəngulələri (burunda dişdə oxumaq) uzun nəfəsləri dinləyiciləri valeh etmişdir. Üzeyir Hacıbəyov Seyid Şuşinskini nadir istedadlı xanəndə adlandırmışdır.

    Seyid Şuşinski yenilik axtaran sənətkar idi. O, bir çox muğamlara yeni guşələr, xallar, nəfəslər, hətta hissələr əlavə etmişdir. "Rast" "Kürdü-Şahnaz" muğamlarının "Dilkeş" hissəsini dinləyicilərinə ilk dəfə çatdıran Seyid olmuşdur. Böyük sənətkar həm bir çox muğamları birləşdirib oxumuşdur, Cabbar Qaryağdıoğlunun yolunu muğamdan-muğama keçmə (modulyasiya) üsulunu öz yaradıcılığında uğurla tətbiq etmişdir.

   Seyid Şuşinski Mirzə Cəlil, Əbdülrəhimbəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi.  

    Fikrət Əmirov ilk dəfə yaratdığı dünyada şöhrət qazandığı "Şur" "Kürdi-Ovşarı" simfonik muğamlarını yazarkən, Seyid Şuşinskinin məsləhətçi kimi ona böyük köməyi olmuşdu. Fikrət Əmirov Seyid Şuşinskini xalq musiqimizin çırpınan ürəyi adlandırırdı. Eyni zamanda, Niyazinin "Rast" simfonik muğamlarının yaranmasında yaxından köməklik göstərmişdir.

   Seyid Şuşinskinin oxuduğu "Cahargah", "Nəva", "Bayatı-İsfahan", "Hümayun", "Rast", "Mahur", "Zabul", "Kürdü-Şahnaz", "Mirzə Hüseyn segahı", "Mani", "Arazbari", "Mənsuriyyə" muğamları böyük rəğbətlə qarşılanmışdır.

   1963-cü ildə, 74 yaşında onun "Heyratı", "Mani", "Arazbarı", muğamlarını zil səslə oxuması hər xanəndəyə nəsib olmayan ustalıqdır. 

   Onun oxuduğu muğamlar içərisində "Çahargah" xüsusi yer tutur. Seyid Şuşinski novator xanəndə idi. O, "Cahargah"ın müqəddiməsini başlayarkən, muğamı "maye"sindən, yəni "Cöhrəvi" hissəsindən yox, məhz muğamın səkkizinci hissəsi olan "Mənsuriyyə" üstündə zildən 10-15 dəqiqə "Bərdaşt" etdikdən sonra muğamın "maye"sinə qayıtmışdır. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74-ü ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu.

  

   Populyarlaşdırdığı şairlər...

  

   Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini "Segah" üstündə oxuyarmış. ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub ilham alırlar.

 

  Müəllim kimi fəaliyyəti...

  

   Seyid Şuşinski, 1926-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına dəvət olunur. Cabbar Qaryağdıoğlu Keçəçioğlu Məhəmməd ilə birlikdə yeni açılmış xanəndəlik sinfində müəllim işləyir.

   Seyid Şuşinski Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik etdiyi illərdə (1926-1933) gənc sənətkarların musiqi təhsili ilə yaxından məşğul olmaqla bərabər, həm Bakının musiqi həyatında da səmərəli fəaliyyət göstərmişdir.

   Böyük sənətkar Seyid Şuşinski görkəmli pedaqoq kimi Zülfü Adıgözəlov, Xan Şuşinski, Həqiqət Rzayeva, Əlibaba Məmmədov, İslam Rzayev, Yaqub Məmmədov, Rübabə Muradova başqalarının xanəndə kimi yetişməsində böyük əməyi olmuşdur.

   O, kommunistlər dövründə belini bükməyib. Firudin Şuşinski yazır: "Əynində İndiqodan tikilmiş paltar, qara ipək köynək, başında gümüşü papaq ("heyvaçiçəyi"), əlində əlcək fil sümüyündən hazırlanmış əsa olub" . Repressiyanın şıdırğı çağlarında - 1933-38-ci illərdə Füzuli rayon Dövlət Dram Teatrının bədii rəhbəri kimi çalışıb. Sonra 1939-1960-cı illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, ömrünün son illərində isə Opera Balet Teatrında muğam operalarının məsləhətçisi işləmişdir.

  

   Bakı həyatı...

 

   Seyid Şuşinski 1919-cu ildən sonra ömrünün sonunadək Bakıda yaşayıb. Ancaq buna qədər bir dəfə bu neft şəhərinə gəlibmiş - 1916-cı ildə. Həmin il Tağıyev Teatrında "Ölülər" tamaşası gedirmiş. Fasilədə Seyid "Qatar oxuyub. Üstəlik, elə oxuyub ki, tamaşalarda həmişə şuluqluq salan qoçular quzuya dönüblər. 3 il sonra həyatının Bakı dönəmi başlayıb. Bu dönəm Seyidin dünyasını dəyişdiyi 1965-ci ilədək, düz 46 il çəkib. Bakını bakılıları çox sevib. Onlardan da eyni sayğı-sevgini görüb.

  

   Vəfatı...

  

   Seyid Şuşinski 1965-ci ildə vəfat edib. "Kommunist" qəzeti çap etdiyi nekroloqda yazmışdı: "Qocaman xanəndəmiz, qayğıkeş müəllim, son dərəcə təvazökar bir insan - Seyid Şuşinski vəfat etmişdir. O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr etmiş, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olmuş, Yaxın Orta Şərqdə şöhrət tapmışdır".

  

 

  Şərq.- 2011.- 31 mart.- S. 11.