Səhnəmizin Koroğlusu

 

   Azərbaycanın böyük sənətkarı Lütfiyar İmanovun yeri görünür

 

   Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olub. Azərbaycanın böyük sənətkarı ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradıb. 1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1959-cu ildə Moskvada tamaşaya qoyulan Koroğlu operasında baş rolu - Koroğlu rolunu oynayıb. 1968-ci ildə İncəsənət Universitetini bitirib və bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olub.

   1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçib. 1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verib.

   1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış etmişdir. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışmışdr. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.

   İki övlad atası olan böyük sənətkar 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib. 

   Lütfiyar İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi musiqisevərlərin geniş dairələrində yaxşı tanınmışdır.

   Lütfiyar İmanovun yaradıcılığı çoxcəhətlidir: o həm xalq mahnılarının ifaçısı, həm çox çətin, rəngarəng repertuarlı kamera müğənnisidir, Lakin Lütfiyar İmanov hər şeydən əvvəl opera müğənnisidir, bənzərsiz aktyor, milli və dünya klassik operasının dərin təfsirçisidir.

   O, uşaq yaşlarından incəsənətə meyil göstərir, Dram Teatrında aktyor işləyirdi. Rəssamlıq sənətinə xüsusi meyil göstərmişdir, hələ 2-ci sinifdə oxuyarkən "Pioner" qəzetində elan olunan rəsm müsabiqəsində çəkdiyi gül buketi ilə iştirak edərək 2-ci yeri tutmuşdur. Sinif, məktəb qəzetinin redaktoru olmuşdur. O vaxtlar qəzet başlıqlarının solunda Leninin, sağında isə Stalinin şəkilləri olardı. Lütfiyar İmanov həmin şəkilləri bir neçə dəqiqəyə əllə çəkərdi. Bir vaxtlar atasından sonra ailələrini dolandırmaq üçün "Araz" və "Vətən" kinoteatrında işləyib onların afişalarını hazırlayırdı.  

   Hələ 12 yaşı olanda Bülbülün "Səni gördüm aşiq oldum" plastinkasına qulaq asandan sonra özünə qarğıdan at, taxtadan saz düzəldib, başına motal papaq qoyub o mahnını həvəslə oxuyardı. 1941-ci ilin mayında 13 yaşı olanda Sabirabaddan Əli Bayramlıya öküz arabasında, oradan da Bakıya at arabasında gəlib, Bülbülün ifasında Koroğluya baxıb qayıtmışdır. Koroğlunun 7777 dəlisi olub, hərdən Lütfiyar müəllim özünə deyir ki, o dəlilərdən biri də mənəm.

   1957-ci ildə A.Zeynallı adına musiqi məktəbində pedaqoq A.Milavanovun sinfində təhsilini bitirən İmanov Dövlət Estrada orkestrində, sonralar Musiqili Komediya Teatrında işləməyə başlayır.

   1958-ci ildə gənc artist SSRİ xalq artisti, bəstəkar Niyazinin diqqətini cəlb edir. Gənc müğənnini dinləyən Niyazi onu opera teatrında Koroğlu rolunda çıxış etməyə dəvət edir.

   1959-cu ildə Bülbül Lütfiyar İmanovun ifasını dinlədikdən sonra "Molodej Azerbaydjana" qəzetinə onun gələcəyi haqqında yüksək fikirdə olduğunu söyləyib və səsində qəhrəmanlıq simvolu olduğunu vurğulamışdır.

   İndi musiqini sevən, lakin Lütfiyar İmanovu tanımayan adama çətin rast gəlmək olar. Vokal sənəti həvəskarları onunla 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə, SSRİ Böyük Teatrının səhnəsində əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olmuşlar.

   F.Əmirovun "Sevil" operasında Balaş, C.Cahangirovun "Azad" operasında Ayaz, R.Mustafayevin eyni adlı operasında Vaqif, M.Maqomayevin "Nərgiz" operasında Əlyar, V.Adıgözəlovun "Ölülər" operasında İsgəndər, S.Ələsgərovun "Bahadır və Sona" operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera partiyalarıdır. 

