Dulusçuluq

 

Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlayan peşə

 

(Əvvəli ötən sayımızda) 

 

Qarabağda dulusçuluq sənəti xüsusi inkişaf mərhələsi keçmişdir. Sadə və boyalı qablar dulusçuluq sənətində olan uğurlardan xəbər verir. Boyalı qabların vətəni Naxçıvan sayılsa da Qarabağda orta tunc dövrü abidələrindən bu qablar əldə olunmuşdur.

Üzərliktəpədə bir qisim qablar qara rəngli, yaxşı bişirilmiş, üzəri süyrələnmiş, həndəsi naxışlarla bəzədilmiş zərif rəngli boyalı qablardır ki, onlar açıq qırmızı olub, üzəri qara rəngli boya ilə bəzədilmişdir. Üçüncü qrup isə kobud mətbəxt qablarıdır.  

K.X.Kuşnaryeva orta tunc dövrü mədəniyyətinin yayılma areallarından bəhs edərkən ("Sevano-Uzerlikskayə kultura perioda sredney bronzı na territorii Yujnoqo Kavkaza, 1985") yanlış olaraq Üzərliktəpə yaşayış yerini xronoliji cəhətdən Göycə (Sevan) abidələrindən sonra verir. "Sevan-Üzərlik" mədəniyyəti adı altında Qarabağın orta tunc dövrü mədəniyyətini yerli hesab etmir və səhv olaraq Sevan bölgəsindən gəlmə sayılır. Lakin bu fikri diqqətə çatdırmaq istərdim ki, Göycə (Sevan) gölü ətrafındakı yaylaqlar qədim Qarabağın maldar tayfalarının əsas otlaq yerləri olmuşdur.

Qarabağın oturaq əkinçi-maldar tayfalarına məxsus "Üzərliktəpə mədəniyyəti" bu dağlıq ərazidə də yayılmışdır. Bu iki ərazinin - Mil-Qarabağ və Göycə mahalının orta tunc dövrü mədəniyyətinin yaxınlığından, qohumluğundan bəhs etmək lazım gələrsə, onda ümumilikdə bu mədəniyyəti "Üzərliktəpə-Göycə (Sevan) mədəniyyəti" adlandırmaq elmi cəhətdən daha doğru olardı.  

Boyalı qabların hazırlanma texnikası maraqlı cəhətidir. Dulusçular sadə qablara nisbətən boyalı qablar üçün ən yüksək keyfiyyətli, odadavamlı gil seçmişlər. Qabların gilinə narın qum qataraq yaxşı yoğrulmuş, çox simmetrik və nazik divarlı hazırlanmışlar. Yaxşı bişirildiyi üçün qırmızı rəngdə olmuşlar.

Boyalı qablar mədəniyyətinin tədqiqatçısı V.H.Əliyev abidələrinin stratiqrafiyası və onlarla birlikdə əldə edilmiş materialların təhlili əsasında Azərbaycanda boyalı qablar mədəniyyətinin tunc dövründən dəmir dövrünün əvvəllərinədək dörd inkişaf mərhələsindən keçdiyini göstərmişdir. O, Üzərliktəpə boyalı qablarını birinci mərhələyə aid etmişdi. Onun fikrincə ilk, orta tunc dövründə hazırlanmış boyalı qablar forma və naxışlarının motivinə görə bəsit olub son tunc dövrünün boyalı qablarından fərqlənirlər. Bu qablar monoxrom (birrəngli) naxışlıdır. Onların üzəri qırmızı anqobla örtülmüş, gövdəsinin yuxarı hissəsi motivlərlə, nazik xətlərlə simmetrik naxışlanmışdır. Demək olar ki, boyalı qablar forma və naxışlarına görə bir növ sadə qabları təkrar edir.  