   Lütfiyar İmanov dünya klassik operalarında məharətlə çıxış etmiş, ?.Bizenin "Karmen" operasında Xoze, P.Çaykovskinin "Qaratoxmaq qadın" operasında German, C.Verdinin "Aida"da Radames, "Otello" operasında Otello, Ofenbaxın "Hofmanın nağılları" operasında Hofman, Ş.Qunonun eyniadlı operasında Faust, "Toska" operasında Kavaradossi obrazları müğənninin yüksək vokal və səhnə mədəniyyətinin qeyd edən mətbuat tərəfindən yüksək qiymətləndirilmişdir.

   O, dinləyicilərə yüksək niyyətlər, nəcib hərəkətlər və insan qəlbinin gözəlliyini çadıra bilir. Lütfiyar İmanovun sənəti müxtəlif millətlərdən olan adamlar üçün yaxın və anlaşıqlı olur, onları daxilən zənginləşdirir, daha da saflaşdırır. Onun ifası dərindən həyəcanlandırır və əsl zövq gətirir. Bütün bunların səbəbi müğənninin nadir ilhamı, onun böyük aktyor cazibədarlığı, təsirli obraz yaratmaq bacarığıdır.

   Lütfiyar İmanovun yaradıcılıq siması üçün əla vokal keyfiyyətlər ilə möhkəm professional hazırlıq, musiqili-dramaturji obraza dərindən nüfuz etmək, vokal və aktyor sənətinin harmonik ahəngi xarakterikdir. Aktyor öz sənətini səxavətlə tamaşaçılara bəxş edir, öz ürək duyğularının dərinliyini açır. Hər bir əsər-yeni kəşfdir və dinləyicilər onu hərarətlə qiymətləndirir, onun istedad və ağlına, şəxsiyyətinə yüksək qiymət verirlər. Məhsuldar səhnə fəaliyyəti və daimi zəhmət Lütfiyar İmanovun sənətini cilalandırmış, onu bu günümüzün ən yaxşı sənətkarları sırasında ilk yerlərdən birinə çıxarmışdır. Lütfiyar İmanov 1978-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür.  

   Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib hər iki dildə Hindistanda ifa etmişdir. Lütfiyar İmanov Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanıstan, Rumıniya və b. ölkələrdə konsertlər vermişdir..

 

   Böyük sənətkarın son müsahibəsi...

  

   Böyük sənətkar olan Lütfiyar İmanov səhnəyə və sənətə heç vaxt gəlir mənbəyi kimi baxmayıb. Elə ona görə də opera səhnəsinə çıxan hər bir gəncə qarşı ciddi olmağa çalışıb. Lütfiyar İmanovdan sonra "Koroğlu" obrazını yaradan ifaçı barədə söylədikləri də maraqlı idi. Xalq artisti ondan sonra "Korroğlu"nun doğulmadığını söyləyib. O, son müsahibəsində belə deyib:

   - Hazırda sizin ən sevdiyiniz rolu - Koroğlunu Ülvi Qılınc oynayır...

   - Şəxsən onun ifası məni mənəvi öldürür. Düzdür, onun səsi var. Ancaq lirik musiqiləri ifa etmək üçün. Koroğlunu ifa etmək üçün güclü səs lazımdır. O səs ki, orkestri üstələsin. Mikrofonsuz-filansız ən son həddə çıxsın. Ülvi Qılıncı Koroğlu rolunda mən dəstəkləmirəm. O, professional səhnəyə elə çıxır, sanki gəzməkdədir. Yaxası açıq köynəklə, papaqsız, qılıncsız. Mən ona bir neçə dəfə başa salmışam ki, səhnəyə belə çıxmaq olmaz. O, özündən böyüklərin dediyini eşitmir. Həqiqi Koroğlu rolunu yaratmaq istəyirsənsə, onun kimi doğulmalısan! Mənim Koroğlunu ifamdan sonra onu ifa edəcək insan hələ doğulmayıb.