Boyalı qabların ilkin yaranma ocağı tədqiqatçıları daim maraqlandırmışdı. O.H.Həbibullayev boyalı qabların Naxçıvan ərazisində İran mədəniyyətinin təsiri nəticəsində yarandığını, B.A.Kuftinin Cənubi Qafqazın boyalı qablarının İran və Mesopotamiyanın boyalı qablarından sonra gəldiyini və bu əraziyə Cənubi Mesopotamiyadan keçdiyini, və H.Əliyev Naxçıvanın İran və Yaxın Şərq ərazisinə yaxın olduğundan, boyalı qablar ilk dəfə burada inkişaf etdiyini və tayfalararası mübadilə nəticəsində Cənubi Qafqazın digər rayonlarına yayıldığını göstərmişdir.  

B.Braunun fikrinə nəzər salaq. Onun fikrincə hər bir ərazinin sadə cilalı keramikasının yerli variantlarının özünəməxsus xüsusiyyətləri olub, başqa ərazilərdən fərqlənir. Sadə gil qabların meydana çıxdığı ərazi Azərbaycan, Gürcüstan ərazisidir. Azərbaycan bu mədəniyyəti qəbul edən yox, yayan bir mərkəz olmuşdu. Belə olan halda həm Naxçıvanda, həm də Qarabağda dulusçuluq mərkəzlərində, ocaqlarında sadə qabları təkrar edən, yerli istehsal xüsusiyyətləri daşıyan qablar - boyalı qabların istehsalı labüddür.

Tədqiqatlar nəticəsində Üzərliktəpə tipli qab nümunələri Qaraköpəktəpədən, Günəştəpə, Kültəpə, Xantəpə, Uzuntəpədən də əldə edilmişdir. Quruçay və Köndələnçay vadisindəki bu orta tunc dövrü abidələrindən qara və boz cilalı qablarla yanaşı boyalı qab nümunələri toplanmışdı. Belə qablardakı naxışlar əsasən həndəsi formalarda - paralel, düz, dalğavari xətlərdən, bucaq və üçbucaqlardan, spirallardan ibarətdi.

Tədqiqatçı Q.S.İsmayılovun fikrincə əgər bu ərazidəki abidələrdə boyalı qablar dulus məmulatının çox hissəsini təşkil edirsə, çox güman ki, bu cür qabların istehsal ocağı Naxçıvan ərazisində olmuş və yalnız tayfalararası iqtisadi-mədəni əlaqələr nəticəsində Araz vadisi boyunca Quruçay, Köndələnçay vadisinə daxil olmuşdu. Mil-Qarabağ düzündəki, eləcə də Quruçay və Köndələnçay vadisindəki orta tunc dövrü yaşayış yerləri üçün isə əksinə daha çox boz və qara cilalı, xüsusi naxışlı qablar xas olmuşdur. Güman ki, bu qablar eyni yolla Naxçıvana aparılmşdı.

Qarabağın digər abidələrində Çinartəpə, Rəsultəpə, Göytəpə, Toxmaqtəpə, Nərgiztəpə, Ağtəpə, Düyütəpəsi abidələrindən də Üzərliktəpə tipli boyalı keramika əldə olunmuşdu. Bu abidələr içərisində Çinartəpə keramikası xüsusilə seçilir. Buradan toplanmış boyalı qablar yüksək keyfiyyətli, narın gildən hazırlanmış qırmızı rəngli, simmetrik quruluşlu, səthi cilalanmış küpələrdən ibarətdir. Bəzi qabların gilinin tərkibində qızılı rəngli zərrəciklər qarışığı vardır. Boyalı qabların naxışları qırmızı fonda, qara rəngli boya ilə çəkilmiş paralel enli xətlərdən ibarətdir. Əksər qablarda boğaz və çiyin hissə naxışlanmışdı.

Belə nəticəyə gəlmək mümkündür ki, Qarabağda mədəni inkişaf zəminində dulusçuluq sənətinin inkişafında xüsusi yüksəliş olmuş və dulusçuluq sahəsində istehsal ocaqları mövcud olmuşdu.

V.H.Əliyev boyalı qablar istehsalını qədim şəhər mədəniyyətinin mühüm xüsusiyyətlətindən biri hesab edir. Üzərliktəpə, Çinartəpə və Qaraköpəktəpə qədim mədəniyyət ocaqları bu cəhətdən seçilirlər.

Ətrafı çiy kərpic və kontrforslarla əhatələnmiş Üzərliktəpə və ətrafı daş divarlarla müdafiə olunan Qaraköpəktəpə yaşayış məskənlərində iqtisadiyyatın və mədəniyyətin inkişafı sayəsində e.ə.II minilliyin I yarısında ilkin şəhər mədəniyyəti formalaşmışdı. Bu mədəniyyətin formalaşması üçün güclü zəmin mövcud idi.

 

 Sual yaranır. Qarabağda bu mədəniyyəti kimlər yaratmışdı?

 

E.ə. III minilliyin sonlarında Kür-Araz mədəniyyəti tayfaları iqtisadi cəhətdən xeyli varlanmış və onlar tayfa ittifaqları halında müəyyən ərazilərdə birləşmişlər. Bu hal - Üzərliktəpə, həm də Qaraköpəktəpə yaşayış yerlərində izlənmişdir. Üzərliktəpə qədim yaşayış yerinin son dövrlərində əhalinin sayı xeyli artmış, onların bir qismi müdafiə divarlarından xaricdə yaşamışlar.

Məhsuldar qüvvələrin inkişafındakı böyük irəliləyiş nəsli qəbilə icmalarının quruluşunda da dəyişiiliklər yaratmışdı. Bu mərhələdə əvvəlki qəbilə icmaları əsasında böyük birləşmələr - tayfa ittifaqları meydana gəlmişdi. Buna müvafiq ayrı-ayrı tayfalara məxsus müdafiə divarları ilə əhatələnmiş böyük yaşayış yerləri əmələ gəlmişdi. Qaraköpəktəpə, Meynətəpə, Kültəpə, Xantəpə kimi yaşayış yerləri Qarabağda Quruçay və Köndələnçay vadisini bütövlükdə tutan böyük bir əkinçi-maldar tayfa ittifaqını təşkil etmişdi.

Tunc dövründə Qarabağda artıq tam formalaşmış müstəqil dulusçuluq, metalişləmə, toxuculuq, sümükişləmə, daşişləmə və sənət növləri mövcud olmuşdu. Qədim qarabağlılar Azərbaycanın digər mədəni mərkəzləri ilə iqtisadi-mədəni əlaqələr yaratmışlar. Tədqiqatlar göstərmişdir ki, Qarabağda, Naxçıvanda və s. bölgələrdə tədqiq olunmuş tunc dövrü yaşayış yerlərindən əldə edilmiş məişət əşyaları, sənətkarlıq məmulatları, əmək alətləri və s. etnik cəhətdən bir-biri ilə bağlı olan qədim tayfaların maddi-mədəniyyətidir. Azərbaycanın tunc dövrü mədəniyyətlərinin inkişaf dinamikası Qarabağda çoxtəbəqəli Qaraköpəktəpə, Naxçıvanda I və II Kültəpə və s. qədim yaşayış yerlərində ardıcıl şəkildə izlənmişdir. Bu mədəniyyət mərkəzlərində qədim nəsillərin həyat tərzi fasiləsiz, arasıkəsilmədən davam etmişdi. 

Azərbaycanın tunc dövrü abıdələrindən əldə olunmuş maddi mədəniyyət nümunələri azərbaycanlıları bir xalq kimi həmin dövrdən formalaşmağa başlandığını söyləməyə əsas verir. Bu günkü Azərbaycanın tarixi, onun əhalisi, mədəniyyəti məhz tunc dövründə eyni kökə və mədəniyyətə malik olan qədim tayfaların birliyi əsasında yaradılmışdı.