   - Azərbaycanın opera əsərləri nə vaxt dünya səhnəsində oynanılacaq? 

   - Sovet İttifaqı dövründə Opera və Balet Teatrının qrupu bütün dünyaya qastrol edirdi. Böyük anşlaqla biz Moskvanın, Sankt-Peterburqun, Gürcüstanın və bütün Avropa ölkələrinin zallarını doldururduq. O vaxt opera incəsənətinə böyük maraq var idi. Teatrın səviyyəsi və statusu var idi. Bu gün isə bu səviyyəyə hələ çox var. Necə deyərlər, hələ 10-15 il də belə olacaq. Yaşayarıq, görərik!

   Öz vaxtında Üzeyir Hacıbəyov gözəl əsərlər yaratmışdı. Onlardan biri də "Koroğlu"dur. Böyük təəssüf hissi ilə demək istəyirəm ki, bu şedevr əsəri dünya opera səhnəsinə çıxarda bilmədik. Bu əsər heç də Çaykovskinin, Puççininin və digər bəstəkarların əsərlərindən pis deyil. Dahi Hacıbəyov operaya milli muğamımızla koloritlik artırıb. O günü gözləyirəm ki, "Koroğlu" operasını həqiqətən oynaya bilən insan doğulsun və bu əsəri nəinki vətənimizdə, hətta dünya səhnəsində, "La-Skala" teatrında oynasın.

  

   Vokal sənəti tarixində   yeni mərhələ...

 

   Həqiqətən müasir milli musiqimizin inkişafında Lütfiyar İmanovun müstəsna xidmətləri olub ki, bunu da unutmaq olmaz. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. L.İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi məşhurdur. Sənətkarın yaradıcılığı çoxcəhətlidir: o həm xalq və bəstəkar mahnılarının, həm çox çətin və rəngarəng repertuarlı opera və operettalarda əsas ariyaların mahir ifaçısı, həm də bənzərsiz aktyor, milli və dünya klassik operalarının çox fəhmli, dərin təfsirçisi olmuşdur.

   1959-cu ildə Bülbül L. İmanovun ifasını dinlədikdən sonra "Molodyoj Azerbaydjana" qəzetində onun gələcəyi haqqında yüksək fikirdə olduğunu, səsində qəhrəmanlıq elementləri olduğunu vurğulayır.  

    Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən L. İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən L. İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti L. İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.

   L. İmanovun zəngin yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsl örnəkdir. O, uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsi işində diqqətəlayiq xidmətlər göstərib, ifaçılıq sənəti tarixində topladığı zəngin təcrübənin gənc musiqiçilər nəslinə çatdırılması üçün böyük əmək sərf edib.

   Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı - "İstiqlal" ordeni ilə təltif edilib.

   Lütfiyar İmanovun yaradıcılıq siması üçün əla vokal keyfiyyətlərlə möhkəm professional hazırlıq, musiqili-dramaturji obraza dərindən nüfuz etmək, vokal və aktyor sənətinin harmonik ahəngi xarakterikdir. Aktyor öz sənətini səxavətlə tamaşaçılara bəxş edir, öz ürək duyğularının dərinliyini açır. Hər bir əsər - yeni kəşfdir və dinləyicilər onu hərarətlə qiymətləndirir, onun istedad və ağlına, şəxsiyyətinə yüksək qiymət verirlər. Məhsuldar səhnə fəaliyyəti və daimi zəhmət L. İmanovun sənətini cilalamış, onu bu dövrümüzün ən yaxşı sənətkarları sırasında ilk yerlərdən birinə çıxarmışdır.

   Görkəmli opera müğənnisi, SSRİ xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Lütfiyar Müslüm oğlu İmanov 2008-ci il yanvarın 21-də - ömrünün 80-ci ilində vəfat edib.

     

 

   Şərq.- 2011.- 6 may.- S. 11.