 

Gəncədə dulusçuluq

 

Bütün orta əsrlər boyu saxsı qablar istehsalının əsas mərkəzlərindən olmuş Gəncədə də bu sənət sahəsi qalmaqda davam edirdi. Mənbələrdən birində Gəncə dulusçulannın məhsulları yüksək qiymətləndirilir və onlar "öz işlərini yaxşı bi-1 lən" sənətkarlar kimi xarakterizə olunurlar. Ətraf ərazilərdən əldə edi-İən əla növ gil şəhərdə fəaliyyət göstərən iki böyük dulusçuluq emalatxanasında emal edilərək yüksək keyfıyyəti olan saxsı məhsullarına çevrilirdilər.

   Gəncədə dulusçuluq sənətinin daha çox inkişaf etməsini yerli hakimlərin bu sahəyə qayğı ilə yanaşmaları ilə izah etmək olar. Onların sənətin bu sahəsinin inkişafı üçün yaratdıqlan şəraitin nə dərəcədə əlverişli olduğunu Gəncə dulusçularının 1809-cu ildə rus hakimiyyət orqanlarına yazdıqları şikayətdən də aydın görmək olar: "Xanlıqlar dövründə bu məhsulu başqa yerlərdə istehsal edən saxsı qab ustaları onu satmaq üçün şəhərə gətirirdilər (və) xan onlardan çox cüzi gəlir götürürdü; indi onları (saxsı qabları - C.M.) şəhərdə də hazırlayırlar və keçmiş komendant Koçnev şəhərdə hazırlanan saxsı qablar üçün iltizam təsis etmişdir və iltizamçı hər bir səhəngi 10 qəpikdən alıb 25 qəpiyə satır və yoxsul ustalara sərbəst satışı qadağan edir".

 

Cənubi Azərbaycanda   dulusçuluq

 

Təbriz və Ərdəbil şəhərləri də dulusçuluq istehsalının əsas mərkəzləri kimi öz mövqelərini saxlamaqda davam edirdilər. Bu şəhərlərin ətrafındakı zəngin gil yataqları saxsı məmulatın istehsalı üçün əlverişli şərait yaradırdı. Xanlıqlar dövründə saxsı qablar istehsalı ilə daha çox kəndlərdə məşğul olurdular. Əvvəlki dövrlərdə saxsı qablar istehsalında böyük şöhrət qazanmış Təbrizin yaxınlığındakı Kuzə kunan kəndi bu ənənələri xanlıqlar dövründə də davam etdirirdi. Ərdəbilin Cəcin, Talıb qışlağı, Dövlətabad kəndlərində satış üçün müxtəlif ölçülü saxsı qablar istehsal edirdilər. Quba xanlığında saxsı qablar istehsalının əsas mərkəzləri Yenikənd, Ispik və Möhüc kəndləri idilər. T.Şopenin verdiyi məlumata görə Naxçıvan xanlığının ayrı-ayrı kəndlərində 33 nəfər saxsı qab istehsalı ilə məşğul olurdu.

Əldə olan yazılı mənbələrin məlumatlarına əsasən belə bir qənaətə gəlmək olur ki, xanlıqlar dövründə məişətdə işlədilən saxsı məmulatı arasında iri həcmli su qablarının, ilk növbədə səhəng və küplərin istehsalı mühüm yer tuturdu. Yuxarıda adları çəkilən kəndlərin əksəriyyətində daha çox səhəng istehsal edilirdi. Çox güman ki, bu ölkədə mis qablar istehsalının geniş miqyas alması və xarici ölkələrdən çoxlu miqdarda şüşə qabların gətirilməsi nəticəsində kiçik həcmli saxsı qablara tələbatın azalması ilə əlaqədar idi.

  

 

Şərq.- 2011.- 4 may.- S. 7.